Modern.az

Vətəni yaşadanlar: Şəhid Ramil Yusifzadənin HƏYAT HEKAYƏSİ

Vətəni yaşadanlar: Şəhid Ramil Yusifzadənin HƏYAT HEKAYƏSİ

7 Yanvar 2021, 10:31

Şəhidlik zirvəsinə yüksələnlər heç vaxt unudulmur, xalqın dilində dastana çevrilir. Həmin dastan nəsildən-nəslə keçib, dillər əzbəri olur.

Modern.az saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.

Bu dəfə şəhid Ramil Yusifzadənin qısa həyat yolundan danışacığıq.


Ramil Adəm oğlu Yusifzadə 1998-ci ilin 22 may tarixində Bakı şəhərində anadan olub. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 sayılı gimnaziyada 1-ci sinifə gedib. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəlliməliyi fakültəsinə daxil olub. 2019-cu ildə akademiyanı bitirib, Qazax rayonuna həqiqi hərbi xidmətə yollanıb. Müharibə başlayanda onu cəbhənin Füzuli istiqamətinə göndəriblər.

Şəhidimizin qısa ömür yolu haqqında daha ətraflı ailə üzvləri danışıb.


Ramilin atası Adəm Yusifzadə:

“Ramili çox əzab-əziyyətlə böyütmüşdük. Nadinc, qorxu bilməz uşaq idi.

Ramil peşəkar futbolçu, gözəl rəqqas olub. Böyüyəndən sonra mehriban, qayğıkeş, zəhmətkeş insan olub. Onun necə övlad olduğunu desəm, bəlkə də inanmarsınız.

Ramil həqiqi hərbi xidməti Qazax rayonunda keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman oktyabrın 11-də onları Füzuli rayonuna aparıblar. Füzuli istiqamətində gedən döyüşlərdə Ramil şücaətlər göstərib.

Son danışığımız oktyabrın 12-si olub. Mənə “Ata, narahat olma, Füzulidəyik döyüşlər gedir. Elə yerdəyik ki, işıq yoxdur, telefonum sönəcək” dedi. Mənə son sözü “Ata, haqqını halal elə, anama bunları demə” oldu.

Oktyabrın 15-i oğlumu yuxuda gördüm, məndən kömək istəyirdi. “Ata, məni gəl buradan çıxart” dedi. Mən artıq oğlumu itirdiyimi anlamışdım. Ramildən danışacaq sözlərim çoxdur, amma, danışa bilmirəm” (ata qəhərlənərək sözünü kəsir).


Ramil ailəsinə hər zaman kömək olub. Xidmətə gedənə qədər 5 müəsissədə  işləyib.

Tabor komandirinin müavini Asim Quliyev:

“Xidməti müddətində Ramildən hər zaman razı olmuşam. Nizamlı, hörmətli əsgər olub. Təlimlərdə yaxşı cəhətdən hər zaman digərlərindən fərqlənirdi. Onun fərqlənməyinin başlıca səbəbi ailəsinin verdiyi tərbiyədən asılı idi.

Döyüş sahəsinə daxil olub, düşmən müdafiəsini yardıqdan sonra Ramil yaralandı. Buna baxmayaraq, döyüşə davam edirdi. 2-ci dəfə Ramil ayağından ağır yaralandı. İlkin tibbi yardım göstərdik, amma Ramil yenə irəli getmək, döyüşə davam etmək istəyirdi. Bir müddət sonra düşmən tərəfindən atılan artilleriya mərmisi nəticəsində Ramil qəhrəmancasına şəhid oldu.

Birgə vuruşduğumuz döyüşdə sadəcə 6 əsgər sağ qaldı”.



Söhbətimizə Ramilin anası Reyhan Yusifzadə ilə davam edirik:

“Ramilin vətənə sevgisi uşaqlıqdan formalaşmışdı. Onun qəhrəmanlığından nə qədər danışsaq, yetməz. Oğlum hər şeyin yerini bilirdi.

Heç vaxt Ramilə nəsə olacağını düşünmürdüm, qəlbim məni yanıltdı...

Bir neçə gün bundan qabaq mən Qazaxa getdim. Oğlumun sonuncu dəfə yatdığı yeri görmək istədim. Oğlumun silahına toxundum.

Cavad müəllimə, Sahib müəllimə, Eşqin müəllimə oğlumun hərbi xidmət keçdiyi yeri görməyimə şərait yaratığı üçün təşəkkür edirəm.

Mən bir ana kimi onunla qürur duyuram, onun gələcəyi üçün həyat yoldaşım Adəmlə birgə çox arzularımız var idi. O arzuların hamısı Ramillə birgə torpağa basdırdıq.

Ramil xidmətə gedəndə telefonunu mənə verib getmişdi. Ona “moe serdse” adlı nömrədən çoxlu zəng gəlmişdi. Qızım dedi ki, “ana aç görək kimin nömrəsidir”. Açdım, gördüm ki, mənim nömrəmdi”. (ana qəhərləndiyindən söhbəti davam etdirə bilmir).

Qeyd edək ki, Reyhan xanım oğlunun şəhid xəbərini eşidən zaman sarsıntı keçirib və danışığında problem yaranıb. Hazırda müalicə alır.

Şəhidin bacısı Arzu Quliyeva:

“Oktyabrın 11-i yuxuma girdi. Mənə yaşıl və qırmızı rəngdə şar gördüyünü, yaşıl rəngi aldığını, qırmızıya isə pulunun çamadığını dedi. Yuxudan oyananda böyüklərə danışdım, qırmızı rəngin bayrağa işarət olduğunu söylədilər.

O mənə dayaq idi, sirdaşım, dostum idi”.

Şəhidin dostu Amin Kazımzadə:

“Ramil mənə dost-qardaş idi, uşaqlıqdan bir yerdə böyümüşdük. Son danışığımızda mənə “gələcəm, narhat olma” dedi. O hər zaman verdiyi sözün üzərində durardı. Amma, bu dəfə sözünə əməl edə bilmədi”.


Atası Adəm Yusifzadə:

“Noyabrın 2-si yoldaşım dözə bilmədi, hərbi hissəyə getdi. O gedəndən sonra Ramilin itkin düşdüyünü öyrəndik. Reyhan bütün hospitalları gəzmiş, amma, heç bir şey əldə etməyərək geri qayıtmışdı".

Atası deyir ki, Ramil şəhid olmuşdu, amma nəşi tapılmırdı. Müharibə dayanandan sonra axtarış aparılıb və Ramilin meyitini çətinliklə də olsa, tapmaq mümkün olub.

"Oğlum son mənzilə düşmən səngərini ələ keçirərək, yollanıb". 

Ata oğlunu barmağındakı izdən tanıyıb. 

"Sevincim onda oldu ki, müharibə bitdi və mən oğlumun nəşini tapdım”.
 

Qeyd edək ki, Ramil 2 gün döyüşdə olduğu müddətdə təxminən 20 erməni öldürüb.


Fidan İlqarqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu