Modern.az

İsgəndər və Sərdar Həmidovlar sağ olsaydı... - “Atam və əmim Kəlbəcərin azad olunanda sakit qala bilməzdi” - MÜSAHİBƏ

İsgəndər və Sərdar Həmidovlar sağ olsaydı... - “Atam və əmim Kəlbəcərin azad olunanda sakit qala bilməzdi” - MÜSAHİBƏ

Müsahibə

7 Yanvar 2021, 12:16

“İki həsrət mənimlə birlikdə qəbirə gedəcək. Kəlbəcər və Rəna həsrəti…” – Bu  yanğılı sözlər anadan olduğu doğma diyarını da, çox sevdiyi həyat yoldaşını da vaxtsız itirən Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidovun dilindən qopanlardır. Kəlbəcər bu gün azaddır, Kəlbəcəri gözüdolusu görə bilmədən dünyadan köçənlərin - İsgəndər Həmidovun da, onun qardaşı, Tərtər özünümüdafiə batalyonunun mərhum komandiri, Tərtərin sabiq icra başçısı Sərdar Həmidovun da ruhu dinclik tapıb.

 

Sərdar Həmidovun oğlu Şəhriyar Məcidzadə Modern.az saytına müsahibəsində əmisi və atası ilə bağlı xatirələrindən danışıb:

 

- Şəhriyar bəy, 44 günlük müharibə vaxtı, torpaqlarımız qarış-qarış azad olunanda hansı duyğuları yaşadınız?

- İlkin olaraq onu deyim ki, müharibənin başlandığı ilk günlərdə xatırlayıram ki, Murovdağ silsiləsinin azad olunması ilə bağlı xəbər yayıldı. Mən həmin vaxt çox təəccüblənmişdim. Çünki Murovdağ silsiləsi 3340 metr hündürlükdə yerləşir. Bu çox inanılmaz bir hadisə idi. Azərbaycan Ordusu qısa bir vaxtda buna nail oldu. Həmin vaxt mənim ağlıma uşaqlıq xatirələrim gəldi. Həmin illərə qayıtdım. Atamın, əmimin vəziyyətini xatırlayıram. Onlar müharibə vaxtı Tərtərdə idilər. Tez-tez O vaxtkı Xanlar rayonu (indiki Göygöl) istiqamətinə gedib Kəlbəcər caamatının köçürülməsinə yardım edirdilər. Mənim üçün ən önəmlisi də o idi ki, baba evim Kəlbəcərin Bağlıpəyə kəndindədir və babamın məzarı oradadır. Bu, mənim üçün böyük əhəmiyyət kəsb edir. Bütün uşaqlıq xatirələrim hamısı gözümün qarşısında canlandı və mən ilk dəfə uşaqlıq xəyallarımın azad olunduğunu hiss etdim. Sanki natamam qalmış həyatımın o hissəsi geri qaytarıldı. Kəlbəcər mən və ailəm üçün çox önəmlidir. Çünki bizim nəslimiz, hər şeyimiz Kəlbəcərlə başlayıb. Kəlbəcərdə mənim 7 nəslim mövcud olub. Mən heç vaxt babamın qəbrini görməmişəm, oradakı evimizdə olmamışam, çünki həmin vaxt müharibə illəri idi. Böyük ümidlə yolların açılma xəbərinin elan edilməsini gözləyirəm. Bununla mən tamamlanmamış hissələrimi tamamlamağa başlayacam.


- Sonuncu dəfə Kəlbəcərdə nə zaman olmusunuz?

- Təxminən 6 yaşım olardı. O zamanlar artıq yol bağlı idi. Biz Murov dağı ilə gedib-gəlirdik. Təkcə Murov yolu var idi. O da çox sıldırım və aşırımları olan yol idi. Biz orayla gedib-gəlirdik. Kəlbəcərdə mənim həyatımın ən önəmli hissələrindən biri olan İstisu yadımdadır. Kəlbəcər şəhərinin, oradakı evimizin bəzi hissələrini xatırlayıram. Natamamlıq dediyim elə həmin hissələrdir. Elə bil ki, illərdir bir-birindən ayrı düşmüş, qopmuş hissələr bir-birinə qovuşdu.


- Kəlbəcərin işğaldan azad olunma xəbərini necə qarşıladınız?

- Müharibənin ilk günlərindən Azərbaycan tək düşüncə halında idi. Mənim də hisslərim digər insanlardən fərqlənmirdi. Gözləyirdim ki, yarım qalmış hissələrimiz yenidən özümüzə qaytarılsın. Kəlbəcərin azad olunma müddəti qısa zamanda uzadıldı. Həmin vaxt içimdə az da olsa, məyusluq yarandı. Lakin Azərbaycan Ordusu Kəlbəcərə daxil olanda, ordan bayraq asıb, videolar paylaşanda bu, artıq möcüzə oldu. Bununla biz artıq öz müqəddəratımızı öz əlimizə almış olduq.
Bu günləri çox istəyərdim ki, əmim, atam da görsün. Çünki onlar illərlə bu arzularla yaşayıblar. Mənim uşaqlığım da cəbhə bölgəsində keçib. Atam Tərtərdə icra başçısı olanda orada baş verənlərin şahidi olmuşam. Müharibənin şiddətini görən və onun içində yaşayan bir insan olaraq ikiqat böyük sevinc hissi keçirirdim. Bütün bunların hamısının fövqündə bircə şeyə əmin oldum ki, ədalət mütləq öz yerini tapır. İnsanların haqqını, əziyyətlərini, xatirələrini qəsb edənlər nə qədər döyüşlər olur olsun, mütləq cavab verəcək. Azərbaycan Ordusu və Ali Baş Komandanımızın sayəsində düşmənin cavabı verildi.



- Təəssüf ki, həm atanız, həm də əminiz Kəlbəcər həsrəti ilə dünyadan köçdülər. Bu gün həyatda olsalar, hansı hisləri keçirərdilər?

- Onlar üçün bu duyğu əvəzolunmaz bir şey olardı. Mən əmimlə söhbət edəndə dəfələrlə mövzumuz Kəlbəcər olub. Kəlbəcərin dağlarının çox qəribə bir təbiəti var. Əmim İsgəndər bəy həmişə deyirdi ki, Tərtərə, Ağdama gedib Kəlbəcərin qoxusunu almağa çalışır. Hətta onun Şamaxıya köçməsinin səbəbi o idi ki, oranın təbiəti Kəlbəcərə bənzəyir. Düşünürəm ki, əmim həyatda olsaydı, o, mütləq Kəlbəcər azad olunan kimi ora gedərdi. Sakit dayana bilməzdi.
1992-ci ildə Azərbaycan Ordusu Ağdərəni azad etdiyi zaman atam və əmim bir-birindən xəbərsiz Kəlbəcərə getmiş, atalarının qəbrinin üstündə görüşmüşdülər. Yəni yol açılan kimi dərhal doğmalarını ziyarət ediblər. Minadan təmizlənməni belə gözləməmişdilər. Düşünürəm ki, onlar sağ olsaydılar, müharibə başlayan ilk gündən döyüşlərdə iştirak etməyə çalışardılar. Burada qala bilməzdilər. Adi vətəndaş kimi də ordumuz üçün əllərindən gələni əsirgəməyəcəkdilər. Atam və əmim doğma Kəlbəcərin azadlığını görsəydilər, istənilən yol ilə mütləq Kəlbəcərə gedəcəkdilər.


- Dediniz, uşaqlığınız Kəlbəcərdə keçib. O xatirələrinizə qayıdaq...

- Atam həmişə danışırdı ki, bizim evin eyvanına çıxanda Tərtər çayının səsi eşidilirdi. Tərtər çayı evimizin yaxınlığında axırdı. Kəlbəcərin işğalı o qədər böyük fəlakət və faciə idi ki... Bununla düşmən bizim həyatımızı, uşaqlığımızı oğurlamış oldu.
İnsanın neçə yaşı olur olsun xatirlərinə edilən təcavüzü ömür boyu unutmur. Atam və əmim həyatlarının sonuna kimi həmin o ağrını yaşayan insanlar idi. Əmimin nazir vəzifəsindən istefa vermə səbəbi Kəlbəcərin işğal edilməsilə bağlı olub. Biz onunla söhbət edəndə demişdim ki, “axı sən daxili işlər naziri idin. Sən ölkə asayişini bərpa etməli idin. Niyə Kəlbəcərdən sonra istefa vermək qərarına gəldin?”. O mənə qısa bir cavab verdi. Dedi ki, “vətənsiz də nazir olarmı heç?!”.
Mən onda başa düşdüm ki, doğrudan da əgər sən bir bölgənin səlahiyyət sahibisənsə, o bölgə işğal edilirsə, artıq sən mənəvi olaraq özündə o gücü görmürsən.

Kəlbəcərin işğalı bizim həyatımızın, ömrümüzün 27 ilini aldı. O vaxt bir çox yerlərdə yazırdılar ki, İsgəndər Həmidov emosional biridir. Düşünməli idik ki, bir insanın həyatının 27 ilini qəsb ediblər. O necə emosional olmasın.


Şəxsən mənim - Şəhriyarın həyatından da Kəlbəcər həsrəti 27 il alıb. Bu illərin mənə qaytarılmasına şükür etdim. Düşünürəm ki, bizim gördüyümüz o çətinliklərin hamısı Kəlbəcərin işğalı ilə bağlı idi.

Birinci Qarabağ Müharibəsində atəşkəs elan edilənə qədər biz Tərtərdə qalmışıq. Tərtərdə bizim qaldığımız o bölgə ilə düşmən qüvvələrinin dayandığı mövqe arasında çox böyük bir məsafə yox idi. Bizim evimiz atəşə tutulurdu. Biz o şərtlərlə yaşamağa məcbur olurduq. Və xəbər verilirdi ki, Ağdam, Füzuli, digər torpaqlarımız işğal edildi. Tərtər elə bil o boğazın ətrafında qalmışdı. Ölkə və xalq olaraq ağır günlər yaşayırdıq. Azərbaycanın elə bir təbəqəsi yox idi ki, bundan təsirlənməsin.
Azərbaycan ordusu ermənilərin 30 il işğalda saxladığı əraziləri 44 günə azad etdi. Bütün dünyanın qarşısında sübut olundu ki, bu vətən bizimdir. Bu bizim üçün kövrək bir hadisədir.

Azərbaycanda elə bir insan yoxdur ki, Şuşa deyiləndə hansısa bir kövək hiss  keçirməsin. Şuşa bizim Məkkəmizdir.
Gürcüstanın eks-prezidenti Mixayıl Sarkaşvilin müsahibəsinə baxırdım, orada maraqlı bir ifadə işlətmişdi ki, “Şuşa Azərbaycan xalqı üçün Məkkə hesab olunur”. Mən onda başa düşdüm ki, Şuşa bizim daxili aləmimizdir. Bizim insanlığımız, musiqimiz, adətimiz, dilimiz hər şeyimiz oraya aiddir. Bununlada Azərbaycan xalqının mənəviyyatına 28 il qəsb edilib.
Şükürlər olsun, biz indi Şuşada dayanıb Xankəndinə baxa biləcəyik.


- Kəlbəcərə qayıdarkən ilk hara getmək istəyərdiniz?

- Kəndimizə, Bağlıpəyəyə getməyi çox istəyirəm. Babamın məzarı, bizim evimiz də o kənddədir.


- Siz Kəlbəcərdə olan ata-baba evinizinin yerini bilirsinizmi?

- Mən sputnikdən indi yox, illərdir evimizin yerini izləyirəm. Ən birinci xəritənin üzərində kəndimizin yerini tapmağa çalışmışam. Bizim kəndimizində çox az ev olub. Kiçik bir kənd idi. Bütün kənd bir-birinə qohum idi.


- Atanızın və əminizin xatirəsinin əbədiləşdirilməsi üçün Kəlbəcərdə hansısa abidə. xatirə lövhəsi qoyulmasını istəyərdinizmi?

- Mən düşünürəm ki, orada ucaldılmalı olan bircə abidə var. O da Azərbaycanın işğalda olan bölgələri uğrunda canını, qanını fəda etmiş insanların, o naməlum şəhidlərin abidəsidir. Həm Birinci, həm də İkinci Qarabağ Müharibəsində döyüşən,  bir çoxlarının adını belə bilmədiyimiz əsgərlərin..

Mənim ən böyük istəyim o olardı ki, Vətən uğrunda candan keçən şəhidlərimizin abidəsi ucaldılsın. Gələcək nəsillərimiz onlara baxıb bilsinlər ki, bizim azad yaşamağımız həmin insanlara görədir.

Bizim şəhidlərin və qazilərin qarşısında xidmət və ehtiramdan başqa edəcəyimiz bir şey yoxdur.


Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?