Modern.az

Azad edilmiş bölgələrin jurnalistləri: “Hamı böyük qayıdışı gözləyir”

Azad edilmiş bölgələrin jurnalistləri: “Hamı böyük qayıdışı gözləyir”

Media

8 Yanvar 2021, 10:36

Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə məcburi köçkünlərin öz ata-baba yurdlarına qayıtmasının vacibliyi haqqında fikirlər səsləndirib. Azad olunmuş ərazilərdəki yenidənqurma planlarından danışan ölkə başçısı "xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik", - deyə bildirib.

 

Əslən azad edilmiş rayonlardan olan jurnalistlər Modern.az-a bildiriblər ki, təmsil etdikləri bölgələrin sakinləri doğma torpaqlarına qayıtmaq arzusundadırlar.


Füzulidən məcburi köçkün olan digər həmkarımız Məğrur Əliyev də söyləyib ki, ətrafında olan insanlar arasında doğma torpaqlara qayıtmaq, yenidən oralarda məskunlaşmaq, keçmiş xoş günləri geri qaytarmaq arzusunda olanlar həddindən artıq çoxdur:


“Mən indiyə qədər geri qayıtmaq arzusunda olmayan kimsə görməmişəm. Lakin bununla yanaşı, bir məsələni də nəzərə almaq lazımdır ki, işğal dövründən 30 ilə yaxın vaxt keçir və bu insanlar Azərbaycanın müxtəlif bölgələrində, əsasən də Bakıda məskunlaşıblar. Həyatları artıq bu bölgələrə bağlıdır. Geri qayıtma prosesində müəyyən çətinliklər yarana bilər. İnsanlar da bunu nəzərə alırlar. Düşünürəm ki, bunun üçün də müəyyən tədbirlər görülməlidir. Yəqin ki, dövlətimiz tərəfindən həmin tədbirlər görüləcək də. İş yerlərinin açılması, sosial, təhsil, səhiyyə infrastrukturu yaradılmalıdır. Bütün bunlar hamısı insanların geri qayıtması üçün lazım olan məsələlərdir. Bunlar həll edilməlidir ki, insanlar geri qayıtdıqdan sonra problemlərlə qarşılaşmasınlar. Əksinə, daha da maraqla getməlidirlər. İnsanların geri qayıtmasında bir problem olacağını düşünmürəm. Köçkünlərdə böyük həvəs, şövq var. Hər kəs qayıdışı həvəslə gözləyir. Ümumiyyətlə, bir fikri də qeyd etmək istərdim ki, məcburi köçkünlərin öz torpaqlarına qaytarılması ilə bağlı müəyyən insanlar xoşagəlməz fikirlər yayırlar. Azərbaycan Respublikasının vətəndaşı Azərbaycanın istənilən ərazisində yaşamaq, məskunlaşmaq hüququna malikdir. Ona görə də hər hansı bir məcburi köçkün geri qayıtmaya da bilər. Geri qayıtmayanda onun üçün  hansısa hücum kampaniyası təşkil edilməməlidir”.

 

Ağdamlı jurnalist Nicat Novruzoğlu həmyerlilərinin böyük həvəslə o torpaqlara qayıtmaq istədiyini söyləyib:


“Mən Ağdam rayonundan məcburi köçkün düşmüşəm. Bütün nəslim-köküm orada yaşayıb. Orta təhsilimi tam olmasa da, orada almışam. Yəni demək istəyirəm ki, ətrafım qohumlu-əqrabalı, dostlu-tanışlı hamısı məcburi köçkünlərdi. Tanıdıqlarımdan elə bir insan yoxdur ki, desin mənim rayonda nə işim var... Düzdür, hər kəs hardasa məskunlaşıb. Və işini-gücünü qurub. Lakin buna baxmayaraq, kimsə “Ağdama qayıtmayacağam” sözünü dilinə gətirməyib. Təbii ki, ilk başda orda hər şeyi təzədən başlamağın çətinlikləri olacaq. Yəqin ki, bunu dövlətimiz də nəzərə alacaq. İş yerləri, maddi köməklər, faizsiz kreditlər və s. güzəştlər ediləcək. Ağdam camaatının özü də zəhmətkeş insanlardı. Necə ki, məcburi köçkün düşəndə gəlib müxtəlif bölgələrdə sıfırdan başlayıb ayaq üstündə qaldıqsa, indi də məskunlaşdığımız yerlərdən doğma şəhərimizə qayıdıb tikib-yaradaacağıq. Bu saat ailələr var ki, orda tikəcəkləri evlərinin layihəsin çəkib gözləyir ki, dövlət icazə verən kimi getsin. Getməliyik və gedəcəyik də!”.

 

Əslən Qubadlı rayonundan olan jurnalist, “Unikal Media Qrup”un rəhbəri Asəf Rzayev xatırladıb ki, illər ərzində hər bir köçkün ailəsinin arzusu idi, öz doğma yurduna qayıtsın:  


“Və mən elə başa düşürəm ki, işğaldan azad olnmuş rayonlarımıza qayıtmaq üçün insanlar həvəslə o günü gözəyir. Bilirsiniz, köçkün həyatı yaşamış insanlar bu illər ərzində necə əziyyətlər çəkdilər, əzablı günlər yaşadılar? Öz torpaqlarına qayıtması onlar üçün deyərdim ki, yeni bir həyata qədəm qomaq kimidir. Mən yaxından tanıdığım köçkün ailələri var ki, onlar artıq öz yurdlarına qayıtmaq üçün hazırdırlar. Torpaqların azad olunmasına görə Ali Baş Komandana və Azərbaycan zabitinə, əsgərinə, şəhidinə, qazisinə minnətdar olmalıyıq”.

 

Kəlbəcərli jurnalist Aqil Camalın sözlərinə görə, prezidentin müşavirədə qeyd etdiyi kimi, bütövlükdə Azərbaycan dövləti məcburi köçkünlərin daha böyük kütlələrini işğaldan azad olunmuş ərazilərə köçürmək istəyir:


“Eyni zamanda 30 illik işğal müddətində həmin ərazilərdən məcburi köçkün düşən insanlar da zaman-zaman torpaqlarına, öz rayonlarına, öz işlərinə getməklə bağlı arzularını, istəklərini ifadə ediblər. Bu gün həmin o arzuların, istəklərin reallaşması imkanları var. Dövlət də büdcədən vəsait ayırıb ki, qarşıdaki illərdə həmin rayonlarda infrastruktur yaradılsın və yerli əhali yavaş-yavaş oralara köçürülsün. Mən ümid edirəm ki, insanlarımız kütləvi şəkildə geri qayıdcaqlar. Onların arzuları reallaşacaq.
Sadəcə, burada müəyyən həyat şərtləri ilə bağlı məsələlər var. Bu gün Azərbaycanın başqa rayonlarından öz evini bağlayıb, Bakıya gələn, paytaxtda  işləyən ailələr var. Həmin ailələr öz yaşadıqları rayonda həyatlarını təmin edə bilmədiklərinə görə Bakıya gəliblər. Bu mənada məcburi köçkünlər yalnız yaşayış şərtləri ilə bağlı tərəddüdləri ola bilər ki, Bakıda qurduqları həyatı orada yarada bilsinlər. Bu, təmin edildikdə getmək daha da kütləviləşəcək. Hesab edirəm ki, ilk növbədə yerlərdə infrastruktur qurulmalı, iş yerləri açılmalıdır. Ətrafımda olanlar. mənim qohumlarım, valideynlərim yolların nə vaxt açılacağını gözləyirlər. Gedib hamılıqla Kəlbəcərdə yaşamaq istəyirik”.


Xankəndi sakinlərinin də demək olar ki, hamısı doğma şəhərinə qayıtmaq istəyir. Bu barədə Xankəndidən olan jurnalist İlham Cəmiloğlu danışıb:


30 ildir ki, bu həsrətlə yaşayırlar. Lakin bir məsələ də var ki, bizim hələ Xankəndinə getmək imkanlarımız müvəqqəti də olsa məhduddur. Burada birincisi təhlükəsizlik məsələsi var. Xankəndlilər müharibənin başladığı ilk gündən bu hadisələrin içərisindədirlər. Onların heç birində qorxu yoxdur. Müvəqqəti dövrdü. Öz adımdan deyə bilərəm ki, mən öz doğma şəhərimə getməyə hazıram. Bir veteran olaraq, indi də döyüşçü qismindən tutmuş digər işlərdə xalqımızın, ordmuzun yanında olub kömək etməyə hazıram. Qələbənin sonuncu nöqtəsi Xankəndidir. Xankəndlilər də səbrsizliklə gözləyirlər ki, orada Azərbaycanın bayrağı dalğalansın”.

Doğma yurda qayıtmaq, ata ocağının çırağını yandırmaq cəbrayıllı jurnalist Seymur Verdizadənin də ən böyük arzusudur:


“Təbii ki, bu arzuyla yaşayan mənim kimi yüz minlərlə insan var. Məcburi köçkünlər doğma torpaqlara köçürüləndə, karvanın önündə mən və əzizlərim də olacaq. Hər kəs buna əmin ola bilər. Biz 30 ilə yaxındır ki, Qarabağ həsrəti ilə yatıb-qalxırıq. Bu illər ərzində Qarabağı hər gecə yuxularımızda görmüşük. İndi yuxularımız çin olub. Qarabağ vətəndir. Qarabağ bizə yaşamaq üçün lazımdır. Biz Qarabağda şəkil çəkdirməyə yox, yurd salmağa, əkib-becərməyə, o torpaqları cənnətə çevirməyə gedəcəyik. Axşamüstü Xanın nəvələrinin səsinin havalanacağı gün çox uzaqda deyil”.


Əslən Laçın rayonundan olan jurnalist, “Report” İnformasiya Agentliyinin redaktoru İmdad Əlizadə:

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində öz doğma yurdlarından didərgin düşmüş keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti bu gün də yataqxanalarda, yarımçıq binalarda çox ağır şəraitdə yaşayırlar. Baxmayaraq ki, son illərdə bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb, şəhərciklər, yaşayış kompleksləri, qəsəbələr tikilib istifadəyə verilib, məcburi köçkünlər yeni mənzillərə köçürülüb. Vətən müharibəsi başlamazdan əvvəl bu işlər çox sürətlə gedirdi və ağır şəraitdə yaşayan məcburi köçkünlər yeni evlərdə məskunlaşdırılacaqdılar. İndi isə torpaqlarımız işğaldan azad olunub və yeni mənzillər ata-baba yurdlarımızda tikiləcək.


İşğaldan azad olunan rayonların sakinlərini, yəni keçmiş məcburi köçkünləri bir neçə kateqoriyaya bölmək olar:

1. Hələ də yataqxanalarda, yarımçıq tikililərdə və dövlətin balansında olan müxtəlif binalarda məskunlaşanlar (onların böyük əksəriyyətinin şəraiti ağırdır).
2. Yeni tikilən şəhərciklərdə, yaşayış komplekslərində və qəsəbələrdə mənzillə təmin olunanlar.
3.Özünə şəxsi ev tikmiş, yaxud almış məcburi köçkünlər.


Mənim müşahidələrimə görə, mənzil şəraitindən, sosial durumundan asılı olmayaraq bütün məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaqda qərarlıdırlar. Çünki ora bizim dədə-baba yurdumuzdur, Azərbaycanın ən dilbər guşəsidir. Bundan başqa, dövlət işğaldan azad olunan ərazilərdə rahat yaşayışı təmin etmək üçün bütün tədbirləri görəcək. Hər şey yeni olacaq, iş yerləri açılacaq. İnsana nə lazımdır? Yaşamağa şərait, necə deyərlər isti ocaq və iş. Bunlar da təmin olunacaq.

Ən əsası isə düşmənin o yerlərə bir daha göz dikməməsi, ayağının oralara dəyməməsi üçün biz işğaldan azad olunan ərazilərdə sıx məskunlaşmalı, doğma yurdumuzdan bərk yapışmalıyıq.

Bütün bunlara görə deyirəm ki, keçmiş məcburi köçkünlərin böyük əksəriyyəti könüllü şəkildə, böyüksevinc içində doğma yurdlarına qayıdacaqlar. Tanıdığım yüzlərlə ailədə qayıdış üçün hazırlıqlar başlayıb, lazım olan əşyaların tədarükünü görürlər.


Burada incə bir məqam da var və onu mütləq vurğulamalıyam. Bəzi insanlar uzun illər məcburi köçkünləri qınayırdılar ki, torpaqlarınızı satmısınız, qoyub qaçmısınız və s. Didərgin həyatımızı başımıza töhmət eləmişdilər. İkinci Qarabağ müharibəsi bu məsələyə də aydınlıq gətirdi. Hamı gördü ki, biz necə bir qəddar düşmənlə üz-üzə qalmışıq. Hər kəsə aydın oldu ki, mülki vətəndaşlar, əli yalın azərbaycanlılar belə qəddar düşmənin qarşısında heç nə edə bilməzdilər. Çünki torpaqlarımızı Ermənistan ordusu işğal edirdi, düşmən bizim üzərimizə ordu formasında gəlirdi. İkinci Qarabağ müharibəsi göstərdi ki, müharibəni dövlət edir, ordu edir. Azərbaycan əsgəri Vətən müharibəsindəki möhtəşəm zəfəri ilə torpaqlarımızı qoyub qaçmağımızla bağlı töhməti də bizim üzərimizdən götürdü.

İndi ola bilər ki, məcburi köçkünlərin müəyyən faizi hansısa səbəblərdən geri qayıda bilməsinlər. Çünki nəzərə almaq lazımdır ki, insanlar o yerlərdən 28-29 il əvvəl köçməyə məcbur olublar. Amma geri qayıtmamaq heç kim üçün qınaq mənbəyi olmamalıdır”.


Şuşalı jurnalist Bəxtiyar Məmmədli 28 illik Şuşa həsrətinə son qoyulmasına sevindiyini qeyd edib. Jurnalist Ali Baş Komandan İlham Əliyev başda olmaqla, müzəffər Azərbaycan Ordusuna təşəkkür edib:


“Sizin sualınıza cavab olaraq, öz adımdan, ailəmiz adından deyə bilərəm ki, Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirik. Digər tərəfdən, yaşadığım “Rabitəçi” sağlamlıq düşərgəsində məcburi köçkün həyatı yaşamış insanların böyük əksəriyyəti öz dədə-baba torpaqlarına dönəcəyini dilə gətirir. Təbii ki, getmək istəməyən insanlar da olacaq. Fikrimcə, bu insanları da başa düşmək lazımdır. Heç şübhəsiz Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə görüləcək işlərin şahidi olacağıq. O zaman bu gün paytaxtda yaşamaq arzusunda olanlar belə öz yurdlarına geri dönmək arzusunda olacaqlar. Buna görə isə kimlərəsə tənə etmək doğru deyil”.


Füzuli rayonundan olan jurnalist Samir Kazımlı bildirib ki, insanlar illərdir, o torpaqların həsrəti ilə yaşayırdılar:


“Ona görə də mənə elə gəlir ki, məcburi köçkünlərin çox hissəsi ora qayıtmaq istəyir. Amma ordakı təhlkəsizlik, sosial-iqtisadi və s. bu kimi məsələlər də qayıdışa ciddi təsir edəcək. İnsanlar təhlükəsiz, normal şəraitdə yaşamaq istəyirlər. Ona görə də təhlükəsizlik və sosial-iqtisadi məsələlərin necə olması da əhalinin ora qayıtmanda önəmli rol oynayır. Xeyli məcburi köçkün var ki, indi məskunlaşdıqları yerlərdə ev, iş qurublar. Ona görə də düşünürəm ki, dövlət işğaldan azad edilmiş ərazilərdə elə bir şərait yaratmalıdır ki, insanlar üçün ora daha cəlbedici olsun. Yəni iş yerləri, infrastruktur yaradılmalıdır ki, əhalı orda rahat yaşasın. Amma müşahidələrimə görə, məcburi köçkünlərin öz torpaqlarına marağı böyükdür. Ərazilər minalı olduğu üçün adamlar indi ora gedə bilmirlər, amma öz kəndlərindən, qəsəbələrindən çəkilən videolara çox maraqla baxırlar, planlar qurular. Hesab edirəm ki, dövlət orda elə şərait yaratmalıdır ki, təkcə məcburi köçkünlər üçün deyil, digər Azərbaycan vətəndaşları üçün də oralar maraqlı, cəlbedici olsun. Məcburi köçkün olmayan şəxslər də oralarda yaşamağa maraqlı olsunlar”.


Zəngilanlı jurnalist Elməddin Muradlı isə artıq ailə üzvləri ilə harada, necə, hansı şəkildə ev tikəcəyini belə müzakirə edib:


“Hansı işlə məşğul olacağımız haqda da danışıqlar aparırıq. Yaxın qohumlarımız da bu barədə maraqlanırlar. Tez-tez qayıdışın nə zaman olacağı haqqında suallar verirlər. Mən ətrafımda tanıdığım insanlardan hələ indiyə kimi eşitməmişəm ki, kimsə desin ki, getmirəm, getmək istəmirəm. Bəzi insanlar var ki, deyirlər ki, işlə əlaqədar mənim orada daimi yaşamağım əlverişli olmayacaq. Lakin yenə də ev tikəcəm. Gediş-gəlişim olcaq. Yəni bu cür düşünənlər də var. İstənilən halda bu da bir qayıdışdır. Heç kəs öz torpağı ilə bağını, əlaqəsini kəsməyəcək. Bununla yanaşı, daimi yaşamaq üçün can atan minlərlə insanlarımız var. Sadəcə bəzi şəxslər  var ki, sosial şəbəkələrdə aranı qatmaqda, insanları neqativə kökləyən informasiya yaymaqda maraqlıdır. Həmin ünsürlərə fikir vermək lazım deyil. Onlar torpaqların bizə qayıdacağını xəyal belə edə bilməzdilər. Bu onların mənfur xislətidir”.



Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü