Modern.az

“Dövlətqaçqınkom” köçkünlərlə bağlı bəzi məsələlərə AYDINLIQ GƏTİRDİ

“Dövlətqaçqınkom” köçkünlərlə bağlı bəzi məsələlərə AYDINLIQ GƏTİRDİ

Hadisə

8 Yanvar 2021, 13:00

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Prezident İlham Əliyevin tapşırığı ilə məcburi köçkünlər arasında sorğunun keçirilməsi üçün işlərə başlayıb.

Modern.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov “Yeni TV”yə açıqlamasında deyib.


F.Hüseynov bildirib ki, Dövlət Komitəsi sorğu anketinə daxil olacaq suallar üzərində işləyir.


Komitə sədrinin sözlərinə görə, məcburi köçkünlər üçün yeni qəsəbələr və yaşayış kompleksləri artıq bundan sonra işğaldan azad edilmiş ərazilərdə salınacaq.

O qeyd edib ki, məcburi köçkünlərin qayıdışı dövlət tərəfindən ən yüksək səviyyədə təşkil olunacaq.


"Artıq bu sahədə Prezidentin tapşırığına uyğun işlər başlanılıb, yollar çəkilir, müvafiq göstərişlər verilib. Su, enerji, qaz təchizatı təmin olunandan, şəhərlərin və rayonların yenidən salınmasından sonra artıq məcburi köçkün və qaçqınlarımızın qayıdışından söz açacağıq”.

Komitə rəsmisinin sözlərinə görə, həmin ərazilərə qayıdan məcburi köçkünlərə hansısa imtiyazlar, güzəştlər edilməsi məsələləri də nəzərdən keçirilir.


Hazırda məcburi köçkünlərin yaşadığı mənzillərin taleyinə gəlincə isə F.Hüseynov bildirib ki, həmin mənzillərlə bağlı məsələ ölkənin ali rəhbərliyinin qərarlarına uyğun olaraq icra olunacaq.

O deyib ki, məcburi köçkün olmayan vətəndaşlarımızın da işğaldan azad edilmiş ərazilərimizdə gedib daimi yaşamaq imkanı olacaq.


“İşğaldan azad edilmiş ərazilərə qayıdış zamanı təbii ki, üstünlük həmin ərazilərdən məcburi köçkün düşmüş insanlara veriləcək, çünki onlar orada torpaqlarını, evlərini itiriblər”.


F.Hüseynov bildirib ki, gələcəkdə, məcburi köçkünlərin daimi məskunlaşması yekunlaşdırılandan sonra hər bir ölkə vətəndaşı işğaldan azad edilmiş ərazilərdə gedib daimi yaşamaq imkanı əldə edəcək:

“Azərbaycanın hər bir vətəndaşının ölkəmizin müxtəlif regionlarında əmlak almaq hüququ var və bu baxımdan işaldan azad edilmiş ərazilərdə də əmlak ala biləcəklər”.

Fuad Hüseynov onu da əlavə edib ki, qaçqın və məcburi köçkünlərlə bağlı qanunvericilikdə dəyişikliklər olması üçün artıq zərurət yaranıb.

"Hazırda qaçqınlar və məcburi köçkünlərlə bağlı iki qanun var: “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”. Bu qanunlar 21 il öncə qəbul edilib. Yeni reallıqlar çərçivəsində yeni qanunların qəbuluna ehtiyac var. Bununla bağlı hazırda təkliflər hazırlanır və iş gedir”.

Komitə rəsmisi əlavə edib ki, i
şğaldan azad edilmiş torpaqlara getmək istəməyən məcburi köçkünlərin məcburi köçkün statusu itirilmiş hesab olunacaq. Bunun nəticəsi olaraq, məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə şamil olunan imtiyazlar qüvvədən düşəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır