Modern.az

“Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çapdan çıxıb - FOTOLAR

“Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çapdan çıxıb - FOTOLAR

Media

8 Yanvar 2021, 18:38

Qazaxıstanın paytaxtı Nur-Sultanda “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası çapdan çıxıb.

 

Modern.az xəbər verir ki, türk dövlətlərinin müstəqilliyinin 30 illiyinə həsr olunan və eyni adlı beynəlxalq konfransda təqdim olunan atlas türkdilli ölkələrin dövlət başçılarının təlimatı əsasında  hazırlanıb. Nadir nəşrə ön sözü Qazaxıstanın Qurucu Prezidenti, Türk Şurasının Fəxri sədri Nursultan Nazarbayev yazıb.

 

Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdırəli bildirib ki, beynəlxalq konfransın da əsas məqsədi müstəqilliyin 30-cu ilində türk xalqlarının dövlətçilik tarixinə yenidən nəzər salmaq, onun tədqiqini yenidən aktuallaşdırmaqdır. Konfrans çərçivəsində təqdim olunan “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlası türk dövlətlərindən olan alimlər tərəfindən hazırlanıb və Uzaq Şərqdən Avropanın mərkəzinə qədər uzanan böyük coğrafiyadakı tarixi mirası əhatə edir. 

 

“Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasında digər türkdilli dövlətlərlə yanaşı Azərbaycanın tarixinə, maddi-mədəni mirasına geniş yer ayrılıb. Burda dünyanın nüfuzlu arxivlərindən və mənbələrindən tarixin müxtəlif dövrlərinə aid nadir xəritələr əks olunub, Qobustan qayaüstü rəsmlərindən tutumuş, Saklar dönəminə aid Mingəçevirdə tapılan qədim tarixi nümunələr, yenicə işğaldan azad etdiyimiz Xudafərin körpüsü, Naxçıvandakı Möminə Xatun türbəsi, Şirvanşahlar sarayı, İrəvandakı Azərbaycana məxsus tarixi Göy Məscid, Qarabağ atları, habelə müxtəlif azərbaycanlı tarixi şəxsiyyətlər barədə məlumatlar və digər önəmli informasiyalar cəmlənib.

 

TÜRKPA-nın baş katibi Altınbek Mamayusupov isə deyib ki, türkdilli dövlətlərə qarşı bəzi xarici qüvvələrin haqsız iddialarını müşahidə etdiyimiz zamanda bu cür fundamental beynəlxalq nəşrlər və toplantılar çox aktualdır.

Türk Şurasının keçmiş Baş katibi Halil Akıncı müasir Sibir, Monqolustan, Qara dəniz və Aralıq dənizinə qədər geniş ərazilərdə məskunlaşmış türk xalqlarının zəngin mədəniyyətindən bəhs edib.

 

Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənov isə çıxışında iştirakçıları ilk tarixi və mədəni atlasın nəşri münasibətilə təbrik edib və Türk Akademiyasına təşəkkürünü bildirib.  “Türk xalqlarının gücü birlikdədir. Köklü ortaq tarixi köklərimiz bu gün birliyimizi möhkəm saxlamağımız üçün əsas amildir”, – deyə o bildirib.

 

Qırğızıstanın keçmiş dövlət katibi Osmonakun İbrahimov Türk dünyası və XXI əsrin geosiyasi təhdidlərindən bəhs edərək, “Türk Dünyası: Tarixi-Mədəni İrs” atlasının nəşrinin vacib bir addım olduğunu qeyd edib.

Frankfurt Universitetinin professoru İrina Nevskaya konfrans iştirakçılarını Türk dövlətlərinin müstəqilliyinin 30-cu ildönümü münasibətilə təbrik edib, atlasın əhəmiyyətindən danışıb və qədim türk kitabələrinin əsas xüsusiyyətləri və yayılma coğrafiyası barədə məruzə edib.

 

Türkdilli dövlətlərin müstəqilliyinin 30 illiyinə həsr olunan, dünyanın 20-dən artıq ölkəsindən iştirakçıların qatıldığı beynəlxalq konfransda Qazaxıstandakı diplomatik korpusun təmsilçiləri, Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov, Türkiyə səfiri Ufuk Ekici, Macarıstan səfiri, senat üzvləri, görkəmli ictimai və dövlət xadimləri, tanınmış türkoloq və mütəxəssislər iştirak ediblər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır