Modern.az

Sərhəddən başlayan Vətən: Zəngilanda gördüklərimiz - REPORTAJ

Sərhəddən başlayan Vətən: Zəngilanda gördüklərimiz - REPORTAJ

8 Yanvar 2021, 22:38

Bu dəfə də yolumuz işğaldan azad olunmuş bölgələrimizdən birinədir. Ötən ilsonu-dekabrın 17-18-i Xudafərin səfərindən sonra Yeni ilin ilk həftəsi qismətimdə işğaldan azad olunmuş daha bir rayonumuza getmək də varmış...

 

Dövlət Sərhəd Xidmətinin jurnalistlər üçün təşkil etdiyi iki günlük infotura dəvət alanda həm sevindim, həm də qısa vaxt ərzində səfərə hazır oldum.

 

Şimaldan səhər saatlarında çıxdıq. Bakıya çatanda öyrəndim ki, erməni terrorçularından azad olunmuş rayonumuza helikopterlə gedəcəyik, bu an illər öncə Xınalıqdan bu hava nəqliyyatı ilə Xudata gəlməyim yadıma düşdü. İllərin bu xatirəsi uçuş həyata keçiriləcək hərbi hissəyə daxil olanda da mənə sürpriz edildi. Hərbi hissənin rəsmilərindən olan pilot Anar Əhədov mənə tanışlıq verib deyəndə ki, "2006-cı ildə DSX rəsmilərinin olduğu helikopterdə siz də vardınız, helikopteri mən idarə edirdim"-çox mütəəssir oldum. Bu təsadüfə sevinərək bir daha o illərə qayıtdım və o zaman həyəcanlanmağımı xatırladım. Və budur, 16 ildən sonra yenidən helikopterlə uçacağam. Özü də çox strateji və vacib bir məkana-igidlərimizin azad etdiyi Qarabağa gedirəm həm də.

 

Televiziyada və müxtəlif informasiya agentliklərində çalışan həmkarlarımızın 20 nəfərlik bir qrupu ilə artıq hava nəqliyyatında, göylərdəyik. DSX rəsmiləri də bizimlədir. Nə bir həyəcanım var, nə də qorxum bu dəfə. Səmadən  baxanda yolboyu müşahidələrimiz zamanı işğaldan azad edilmiş rayonlarımızın ürəkləri riqqətə gətirən xaraba görüntüləri diqqətimizi cəlb edir. Açıqca - elə havadanca bilinir ki, bu yerlər vəhşilərin hücumundan, basqınından viran qalıb, dəhşətli günə qalıb. Cəbrayılın girişi, kəndləri və qədim Xudafərinə göydən qüssə, həm də sevinclə baxmaqlarımızı arxada qoyuruq ömrümdə ilk dəfə Zəngilan rayonuna "qədəm basıram". Dərhal otaqlarımıza  yerləşirik və səfər proqramına uyğun olaraq  Bartaz kəndində yerləşən eyni adlı zastavaya yola düşürük. Zəngilanın ən qədim kəndlərindən olan Bartaz eyni adlı dağın ətəyində yerləşir. Uçulub dağılmış, evləri yerlə-yeksan edilmiş bu kənddə ürəkaçan yalnız bir bina gördük - müasir tələblərə cavab verən zastava binasını. Mətbuat nümayəndələri olaraq burada yeni fəaliyyətə başlayan Bartaz sərhəd zastavasının açılışına şahidlik etdik. Dövlət himnimizin səslənməsindən, şəhidlərimizin bir dəqiqəlik sükutla yad edilməsindən sonra burada Azərbaycanın üç rəngli bayrağı ucaldıldı. Fərəhlənməmək olmur. Sevincimiz yerə-göyə sığmır. Həmkarlarımın hər biri qürurludur.

 

 

Horadiz sərhəd dəstəsinin Bartaz sərhəd zastavasının açılışında DSX rəisinin müavinləri - general-leytenant İlham Mehdiyevlə general-leytenant Azad Ələkbərov iştirak ediblər. Azərbaycan-İran sərhədində yerləşən bu eyni adlı yüksəkliyin vacib əhəmiyyəti, burada gedən qızğın döyüşlər barədə jurnalistlərə ətraflı açıqlama verildi.

 

Bartazdan gecələyəcəyimiz Məlikli sərhəd komendaturasınacan olan məsafədə yenə düşmənin ağlar günə qoyduğu xarabalıq görüntülərini müşahidə edirık. Dəhşətli görüntülərdir. Erməni terrorçularının torpağımızı nə günə qoyduğunu yerində görmək çox ağırdır. Amma qəhrəman oğullarımızın qanı qarışmış torpağımızı yağı düşməndən azad edənləri yerində alqışlamaq da mənə və həmkarlarımıza nəsib oldu. Və bu, qürurverici məqamdır.  Nə xoş!!!

 

Əsgər yeməkxanasında axşam yeməyindən sonra bizi əməlli-başlı sürpriz gözləyirmiş. Qarabağda ilk gecəmizdə hamılıqla alovlanan tonqalın ətrafına yığışmışıq. Dövlət Sərhəd Xidmətinin rəhbər şəxsləri də jurnalistlərlədir. DSX--nin rəisi, general-polkovnik Elçin Quliyev mətbuat nümayəndələrilə tonqal başında çox səmimi söhbət elədi. 44 günlük müharibəni müdrikcəsinə idarə edən Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tarixi qələbəni necə bacarıqla əldə etməsindən və bu sevinci dəmir yumruqlu ağıllı sərkərdə kimi xalqa yaşatmasından danışan general: "İlham Əliyev mümkün olan hər şeyi etməklə yanaşı, mümkün olmayan hər şeyi etdi və Azərbaycan xalqı bu möhtəşəm qələbə sevincini  möhtəşəm liderinin və Şanlı Ordusunun hesabına, rəşadətli oğullarının qanı hesabına  yaşatdı"- dedi... Bir növ hesabatı xatırladan səmimi söhbət zamanı  29 ildir tanıdığım general Quliyevi elə bil bir daha kəşf etdim və onun   torpağına, Vətəninə, Ali Baş Komandanına canı-dildən  necə sadiq olduğunu bir daha gördüm və mübaliğəsiz olaraq deyim ki, bir daha fəxr etdim... Məliklidə qalanan tonqalı həm də 27 ildir alovlanmayan, bu torpağın da darıxdığı Novruz tonqalına bənzətdim. Şəhidlərimizin əziz xatirəsinə ehtiram və hörmətlə, qalib Ordumuza, qalib Ali Baş Komandanımıza sonsuz təşəkkürlər etməklə, illərdir keçirilməyən Novruzun 27 illik  həsrətə son və 2021-ci ildə qalanan ilk tonqalı hesab etdim Məliklidə alovlanan bu tonqalı.

 

 

Qarabağda açdığımız ilk səhərimizdə əsgər kimi dərhal səhər yeməyimizdən sonra yola düşürük Zəngilanın Ermənistanla sərhəddə yerləşən Ağkənd və Qazançı sərhəd zaztavalarına. 10 noyabr bəyanatından sonra yenidən  Azərbaycanın  nəzarətinə verilən bu qədim ərazilərimizdə indi Azərbaycan sərhədçisi keşik çəkir. Cəsur, şərəfli, qeyrətli Azərbaycan sərhədçisi!!! Ağkənd zastavası Azərbaycanın Ermənistanla ən sonuncu sərhəd zastavasıdır. Ermənistanın Qafan rayonu, məşhur Qafan aeroportu, Sünik rayonu buradan əl ovcu kimi görünür. Zastavada qulluq edən əsgər-zabit heyəti ilə görüşürük. Hamısı nikbin, qürurlu, təmkinli və dönməz və yenilməzdir. Müsahibim olan gizir Əsgər Əzizov Ali Baş Komandanımızın qətiyyəti və uzaqgörən siyasəti nəticəsində geri alınan bu torpaqlarda xidmət etməyindən şərəf duyduğunu dilə gətirdi. Bununla da tək özünün deyil, bütün sərhədçi yoldaşlarının istəyini bildirdi: "Biz daima irəli getmişik. Dayanmamışıq. Baxmamışıq heç bir şeyə. Bu bizim üçün fəxr hissidir. Bu günki burada olmağımızdan fəxarət duyuruq".

 

Ağkənd sərhəd zastavasının döyüş mövqeyinə də baş çəkirik. Burada da Azərbaycanımızın üçrəngli bayrağı qürurla dalğalanır. Sözün tam mənasında qürur və iftixar yaradan görüntülərdir. Azərbaycan bu strateji yüksəklikdən Qafan aeroportuna tam nəzarət edir. İllərdir nəinki öz torpağımıza həsrət idik, əlimiz çatmırdı, indi isə hətta müdrik rəhbərimizin sayəsində qədim Zəngəzurumuza gedən yola və həmin istiqamətə nəzarət etmək gücündəyik. Eşq olsun Qalib Ordumuzun qalib Ali Baş Komandanımıza. Bu yüksəklikdən içdən gələn bu sözləri söyləmək də mənə çox xoşdur!!!

 

Dövlət Sərhəd Xidməti 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi, xüsusi şücaət göstərib. Ali Baş Komandan İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğu bütün döyüş tapşırıqları uğurla həyata keçirilib. Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsinin, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin alınmasında DSX-nin hərbi qulluqçuları qəhrəmanlıqla vuruşublar. Müharibənin ilk günündən başlayaraq Azərbaycan sərhədçiləri tərəfindən Fizuli rayonundakı təmas xəttindən ta Ermənistan sərhədinədək böyük bir ərazi azad edilib, o cümlədən 24 saat ərzində 105 km məsafədə ildırım sürətli hücumla düşmənə ağır zərbələr endirilib. Qədim Xudafərin körpüsündə və dövlət sərhədlərimiz boyu Azərbaycanın Dövlət Bayrağı qaldırılıb, Ermənistan dövlət sərhədində strateji yüksəkliklər işğaldan azad olunub.

 

 

Dövlət Sərhəd Xidmətinin "Harop", "Quzğun","Hermes" uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və döyüş texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib. Ümumilikdə, 290 düşmən hədəfi məhv edilib. Eşq olsun. DSX-nin hərbi qulluqçuları əsl tarix yazıblar döyüşlərdə həqiqətən. Polkovnik Babək Ələkbərov belə tarix yazan sərhədçilərimizdəndir. Zəngilan səfərində mətbuat nümayəndələrini müşayiət edən rəsmilər sırasında olan Babək Ələkbərovu xüsusən tanıtmağa və tanıtmağa dəyər. Sən demə, Xudafərinin, Zəngilanın işğaldan azad olunmasını Cənab İlham Əliyevə məruzə edən hərbçi DSX-nin polkovniki Babək Ələkbərov imiş. Televiziyadan tez-tez görüb eşitdiyimiz o məğrur səsin sahibini Zəngilan səfərində şəxsən tanıdıq. Sadə, təvazökar, sözü ağzından az qala kəlbətinlə çıxardığımız polkovnik Babək Ələkbərov xüsusi təyinatlıların rəhbərlərindən biri kimi müharibənin od-alovunu yaşayıb. İki dəfə əlindən və çənə nahiyəsindən yaralansa da döyüş mövqeyindən uzaqlaşmayıb. İgid polkovnik bizlərə qələbə sevincini yaşadanlar sırasında olub. Prezident İlham Əliyevin  sərəncamı ilə "Vətən müharibəsi qəhrəmanı"fəxri adına, "Cəbrayılın işğaldan azad olunmasına görə", "Zəngilanın işğaldan azad olunmasına görə" medalları ilə təltif edilən Babək Ələkbərov, vallah  o qədər təvazökardır ki... Polkovnik Ələkbərov  sadəcə, bir cümlə dedi: "Qürur hissi duyuram ki, qalib Prezidentin, qalib xalqın və qalib Ordunun zabitiyəm".

 

 

Ağkənddən sonra Zəngilanın Ermənistanla sərhəddə daha bir ucqar zastavaya baş çəkdik. Qazançı sərhəd zastavasından Qafan yolunun 50-100 metrliyində yerləşir. Sərhədin o tayında Qafan yolu da lap  aydın görünür, hərəkətdə olan nəqliyyat vasitələri də. Qürurvericidir ki, burada da möhtəşəm Azərbaycan bayrağı qürurla dalğalanır. Ermənistan dövlətinə gözdağı olan məğrur Azərbaycan sərhədçisi də bayrağı ilə birgə möhtəşəm tərzdə dövlət sərhədlərimizi mühafizə edir, qoruyur.

 

 

Zəngilanın dağlıq zonada yerləşən Ağkənd və Qazançı sərhəd zastavalarına əliboş getməmişdik.

 

Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin alma və şirniyyat sovqatını da gözütox əsgərlərimizə təqdim etdik. Dövlət əsgərin hər növ təminatı kimi, ərzaq təminatını çox yüksək səviyyədə təmin edir. Bunu bir daha gördük. Amma elimizin pay vermək adəti də var axı...

 

Qazançıdan qayıdanda yolboyu terrorçuların qazdığı və qurduğu istehkamları da gördük. Azərbaycan Ordusuna qarşı müdafiə xətti quran erməni yaraqlıları mövqelərindən əl çəkmək istəməyərək, məğlub olmaqla razılaşmayıblar. Geri çəkilmək fikirləri olmayan erməni ordusu elə burda istehkam qarışıq məhv ediliblər. İlham Əliyevin məşhur kəlamında dediyi kimi, "iti qovan kimi qovub şanlı Ordumuz onları, başlarını əzib" və istehkamları da özlərilə birgə darmadağın edib. Necə deyərlər, özgəyə quyu qazan özü düşər. Bu məşhur Azərbaycan məsəli hər mənada ermənilərə aiddir.

 

Hamımız yaxşı bilirik ki, ermənilər işğal etdiyi Azərbaycan torpaqlarında hər cür vəhşilik ediblər. Özlərinki olmadığını, burada daimi olmayacaqlarını bildiklərindən hər cür terrora əl atıblar. Görürük yolboyu, xaraba qoyublar evləri, dağıdıb, yandırıblar meşələrimizi, evlərimizi və ümumiyyətlə, hər şeyi viran qoyublar. Bax, buna görə də həm cavab, həm təminat və təzminat verməli olacaqlar...

 

İkinci Qarabağ savaşında verdiyimiz 2800-dən artıq şəhidimizi Zəngilan səfərində də hörmətlə andım. Hər addımımı atanda bu torpaqdan ötrü canından keçən şəhidlərimizi ehtiramla yad etdim. Dövlət Sərhəd Xidməti də döyüşlərdə 47 igidini Vətən yolunda qurban verib. Heç bir şəhidimizi unutmuruq. "Vətən yaxşıdır" mahnısını ölümündən sonra təsnifə çevirən Xudayarı unuda bilərikmi heç??? Əsla. Ruhları qarşısında baş əyirəm hər bir şəhidimizin!!!

 

 

Məliklidə nahardan sonra geri qayıtmağa hazırlaşırıq. Yenidən helikopterlə üzü Bakıya doğru qayıdırıq. Yol yoldaşım, Qubadan məni müşayiət edən həmkarım Əlövsət Sadıqla birgə helikopterdən indi yenidən bizim və bizdə olan doğma torpaqlarımızı seyr edirik. Əlövsət Sadıq bu səfərdə həm mənə operatorluq etdi, həm də Qubadan yayımlanan Qafqaz TV üçün videosüjetlər hazırladı. Təşəkkür edirəm.

 

Çox minnətdaram mətbuat nümayəndələri üçün təşkil edilən infotura görə təşkilatçılara, rəsmilərə. Təşkil edilən bütün infoturlarda can-başla iştirak etməyə hazıram. Mənim üçün VƏTƏN həmişə SƏRHƏDdən başlayıb. Növbəti dəfə işğaldan azad edilmiş daha bir rayonumuzda görüşmək arzusu ilə.

 

Salamat qal, Azərbaycan əsgəri!!

 

Salamat qal, Azərbaycan sərhədçisi!

 

 

Aytəkin Alxaslı

Bakı-Zəngilan-Bakı

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır