Modern.az

Qarabağda işləyən jurnalist: “Dəfələrlə ölümlə üz-üzə gəlmişik” - MÜSAHİBƏ

Qarabağda işləyən jurnalist: “Dəfələrlə ölümlə üz-üzə gəlmişik” - MÜSAHİBƏ

Media

13 Yanvar 2021, 09:40

İllər sonra həsrətində olduğumuz Qarabağ torpaqları yağı düşmən tapdağından azad olundu. Erməni quldurlarının doğma torpaqlarımıza etdiyi vəhşiliyinə heç bir ad qoymaq olmur. Bu vəhşiliyi döyüş bölgəsinə ezam olunmuş jurnalistlər çəkib  xalqa çatdırdı. Təhlükəli, bir o qədər də məsuliyyətli işi icra edən jurnalistlərdən biri də AZƏRTAC-ın Qarabağ üzrə bölgə müxbiri Tahir Ağaməmmədovdur.

 

Modern.az Tahir Ağaməmmədovla həmsöhbət olub.

 


- İşğaldan azad olunmuş ərazilərə ilk ayaq basan jurnalistlərdənsiniz. Bu sizdə hansı təəssüratları yaradıb?
 


- 30 ilə yaxın müddətdə hər il kədərlə işğal günlərini qeyd etdiyimiz, bizim olan, ancaq gedə bilmədiyimiz torpaqlarımıza ayaq basarkən bir Azərbaycan vətəndaşı, özəlliklə də qarabağlı kimi keçirdiyim hissləri və yaşadığım təəssüratı sözlərlə ifadə etmək mümkün deyil. İtirdiyin çox əziz, doğma və qiymətli bir şeyə qəfildən sahib olmaq, qovuşmaq adamda necə təəssürat yaradırsa, o qədər.


Azad edilmiş ərazilərimizə qədəm qoyduqca düşmənin müdafiə istekamlarını, Azərbaycan ordusunun məhv etdiyi hərbi texnikalarını gördükcə qürur hissləri keçirirdim. 27 ildən sonra ayaq basdığımız şəhər və kəndlərimizdə gördüklərim isə həm böyük sevinc, həm də kədər doğururdu. Sevinc hissi illərdir həsrətində olduğumuz torpaqlarımıza qovuşduğumuz üçündür. Kədər hissi isə bir vaxtlar gözəl, abad şəhər, kənd və qəsəbələrimizin dağıdılaraq viran edilməsi səbəbindəndir.  


- Orada gördüklərinizdən ən çox diqqətinizi çəkən nə oldu?
 


-
İşğaldan azad edilmiş ərazilərdən ilk olaraq ayaq basdığım yerlərdən biri Ağdam şəhəridir. Mənim uşaqlığmın bir hissəsi bu şəhərdə keçib. Hər il yay tətilini Ağdamda - babamgildə keçirərdim. Bu gözəl şəhəri son dəfə 13 yaşımda görmüşəm və eləcə də yaddaşıma həkk olunub.


Ağdam şəhərinin dağıdılaraq xarabalığa çevrilmiş görüntülərini indiyədək internetdən, televiziyadan çox izləmişik. Ancaq onu gözlərimlə görmək çox acı bir hissdir. Xüsusən vəhşicəsinə dağıdılaraq yerlə-yeksan edilmiş Şəhidlər xiyabanı və Ağdam məscidinin xarabalıqlar fonunda yarımdağıdılmış görüntüsü... Ancaq gördüklərimin acı təəssüratına həmin andaca bir ümid və inam hissi işıq saldı.

Artıq illərlə

Gözüm yolda, könlüm səsdə

Balanam, düşmüşəm xəstə.

Ölüm qollarının üstə

Ayrılığa dözmür ürək, - deyən məcburi köçkünlər doğma yurdlarının qoynunda ölməyə yox, qurub-yaratmağa, nuru sönmüş Ağdama yeni nəfəs verməyə gələcəklər. 


- Erməni vəhşiliyinin izlərini necə təsvir edə bilərsiniz?
 


- 2016-cı ilin aprel döyüşləri zamanı, eləcə də ötən ilin sentyabrın 27-dən sonra ermənilərin keçmiş cəbhəyanı rayonlarda törətdikləri vəhşiliklərin çox şahidi olmuşam. Top mərmiləri və raketlərlə dağıdılmış evlər, məktəblər, uşaq bağçaları, xəstəxanalar, qətlə yetirilmiş dinc sakinlər - qadınlar, uşaqlar... İşğaldan azad eidlmiş şəhər və kəndlərdə də eyni erməni vandalizminin dəsti-xəttini gördüm. Gördüklərimi bir kəlmə ilə - erməni vəhşili adlandırmaq olar. Ucsuz-bucaqsız xarabalıqlar, talan edilmiş, dağıdılmış, yandırılmış binalar, yerlə-yeksan edilmiş məzarlıqlar, tarixi abidələr, təhqir edilmiş dini ziyarətgahlar dünyanın heç bir yerində, heç bir müharibəsində görünməmiş vəhşiliyin göstəricisidir. 


- Daha çox hansı bölgələrdə olmusunuz?
 


- İşğaldan azad olunan ərazilərdən ilk olaraq Tərtər rayonunun Talış və Suqovuşan kəndlərində olmuşam. Bundan başqa Ağdam, Cəbrayıl və Füzuli rayonlarının bir çox ərazilərində də çəkilişlər etmişəm. Hələ qarşıda Qarabağımızın baş tacı olan Şuşa və digər torpaqlarımız durur. 


- Azad olunmuş bölgələrə səfərlər zamanı sizi ən çox təsirləndirən nə olub?
 


- Düşmən tapdağından azad olunmuş bölgələrə səfərlərim zamanı təsirləndiyim məqamlar çox olub - işğaldan azad edilmiş yerlərdə Azərbaycanın üçrəngli, ay-ulduzlu bayrağının dalğalanması, görüşüb söhbət etdiyim qalib əsgər və zabitlərimizin qürurlu görkəmləri, yollar boyunca ordumuzun məhv etdiyi düşmən texnikalarının miskin görünüşü, tarixin yadigarı olan Xudafərin körpüsü... Çox təsirləndiyim və təəssüf etdiyim məqamlardan biri Cəbrayıla getdiyim zaman hələ ki, doğma şəhərlərini görə bilməyən cəbrayıllıların bir arzusunu yerinə yetirə bilməməyim oldu. Mən onlara Cəbrayıl şəhərindəki 500 ildən çox yaşı olan çinar ağacının və onun dibindəki qədim kəhrizin şəklini çəkib gətirməyi söz vermişdim. Ancaq çox təəssüf ki, şəhər tamamilə dağıdılmış, çinar ağacından və kəhrizdən heç bir əsər-əlamət qalmamışdı. 


- Təbii ki, həmin ərazilərə getmək gəm də təhlükə altına olmaq deməkdir...


- Əslində mən də, digər jurnalist həmkarlarım da daha çox real təhlükələrlə 44 günlük Vətən müharibəsi dövründə atəş altında olan yaşayış məntəqələrimizdə baş verənləri operativ surətdə ölkə və dünya ictimaiyyətinə çatdırmağa çalışdığımız zaman üzləşmişdik.  Bütün günü düşmənin artilleriya atəşinə tutduğu yaşayış məntəqələrində olur, reportajlar hazırlayır, foto və videolar çəkirdim. Mənim yaşayış ünvanımın da Ağdam rayonunda olduğunu və rayonun gecə-gündüz artilleriya atəşinə tutulduğunu nəzərə alsaq demək olar ki, bütün sutkam təhlükə altında keçirdi. Dəfələrlə top, qrad atəşi altında ölümlə üz-üzə gəldiyimiz anlar da olub, ölümdən anında qurtulmağımız da.


Azad edilmiş bölgələrə səfər zamanı düşmən atəşi ilə bağlı bir təhlükə ilə üzləşməsəm də, mənfur erməni xislətinin qoyduğu izlər hələ də real təhlükə mənbəyidir. Belə ki, azad edilmiş ərazilərimiz düşmən tərəfindən minalandığı üçün çox təhlükəlidir. 


- İllər sonra Qarabağda olub, çəkiliş etmək necə bir hissdir?
 


- Qürur, fəxarət, sevinc, kədər və inam hisslərinin qarışığı. Ən əsası da o inam ki, bu gün qəlbimizi acıdan xarabalıqlar dövlətimizin qüdrəti və xalqımızın əzmi sayəsində tez bir zamanda yenidən qurulub abadlaşacaq, illərdir yurd həsrəti çəkən insanlar doğma torpaqlarına dönəcək. Bir jurnalist kimi işğaldan azad eidlən ərazilərimizdə olduğum, çəkilişlər etdiyim üçün çox sevinirəm. Həm də fəxr edirəm ki, doğma torpaqlarımıza qovuşmağımız kimi, bu yerlərin yenidən qurulması,  şəhər və kəndlərimizə böyük qayıdış da gözlərim önündə baş verəcək.

 

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir