Modern.az

Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - I HİSSƏ

Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - I HİSSƏ

Reportaj

13 Yanvar 2021, 12:52

Modern.az saytı 44 günlük Vətən Müharibəsində zabit kimi iştirak etmiş ehtiyatda olan baş leytenant Qulu Məmmədlinin savaş gündəliyini təqdim edir:

***

Ağcəbədi 03-10-2020

Səhər üzü saat 04:50

Hərbi hissəyə həyəcan verilir. İki tabor döyüşə çıxmalıdır. Hər gün dəfələrlə "bizi nə vaxt döyüşə aparacaqlar?" deyə soruşan əsgərlərin üzündə sevinc, qürur, çaşqınlıq hissi sezilir. Bütün şəxsi heyət sağa-sola qaçır, hər kəs nə isə axtarır.


Tabor komandiri mayor Misirzadə (qazi), iti, mətin baxışlarla, bir az da əsəbi səslə komanda verir: "Tabor düzül!"


Hər kəs yerini alır. Səmada "harop", yer üzərində Qarabağ istiqamətində gurlayan mərmi səslərindən başqa bir səs yoxdur.


- Silahları, sursatları götürün, 15 dəqiqə sonra düzülün, avtomobillər gəlir, Füzuliyə gedirik,- deyə tabor komandiri əmr edir.


Bir saat sonra hər kəs hərbi maşınların arxasına bölük-bölük düzülüb gözləyir.


Silah otağından silahımı götürdüyüm vaxt kimsəsiz qalmış bir canlıq götürürəm. Düzülüş vaxtı taborun təminat xidmətinin rəisi kapitan Orucov (şəhid) mənə yaxınlaşır, “canlığı ver mənimkidir”,- deyə təbəssüm edir. Əvəzində daraq çantası verir, dörd patron darağını çantaya yığıb kəmərimdən asıram. Hərbi hissənin qapısının kənarında valideynlərin, əsgər yaxınlarının izdihamı yaşanır.


“Hər kəs maşınlara!” komandası verilir. 20-yə yaxın hərbi avtomobil kolonla yola düşür. Yolboyu minlərlə insan əllərində Türkiyə və Azərbaycan bayraqları ilə düzülüb. Bayraq asılmış avtomobillərin sayı-hesabı yoxdur. Hər kəs maşın karvanına imkanı çatan nələrsə atır.


Qarşı tərəfdən - ön xətt istiqatindən isə dayanmadan sürətlə ambulans maşınları gəlib keçir.


Qarışıq hisslər hakimdir. Əsas hiss isə cəbhəyə daha tez çatmaq, nə baş verəcəyini səbirsizliklə gözləməkdir.


Telefonlar susmur. Hərbi kalon sürətlə Füzuliyə yaxınlaşır. Yolboyu yolun sağı-solu hərbçilərlə, hərbi maşınlarla, hərbi texnikalarla doludur.


Horadizdən sonra mülkiyə aid heç bir şey gözə dəymir. Toplar aramsız atəş xəttindədir. Qarşı tərəfdən atılan ağır artilleriya mərmiləri döyüşdəki kimi 2-3 metrədə yox, hələ ki 2-3 km aralıqda partlayır.


Barıt qoxusu və müharibənin astanasıdır. Hər kəs gələcək komandaya hazır şəkildə gözləyir.


Avtomobil karvanı "Lələtəpə"dən sağ istiqamətə yön alır. Müvəqqəti yaradılmış toplanma məntəqəsinə çatırıq. Tabor bölük-bölük tank üçün qazılmış böyük səngərlərlə yerləşdirilir. Axşam düşür, hava soyuyur. Vay, "buşlatı" qış gödəkçəsini hərbi hissədə unutmuşam. Yataq dəsti - o da yoxdur.


Axşam düşmənlə yox, soyuqla müharibə olacaq...


Hər kəsə "quru ərzaq payı" paylanılır. Amma heç kimdə iştaha yoxdur. Yolboyu insanların maşınlara atdıqları yeyəcəklər belə yada düşmür, hər kəsi yeməkdən daha çox yatmaq düşündürür. Döyüş növbətçiliyi təşkil olunur, qalan şəxsi heyət yatır. Axşam saat üç radələri yağış başlayır. İlıq yağış damlaları getdikcə güclənir. Külək sürətlənir. Bölük komandiri “hər kəs içəri keçsin”,-deyə komanda verir. Hər kəs üstü qarğı ilə döşənmiş tank səngərinə sıxlaşır.

Səhər açılır, Füzulinin sarı, “botinka”ya saqqız kimi yapışan palçıqlı yolları ilə 300 m aralıda yenidən maşınlara minmək üçün irəliləyirik.


Zabit yoldaşım, həmkəndlim baş leytenant Dəmirov öz gödəkçəsini zorla mənə verir, “yox istəmirəm”,- deyə israr etsəm də, “qaytarsan məni danışdırma” deyib harasa tələsir.


Avtomobil karvanı Cəbrayıl istiqamətinə yön alır. Təmas xətti yarılıb, düşmən geri çəkilib. Atəş səsləri getdikcə yaxınlaşır. Avtomobillər işğaldan azad edilən torpaqlara daxil olur. Yolun sağında-solunda düşmən leşləri səpələnib. Saqqalı, özlərini soyuqdan qorunmaq üçün adyala bükümüş, elə o şəkildə qalmış düşmən meyitləri artıq müharibənin astanasında olduğumümuzun, az sonra düşmənlə döyüşə girəcəyimizin anonsunu verir.
Yerdə sərələnmiş erməni meyitlərinin bəzilərinin yaşları daha çox görünür. Aralarında muzdluların olduğu da bilinir. Sonrakı eşalonlarda bu fizianomiyada olan düşmən meyitlərinə daha az rast gəlirik. Birinci eşalonda daha çoxdurlar.


Az sonra “Avtomobillərə təhlükə var, piyada getmək lazımdır” deyə komanda gəlir. 450 nəfərə yaxın şəxsi heyət bir kolonda, ara məsafəsi 2-3 addım, ağır yüklərlə Cəbrayıl istiqamətində hərəkətə başlayır.


Axşam düşür. Müəyyən məsafədən sonra hansısa yüksək rütbəli zabitlər gəlir. Bir dərəyə toplanırıq. Yağış yenidən yavaş-yavaş yağmağa başlayır. Oktyabr ayına xas olmayan soyuq hava ilə qarşılayır bizi doğma Qarabağ.


Bir tərəfdən qəribə hisslər hakimdir. 27 il sonra, hamının həsrətlə gözlədiyi torpaqlarda ilk olaraq sən yürüyürsən. Təhlükə böyükdür, amma qürur hissi daha artıqdır. Başqa bölmələrlə qarşılaşırıq, hər kəs bir-birini təbrik edir. "Var olun!", "Allah qorusun!" kəlmələri ən çox işlədilən kəlmələrdir.


Bizi qruplara bölürlər, qarşıda düşmənin ehtimal edilən müxtəlif istiqamətdə yerləşən postlarına doğru irəliləyirik. Yağış sürətlənir. Düşmənin müharibə boyu ən çox istifadə etdiyi "minamyot" atışları intensivləşir. Bir dərəyə toplanırıq. “Hər kəs əyləşsin” deyə tabor komandiri komanda verir. Zülmət qaranlıq var, bir metr qarşını görmək olmur. Yağış daha da sürətlənir.


Dərənin üst tərəfinə qalxıram. İki əsgər, 3 zabit eyni yerdən müşahidə aparırıq, düşmın tərəfə baxırıq.

Əsgər Kərimov: - Komandir, qarşıda qaraltı görürəm..
Xeyli baxıram, “daşdır, narahat olma” deyib, həyəcanla həmin istiqamətə baxıram. İlk dəfə əlimi avtomatın tətiyinə tərəf sıxıram.


Adam öldürmək?! Yox, düşmən öldürmək. Xocalıda, Qarabağda onminlərlə günahsız yerə öldürülən, qətl edilən insanların caniləridir qarşımızdakılar...


Yağışın suyunu kürəyimdə hiss edirəm. Anidən əsgər Kərimov dediyi istiqamətə dayanmadan atəş açır. Ardınca biz də dəstək veririk. Sonra sakitlik çökür. Rabitə dayanmadan bizim "pozivnoyu" gizli adımızı çağırır. “Hər şey qaydasındadır”,- deyə 23 yaşlı, dolu bədənli, sarışın, hələ də hamı kimi qeyri-müəyyən fikirlərə daha çox yüklənən bölük komandiri məruzə edir.
"Ehtiyatlı olun",- deyə əmr edən zabitin səsi ilə eyni vaxtda rabitənin yaşıl işığı da sönür.


Soyuğun təsirindən bir-birinə sürətlə toxunan diş səsləri payız küləyinin uğultusuna qəribə ahəng verir. Az keçmir havaya dəqiqədən bir ərazini işıqlandıran fişənglər atılır.

Aprel döyüşlərində iştirak edən əsgərlər (MAXE) - hər ikisi daha sonra səfərbərliklə çağırılıblar-  İsmayılov və Məmmədov bizə yaxınlaşırlar. “Bizim döyüş təcrübəmiz var, nə lazım olsa, birinci bizə deyin”,-söyləyirlər. Bu, məktəb partası üzərində qələm qoyub gələn orta məktəb müəllimi üçün böyük dəstək idi. Üstümdə 12 cib var, hər dəfə siqareti yandırmaq üçün "zajıqalka”nı 2-3 dəqiqə axtarıram. Yaxşı söyüşlər də öyrədir müharibə...


Hələlik  buraya qədər yaza bildim, daha sonra görüşənədək..


Ardı var..

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!