Modern.az

“KİVDF məhəlli işlərlə məşğul olurdu” - Jurnalistlərin yeni Agentlikdən GÖZLƏNTİLƏRİ

“KİVDF məhəlli işlərlə məşğul olurdu” - Jurnalistlərin yeni Agentlikdən GÖZLƏNTİLƏRİ

13 Yanvar 2021, 17:37

Prezident İlham Əliyev Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında Fərman imzalayıb.


Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradılıb.


Medianın İnkişafı Agentliyinin məqsədi ölkədə mətbuatın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması olmalıdır.
Nizamnaməsinə əsasən, Agentliyin çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək hüququ olacaq.

Modern.az
saytı fərman nəticəsində mediada yaranacaq dəyişikliklər barədə bir neçə mətbuat nümayəndəsinin fikrini öyrənib.


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid:


“Son zamanlar bu məsələlər barədə müzakirələr gedirdi. İnformasiya texnologiyalarının sürətli inkişafı mətbuatın da qarşısına yeni vəzifələr qoyurdu. Buna görə Azərbaycan Prezidentinin Fərmanını yüksək qiymətləndirirəm. Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yeni  “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” yaradılması, daha geniş sferada medianın problemlərinin həll olunmasına kömək olacaq. Həm online media, həm agentliklər, həm də audiovizual mediaya aid olunan subyektlər yaradılan agentliyin təsir dairəsində olacaqdır. Eyni zamanda agentliyə digər səlahiyyətlər də verilib: həm jurnalistlərin təhsil məsələsi, həm də qanunları pozan jurnalistlərə iradlarını bildirmək.


Hesab edirəm ki, indiki dövrdə medianın belə böyük bir qurumun təsirində olması vacib məsələ idi. Agentlikdə yeni media, sosial şəbəkələrə də aid edilən çoxlu məsələlər var. Bunun necə tənzimlənməsi tək bizdə yox, xarici mediada da gündəmdə olan məsələlərdəndir.


Agentliyə icraçı direktor kimi Əhməd İsmayılovun təyin olunmasını da yüksək qiymətləndirirəm. O, artıq bir müddətdir ki, KİVDF-nin rəhbəri kimi mətbuatın təcrübəsini öyrənib, yeni medianın tələblərini də bilir. İnanıram ki, bu işin də öhdəsindən layiqincə gələcək.


Fərmanda vurğulanır ki, yaxın iki ay ərzində “Media haqqında” qanun hazırlansın. Düşünürəm ki, bu qanunun hazırlanmasında ictimaiyyət, media nümayəndələri, mütəxəssislər mütləq iştirak etməlidir. Çünki bu məsələ artıq demək olar ki, ictimaiyyətin geniş təbəqələrinin diqqətindədir. Yeni mediaya, jurnalistikaya aid edilən sahələrdə bu məsələlərlə bağlı fikirlər var və onları cəmləşdirib, qanunda əks etdirmək lazımdır. Bütün bu prosessləri Azərbaycan Prezidentinin mətbuata olan diqqəti hesab edirəm. Dövlət başçısı hər zaman çıxışlarında vurğulayıb ki, müstəqil mətbuatın olmasında maraqlıdır. Azərbaycan jurnalistləri bu fərmana görə cənab Prezidentə öz təşəkkürünü bildirir”.


Tanınmış jurnalist, filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli
:

“Bir müddət idi ki, mediada islahatların vacibliyi haqqında söhbətlər gəzirdi. Mətbuatın idarə olunmasının təşkilatı forması kimi Prezidentin fərmanı ilə “Medianın İnkişafı Agentliyi” yaradıldı. Bu agentlik dövlət qurumudur və KİVDF-nin əvəzinə yaradılıb. Hesab edirəm ki, agentliyin qarşısına əsasən yazılı və internet mediasının tənzimlənməsi vəzifəsi qoyulub. Agentlik üç istiqamətdə, medianın qanunveriçilik fazasının təkmilləşdirilməsi, maddi-texniki bazanın yaxşılaşdırılması, media proseslərinin lazımi məcrada inkişafı yönündə işləyəcək Bu üç istiqamətin reallaşdırılması üçün agentliyə böyük səlahiyyətlər verilir və imkanlar yaradılıb. Ümid edirik ki, mediada dəyişikliklər olacaq. Xüsusi ilə onlayn saytlarda ciddi problemləri var. Çünki mətbuat azadlığından sui-istifadə edirlər. Bunların nizamlanmasında agentlik müəyyən rol oynayacaq.


Strateji olaraq bizim əsas hədəflərimizdən biri Azərbaycanda azad, müstəqil medianı inkişaf etdirməkdir. Çox arzu edərdim ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyətini bu istiqamətə də yönəltsin. Vətəndaş cəmiyyətinin real məlumatlandırma vasitələrindən biri müstəqil mediadır.


Eyni zamanda Agentlik inzibati tədbirlər görə bilər, amma heç bir halda hansısa media qurumun fəaliyyətini dayandıra bilməz, bununla məhkəmə məşğul olacaq. Arzu edək ki, yaradılmış Agentliyin fəaliyyəti KİVDF-nin fəaliyyətinə bənzəməsin. Çünki KİVDF fəaliyyəti çox məhdud, məhəlli işlərlə məşğul oldu. Azərbaycan mediasının indiki vəziyyətə düşməsinin bir səbəbi də KİVDF-nin yaratdığı mənəvi mühit idi. Bir çox media qurumları sadəcə öz varlığını qoruyub saxlaya bildi, amma, cəmiyyətə heç bir xeyri dəymədi”.


“Yenisabah.az” saytının baş redaktoru Seymur Verdizadə:

“Medianın İnkişafı Agentliyinin yaranmasını müsbət hal kimi qiymətləndirirəm. Etiraf edək ki, media sahəsində müəyyən boşluqlar var, mövcud qanunlar bu boşluğu doldurmağa qadir deyil. Ümid edirəm ki, Medianın İnkişaf Agentliyi mətbuatın inkişafına töhfə verəcək, xüsusilə onlayn media üçün xarakterik olan bəzi nöqsanların aradan qaldırılmasını təmin edəcəkdir.


Bəzi həmkarlarımız senzuranın yenidən qayıdacağından əndişələnirlər, məncə, bu mümkün deyil. Yeni qurumun başlıca vəzifəsi mətbuatda peşəkarlığın artmasını təmin etmək, reklam bazarının dirçəlməsinə töhfə verməkdən ibarət olmalıdır. Mətbuatın məmur-oliqarxlardan asılılığına son qoymaq lazımdır. Bunun üçün güclü maddi-texniki baza lazımdır. Azərbaycanda reklam bazarını dircəltmək və reklamdan gələn gəlirlərin ədalətli bölünməsini təmin etməklə buna nail olmaq mümkündür.


Mənimçün vacib olan bir məqam da var: bu da odur ki, yeni qurum KİVDF-nin bazasında yaradılıb. Bu fakt məndə Medianın İnkişafı Agentliyinin daha səmərəli fəaliyyət göstərəcəyinə inam yaradıb. Bəlli olduğu kimi, Vüqar Səfərlinin KİV Fondunun icraçı direktoru postundan qovulmasından sonra bu qurumda keyfiyyət dəyişikliyi baş verib. Fond əvvəllər olduğu kimi KİV-lər və jurnalistlər arasında ayrı-seçkilik salmır, müsabiqələri ədalətli keçirir, jurnalistləri ayrı-ayrı məmurlara yaltaqlanmağa vadar edən tədbirlər keçirmirdi. Bu nüansları nəzərə alanda, yeni qurumun jurnalistlərin etimadını doğruldacağını söyləmək mümkündür”.


“Türküstan” media qrupunun rəhbəri Aqil Camal:

“Hər şeydən əvvəl “kütləvi informasiya vasitələri” terminindən imtinanı doğru addım sayıram. Bu sovet dövründən qalma bir istilah idi. İkincisi, Fond “kütləvi informasiya vasitələrinə dövlət dəstəyi” adlandırılsa da, yalnız çap mediasını əhatə edirdi. Yeni yaradılan qurumun adı həm fəaliyyət sahəsini dəqiq ifadə edir, həm də, nizamnaməsindən göründüyü kimi, bütövlükdə medianı əhatə edəcək.


Qurumun adından “dövlət dəstəyi” ifadəsinin çıxarılması da düzgün oldu. Bu forma bir çox hallarda birmənalı qarşılanmırdı. İradlar bildirilirdi ki, media azad olmalı, dövlət dəstəyindən asılı olmalı deyil. Agentliyin nizamnaməsinə media subyektlərinin bütün dairəsi daxil edilib. Nəzərə almaq lazımdır ki, qurum üçün nəzərdə tutulmuş indiki büdcə ilə bütün iddiaçı media qurumlarının əhatə etmək mümkün olmayacaq. Bu baxımdan, qarşıdakı dövrdə qurumun büdcəsinin artırılımasına baxıla bilər. Jurnalistlərin peşəkarlığının artırılması və sahələr üzrə ixtisasartırması ilə bağlı nəzərdə tutulan fəaliyyətlərə demək olar ki, Fond son zamanlar start vermişdi. Bu yöndə xarici mütəxəssislərin cəlb olunması yolu ilə bir neçə təlim təşkil olunub. Yəqin ki, bundan sonra bu məsələ sistemli hal alacaq.


Media qurumlarının layihələrinin dəstəklənməsi prinsiplərinə gəlincə, ümid edirik ki, ənənəvi yanaşmalar tədricən ortadan qalxacaq. Daha kimlərinsə indiyədək ortaya nəticə qoymadan hansısa keçmiş “xidmətlərinə” görə, yaxud da, dövlətin indiyə qədərki dəstəyi sayəsində bu günlərə gəlib çıxdığına görə davamlı olaraq dəstəklənməsi praktikası olmayacaq. Bu gün istər çap mediasında, istərsə onlayn mediada az-çox oxucusu, ictimai çəkisi və etimadı olan media qurumları təqribən bəllidir. Onların bir daha müəyyən olunması üçün müəyyən metodlar tətbiq edilə bilər. Yəqin ki, artıq start verilmiş bu proses bir neçə ay çəkəcək. Çünki, dəyişikliklər qanunvericiliklə də təsbit olunmalıdır. Bu baxımdan, qarşıdakı dönəmdə media camiəsinin bu məsələlərdə aktiv olacağını gözləyirəm”.


“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

“Təbii ki, biz mediada müəyyən çətinliklərin, boşluqların, qütbləşmələrin olduğunu bilirdik. Çap mediası dövlətin dəstəyi ilə iş fəaliyyətində media prinsiplərini qoruyub saxlamağa çalışırdı. Ancaq çap mətbuatında müəyyən problemlər var. Nəticələr o qədər də ürəkaçan deyil.


Eyni zamanda online medianın mailiyyələşdirilməsi və online medianın mətbuat strukturu kimi statusunun hüquqi baxımdan Azərbaycan qanunvericiliyində əksinin tapmasında da müəyyən problemlər var idi. Bütün bunların aradan qaldırılması və ümumiyyətlə, media sferasının bütövlükdə inkişafı üçün belə bir Agentliyin yaradılması müsbət haldı. Əlbəttə, inanırıq ki, Agentliyin fəaliyyəti gələcəkdə öz müsbət effektini verəcək”.


Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi