Modern.az

Cəbhədən qayıdan jurnalist: “Həm tarix yazdıq, həm də tarixə yazıldıq” - MÜSAHİBƏ

Cəbhədən qayıdan jurnalist: “Həm tarix yazdıq, həm də tarixə yazıldıq” - MÜSAHİBƏ

Media

14 Yanvar 2021, 10:12

Vətən müharibəsində 30-a yaxın jurnalist iştirak etdi. Amma media nümayəndəsi olaraq deyil, döyüşçü kimi. Onlardan biri də “Azərbaycan” qəzetinin əməkdaşı, ehtiyatda olan leytenant Rəşad Baxşəliyevdir.

Həmkarımız Modern.az-a cəbhə xatirələrini danışıb.


- Rəşad bəy, sizi müharibənə zaman apardılar?

- İkinci Qarabağ savaşı başlayan gündən, yəni sentyabrın 27-i mən savaşa getmək üçün hazırlıqlarımı görmüşdüm. Çünki ehtiyatda olan zabit idim. Vətənimin çətin günlərində əlimdən gələni etməsəm, özümü bağışlaya bilməzdim. 2001-2003-cü illərdə həqiqi hərbi xidmətdə olmuşam. 2020-ci ilin iyulunda baş verən Tovuz döyüşlərindən sonra könüllü olaraq Abşeron rayon səfərbərlik idarəsinə müraciət etdim, istənilən an döyüşlərə qatılmağa hazır olduğumu bildirdim. Bir müddət gözlədim, hətta ilk dəfə çağırılanda Ağdamın Quzanlı kəndində reportaj hazırlayırdım, bir gün gec gəldim. Birinci çağırışda gedə bilmədim, ikinci çağırışda artıq əşyalarımı toplayıb ailəmlə sağollaşdım və cəbhəyə yola düşdüm. 

Oktyabr ayının 23-dən Ağcabədidə yerləşən N saylı hərbi hissədə komplektləşdirmə deyilən ərazidə bizi böldülər və xoşbəxtlikdən bir hadisə baş verdi, bəlkə də bu, mənim talehimə yazılan bir yazı idi: 17 il öncə xidmət etdiyim hərbi hissəyə yenidən zabit kimi göndərildim. Və beləliklə,  Cəbrayıl, Qubadlı istiqamətində döyüş tapşırığını yerinə yetirən N saylı hərbi hissənin tərkibində savaşa qatılmalı oldum.
Orda vaxtı ilə müxtəlif hərbi hissələrdə qulluq edən səfərbərliklə gələn çağırışçılar var idi. Demək qismətimə belə yazılıbmış ki, mən yenidən həmin hərbi hissədə hərbi xidmətə davam edəcəm. 2021-ci il yanvarın 2-də Ordudan tərxis olundum.


-
Müharibədən əvvəl jurnalist kimi cəbhə bölgəsində olmuşdunuz?


- Müharibə başlayan zamana qədər mən "Azərbaycan" qəzetinin əməkdaşı kimi dəfələrlə cəbhə bölgəsindən reportajlar hazırlamışdım. Hər ay Müdafiə Nazirliyi tərəfindən cəbhə bölgəsindən reportaj hazırlamağıma icazə verilirdi. Qazaxdan tutmuş Gədəbəyə qədər - Murovdağ, Ağdam, Tərtər, Ağcakənd, Füzuli istiqamətindəki bütün cəbhə xətlərindən silsilə reportajlar hazırlamışdım.
2016-cı ildə Lələtəpə azad olunan zaman da oradan reportaj hazırladım. General Kərim Vəliyev icazə vermişdi Lələtəpədən reportaj hazırlamağıma. Bu da mənim üçün çox böyük fəxr idi. Tale elə gətirdi ki,  bu dəfə mən qələbəni jurnalist kimi yox, zabit kimi yaşadım. Bu mənim ən böyük istəyim idi, şükürlər olsun ki, arzum gerçəkləşdi. Leytenant kimi müharibəyə getdim, tərxis olunanda artıq baş leytenant  kimi ordudan ayrıldım.
Cəbhədə xoş günlərimiz, sevincli- kədərli anlarımız oldu. Ömrümümzdə heç vaxt silinməyəcək izlər qaldı. Mən hələ də orada olanların təsirindəyəm. Bəzən yuxu görürəm, elə bilirəm ki, yenə də qalxıb posta getməliyəm, əsgərləri çağırıram, həyəcanlanıram, mənə elə gəlir ki, yenidən onların yanına qayıdacağam.



- Müharibəgedişinizi ailəniz necə qarşılamışdı?


- İki övladım, həyat yoldaşım və atamı geridə qoyub getdim. Mən gedən zaman qızım Yağmur xəstə idi. BHəkimlər dedilər ki, xəstəxanada yatmalıdır, böyrək çatışmazlığı problemi yaranmışdı, müalicə olunmalı idi. Mən dostlarımı çağırdım, “Azərbaycan” qəzetinin baş redatkor müavini İxtiyar Hüseynli çox sağolsun, dəstək oldu. İcazə ala bilərdim ki, gələn növbədə gedim, amma çağırışçı idim, ona görə də xəstə övladımı qoyub yollandım cəbhəyə. Dostlarıma güvəndim, çünki övladımla maraqlanırdılar, gözüm arxada qalmadı. Ailəm hər zamankı kimi cəbhəyə yollananda da mənə dəstək oldu.


- Döyüş yolunuz barədə danışmanızı istərdik...

- Mən döyüşlərə qoşulan zaman artıq hərbi hissəmiz Cəbrayılda uğur qazanmışdı və Qubadlıya doğru irəliləyirdi. Mən tağım komandiri olaraq onlara qoşuldum.
Çağırışla gələn əsgərlər, zabitlər kimi mən də heç vaxt müharibə görməmişdim. Müharibə dəhşətlərini təsəvvür edirdik, amma canlı şahidi olmamışdıq. Mərmilər yağış kimi yağırdı, hər cür silahlardan istifadə olunurdu. Minaatan, qrad, raketlərin səsindən yer-göy dağılırdı. Yaralılarımız və şəhidlərimizdə oldu. Allah hər birinə rəhmət eləsin!

Düşmən isə qaçırdı, qorxurdu bizim qarşımızda dayanmağa. Nə qədər istehkamlar qursalar da, igid döyüşçülərimiz, xüsusi təyinatlılarımız onlara dərs verirdi. Özlərinə möhkəm sığınacaqlar düzəltmişdilər, amma o sığınacaqlardan da çıxıb qaçırdılar.

Qubadlı azad olunduqdan sonra, oktyabrın 26-sı ermənilər qaçaraq Qafan istiqamətinə keçirdi. Biz Gorus, Qafan istiqamətində olan yüksəkliklərdə mövqelərimizi möhkəmləndirib, onların hücum etməsinə imkan vermirdik. Onlar dayanmırdılar, qoyub getdikləri əraziləri, istehkamları tanıdıqları üçün həmin yerləri atəşə tuturdular. Amma qarşıları alınırdı, bir qarış belə qabağa gələ bilmirdilər.



- Müharibədə yaşadıqlarınızı yazmağı düşünürsünüzmü?


- Mən döyüşə həm də jurnalist kimi qatılmışdım. Döyüşün bütün mərhələləri çətindir, məsuliyyətlidir, bunlarla yanaşı, həm də şərəfli bir yoldur. Vətən müharibəsində qazandığımız qələbənin birbaşa iştirakçısı kimi bu qələbəni kitaba çevirə biləcəyimi düşünürəm. Məncə müharibənin canlı şahidi olaraq yaşananları yazmaq daha təsirli alınar.
Cəbhəyə getməzdən öncə "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov mənə məsləhətlər verdi. O, həm də Birinci Qarabağ müharibəsinin qazisidir. Qazi kimi mənə dəftər hədiyyə etdi, dedi ki, "bütün cəbhə xatirələrini bura qeyd elə, imkan olduqca hər şeyi yaz, sağ-salamat qələbə ilə qayıt, yazdıqlarını kitab kimi nəşr edəcəyik. Əvvəlcə qəzetdə yazarsan, sonra isə kitaba çevirərik".
Bu sözləri söyləyərkən kövrəldi, vurğuladı ki, "biz Birinci Qarabağ müharibəsində məğlubiyyət tarixini yazmalı olduq, sən isə zəfər salnaməsini yazacaqsan". Uğur dilədi, onun sözləri məni həqiqətən çox qürurlandırdı.


- H
əm jurnalist, həm də döyüşçü kimi Vətən müharibəsində iştirak etmək necə hissdir?

- Bu çox fərqli bir hisdir. Əgər jurnalist kimi qalıb döyüşə qoşulmasaydım, arxa cəbhədə qəhrəmanlıq salnamələrini yaza bilməzdim. Görmədən, kimdənsə eşidərək, hansısa əsgər və ya zabitdən soruşmaq və ya döyüşlər bitdikdən sonra cəbhəyə gedib reportaj hazırlamaq o qədər təsirli alınmazdı. Amma müharibənin canlı şahidi olmaq, şəxsən döyüşlərdə iştirak etmək əsl həqiqətləri gözünlə görmək ayrı şeydir.


- Döyüşlər zamanı heç vaxt unuda bilməyəcəyiniz hansı hadisəni danışa bilərsiniz?

- Müharibənin son günüydü, biz isə bundan xəbərsiz idik. Noyabrın 9-u gecə Qubadlının ən yüksək zirvəsində postlarda keşik çəkirdik. Xəbər verildi ki, səngərlərə sipər olun, güclü döyüş başlayacaq. Biz hərbçilər artıq bir-birimizlə sağollaşır, vədlər verirdik ki, sağ qalsaq, bunları edərik və s. Səngərlərə sipər olub saatlarla gözlədik, amma saat 4-5 radələrində heç bir atəş səsi eşidilmədi, hərbi hissəmiz bizdən çox uzaqda idi, oradan havaya fişəng atıldı, biz çox qəribə hal yaşadıq, düşündük ki, bu nədir, kimdir bunu edən, hərbi hissənin yeri artıq bilindi. Səhərə yaxın hər tərəf duman idi, qəflətən qulağımıza azan səsi gəldi, çaşqın vəziyyətdə qaldıq. Bölüyümüzün həkimi Zeynalov Emil gözəl avazı, səsi ilə azan verirdi. Biz ondan çox aralıda idik, amma o azan səsi bizə çatır, ruhumuzu oxşayıtdı.
Hamımız sevinib ucaqlaşdıq, bildik ki, xoş xəbər var. Sonra bizə deyildi ki, artıq qələbə elan olunub. 

Bir hadisə isə Xocavənddə döyüş tapşırığı yerinə yetirən zaman oldu. Dekabr ayının əvvəlindən Xocavənddə idik, düşmənlə üz-üzə postlarımız arasında 5-10 metr məsafə var idi. Sülhməramlıların bayrağı arxasında gizlənən ermənilər bizimlə Azərbaycan dilində danışıb təxribata çəkməyə çalışırdılar. İstəyirdilər ki, atəş açaq, əsgərlərimiz atmaq istəyirdi, amma özümüzü saxlayırdıq. Təmkinli davranırdıq ki, atəşkəs pozulmasın, əsgərlərimiz yaralanmasın. Hər dəfə özləri təxribat törədib bizi ruslara göstərirdilər, onlar bizə yatmağa imkan vermirdilər, rus hərbçiləri də bizdən xahiş edirdi ki, təmkinli olaq.
Yəni bu cür hadisələr də baş vermişdi.



- Ailəniz tərxis olunub gələndə sizi necə qarşıladı?

- Hamı kimi məni də ailəm sevgi hissi ilə qarşıladı. Mən gedəndə qızım xəstə idi, qayıdanda onu sağlam gördüm və buna çox sevindim. Cəbhəyə getdiyim zaman evimizi, ailəmizi oğlum Nihata tapşırıb getmişdim.13 yaşı olsa da, ona günənim böyükdür. Tapşırdım ki, evin yükü mən olmayan zaman sənə düşür. Hiss etdim ki, oğlum öz üzərinə düşən vəzifəni bacardığı qədər yerinə yetirməyə çalışır. Dostlarım, yaxınlarım məni çox gözəl qarşıladılar.
Şəhidliyi gözümün önünü alıb getmişdim. Hətta Beyləqandan taksiyə minib qayıdan zaman belə düşünürdüm ki, yuxu görürəm. Sağ qalmağı möcüzə hesab edirdim.


Mehri Qurban

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi