Modern.az

Azərbaycanda vaksinasiya - Həkim: “Adam kimi normal həyata qayıtmaq istəyiriksə, peyvənd olunmalıyıq!”

Azərbaycanda vaksinasiya - Həkim: “Adam kimi normal həyata qayıtmaq istəyiriksə, peyvənd olunmalıyıq!”

Hadisə

15 Yanvar 2021, 10:22

Bir ildir normal həyatımızı at-üst edən COVID-19 pandemiyasından yeganə çıxış yolu kimi vaksinasiya göstərilir. Azərbaycan vaksinasiyaya start verilmə ərəfəsindədir, bəziləri peyvənd olunmaqdan imtina edəcəyini bildirir.

Məlumat üçün qeyd edək ki, vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdən hazırlanır. İmmun sistemi bu maddələri antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır (humoral immunitet). Yaxud da hüceyrə immuniteti - yəni T limfositlər vasitəsi ilə məhv edir. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadı cəhətdən ən əlverişli üsul vaksinasiyadır.


Mövcud vəziyyətdə dünyada istifadə olunan
5 əsas vaksin var:

  1. Biotech/Phizer peyvəndi – (Almaniya/ABŞ) Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildiyində əzələ hüceyrələri virusu emal etməyə başlayır);

    2. Sputnik V peyvəndi – (Rusiya) Canlı hüceyrə (Virusun daşıdığı genetik materialların bir qismi başqa virusun içinə yerləşdirilir və insan bədəninə inyeksiya edilir);

    3. Moderna peyvəndi – (ABŞ) Sintetik kod (Peyvənd insan qoluna inyeksiya edildikdə əzələ hüceyrələri virusu istehsal etməyə başlayır);

    4. Oxford/Astra Zeneca peyvəndi – (İngiltərə/İsveç) Canlı hüceyrə (Virusun daşıdığı genetik materialın bir qismi başqa virusun içinə yerləşdirilərək insan bədəninə inyeksiya edilir);

    5. Sinovac peyvəndi – (Çin) İnaktiv virus (toyuq yumurtası və ya toxuma kulturasında çoxaldılan hərəkətsiz viruslar insan bədəninə inyeksiya edilir).


Açıqlanan immunizasiya faizlərinə görə, Biotech/Phizer peyvəndi – 94-96 %, Sputnik V peyvəndi - 92%, Moderna peyvəndi - 95%, Oxford/Astra Zeneca peyvəndi - 70%, Sinovac peyvəndi - 92%-dir.

Biotech/Phizer peyvəndi - 70 (6 ay) / 4 (1 həftə), Sputnik V peyvəndi – 4 (6 ay), Moderna peyvəndi - 20 (6 ay) / 4 (30 gun), Oxford/Astra Zeneca peyvəndi - 4 (6 ay), Sinovac peyvəndi –2-8 (6 ay) saxlanıla bilər.


Azərbaycan məhz Çin istehsalı olan Sinovac peyvəndindən istifadə edəcək.


1-ci mərhələ - Səhiyyə işçiləri; 65 yaşdan yuxarı şəxslər; Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

2-ci mərhələ - Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

-50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

-Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin və poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

-Yüksək riskli şəraitli işlərdə çalışan (cəmiyyətin fəaliyyəti üçün həyatı vacib sahələrdə çalışan – milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və s.) şəxslər peyvənd olunacaqlar.

 


Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Modern.az-a bildirib ki, hazırda vaksinlərlə bağlı həddindən artıq neqativ fikirlər yayılmaqdadır:

 

“Mən hesab edirəm ki, insanlarda vaksinə qarşı inamsızlığı yaradanlar təxribatçılardır. Bunu yayanlar bizi, ölkəmizi istəməyənlərdir. Bu yanlış dezinformasiyalar dünyanın rahat yaşamasını istəməyən qüvvələr tərəfindən insanlara təlqin olunur.

Vaksin öldürülmüş, zəiflədilmiş virusdur, yaxud da virusun hansısa hissəciyindən istifadə edilərək yaradılıb.

Peyvənd nə qədər ziyanlı olsa belə, bizim istifadə etdiyimiz McDonald’s, KFC, Fryday, cipsi, broyler toyuqları, dönər, şaurma, kolbasa-sosiska, sardelka, konservləşdirilmiş qida məhsulları, spirtli içkilər, siqaret və digər bu kimi qida məhsulları və zərərli vərdişlərimizin verdiyi zərərdən qat-qat zərərsizdir.

Mümkün deyil ki, vaksin bizə problem yaratsın. Aktiv koronavirus insan orqanizminə düşəndə 100 adamdan 90-nı bunu yüngül keçirir, yerdə qalan 10 nəfər orta ağır və ağır keçirir. Bəs necə ola bilər ki, aktiv yox, öldürülmüş virus bizim bədənimizə yeridilsin və bu, bizim üçün təhlükəli olsun? Bu sadəcə absurddur.

 

Mən istənilən dövlət qurumunu ən sərt şəkildə tənqid edirəm. Amma vaksin məsələsində tənqid etmək yox, bir-birimizə dəstək olmalıyıq. Bir ildir təhsil dayanıb, insanlar xeyir iş edə bilmir, iqtisadiyyat çökür, iş yerləri bağlanıb. Biz bu durumdan çıxmaq, adam kimi əvvəlki həyatımıza qayıtmaq istəyiriksə, mütləq vaksinasiya olunmalıyıq. Bəzisi deyir vaksin sonsuzluq yaradır, bəzisi deyir adamı öldürür, bütün bunlar təxribat xarakterilə insanların beyninə bilərəkdən salınıb. Əgər vaksində şübhəli bir şey olsa, mən də həkim kimi etirazımı, mövqeyimi bildirərəm. Özüm və ailə üzvlərim də mütləq şəkildə vaksinasiya olunacağıq. İnşallah, vaksinasiya başlayana qədər bir problemimiz olmazsa, mən peyvənd olunmağımı videoya çəkib paylaşacam”.

 

Həkim onu da deyib ki, yüksək allergiyası olan şəxslərdə vaksin əks göstərişdir:


“İnsanlar var ki, naringi, bal, pomidor, vitamin C və s.-ə qarşı allergiyası var. Bu insanlara vaksin vurulması allergik reaksiya verə bilər”.

 

A.Əliyevin sözlərinə görə, şəxs yoluxub, sağalıbsa, vaksinasiya üçün qandan İgG analizi verməlidir:

 

“Əgər onun qanında yetəri qədər İgG varsa, ona vaksin lazım deyil. Çünki o insan vaksin olunmuş kimi sayılır. Əgər İgG-nin səviyyəsi aşağıdırsa, vaksin olunmalıdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!