Modern.az

Ötən il 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb

Ötən il 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb

29 Yanvar 2010, 12:49

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində qurumun rəhbəri Əli Həsənovun sədrliyi ilə ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Modern.az xəbər verir ki, kollegiya qeyd olunub ki, “Dövlətqaçqınkom” 2009-cu ildə də öz fəaliyyətini qaçqın və məcburi köçkünlərlə bağlı Azərbaycan Respublikasının müvafiq qanunlarından, dövlət başçısının imzaladığı fərman və sərəncamlardan, xüsusilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”ndan və ona edilmiş Əlavələrdən irəli gələn vəzifələrin tələblərinə uyğun qurub.

Tədbirdə qeyd olunub ki, 2009-cu il ərzində qaçqın və məcburi köçkünlərlə bağlı dövlət başçısı tərəfindən iki fərman, iki sərəncam imzalanıb, Nazirlər Kabineti tərəfindən isə 14 sərəncam və qərar qəbul edilib. Ötən il Bakı şəhəri, Binəqədi rayonu, 2 saylı Evtikmə kombinatının ərazisində 368 məcburi köçkün ailəsi üçün tikilmiş hündürmərtəbəli binaların, həmçinin Goranboy rayonunun ərazisindəki fin tipli qurma evlərdən ibarət qəsəbədə müvəqqəti məskunlaşmış 596 məcburi köçkün ailəsi üçün salınmış qəsəbənin açılışı olub. İl ərzində Xocalı rayonundan olan məcburi köçkünlər üçün Goranboy rayonu ərazisində salınan 500 ailəlik 4 qəsəbədən ibarət olan Yuxarı Ağcakənd qəsəbəsində 120 ailəlik qəsəbənin, Göygöl rayonu ərazisində 26 məcburi köçkün ailəsi üçün məhəllənin tikintisi başa çatdırılıb və məcburi köçkünlərin həmin qəsəbələrə köçürülməsi təmin edilib. Eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində Elmi-Tədqiqat Əkinçilik İnstitutunun yardımçı binalarında müvəqqəti məskunlaşmış, əsasən Zəngilan rayonundan olan 31 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Abşeron rayonunun Fatmayı qəsəbəsi ərazisində salınan qəsəbənin tikintisi başa çatıb və məcburi köçkünlər qəsəbədəki evlərə köçürülüb. Bunlarla yanaşı, Bakı şəhərində təcili köçürülməsinə zərurət yaranmış obyektlərdən köçürülməsi nəzərdə tutulan 70 məcburi köçkün ailəsi üçün Abşeron rayonunun Ramana qəsəbəsində beşmərtəbəli yaşayış binasının tikintisinə başlanıb və bina bu günlərdə istifadəyə veriləcək. Ümumilikdə təkcə 2009-cu ildə 5710 nəfərdən ibarət 1142 məcburi köçkün ailəsi yeni tikilmiş evlərə köçürülüb. Bunlarla yanaşı, komitənin müvafiq şöbə və idarələrinin Dövlət proqramında bu il inşası və salınması nəzərdə tutulmuş bina və qəsəbələrin tikintisinə başlanılması üçün müvafiq hazırlıq tədbirləri həyata keçirdiyi bildirilib. Kollegiya iclasına baş nazirin müavini, “Dövlətqaçqınkom”un sədri Əli Həsənov yekun vurub. Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...