Modern.az

Sənin ilin… (Mərhum jurnalist Aynur Mirhəsənin xatirəsinə)

Sənin ilin… (Mərhum jurnalist Aynur Mirhəsənin xatirəsinə)

19 Yanvar 2021, 12:52

…Təsəlli vermə, bilirik itkisiz olmur, ömrümüz yoxluqlar içindədir, görə-görə gəlirik. İki gözümüzün birdən güldüyü olmadı, dözdük, dərdlə qaynayıb-qarışdıq, baş-başa yaşadıq. Amma iç-içə olsaq da, itkiyə, yoxluğa, ayrılığa alışmadıq, hər dərdi siftə dərd, dərdin siftəsi kimi çəkdik, Aynur…


Sənin yoxluğunla başlayan il boyunca dostlar bir-birini ovundurdu, birgə ağrıdıq, yandıq, dözdük, amma itkiyə alışmadıq, təsəlli tapmadıq.


Xeyir-şəri urvatsız eləyən bir mərəz içində varlığımız alt-üst oldu. Sənin müsibətin kölgədə qalmadı amma. Qara xəbərindən başlamışdı il.


Çox dost-qardaş itirdik bir ildə, ağladıq. Ən çox səni andıq amma. İlk itkimiz olmuşdun.


Tapdanmış yurdumuz şəhid qanı ilə halala çıxdı, iki gözümüzün biri güldü. Ən böyük yoxluğa – yurdsuzluğa son qoyan il yurd kimi əziz adamı aparmışdı.


İl sənin ilindir, Aynur…


Sən bir gün işə çıxmayanda darıxırdıq. Gör necə qəribsəyirik…


Ziyarətinə gələ bilmirik, yolumuz bağlıdır – yasaq var.


Sənsiz ərsəyə gəlmiş kitabının başına toplaşa bilmirik – yasaq var.


Məclisinə, ilinə yığışa bilmirik – yasaq var.


Nisgilliyik. Alışa bilmirik bu yoxluğa, təsəlli vermə…


Hikmət Sabiroğlu

***


1976-cı il yanvarın 27-də doğulan Aynur Mirhəsən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. “Yeni Müsavat”, “Üç nöqtə”, “Həftə içi” qəzetlərinin reportyoru, Mediaforum.az saytının müxbiri, layihə rəhbəri, Ann.az saytının redaktoru olub.


2016-cı ildən Türkiyənin İstanbul şəhərində neyromarketinq üzrə ali təhsil alaraq orada yaşayan Aynur Mirhəsən 2020-ci il yanvarın 18-də vəfat edib, yanvarın 20-si Azərbaycanda, ata yurdu olan Şamaxı yaxınlığındakı Qayıblı qəbiristanlığında dəfn olunub.


Ölümündən sonra jurnalistin “
Azadlıq ibadəti” adlı kitabı çapdan çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər