Modern.az

Şəhid olmağı arzulayan “Çalmalı” ləqəbli DÖYÜŞÇÜ

Şəhid olmağı arzulayan “Çalmalı” ləqəbli DÖYÜŞÇÜ

19 Yanvar 2021, 14:53

Şəhidi olmayan torpaq müstəmləkədir. Hər birimiz Azərbaycanın müstəqilliyini öz canından üstün tutan, torpaqlarımız uğrunda qəhrəmanlıqla vuruşan, bu yolda həyatını qurban verən şəhidlərimizin xatirəsini hər zaman anmağa borcluyuq.


Modern.az
saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir. 

Bu dəfə qəhrəmanlığından, qısa ömür yolunda danışacağımız şəhidimiz İmaməddin Əsgər oğlu Abdullazadədir.


İmaməddin Abdullazadə 1996-ci il avqustun 4-də Beyləqan rayonunda anadan olub. 2002-ci ildə məktəbə qədəmlərini qoyan İmadəddin uşaqlıqdan hərbçi olmaq arzusu ilə yaşayıb. 2014-cü ildə Qazax rayonuna müddətli həqiqi hərbi xidmətə yollanıb. 2016-cı ildə Aprel döyüşlərində iştirak edib. Ailədə üç övlad olublar: bacısı, qardaşı və özü.


Şəhidin qardaşı Qafar Abdullazadə İmaməddinin həyat yolunndan danışıb.


Müsahibimizin sözlərinə görə, İmaməddin ailəsinə, sevdiklərinə çox bağlı idi:


“İmaməddin orta məktəbi bitirdikdən sonra Qazax rayonunda müddətli hərbi xidmətə yollandı. Həmin ərəfələrdə Aprel döyüşləri gedirdi, İmadəddin də həmin döyüşlərdə şücaət göstərdi. Əsgərliyini başa vurub geri qayıtdıqdan təxminən üç ay sonra yenidən cəbhəyə yollandı, hərbçi olmağı qərara aldı. Beyləqan rayonu N saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etməyə başladı.
Hər zaman vətənə olan borcunu canı, qanı ilə verməli olduğumuzu deyirdi”.

“Anam hər zaman övladlarına dua edər. Bir gün anamla söhbət əsnasında qardaşım ona “ana, dua elə arzuma çatım” deyib. Anam da qardaşımın istəyindən məlumatsız olduğu halda, əl açıb Allahdan oğlunun arzusunun yerinə yetməsini diləyib. Qardaşım daha sonra anama “ana, arzum şəhid olmaqdır” deyib”.


Qafar Abdullazadə deyir ki, qardaşı əhli-beyt aşiqi olduğundan döyüşlərdə başında "Əssalamu ələykum ya əba Abdullahil Huseyn" çalması bağlayıb. Bu çalmaya görə də döyüş yoldaşları ona "Çalmalı" ləqəbi ilə müraciət ediblər. İmaməddin dəfələrlə yaralanmağına baxmayaraq, döyüşü davam etdirib.

O, noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

Döyüş yoldaşları bildirilər ki, İmaməddin çox səmimi, mehriban oğlan idi.

“Hər zaman özü irəlidə gedərdi, bizə nəisə olmasını istəməzdi. Mərd, qorxmaz döyüşçü idi. Tək arzusu var idi, Şəhid olmaq. Sonunda arzusuna çatdı”.

Qafar Abdullazadə şəhid qardaşı olaraq canını Vətən yolunda fəda etmiş döyüşçüləri yaxınlarına üz tutub “başınızı dik tutun. Allah bütün şəhidlərimizə rəhmət etsin, millətimizi torpağımızı qorusun. Hər birinizə səbr versin” deyib.


Qeyd edək ki, İmaməddin Abdulalzadə Füzuli, Hadrut, Xocavənd, Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Sonuncu döyüşü Şuşada Daşaltı kəndində olub və həmin döyüşdə şəhidlik zirvəsinə yüksəlib. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Şəhadətin mübarək, qəhrəman əsgər!


Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir