Modern.az

Parisdə yaşayan qarabağlı müğənni: “Şuşadan 11 yaşımda çıxmışdım” - MÜSAHİBƏ

Parisdə yaşayan qarabağlı müğənni: “Şuşadan 11 yaşımda çıxmışdım” - MÜSAHİBƏ

21 Yanvar 2021, 10:28

Modern.az saytında mədəniyyət, incəsənət və ədəbiyyat sahələrini əhatə edən “Art Time” rubrikasında yeni həmsöhbətimiz var. Hazırda Fransada yaşayan azərbaycanlı müğənni, 1992-ci  ildə Şuşanı məcburi köçkün kimi tərk edən Təranə Monbarbutu (Allahverdiyeva) ilə söhbəti təqdim edirik.

- Təranə xanım, hazırda Fransada - Parisdə yaşayan azərbaycanlı olaraq soruşmaq istərdik: fransız xalqının Azərbaycana münasibəti necədir?


- Artıq 20 ildir ki, Fransada yaşayır, burada mədəniyyət xadimi kimi fəaliyyət göstərirəm. Çıxış etdiyim səhnələrdə hər zaman Azərbaycan həqiqətlərini çatdırmağa çalışmışam. Bildiyiniz kimi, Fransada çox güclü erməni lobbisi fəaliyyət göstərir, fransızlar Azərbaycanı demək olar ki, ya tanımırlar ya da az tanıyırlar. Erməni əsilli fransızlar illərdir burda yerləşib, hazırda cəmiyyətin mühüm sahələrində nüfuzlu mövqelər tutublar. Fransada media, siyasət, mədəniyyət sahələri erməni lobbisinin təsiri altındadır və  Azərbaycan əleyhinə qərəzli məlumatlar yaymaqla fransızları manipulyasiya etməyə cəhd göstərirlər.

- Bizə Şuşadan Parisə kimi uzanan həyat yolunuz barədə məlumat vermənizi istərdik. Necə oldu ki,  Fransaya köçdünüz?


-
Mən Laçında dünyaya göz açıb, Şuşada böyümüşəm. Həyatımın ən gözəl, qayğısız illəri Şuşada keçib. Həyat yolu, alın yazısı, tale deyilən anlamlar var. Yəqin mən də bu yollardan keçməliymişəm. Hərdən düşünürəm, görəsən Şuşamı, uşaqlığımı əlimdən almasaydılar, 28 il öncə həyatım hansı istiqamətə yönələrdi? Heyfslənməyi, keçmişə baxmağı xoşlamıram, yəqin elə buna görə, acılarla yaşamamaq, bu dərdi düşünməmək üçün bütün fikrimi dərsə, musiqiyə, gələcəyə yönəltdim.
Atam cərrah, anam fransız dili müəllimi olub. Xarici dillərə sevgim, marağım elə anamdan keçib. Anam məni və qardaşlarımı Şuşada rusdilli məktəbə qoymuşdu. 5 il Şuşada 2 nömrəli rusdilli məktəbdə oxumuşam. 1992-ci ildə məcburən Bakıda köçməli olduq. Bütün həyatım, uşaqlığım, ailəm pərən-pərən  oldu. Hər şeyi yenidən başlamaq məcburiyyətində qaldıq. “Müvəqqəti çətinlikdir” deyə-deyə sürgün həyatı 28 il uzandı. Bu yollar məni Şuşadan Bakıya, Bakıdan Parisə apardı.
Orta məktəbi bitirdikdən sonra Bakıda Xarici Dillər Universitetinə qəbul olundum. Sonra uşaqlıq arzumu həyata keçirib, Parisdəki Sorbonna Universitetində təhsil aldım, oranı fərqlənmə diploma ilə bitirdim.
Bir çox şuşalı kimi gözümü açandan musiqiylə böyümüşəm. Şuşa musiqi məktəbində piano üzrə təhsil almışam, eyni zamanda uşaq xorunda oxumuşam. Yay tətillərində babamgilə - Laçına gedərdik. Babam istirahət edəndə muğam oxuyardı. Gözəl səsi var idi. Laçın həsrəti ilə köçdü bu dünyadan. Laçın dağlarının ətəyindən sonra Bakıya heç öyrəşə bilmədi. Dağ adamları genişliyi, təbiəti, ucalığı, azadlığı sevir. Babam Bakıda özün qəfəsdəki kimi hiss edirdi. Necə ki, Laçın quşunu qəfəsə salarlar, bax, o cür...



- Şuşanı tərk edəndə neçə yaşınız vardı?


- Şuşanı tərk etmədən öncə bir ilə yaxın top atəşləri altında yaşadıq. Gecələr zirzəmilərə düşürdük, çünki şəhəri gecədən səhərə kimi atəşə tuturdular. Biz müharibə şəraətində də məktəbə gedirdik. Sonra valideynlərim bizi Bakıya - qohumların yanına gətirib, özləri geri döndülər. Köçkün olmaq elə bir haldır ki, bütün həyatın darmadağın olur. Evini-eşiyini əlindən alırlar, uşaqlı-böyüklü dünənə kimi birgə olduğun insanlar öldürülür, tarixini, izini yox etmək istəyirlər... Heç vaxt qaçqın-köçkün adını qəbul edə bilməmişəm. Mən 11 yaşımda Şuşadan uzaq düşəndə, rus dilində bu sətirləri yazmışdım :


Не смотри на нас с высока...

Раздели моё горе,

Пойми меня.

Раскрой объятия,

Обними меня,

Не говори мне беженец...

 

Поплачь со мной...

Без Родины, без дома,

без опоры осталась я...

Не береди мне рану,

Не говори мне беженец...

 

Şükürlər olsun, indi reallıq tam başqadır. Qarabağ Azərbaycandır! Şuşa Azərbaycandır! Azərbaycanın mədəniyyət paytaxtıdır. Artıq nə qaçqın var, nə məcburi köçkün. Allahın izni və Ali Baş Komandanın əmri ilə geri dönəcəyik. Bizim yolumuz haqq yoludur.

Harda olmağımdan asılı olmayaraq, Şuşanı varlığımla yaşatmaq istəmişəm və həmişə də bunu edəcəm. Buna görə də qızlarım Ulduzə və Leylinin pasportlarında adlarının yanına Şuşa sözü də yazılıb.
Ali Baş Komandanımızın Şuşanın azad oldunduğu gün söylədiyi o sözlər bir şuşalı kimi məni bu dünyanın ən xoşbəxt insanı, ən xoşbəxt qadını və ən xoşbəxt anası etdi: “Əziz Şuşam, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”.


- Sizi sənətə nə gətirdi?


- Məncə sənət yolu özü adamı seçir. Məlahətli və avazlı səsə malik olmaq nəfəs almaq kimi təbii bir seçim, göylərin hədiyyəsidir. Həkim, müəllim ailəsində böyüdüyümə baxmayaraq, hər zaman musiqiylə məşğul olmuşam. Şuşadan didərgin düşəndən sonra Bakıda musiqi təhsilinə davam etdim, bitirdim. Hər zaman oxuyardım, musiqi məni başqa aləmə aparardı.
Fransada universitetlə yanaşı, musiqi yoluma da davam etdim, bir neçə ildir artıq Fransada peşəkar vokalçı kimi fəaliyyət göstərirəm. Bakıda “Jazz festivalı”nda iştirakım, Vaqif Gərəyzadəylə tanışlıq və Fransada caz musiqiçiləri ilə həmkarlıqdan sonra sənətimdə daha çox caz üslubuna yer verdim.



- Hazırda Fransa Azərbaycana və Türkiyəyə qarşı qərəzli siyasət yürüdür. Siz bunu necə şərh edərdiniz?


- Dediyim kimi, Fransada erməni lobbisi çox güclüdür, demək olar ki, siyasət, media onların əllərindədir. Burda yüz minlərlə erməni yaşayır. Fransız siyasətçiləri üçün bunlar seçici səsləridir.
Biz Qarabağda 44 gün ərzində savaş apardıq. Torpaqlarımızı azad etmək, sərhədlərimizin bütövlüyünü bərpa etmək üçün itkilər verdik. Beynəlxalq qurumların 28 ildə nail ola bilmədiyini biz 44 günə Azərbaycan xalqının qəhrəman oğullarının, Ali Baş Komandanın sayəsində əldə etdik, işğal altındakı torpaqlarımızı geri aldıq. O torpaqlarımızda şəhərlər, kəndlər, tarixi abidələr, meşələrin yerlə-yeksan olunduğunu gördük. Amma bunlar Fransa mediasında işıqlandırılmadı. Əksinə, Türkiyəni hədəf aldılar, Türkiyə əleyhinə siyasət aparıldı. Əlbəttə ki, bunlar erməni lobbisinin işinin nəticəsidir. Makronun ikili standartlı davranışı da onun erməni dostlarının təsiri ilə baş verir. Sən demə Minsk qrupu üzvlərinin danışıqları bizim başımızı aldatmaq üçün bir nağıl imiş.
Makronun hakimiyyətə gəlməsi Fransa üçün uğurlu olmadı. Bütün dünyanı sarsıdan pandemiya böhranından öncə Fransada “Sarı jiletlər” adlanan aksiyalar keçirildi. Ölkədə narazılıq yaşandı...


- Yəqin ki, ən böyük arzularınızdan biri Şuşada konsert verməkdir...

-
Arzular var ki, həyata keçirmişəm... Məsələn, Avropa Oyunları zamanı Fransa televiziyasına şərhçi kimi dəvətli idim. Canlı yayımda ilk olaraq Azərbaycan himnini ifa etdim. Parisdə, Fransanın başqa şəhərlərində “Azərbaycan ruhu” adlı musiqili tamaşa təqdim etdim, amma 28 ildir həyatımda bir boşluq var idi ki, heç nə doldura bilmirdi. Bu boşluq yalnız Şuşaya döndükdə dolacaq. Biz Şuşadakı qonşu qızlarla söz vermişik ki, oradakı həyətimizə yığışanda yarımçıq qoyduğumuz oyunları oynayaq.
Axırıncı dəfə mən uşaq olanda Şuşa Mədəniyyət evində şagird kimi pianoda solo ifa etmişdim.
Ən böyük arzularımdan biri təbii ki, Şuşada konsert verməkdir. Cıdır düzü də bunun üçün ən gözəl məkandır! Bu söhbətləri etmək inanın ki,  mənə bir yuxu kimi gəlir. Ölmədik, bu günü də gördük. Şəhidlərimizin  müqəddəs ruhları önündə baş əyirəm. Bu həsrətə son qoydular. Gör nə gözəl arzular edirik, planlar cızırıq. İndi Şuşayla bağlı arzularımız varsa, planlar cızıb danışa biliriksə, bu məhz müzəffər Ordumuzun sayəsində mümkün oldu.


- Nə vaxtsa, indi yaşadığınız Parisi Şuşa ilə əvəzləmək istərdiniz?


- Şuşanı mənim üçün heç vaxt, heç nə ilə əvəz etmək olmaz. Mən Şuşanın havasıyla, suyuyla qovrulmuşam. Məni Şuşadan qoparmışdılar. İndi mənim Şuşaya dönə bilməyim üçün fürsət yaranıb, bu, həyatda ədalətin olduğuna işarədir. Şuşada evimizdən çıxanda pianomun üstünü örtdüm ki, toz qonmasın. Nə biləydim ki, 28 il çəkəcək bu ayrılıq…



- Həyat yoldaşınız fransızdır. 44 günlük müharibə zamanı o, Azərbaycan həqiqətlərinin təbliğində sizə hansı köməyi etdi?


- Həyat yoldaşım fransız olsa da, Azərbaycanı çox sevir. Ölkəmizdə dəfələrlə olub, Bakını, digər bölgələri yaxşı tanıyır. 44 günlük müharibə zamanı mən hərdən çox pis olur, özümü əlacsız hiss edirdim. 28 il öncəki kimi... O zaman müharibədən çıxıb Bakıda məskunlaşan uşaq kimi axırıncı günədək Qarabağda qalan valideyinlərim, qohumlarım, əsgərlərimiz üçün çox narahat idim. Vətən müharibəsi dövründə də o cür narahatlıq yaşayırdım. Uzaqda idim, əlim Vətənə çatmırdı. Hamı kimi bir gözüm ağlayır, qələbə xəbərləri eşidəndə bir gözüm gülürdü.
Həyat yoldaşım hər gün mənə dəstək oldu - ürək-dirək verdi, mediada məqalələr, məktublar yazdı, məlumatlar topladı, həqiqətləri çatdırdı və. Hərdən elə bilirəm ki, o, məndən çox qarabağlıdır.

- Fransada yaşayan azərbaycanlılar oradakı erməni lobbisinin təzyiqini çoxmu hiss edir?


- Fransadakı erməni lobbisi əsas təzyiqi fransız mediasına, siyasətinə və mədəniyyətinə yönəldir. Bu sahələrdə öz adamlarını yerləşdirirlər. Məsələn, Paris merinin bütün əhatəsi erməni əsillidir. Bir çox media orqanlarının başcıları və ya əhatəsi, məsləhətçisi erməni əsillidir. Ermənistana yardım üçün konsertlər təşkil edirlər.
Kiçik bir məqamı deyim: həyat yoldaşımın sayəsində ermənilər üçün təşkil olunan yardım aksiyalarından biri ləğv olundu. Bir fransız humanitar təşkilatı sülh naminə yardım toplayırdı. Təşkilatın başcısı yoldaşımın məqalələrindən birini oxumuş və onunla əlaqə saxlamışdı. Sonra bu yardımların niyə yalnız Ermənistan üçün təşkil olunduğunu araşdırdılar və o humanitar aksiya dayandırıldı. Bu, bizim ailəmiz və Azərbaycanımız üçün kiçik bir qələbə idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu