Modern.az

Müsibəti-Fəxrəddin: Müsahibə

Müsibəti-Fəxrəddin: Müsahibə

22 Yanvar 2021, 09:35

(N.Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərinin obrazları ilə)


- Rüstəm bəy, bir çox tədqiqatçı obrazınızı təhlil edərkən sizdən mənfi qəhrəman kimi bəhs etmişdir. Əsəri oxuduqda görürük ki, digər personajların da sizə münasibəti heç də fərqli deyil, hətta öz övladlarınız da sizdən heç də ürək açan danışmırlar. Siz bu fikirlərlə razısınızmı?


Rüstəm bəy:  Əvvəla, heç bir obraz mütləq mənfi, və ya mütləq müsbət deyil. Təbii ki, insanlar da. Hər insanın yaxşı və pis tərəfləri var. Mənə qarşı olan mənfi münasibətin səbəbini mən onda görürəm ki, əsərdə bizim həyatımızın sadəcə bir hissəsi-Fəxrəddin geri döndükdən sonrakı hissəsi işıqlandırılıb. Bu zaman da mən oğlumun qanını almaq üçün əlimdən gələni eləməyə çalışırdım. Oxucu da məni intiqam alan mənfi bir obraz kimi görür, lakin unutmamalıdır ki, bu qan davasını başlayan mən yox, Fəxrəddinin öz atası Heydər bəy olub. Elədiyim əməli müdafiə etmək, özümə haqq qazandırmaq deyil məqsədim. Sadəcə oxucu bilməlidir ki, mənim bu pis tərəflərimlə yanaşı, yaxşı tərəflərimdə var, hər insan kimi. Məsələn, mən qızım Səadətin təhsil almasına əngəl olmamışam. Onunla Cahangir  evlənmək istədiyini dedikdə, mən təhsilli qızımı elə bir avaraya ərə verməmişəm. Bizi pis əməllərə vadar edən öz xislətimizdən çox yaşadığımız mühitdir. Bunu qan düşmənim Fəxrəddin də təsdiqləyir: “Rüstəm bəy intiqam almaq istəyir... Neyləmək! Belə vay, ellik ilə gələn vaydır. Rüstəm bəydə günah yoxdur. Elmdə, sənətdə geri qalan millət bizim günümüzə düşər”.

Bizim dönəmdə zəiflik etmiş oldunsa, demək ölməlisən, ailən də tar-mar olmalıdır.


- Qızınız Səadətdən söhbət açılmışkən bir şeyi də aydınlaşdıraq. Siz nə üçün intiqam almaq fikrinə Fəxrəddin qayıtdıqdan sonra düşdünüz? Məgər Şahmar bəy də Heydər bəyin oğlu deyildi?  Niyə intiqam almaq üçün Şahmarı deyil, Fəxrəddini seçdiniz? Y. Qarayev “Azərbaycan ədəbiyyatında faciə janrı”  əsərində bu suala belə cavab verir: “Rüstəm bəy “ağıllı-kamallı” Fəxrəddinlə yalnız ona görə maraqlanır ki, “... nə qədər Fəxrəddin gözəl olsa, nə qədər kamallı, ağıllı olsa, mənə bir elə artıq xoşdur, çünki onu qəza oğlumun qanına layiq əvəz göndərib və mənim üçün məqami intiqam”. Və ya “Bir tək Fəxrəddin oğlum Rəşidin qanına layiq ola bilər” və s. Demək, Fəxrəddin onun üçün kəsiləcək qurbanın yaxşısıdır, vəssalam. Fəxrəddin olmasaydı, o, Şahmar bəylə də kifayətlənərdi. Fəxrəddinin islahatçı ideyalarını, onların ictimai-sinif nəticəsini dərk etməkdən Rüstəm bəy hələ çox uzaqdır”. Siz bu fikirlə razısınızmı? Qurban olaraq Fəxrəddini seçərkən qızınız Səadət xanımla Fəxrəddin arasındakı münasibətin də buna təsiri oldumu?


- Rüstəm bəy: Əvvəla, mənim evimdəki gəlin-Gülbahar elə qan düşmənim Heydərin qızıdır. Mən onu zor gücünə gətirib evimə gəlin eləmişəm. Atalar yaxşı deyib: “Kəsər dönər sap dönər, gün gələr hesab dönər”. Öz elədiyim əməlin öz başıma gəlməyindən, qızımın düşmən qapısında gəlin olmağından həmişə qorxmuşam. Bunu məncə heç bir ata-ana istəməz. Mən həmişə qızım Səadətin özünə layiq biri ilə ailə qurmasını istəmişəm. Cahangirin də təklifini rədd edəndə demişdim: “Mənim qızım bir artıq oxumuş qızdır, sənə yaramaz. Sən bir çölçü babasan. Sənə bir kasıbfəndi qız gərək”. Qızıma layiq adam əgər qan düşmənimdirsə, mən onda nə etməliydim? Qızımın da ona olan meyli mənə məlum idi. Fəxrəddin zor gücünə aparmasa belə, Səadət bəlkə də özü istəyərək onunla evlənəcəkdi. Bu da mənim üçün oğlumun ölümündən də ağır müsibət olardı. Əlbəttə, bu faktor da intiqam almaq üçün Fəxrəddini seçməyimdə müəyyən bir rol oynadı. Amma sadəcə Səadətə görə Fəxrəddini öldürməmişəm. Əgər oğlumu onun atası öldürməmiş olsaydı, mən də Fəxrəddini öldürməzdim. Heydər bəy bu qan davasını başlamasaydı, bəlkə də, Səadətlə Fəxrəddin yuva qurardılar, Mahmudla Gülbahar xoşbəxt olardı. Amma artıq bunlar bəlkədən irəli gedə bilməz.


- Bu əsərdə biz iki valideyn obrazı görürük- Mələk xanım və Rüstəm bəy. Hər ikiniz övladlarınızı qan almağa məcbur edirsiniz. Rüstəm bəy Mahmudu, Mələk xanım siz də Fəxrəddini. Bəs sizcə hansınız daha haqlısınız?


Mələk xanım : Mən. Çünki mənim qızımı zorla Rüstəm bəy oğluna gəlin edib, yazıq qızımı bizdən, bizi ondan ayrı salıb. Qardaşı Rüstəm bəy qayıdanda belə qızım gəlib qardaşını görə bilmir. Rüstəm bəyin oğlu  bir dəfə öldü, amma mənim qızım düşmən qapısında hər gün ölür.


Rüstəm bəy: Ay Mələk xanım, oğul dağı balaca şeydir? Sənin ərin oğlumu öldürməsəydi, mən də intiqam almazdım. Həm mənim oğlum Mahmud Gülbaharı sevir deyə onu ocağımın başına gəlin gətirmişəm. Sənə elə gəlir ki, düşmən qızını ocağının başında saxlamaq asandır?


Mələk xanım: Əgər Mahmud olmasaydı, sən çoxdan mənim qızımı alçaldılmış vəziyyətdə ata evinə geri qaytarardın. Necə ki, Mahmuda demişdin: “Mahmud sənin məhəbbətin məni vadar elədi, mən də gedib düşmən qızını gətirdim cəbrən və gəlin elədim və mən öləndən sonra dövlətimə şərik...Demirəm pisdir, göyçək deyil, ağılsız-kamalsızdır... Amma düşmən qızıdır və bu düşmənçilik ki, bu saat bizim aramızda var və həmişə olacaq, Gülbahar mənim evimdə qala bilməz, əlavə müsibətlə gələn qızı düşmən qapısına geri qaytarmaq özü bir böyük müsibətdir... Gülbahar gərək getsin”.


Rüstəm bəy: Bəs bayaq demirdin ki, qızım sizin evdə hər gün ölür? Sənin də, qızının da canı rahatlayardı da. Guya sən məni qınayırsan, amma o sən deyildinmi, Fəxrəddin qayıdan kimi ona “Əlavə Səadət xanım barəsində pambığı qulağından bilmərrə çıxart” deyən? Deməli, sənin də məndən fərqin yoxdur. Üstəlik mən övladlarıma səndən daha artıq əhəmiyyət verirəm. Ev mənim evimdir, Mahmud Gülbaharı göndərməyə narazı olanda mən özüm evimdən qova bilərdim qızı, amma eləmədim. Oğlumun qərarı ilə razılaşdım.


Hürü : Bəsdirin. Hər ikiniz də öz əməllərinizlə övladlarınızı cəhalətə qurban etdiniz. Sadəcə oğullarınızı deyil, Səadətlə Gülbaharı da. Öz ocağınızı özünüz söndürdünüz. Tək siz deyil, o dönəmdə yaşamış yüzlərlə, minlərlə insan cəhalətə qurban getdi. Təəssüf ki, bu gün də cəhalət ziyalılardan intiqam almağa davam edir.


Elnurə Əflatun

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub