Modern.az

Oğul şəhid oldu, atasının ürəyi dözmədi

Oğul şəhid oldu, atasının ürəyi dözmədi

22 Yanvar 2021, 15:32

Şəhidlər ölməz, tarixdə, yaddaşlarda yaşayarlar. İllər, əsirlər keçsə də daim anılarlar. Biz müstəqilliyimizin, istiqlalımızın, azadlığımızın carçısı olan şəhidləri ən səmimi duyğularla anırıq!


Modern.az
saytı “Vətəni yaşadanlar” rubrikasına davam edir.


Bu gün Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı şəhidi Nurlan Süleyman oğlu Qurbanlının şərəfli, amma qısa ömür yolundan danışacağıq.


Nurlan Qurbanlı 2001-ci il sentyabrın 27-də Xırdalan şəhərində anadan olub.  2007-ci ildən Abşeron rayonu Nübar qəsəbəsində yerləşən 3 saylı tam orta məktəbdə təhsil alıb. Orta məktəbi yaxşı qiymətlərlə bitirdikdən sonra Qaradağ rayonunda yerləşən “Dəniz nəqliyyatıGəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi’nə daxil olub. 
2019-cu il oktyabrın 3-dən Cəlilabad rayonundakı N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçməyə başlayıb.


Şəhidimizin həyat hekayəsini daha ətraflı qardaşı Nuran danışıb:


“Qardaşım müddətli hərbi xidmətdə olan zaman təlimlərdə yaxşı iştirak etmiş, cəld, güclü olmasına görə digərlərindən fərqlənmişdi. Cəlilabadda xidmətinin bir ilini başa vurduqdan sonra, ad günündə - sentyabrın 27-si Vətən müharibəsinə aparıldı. Xüsusi Təyinatlı Dəstənin əsgəri olduğu üçün torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə ön sıralarda iştirak etdi. Cəbrayıl istiqamətində şəhid Cəbrayıl Dövlətzadə ilə yaxın dost olublar və ikisi birlikdə döyüşüb. 

Qardaşım zarafatçıl, səliqəli idi. Şəkil çəkdirməkdən xoşu gəlməzdi. Qardaş kimi mənə çox köməkliyi olub. O, mənim dərd yoldaşım idi”.


Son görüş, son zəng...

“Son dəfə keçən ilin fevralında görüşmüşdüm. Saçımı tumarladı, qucaqladı. Yemək yedik, söhbət etdik. Sonra şəkil çəkdirib, sağollaşdıq.

Ad günü ərəfəsi – sentyabrın ortalarında danışığımız olub. Zarafatlaşdıq, mənə hərbi həyatından danışdı. Dedi ki, 3 il orada qalıb müddətdən artıq xidmət edəcək , daha sonra kəşfiyyat dəstəsinə hazırlaşacaq.

Oktyabrın 3-ü son danışığımızda dedi ki,” sən yaxşı oxu, əgər oxumasan, haqqımı halal etmərəm”. Sonra əlavə etdi ki, işdi, birdən şəhid olsa, başımı dik tutum, hər zaman möhkəm olub. Daha sonra hər şeyin yaxşı olduğunu, irəli getdiklərini, narahat olmamağımızı və hər kəsə salam göndərdiyini dedi”.


Şəhidimizə yarına qovuşmaq qismət olmadı...

“Qardaşımın istədiyi qız var idi. 6 il idi ki, münasibətləri davam edirdi. Nurlan düşünürdü ki, müharibə bitdikdən sonra gəlib sevdiyi Leyla xanımla ailə həyatı qursun. Amma, qismət olmadı”.


Şəhidlik zirvəsi...

“Oktyabrın 3-dən sonra zəng etmədi, çox narahat oldum. Oktyabrın 5-də Cəbrayıl uğrunda gedən döyüşlərdə iki snayper gülləsi ilə ağır yaralanıb. Yaralı olmasına baxmayaraq, şəhid olmuş yoldaşlarını döyüş bölgəsindən çıxarırmış. Sonra özü də təxliyə olunaraq, xəstəxanaya yola salınıb. Amma vəziyyəti ağır olduğu və çox qan itirdiyinə görə xəstəxanaya çatmamış şəhidlik zirvəsinə ucalıb”.


Ata oğlunun yoxluğuna dözmədi...

“Atamla Nurlan dost kimi idilər. Nurlanın şəhid xəbəri gələndə atam həm mənəvi, həm də psixoloji sarsıntı keçirdi. Gecə-gündüz ancaq qardaşımdan danışdı. 7 gün sonra ürəyi dözmədi, dünyasını dəyişdi”.


Qeyd edək ki, Nurlanın anası 4 il əvvəl xərçəng xəstəliyindən dünyasını dəyişib.

İndi Nuran tək qalmasına baxmayaraq, güclü olmağa çalışır...


“Əvvəllər Gömrük Akademiyasının Hüquq fakültəsinə hazırlaşırdım, ora qəbul olunmağım qardaşımın arzusu idi. Ailə üzvlərimi ard-arda itirdikdən sonra mənəvi böhran, ağır günlər keçirdim. Özümə güvənirəm, amma bir o qədər də qorxuram.

Hazırda Türkiyədə Komputer mühəndisliyinə hazırlaşıram. Öz evimizdə, tək yaşıyıram. Qohumlarım maraqlanmır. Heydər Əliyev Fondundan dəstək olundu. Hazırlıq müəllimlərimin aylığını Fonddan verilən həmin pulla ödəyirəm.
“Zəfər” Şəhid Alilələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova da maraqlanıb.

Əzizlərin itkiləri, tək qalmaq çox çətindir. Amma həyat davam edir. Bəlkə, gələcəkdə mən də tanınmış iş adamlarından olaram”.

Nurlan Qurbanlı döyüşlərdə ən az 15 erməni öldürüb. O, Ağdam, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə iştirak edib.
Nurlan 2020-ci il oktyabrın 6-da Şamaxıda yerləşən Şəhidlər Xiyabanında dəfn edilərək torpağa tapşırılır.


Şəhidimiz ölümündən sonra “Vətən uğrunda”“Cəsur döyüşçü” medalı ilə təltif olunub.


Şəhadətin mübarək, cəsur şəhid! Allah rəhmət etsin!


Fidan İlqarqızı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı