Modern.az

Elmar Məmmədyarov: “Azərbaycan həkimləri Əfqanıstan hospitallarında yerləşdiriləcək”

Elmar Məmmədyarov: “Azərbaycan həkimləri Əfqanıstan hospitallarında yerləşdiriləcək”

29 Yanvar 2010, 23:41

“Azərbaycan Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına yönələn beynəlxalq ictimaiyyətin səylərini birmənalı olaraq dəstəkləyir”.  Modern.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə xarici işlər naziri Elmar Məmmədyarov Londonda Əfqanıstana dair keçirilən toplantıda bəyan edib.
E.Məmmədyarov bildirib ki, Azərbaycan əfqan xalqı və beynəlxalq ictimaiyyətlə həmrəylik nümayiş etdirərək  Beynəlxalq Təhlükəsizlik Yardım Qüvvələri  (İSAF) əməliyyatına ilk günlərdən qoşulub: "2009-cu ildə biz orada qulluq edənlərin sayını iki dəfə artırdıq və hazırda Azərbaycan Hərbi Qüvvələrinin 90 üzvü İSAF sıralarında qulluq edir. Sonradan, Azərbaycan Əfqanıstandakı fəaliyyətini qeyri-hərbi sahələrə genişləndirmək qərara aldı. Real əməkdaşlıq minalardan təmizləmə sahəsində Əfqanıstan mütəxəssislərinin öyrədilməsi ilə başlayıb. Azərbaycanın hərbi həkimlərinin Əfqanıstan hospitallarında yerləşdirilməsi, əfqanlıların Tibb Universitetində təhsil almaları və tibbi personalın Azərbaycanda tədris kurslarında iştirak etməsi, Əfqan hərbi personalın Hərbi Akademiyada və digər hərbi məktəblərdə tədris kurslarında iştirak etməsi, o cümlədən əfqan tələbələrinin Azərbaycanda təhsil almalarına dair hazırlıq işləri aparılır".
"Hazırda Azərbaycanın Diplomatik Akademiyası və Təhlükəsizlik məsələləri üzrə Cenevrə Mərkəzi əfqan tələbələri üçün, Bakıda həyata keçiriləcək proqram üzərində çalışırlar. NATO-ya tərəfdaş olaraq və bu bölgəyə coğrafi, tarixi, mədəni və dini yaxınlığı olan  Azərbaycan Əfqanıstanda stabilliyin və təhlükəsizliyin əldə edilməsi üçün ictimai diplomatiyaya daha çox dəstək verilməsinin tələb olunduğunu anlayır və bu məsələdə İSAF-a öz tövhəsini verməyə iradəlidir", -deyə Azərbaycanın XİN başçısı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan Əfqanıstanda və onun hüdudlarında kənarda İSAF əməliyyatının anlayışı ilə bağlı NATO-un ictimai diplomatiyası səylərinə həsr edilmiş tədbirə ev sahibliyi etməyi təklif edir.
XİN başçısı əlavə edib ki,  mövcud infrastrukturdan istifadə edən Azərbaycan Əfqanıstana daşınmaların həyata keçirilməsində geniş xidmət göstərir.  Bakı – Tbilisi - Qars dəmiryolunun tikintisinin başa çatdırılması ilə Əfqanıstana daha sürətli  və təhlükəsiz tranzit imkanı yaranacaq. 
Nazir bəyan edib ki, Əfqanıstanda inkişaf, sabitlik və təhlükəsizlik təmin olunana qədər Azərbaycan İSAF-a hərbi yardımları davam etdirmək niyyətindədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir