Modern.az

Bəy otağına şəhid kimi girən QƏHRƏMAN

Bəy otağına şəhid kimi girən QƏHRƏMAN

31 Yanvar 2021, 12:26

Düzünü deyim, həmin otağa baxmaq istəmirdim. Sadəcə, ürəyim gəlmirdi. Ona görə də oğlum Əlisultandan xahiş etdim ki, həmin otağın şəklini çəksin. Lakin iş elə gətirdi ki, şəhidin əmisi qoluma girərək məni ora apardı. Bəy otağında qadınlar oturmuşdu. Şəhid Kamilin anası Validə xanım və yaxınları. Şəhidin hərbi geyimlərinə, bəylik kostyumuna və ayaqqabısına, nişan mərasimi zamanı çəkdirdiyi fotolarla diqqətlə baxdım. Qadınlar ağladılar, mənim də içimdən ağlamaq keçdi. Zorla, zorla özümü ələ aldım. Bir neçə dəqiqə donub qaldım. Otaqdakılar hamı mənimlə görüşdü, gözləri yaşlı idi. Bu qəlbimi ağrıdan dəqiqələrdə ANA stolun üstünə sərilmiş Azərbaycan bayrağını sığallayaraq dedi:

"Oğlum bu bayrağı çox istəyirdi, bu bayrağa and içmişdi, bu bayraq uğrunda da şəhid oldu! Vətənin başı sağ olsun!". (Baxın, sadə bir kənd qadını beləcə dedi). Yenidən otağı hıçqırıq səsləri bürüdü.

Sonra Şəhidin atası Şamil gəldi. Gözləri yaşlı, donmuş vəziyyətdə... Mən bir qədər dayandıqdan sonra başsağlığı verib otağı tərk etdim. Pilləkənlərdən düşəndə artıq göz yaşlarımı saxlaya bilmədim...



Həmkəndlim-Xaçmaz rayonunun Köhnə Xudat kənd sakini, yanvarın 15-də hərbi tapşırığı yerinə yetirərkən qəzaya düşərək ağır xəsarət alan, iki həftəyə yaxın komada qalan, üç gün əvvəl dünyasını dəyişən xüsusi təyinatlı gizir Kamil Şamil oğlu Məmmədov haqqında yazıram. Yuxarıda təsvir etdiyim həmin otağı-bəy otağını isə öz əlləri ilə hazırlamışdı. Halal qazancı və zəhməti ilə. Aztəminatlı valideynlərinin- atası Şamilin və anası Validə xanımın alın təri və qabarlı əlləri ilə bir neçə ilə ərsəyə gələn bu evdə bəy otağı yaratmışdı, toyuna hazırlaşırdı. Anasına isə belə demişdi: "Sən çox zəhmət çəkmisən, daha işləməyə qoymayacağam".


44 günlük Vətən müharibəsi zamanı daim səksəkə içində olan valideynlər sonradan çox seviniblər. Kamil müharibədən qayıdıb onlara baş çəkmişdi. Tam sağlam deyildi. İşğal altında olan rayonlarda qəhrəmancasına döyüşən Kamil Qubadlıda yaralanıb. Onu Biləsuvardakı hospitala aparıblar. Yarasının qanı qurumayan və bədənində qəlpə olan xüsusi təyinatlı bir balaca özünə gələn kimi Şuşa uğrundakı döyüşlərdə iştirak edib.

Yas mərasimində Kamilin qrup komandiri (obyektiv səbəblərə görə adını çəkmirəm) olan həmyerlimiz də onun şücaətlərindən danışdı (başqa bir yazımda Kamilin döyüş yolu haqqında yazacağam). Onu da bildirim ki, Kamilin üç mərasimini də döyüş yoldaşları təşkil etmişdilər... Dəstə-dəstə gəlib-gedirdilər.


Xüsusi təyinatlı Kamil Məmmədov çox vətənpərvər olub. Yaxınları deyir ki, Şəhid gizir üçrəngli Bayrağımızın vurğunu idi. Əynindəki hərbi geyimlə daim qürur duyub. MAXE kimi xidmət etdiyi dövrdə bütün qazancını ailəsinə sərf edib. Bircə arzusu olub ki, valideynlərini çətin vəziyyətdən çıxarsın...


Mənə dedilər ki, bəy otağında Kamilin nişanlısı da var. İstədim ki, ona ayrılıqda başsağlığı verim. Bunu da bacarmadım. Çünki sözün bitdiyi yerdə idim...


Azərbaycanın qədim adət-ənənələrinə görə ailə quran oğlan üçün evdə bəy otağı hazırlanır. Evlənən cütlüyə bəy və gəlin deyə müraciət edirlər. İllər ötür, toy günü, bəy otağı bir ailənin tarixçəsinə çevrilir. Şəhidlər isə bir xalqın və dövlətin tarixidir! BU TARİX İSƏ YADDAŞLARDAN SİLİNMİR!


Kamil öz əli ilə yaratdığı bəy otağına Şəhid kimi girdi. Adını bilmədiyim nakam nişanlısını isə bu otaqda Şəhid Kamilin bəylik kostyumu, bir cüt ayaqqabısı və artıq xatirəyə çevrilən nişan mərasimindən olan şəkillər qarşıladı...


Otaqdan çıxmağıma bir neçə dəqiqə qalmış Şəhid Kamilin stolun üstündəki çərçivədə olan şəkli qəflətən yıxıldı, digər şəkillər də biri-birinə qarışdı. Anası Validə xanım dedi ki, üçüncü dəfədir bu şəkil özü-özünə yıxılır... Birdən mənə elə gəldi ki, Kamilin ruhu otaqdadır...


Sonda şəhid anası Validə xanıma bir sözüm var: ŞƏHİDLƏR ALLAHIN BƏXŞ ETDİYİ ƏN YÜKSƏK MƏRTƏBƏDƏ - CƏNNƏTDƏDİRLƏR! İNDİ KAMİLİN BƏY OTAĞI HƏMİN MƏKANDIR! ORADA VƏTƏN UĞRUNDA CANINDAN KEÇƏN ŞƏHİD QARDAŞLARINA QOVUŞUB. O İNSANLARA Kİ, 44 GÜNLÜK MÜHARİBƏDƏ AZƏRBAYCAN ÜÇÜN BİR QƏLƏBƏ TARİXİ YAZDILAR!


UNUDULMAYACAQLAR, NƏ QƏDƏR AZƏRBAYCAN VAR, ONLAR DA VAR!


ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN, RUHLARI ŞAD OLSUN!


Müqəddəs Mehdiyev,
Xaçmaz rayonu, Köhnə Xudat kəndi

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!