Modern.az

Suyun qiymətinin qalxma səbəbi belə İZAH EDİLDİ

Suyun qiymətinin qalxma səbəbi belə İZAH EDİLDİ

31 Yanvar 2021, 16:51

Su təchizatının tarifinin dəyişməsinin səbəbləri açıqlanıb.

Modern.az-ın məlumatına gröə, Tarif Şurasının katibi Ceyhun Nəcəfov mətbuata açıqlamasında bildirib ki, “Azərsu” ASC tərəfindən Tarif Şurasına müraciət olunub.


Müraciətdə bildirilib ki, son illər “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının coğrafiyası, fasiləsiz su təchizatının əhatə dairəsi genişlənib. Bunun nəticəsində də elektrik enerjisi və digər xərclər artıb: " Buna görə də artıq mövcud tariflə əldə olunan gəlir xərcləri qarşılamır və bununla bağlı dövlət büdcəsindən subsidiya ayrılır".


Eyni zamanda “Azərsu” ASC müraciətində qeyd edib ki, xidmətin davamlılığının təmin edilməsi, keyfiyyətin yüksəldilməsi , eyni zamanda dövlət büdcəsindən asılılığın aradan qaldırılması üçün tariflərin artırılması zəruridir.


Tarif Şurasının katibi deyib ki, məsələ Tarif Şurasının iclasında müzakirə olunub: “İclasda bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 70 qəpik, digər inzibati ərazi vahidləri üzrə 60 qəpik, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 30 qəpik səviyyəsində təsdiq olunub”.

 

Qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsində “Azərsu” ASC-nin xərclərin ödənilməsi üçün 45 milyon manat subsidiya nəzərdə tutulub. Su təchizatının tarifinin tənzimlənməsi nəticəsində dövlət büdcəsindən “Azərsu” ASC-yə vəsait ayrılması dayandırılacaq, bu vəsait sərbəstləşərək, ölkədə həyata keçirilən sistemli və davamlı xarakter daşıyan sosial siyasətə uyğun olaraq, sosialyönümlü tədbirlərə yonəldiləcək. Tarif dəyişikliyinin aylıq istehlak səbətinə 2,50 manat, bir abonentin aylıq xərcinə isə təxminən 5 manat təsir edəcəyi proqnozlaşdırılır.


Xatırladaq ki, son tarif tənzimlənməsi 2016-cı il mayın 13-də aparılıb. Bildirilir ki, ötən müddət ərzində abonentlərin sayı 200 mindən çox artıb. “Azərsu” ASC tərəfindən həyata keçirilən su təchizatının əhatə dairəsi 50%-dən 70%-ə, fasiləsiz su təchizatı isə 65,6%-dən 70,5%-ə yüksəlib. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi