Modern.az

Azərbaycanda iqtisadi inkişafı üçün sistemli fəaliyyət planı hazırlanmalıdır 

Azərbaycanda iqtisadi inkişafı üçün sistemli fəaliyyət planı hazırlanmalıdır 

İqtisadiyyat

4 Fevral 2021, 09:54

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” ölkə başçısının sərəncamının icrası üçün Baş nazirin sərəncamı ilə komissiya yaradılıb. 15 gün müddətində işçi qruplarını formalaşdırmalı olan komissiya 7 ay ərzində strategiya layihəsini hazırlayıb başa çatdırmalıdır. Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlancaq sənəd eyni zamanda milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq.

 

Bu barədə Modern.az-a danışan deputat Vüqar Bayramov bildirib ki, strategiya hazırlandıqdan sonra artıq konkret istiqamətlər üzrə fəaliyyətlər də elan ediləcək:

 

“Eyni zamanda həmin fəaliyyətlərin səmərəliyinin ölçülməsi üçün konkret bençmarkların hazırlanması da məqsədəuyğundur. Vacib məqamlardan biri də qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir.

 

Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu məqsədlə konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir. Bu baxımdan da Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması və fiskal qaydaların tətbiqi vacibdir. Fiskal gəlirlərinin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olunmaq iqtisadiyyatın dayanıqlığı baxımdan mütləqdir. Bu həm də qiymətlərin aşağı və stabil olmasının təmin edilməsinə imkan yarada bilər”.

 

Onun sözlərinə görə, bütövlükdə, yeni yaradılan komissiya növbəti 5 ildə Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin hazırlanmasını həyata keçirməlidir:

 

“Bu illərin həmçinin Böyük Qayıdış dövrü olacağını nəzərə alsaq, söhbət kifayət qədər strateji müddətdən gedir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu