Modern.az

“Azəriqaz”: “Əhali qrupu üçün sayğaclar 5 ildən bir açılmalıdır”

“Azəriqaz”: “Əhali qrupu üçün sayğaclar 5 ildən bir açılmalıdır”

İqtisadiyyat

5 Fevral 2021, 08:47

Azərbaycanda smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsinə başlanıldıqdan sonra “sayğac çox yazır” şikayətləri artıb. Məsələ burasındadır ki, ölkədə smart-kart tipli sayğaclar da quraşdırılmağa başlayanda “sayğacım koda düşür, mexaniki sayğac yaxşı idi” kimi narazılıqlar yaşanırdı. İstənilən halda dövlət qurumu vətəndaş məmnuniyyətini nəzərə almalıdır.

Maraqlıdır, hazırda smart-kart tipli sayğacların mexaniki sayğaclarla əvəzlənməsini labüd edən səbəb nədir?

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-a bunun səbəblərini açıqlayıb.

Qurum rəsmisi qeyd edib ki, 2019-cu ilin sonunda keçirilən tenderin nəticələrinə görə, hazırda istismarda olan smart-kart (əvvəlcədən ödənişli) tipli sayğacların istehsalçısı İTRON şirkəti qalib olmayıb:

 

“Məsələ burasındadır ki, əməkdaşlıq çərçivəsində İTRON şirkəti sayğacların idarə edilməsilə bağlı proqram təminatını özündə saxlayırdı və bizə təqdim etmirdi. İkincisi və ən əsası smart-kart tipli sayğaclar qiymət baxımından da baha idi. Belə ki, İTRON şirkətinin smart-kart tipli sayğacları komplekt hesablanır və avronun məzənnəsindən asılı olaraq, 1 smart-kart tipli sayğacın komplekt qiyməti 220-240 manat arasında dəyişir. Amma mexaniki elektron sayğacların komplekti 70-90 manat arasında dəyişir.

Qeyd etdiyim kimi, 2019-cu ildə keçirilən tenderdə Almaniyanın “Zenner” şirkəti qalib oldu. İlkin mərhələdə test üçün 200 sayğac Azərbaycana gətirilərək, müxtəlif yerlərdə qurşadırıldı və sınaq mərhələsi uğurla başa çatdırıldı. Bu şirkətin üstünlüyü ondan ibarətdir ki, onlar proqram təminatını bizə verdilər. Bununla da smart-kart tipli sayğacların idarə edilməsilə bağlı proqram təminatı əldə edərək, onun yerli proqrama inteqrasiyası həyata keçirildi. Sınaq mərhələsi tamamlandıqdan sonra yeni 30 min ədəd sayğac Azərbaycana gətirildi. Fevralın 1-dən etibarən həmin sayğacların quraşdırılmasına başlanıldı. 30 min ədədi də sifariş edilib və ölkəmizə gətirilmək üzrədir. Hələlik ümumilikdə 60 min sayğacdır, növbəti mərhələdə tələbata uyğun olaraq, yenə sifariş olunacaq. Onu da qeyd edim ki, ötən il də dünya enerji bazarında baş verən proseslər smart-kart tipli sayğacların alışına imkan vermədi”.

 


Şöbə rəisinin sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən müəyyən edilən dövlət yoxlanışı qaydasına görə, əhali qrupu üzrə sayğaclar beş ildən bir açılıb yoxlanılmalıdır:

 

“Əhali qrupu üçün beş ilini tamamlamış sayğaclar açılaraq, dövlət yoxlanışı üçün Metrologiya departamentinə təhvil verilir. Qüsur aşkarlanan sayğaclar çıx-daş olunur, yerdə qalan sayğalar təkrar istismara verilir. Çünki sayğacların istismar müddəti 20 ildir, sadəcə beş ildən bir dövlət yoxlanışı üçün açılıb götürülür”.

 

C.Səfərov bildirib ki, “mexaniki sayğac çox yazır, mənə smart-kart tipli sayğac qoyun” deyən abonentlərin istəyinə uyğun olaraq, fevralın 1-dən etibarən onların sayğacı yeni smart-kart tipli sayğaclarla əvəzlənir:

 

“Ötən ilin dekabr ayında quraşdırılan mexaniki sayğaclarda problem yaranması ilə bağlı şikayətlər daxil olur. Amma araşdırmalar zamanı bu fakt öz təsdiqini tapmır. Çünki bu sayğaclar dövlət reystrinə daxil edilir. Sayğac gətirilən kimi istismara buraxılmır. Sayğaclar istismara getməzdən əvvəl həm Energetika Nazirliyinin Enerji Tənzimləmələri Agentliyinin, həm də Metrologiya İnstitutunun nümayəndələrilə birgə araşdırılır. Əgər o sayğacda istehsal xətaları meydana çıxırsa, onlar quraşdırılmır.

Nəzərinizə çatdırım ki, hər həftənin 2-ci və 4-cü günləri “Azəriqaz” tərəfindən “açıq qapı” günləri keçirilir. İstəyən, narazı olan vətəndaş öz sayğacın yoxlanılması prosesində iştirak edə bilər”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü