Modern.az

Ukraynadakı diaspor rəhbəri: “Mən heç Laçını tərk etmişdim ki..? ” - MÜSAHİBƏ

Ukraynadakı diaspor rəhbəri: “Mən heç Laçını tərk etmişdim ki..? ” - MÜSAHİBƏ

5 Fevral 2021, 09:11

Vətən müharibəsi dövründə dünya azərbaycanlılarının birliyi hələ çox illər başqa xalqlara örnək göstəriləcək.

Bu sırada Azərbaycan diasporu da xüsusi fəallığı ilə yadda qaldı.

Laçın rayonundan olan tarixçi Eldar Tağıyev Ukraynanın Dnepr vilayətində ilk diaspor təşkilatının qurucusudur. O, fikirlərini Modern.az saytı ilə bölüşüb.

 

- Eldar müəllim, torpaqlarımız işğaldan azad olunub. Diaspor rəhbəri olaraq bunu kənardan necə qiymətləndirirsiniz?

 

- Ölkə rəhbərliyi və qəhrəman ordumuz elə bir problemi həll etdi ki, bunu sözlə ifadə etmək çox çətindir. Əminəm ki, bundan sonra da Ali Baş Komandanımızın rəhbərliyi ilə çox belə möcüzələr yaşayacağıq.


- Xaricdə yaşayan azərbaycanlılar yeni yaradılmış Qarabağ Dirçəliş Fonduna necə dəstək olmalıdırlar?


- Üzv olduğum Ukrayna Azərbaycanlıları Radasının bu barədə xüsusi toplantısı olacaq. Gənc liderimiz Hikmət Cavadov bu sahədə dünyanın tanınmış diaspor rəhbərlərindən biridir. Ümidvaram ki, liderliyimizi qoruyub saxlayacayıq.
Biz diaspor nümayəndələri özümüzü bu prosesdən kənarda hesab etmirik.


- Siz Laçın rayonundansınız. Bildiyiniz kimi, artıq Laçına və ya digər işğaldan azad olunmuş ərazilərə qayıdış üçün işlərə başlanılıb. İnfrasturuktur işləri həyata keçirilir. Yol, qaz, elektrik xətti çəkilir. Çox güman ki, bir neçə müddətdən sonra artıq insanların yaşaması üçün evlər də tikiləcək. Bu haqda nə düşünürsünüz?


- 1955 ildə Laçında doğulmuşam. 1977-ci il ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. Həyat yoldaşım da laçınlıdır. Oğlanlarım da Laçına bağlı ruhda böyüyüblər. Bir tarixçi və kolleksioner kimi rayonda görüləsi işlərə öz töhfəmizi verəcəyik.

- Laçın xatirələrinizdə necə qalıb?

 
- 31 iyul 1991-ci ildən Laçın rayonu ərazisindən Dağlıq Qarabağın ermənilər yaşayan vilayəti ilə quru yolla əlaqələr kəsildi. Məhz iyulun 31-də 300-ə yaxın Laçın sakini Sovet ordusunun əsgərlərinin müşayiəti ilə Xankəndinə  aparılan yüklərin ərazidən keçməsinə mane oldular. 7 nəfər Laçın sakini güllə yarası aldı. 13 erməni sürücüsü və 3 rus əsgəri də yaralandı. Yük maşınları və əsgərlər geriyə, Ermənistana qayıtmağa məcbur oldular. "Laçın dəhlizi" ifadəsi o vaxtdan yarandı.

Bu hadisə ərəfəsində və hadisədən 2 ay sonra Laçında oldum. Laçınlıların Sovet ordusunun hərbi gücünə tabe olmaması və Qarabağa gedən yolun nəzarətini ələ keçirməsi əsil qəhrəmanlıq idi.


Sonuncu dəfə Laçında nə zaman olmusunuz?


- 8 may 1992-ci ildə radiostansiyalardan təzadlı məlumatlar gəlirdi. Şuşanın işğalı barədə xəbər yayıldı. O vaxtlar Dnepropetroskdən Bakıya həftədə 3 dəfə təyyarə uçurdu. Növbəti reys 10 mayda idi. Həmin gün şəhərimizdə böyük nüfuza malik ziyalı həmyerlimiz Əbdülrəhimovun dəfn mərasiminə toplaşmışdıq. Əslən Gəncədən olan bu nurani kişini, ailəsi yerli millətdən olduğu üçün, burada dəfn etdilər. Şuşa üçün ağlamağa da bəhanə oldu. Dostlarım axşam Bakıya uçacağımı bildi, 2-3 gün gözləməyi təkid edirdilər. Qalası oldum. Telefon əlaqəsinin çətinliyini o dövrdə yaşayanlar bilər. Bakıdan öyrənə bildim ki, qadın və usaqları Laçından çıxarırlar. Mayın 12-də Bakıya uçdum. Səhəri Sumqayıta getdim. Vəziyyət aydın oldu. Döyüşmək üçün Laçında qalanlardan başqa, əhali bölgəni tərk etmişdi. Bacaran özü ilə bərabər müəyyən ev əşyalarını da gətirmişdi. Təbii ki, mənim rayondakı evimin qapısı bağlı qalmışdı. 2 gün sonra dayımın işlədiyi müəssisənin yük maşını ilə Laçına yollandıq. Yol boyu iri maşınlar Bakıya doğru ev əşyaları üstündə oturmuş insanları daşıyırdı.
 
Zəngilan ərazisində əhali tərəfindən qarşısı kəsilmiş hərbi texnika karvanı ilə rastlaşdıq. Onlar xüsusi tapşırıqla döyüş bölgəsini tərk etdiklərini söyləyirdilər.

Qubadlı torpağında da belə səhnə ilə rastlaşdıq. Tanklar üzərində oturanlar peşəkar döyüşçü təsiri bağışlayırdılar. Bölgənin tərk edilməsinin tapşırıq xarakterli olması ifadələrindən görünürdü. Qorxub qaçana bənzəmirdilər. Laçınin ilk kəndinə - Güləbirdə çatdıq. Çoxlu tanışıma rast gəldim. Yolumuza davam etdik. Gecəyə yaxın Laçının Poçt deyilən girəcəyinə çatdıq. Şuşa yolu üstə dayanan tank, Yaqub bulağı ətrafındakı gənc əsgərlər - bir sözlə silah səsi eşidilməsə də, döyüş ərazisinə yaxınlıq hiss edilirdi. Şəhərdən işıq gəlmirdi, hər yer qaranlıq idi. Maşından düşüb insanlara yanaşdıq. Ümumi vəziyyətdən halı olduqdan sonra maşına qayıdarkən, yerimizdə 2 əsgərin əyləşdiyini gördük. Sursat dalınca getmək üçün onlara maşın lazım olduğunu dedilər. Biz kömək məqsədi ilə onlarla birgə getməyimizi təklif etdik. Dedilər ki, olmaz siz burada gözləyin. Dayımla mən ordunun gərargahına yollandıq. Hamı yorğun və əsəbi idi. Maşınımız sursat dalınca getdi deyəndə, gülümsədilər. Demə maşınları ələ keçirib, boş evlərdəki əşyaları toplamaqla məşğul olanlara rast gəlmişik.

Sonralar Sumqayıtda dayıma rast gələn sürücümüz, maşını xalçalarla doldurub ertəsi gün o əsgər paltarı geyinmişlərin Laçını tərk etdiyini söyləyib. Bir xalça da ona veriblər. Çiskinli havada rayon mərkəzindəki evimizə yollandıq. Yol ölmüş heyvan cəsədləri ilə dolu idi. Zəncirdən açılmıs itlər bizi sakit müşahidə edirdilər. Laçın can verirdi. Evlərindən işıq gəlməyən, bəzi binaları mərmi dəyib uçan şəhərimiz…
Yaşlı dayım çətinliklə yerisə də, gəlib evimizə çatdıq. Açarımla qapımı açdım. Hər şey yerində idi. Kitablarım da...  Zamanına görə qiymətli kitabxanam var idi. Qayıtdıq şəhərin çıxacağına və xarab bir yük maşınında Zəngilana tərəf yollandıq. Səhərə yaxın sürücü bizi öz evlərinə gətirdi, bütün ailə ayağa qalxıb bizə qulluq etdi. Bir-neçə saat yatdıq. Yenidən ayrı bir maşınla Laçına qayıtmaq istədik. Qubadlı ilə sərhədimizdəki qərargaha gəldik. Artıq hərbçilər də burada idi. Dedilər ki, rayonu tərk etmişik. Geriyə, Bakıya qayıtmalı olduq. Yaxşı ki, ölüm ayağında olan doğma yurdumu ziyarət edə bildim. Amma heç özünə yaraşan tərzdə ölmədi Laçın…. Yeyəsiz, tənha öldü Laçın….
 

- 10 noyabr 2020-ci ildə Qarabağdakı qələbə xəbərini eşidəndə hansı hissləri keçirdiniz?


- Mən işğaldan azad olunan bütün kənd və şəhərlərimizi Laçın bilib sevinmişəm. O hissləri bu gün də yaşayıram
 

Laçına qayıtmaq istəyərsinizmi?


- Mən heç Laçını tərk etmişdim ki..? 1972-ci ildən Bakıda, 1985-ci ildən isə Ukraynada yaşasam da, Laçın və laçınlılarla əlaqəm daimi və mütəmadi olub. 1994-cü ildə təsis etdiyim və 25 ildən çox Ukraynada fəaliyyət göstərən şirkətimiz də “Laçın” adı daşıyıb.


- Laçına qayıdarkən öncə hara getmək istəyərdiniz?

- Yəqin ki, şəhər qəbiristanlığına...
 

- İndi oralar çox qarışıb, ata-baba evinizin yeri yadınızdadırmı?

- Laçın şəhərinin coğrafi mövqeyi elədir ki, evlər olmasa belə, hamı öz həyətini tapa bilər.
 

 

Nəzrin Vahid

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır