Modern.az

Diaspor rəhbərliyindən Prezident müşavirliyinə gedən YOL

Diaspor rəhbərliyindən Prezident müşavirliyinə gedən YOL

Diaspor

6 Fevral 2021, 10:18

Türkiyədə yaşayan azərbaycanlı professor, tanınmış diaspor rəhbəri Aygün Attar bundan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsləhətçisi olaraq fəaliyyət göstərəcək.

Modern.az xəbər verir ki, soydaşımız Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü təyin edilib.


Qeyd edək ki. bu təyinatadək A.Attar qardaş Türkiyədə diaspor təşkilatının rəhbəri idi.
Belə ki, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi 2019-cu ildə Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Dərnəyini bərpa edib və A.Attar da bu təşkilatın sədri seçilib.

Türkiyə cəmiyyətində böyük nüfuz qazanmış professor A.Attar 2012-2016-cı illərdə Giresun Universiteninin rektoru postunu da tutub.

Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

1990-cı illərin ortalarından Türkiyədə yaşayan Aygün Attar bu ölkənin vətəndaşıdır.

O, qardaş ölkədə çalışdığı müddətdə daim aktiv şəkildə diaspor fəaliyyəti ilə məşğul olub.

Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlarına həsr olunmuş bir çox məqalənin müəllifi kimi də tanınıb.

A.Attar diaspor sədri kimi Ermənistanın işğalçı siyasəti, erməni terrorunun ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində yorulmadan çalışıb, Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi fəallıq göstərib.

O, Türkiyədə yaşayan azərbaycanlıları narahat edən problemləri və onları maraqlandıran məsələləri daim gündəmdə saxlamağa, soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmləmdirilməsinə çalışıb. Qardaş ölkədəki soydaşlarımızın sosial müdaifəsinin təmin edilməsi, hüquq və azadlıqlarının qorunması, onların yerli cəmiyyətə inteqrasiyası məsələləri də dispor rəhbəri kimi A.Attarın diqqət göstərdiyi mövzular olub.

Professor A.Attar Türkiyə, Azərbaycan və xarici mediada müntəzəm olaraq diaspor mövzusunda çıxışlar edib.

Bu çıxışlarında o, Azərbaycan və türk diaspor təşkilatlarının fəaliyyətinin vahid konsepsiya əsasında əlaqələndirilməsi və onların təşkilatlanma prosesinin sürətləndirilməsi, beynəlxalq müstəvidə vahid mövqedən çıxış etmələrinin vacibliyindən bəhs edib. 

Təsüdüfi deyil ki, onun diaspor sahəsində gördüyü iş, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətindəki aktiv fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də diqqətindən kənarda qalmayıb.  Dövlətimizin başçısının 2016-cı ilin iyun ayında imzaladığı sərəncamla A.Attar xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

A.Attar Azərbaycan və türk dilləri ilə yanaşı, rus, ingilis və fars dillərini də yaxşı bilir. O, evlidir və üç övlad anasıdır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub