Modern.az

Məndən olsa, Qafqazda cəmi bir kişi və bir qadın erməni saxlardım” - Qafqaz canişini

“Məndən olsa, Qafqazda cəmi bir kişi və bir qadın erməni saxlardım” - Qafqaz canişini

6 Fevral 2021, 10:47

Qriqori Qolitsin: “Onlardan müqəvva düzəldib muzeyə qoyardım ki, gələcək nəsillər vaxtilə Qafqazda yaşayan ermənilərin necə xalq olduğunu bilsinlər”

 

Ermənilər XIX əsrin sonu, XX əsrin əvvəlində Zaqafqaziyada  öz siyasi və iqtisadi vəziyyətlərini kifayət qədər möhkəmləndirə bildilər. Onlar məskunlaşma ilə kifayətlənmir, eləcə də həyati əhəmiyyətli bütün sahələrdə nəzarəti öz əllərinə almağa çalışırdıldar və çox zaman buna nail ola bilirdilər. Artıq XIX əsrin sonuna doğru erməni varlıları  Bakı və Tiflisdə əsas həyati mənbələri – bankları, bazarları, digər xidmət sahələrini ələ keçirə bildilər. Hər iki şəhərdə erməni siyasətbazlığı ilə hiyləgərliyinin çulğalaşmasından bütün sahələrdə erməni nüfuzu özünü göstərirdi. Ruslar, azərbaycanlılar və gürcülər əslində, seçkilərdə iştirakdan və seçilməkdən məhrum edilmişdilər. Nəinki yuxarı vəzifələr, hətta adi iş yerləri də ermənilər tərəfindən zəbt olunurdu. Tiflis şəhərində əhalinin say çoxluğu da ermənilərə məxsus idi. Bakıda isə onların sayı sürətlə artırdı.

 

***

Ermənilərin Osmanlı imperiyasının şərq vilayətlərində 1894 – 96-cı illərdə törətdikləri iğtişaşlar sultan Əbdülhəmid tərəfindən yatırıldıqdan sonra iğtişaşların təşkilatçılarının və icraçılarının əksəriyyəti Qafqazın müxtəlif regionlarına köçdü. 1897–1902-ci illərdə Gürcüstana təxminən 55 min erməni gəldi, sonrakı dövrdə də erməni köçü davam etdi. Köçən ermənilər sayəsində  Tiflisdə əhalinin milli tərkibində də ciddi dəyişikliklə baş verdi; məsələn, 1876-cı ildə Tiflisdəki əhalinin 36,16 faizi (37,610 nəfər) ermənilərdən ibarət idisə, 20 ildən sonra, yəni, 1896-cı ildə şəhər əhalisinin 48 faizi ermənilərdən təşkil olunmuşdu. XX əsrin əvvəlində Tiflis şəhərində əhalinin 50 faizdən çoxu ermənilər (1917-ci ildə şəhərdə 62,337 gürcü, 83,977 erməni yaşayırdı) idi. Onlar Tiflis şəhərinin ermənilər tərəfindən salındığı və onlara məxsus olduğunu idia etməyə başladılar. Ermənilərə görə, Tiflisin adı da “Tpxi” olub.


1897-ci ildə Tiflisdə nəşr olunan “İveriya” qəzetində çap edilmiş və ermənilərə həsr olunmuş bir məqalədə bir çox ritorik suallar verilir: “Tiflis hansı əsasla erməni şəhəridir: coğrafi mövqeyinə görəmi, ərazi qanunlarına görəmi, yaxud hansı dövlət və beynəlxalq hüquqla? Ermənilər haradadır, Tiflis harada? Onların haradan haraya əlləri uzanır? Onların satın aldıqları evlər onlara məxsusdurmu, bunu hələ aydınlaşdırmaq lazımdır. Lakin Tiflis Gürcüstan ərazisində yerləşir. Burada ermənilərə heç nə məxsus deyildir. İlya Çavçavadze və Akaki Sereteli kimi görkəmli gürcü ziyalıları da erməniləri bütün xəyanətlərinə görə ittiham ediblər”.


Bakıda isə 1886-cı ildə  86 611 nəfərin 24.840 nəfəri erməni idi və  şəhər sakinlərinin 28.7 faizini təşkil edirdi.  1997-ci ildə 112 min nəfərin 19.099 nəfəri (17.1 faiz) erməni idi.


***


Çar Rusiyasının Cənubi Qafqazda, o cümlədən Borçalıda inzibati-siyasi, sosial-iqtisadi və mədəni inkişafı üçün geniş imkanlar yaratdığı ermənilər isə “Böyük Ermənistan” xəstəliyinə tutulmuşdu və köçürüldükləri ərazilərdə gizli şəkildə gələcək erməni dövlətinin yaradılması planını hazırlayırdılar. Onların yaratmaq istədikləri dövlətin ərazisinə yalnız Osmanlı imperiyasının şərq vilayətləri deyil, həm də Zaqafqaziyanın böyük bir hissəsi daxil idi. Yəni ermənilərin yaratmaq istədikləri dövlətin ərazisinin bir hissəsi çar Rusiyasının torpaqlarına düşürdü.


Qeyd edim ki, ermənilərin Cənubi Qafqazda ərazi iddialarıının ideoloji əsası 1885-ci il Fransada yaranmış “Armenakan”, 1887-ci ildə Cenevrədə yaradılan “Hnçak” və 1890-cı ildə Tiflisdə əsası qoyulan “Daşnaksütyun” millətçi partiyalarının fəaliyyəti ilə bağlı idi. Bu partiyalar Osmanlı imperiyası və İrandan qaçmış ermənilərin yaşadığı əraziləri birləşdirmək üçün bütün vasitələrdən, ən əsası isə qiyam və terror aktlarından geniş istifadə etməyi qarşılarına məqsəd qoymuşdu. “Hnçak” partiyasının proqramı xüsusilə bu fikri ifadə edirdi: “Bütün şəraitlərdə türkləri və kürdləri məhv etmək və öz xalqının rifahına xəyanət etmiş ermənilərə aman verməyərək onlardan qisas almaq”.


“Daşnaksütyun” partiyasının proqramlarında isə bildirilirdi ki, partiyanın məqsədi bunlardır: 1) silahlı qiyam, 2) yalnız ermənilər arasında yox, bütün xalqlar arasında inqilabi fikrin formalaşması üçün intensiv iş görmək, 3) ermənilərin silahlanması və təşkilatlanması, 4) hökumət adamlarına və idarələrinə qarşı terror və onların məhv edilməsi”. “Bu məqsədə nail olmaq üçün hər şeyə icazə verilir; propaqanda, terror, azğın partizan müharibələri”.


Bu işdə onlara kilsə də yaxından köməklik göstərirdi. Erməni-qriqorian kilsəsinin “Daşnaksütyun” partiyası ilə sıx əməkdaşlığı getdikcə daha çox uzlaşırdı.


Şərqşünas alim T.Svyatoxovskinin erməni millətçiliyinin simvolu saydığı erməni kilsəsi, əslində, erməniliyin bel sütunu idi. Kilsə-“Daşnaksütyun” partiyası tandemi ermənilər arasında ciddi təbliğat işi aparırdı. Kilsə zirzəmiləri partiyanın silah cəbbəxanalarına çevrilirdi. O.A.Arutyunyanın 1956-cı ildə rus dilində İrəvanda nəşr olunmuş “Xatirələr” kitabında da daşnakların həmin dövrdə silahdan korluq çəkmədikləri bildirilir. Onlar artıq silahlanmış vəziyyətdə idilər. Hər bir erməni evi, ailəsi müxtəlif növ silahlarla təchiz edilmişdi.


Maraqlıdır ki, ilk dövrdə ermənilər bütün işləri himayədarları olan ruslardan gizlədirdilər. İ.Cavaxişvili bu barədə belə yazırdı: “... Ermənilərin Zaqafqaziyada müstəqil dövlət qurmağı rusların heç ağlına da gəlmirdi, buna görə də ermənilərin Gürcüstana doluşmasını qorxulu saymırdılar, çünki siyasi cəhətdən qorxu törədən amillərin sayı azalırdı, həm də bu ərazilərdə öz köməkçilərinin (ermənilərin) sayı artırdı”.


Amma uzun müddət ermənilər niyyətlərini gizli saxlaya bilmədilər. Az keçmədi ki, onlar “Böyük Ermənistan” ideyasının reallaşdırılması uğrunda açıq mübarizəyə başladılar. Qriqorian kilsəsi – “Daşnaksütyun” partiyası tandemi (cütlüyü) Cənubi Qafqazı “Böyük Ermənistan”ın bərpası üçün mərkəz, yəni dayaq region olaraq müəyyənləşdirməsi, təbii ki, çar hökuməti ilə Rusiya erməniləri arasında müəyyən üstüörtülü və bəzən də açıq qarşıdurma şəraitini yaratdı. Erməni–qriqorian kilsəsinin, o cümlədən onun dəstəklədiyi erməni təşkilatlarının fəaliyyəti və fəallığı bəzi Rusiya məmurlarını narahat etməyə başladı. İ.Cavaxişvili bu barədə belə yazırdı: “...Axır ki, bu siyasətin (ermənilərin köçürülməsi və hər cür dəstəyin verilməsi) tərəfdarı olan M.Katkov da ermənilərin burada nəsə bir gözbağlayıcılıq etdiklərini gördü”.


Narahat olan çar məmurlarından biri də Qafqaz canişini (general-qubernator) Qriqori Sergeyeviç Qolitsın idi. Canişin onların fəaliyyətini Rusiyanın sabitliyi üçün təhlükə hesab edirdi. Bu səbəbdən də Qriqori Sergeyeviç Qolitsın ölkəsi üçün təhlükə mənbəyi hesab etdiyi qüvvələrə qarşı mübarizəni genişləndirdi. Onun vaxtında ermənilərə məxsus bir neçə ictimai təşkilat bağlandı, xeyriyyə cəmiyyətlərinin fəaliyyəti xeyli məhdudlaşdırıldı. Bundan başqa, ermənilərə məxsus dövri mətbuata qarşı senzura sərtləşdirildi və bəziləri bağlandı. Ermənilərin öndə gələn nümayəndələrinin bir çoxu təqib edildi.


Canişin bir neçə dəfə Eçmiədzin katolikosunu “bütün ermənilərin katolikosu” titulundan məhrum etməyi təklif etdi.


1903-cü il iyunun 12-də erməni qriqorian kilsəsində silah tapılmasından sonra Qolitsının inadlı israrı ilə çar hökuməti erməni kilsəsinin əmlakının müsadirə edilməsi ilə bağlı qanun qəbul etdi. Erməni-qriqorian kilsəsinin varidatının müsadirə olunması, Rusiya Torpaq və Əmlak Nazirliyinin sərəncamına keçirilməsi haqqında 12 iyun 1903-cü il tarixli çar fərmanı kilsənin maliyyələşdirdiyi siyasi təşkilatların maddi vəziyyətinə zərbə vurduğu üçün erməni terrorçuluğunun genişlənməsinə səbəb oldu, ermənilər arasında müəyyən antirus əhvali-ruhiyyə və s. artdı. İndiyədək Türkiyə ərazisində terrorçuluqla məşğul olan erməni kilsəsi və bütün siyasi patiyalar: “Hnçak”, “Droşak”, “Armenakan”, “Daşnaksütyun” öz terror fəaliyyət dairələrini bütövlükdə Rusiyaya yönəltdi. Həmin il avqustun 29-da Gəncədə, sentyabrın 2-də Qarsda və Bakıda, sentyabrın 12-də Şuşada, oktyabrın 14-də Tiflisdə ermənilər iğtişaşlar və terror törətdilər.


Batum limanında bomba partladılması, bir neçə qatar qəzası, küçə qarışıqlıqları, getdikcə artan soyğunçuluq olayları, daha sonra isə bir neçə siyasi sui-qəsd onların dəst-xəti idi. Erməni terroru yalnız Qafqazla məhdudlaşmadı, bütün Rusiyanı bürüdü, yüksəkrütbəli rus zabitləri, nazirləri, dövlət məmurları həlak oldular.


Onların törətdikləri dəhşətlər çar hakimiyyətini vahiməyə saldı. Bu hadisələrdən dəhşətə gələn Qafqaz canişini Qriqori Qolitsın yazırdı: “Məndən olsa, Qafqazda cəmi bir kişi və bir qadın olmaqla iki erməni saxlardım. Onlardan müqəvva düzəldib Qafqaz muzeyinə qoyardım ki, gələcək nəsillər vaxtilə Qafqazda yaşayan ermənilərin necə xalq olduğunu bilsinlər”.


Terrorun qurbanlarından biri də Qafqaz general-qubernatoru, knyaz Qriqori Qolitsının özü oldu. 14 oktyabr 1903-cü ildə hnçaklar ona qarşı sui-qəsd təşkil etdilər. Nəticədə general-qubernator ağır yaralandı və 1904-cü ilin sonlarında çar Qolitsını Peterburqa geri çağırmağa məcbur oldu.  Belə bir vaxtda Rusiyanı inqilab dalğası bürüdü. 1905-ci ildə baş verən iğtişaşlar çarizmə qarşı narazılıq dalğasını gücləndirdi. Zaqafqaziyada Rusiyanın hakim şovinist dairələri zərbəni özlərindən yayındırmaq üçün ermənilərin antitürk, antimüsəlman kampaniyasını qızışdırdılar.


Bu işdə qraf İllarion İvanoviç Vorontsov-Daşkovun böyük rolu oldu. 1905-ci ilin fevralında qraf İllarion İvanoviç Vorontsov-Daşkov Qafqaza canişin təyin edildi. Bu, erməniləri daha da həvəsləndirdi. Onun arvadı Liza Qriqoryevna milliyyətcə erməni idi və qraf qısa müddətdə zəngin erməni burjuaziyası və neft sənayeçiləri dairəsində geniş əlaqələr yaratdı. Onun köməyi ilə bütün Tiflisdə əsas vəzifələr erməni fırıldaqçılarının əlinə keçdi. Bu təyinatdan sonra ermənilərin fəallığı xeyli artdı. Bu onunla bağlı idi ki, Vorontsov-Daşkov açıq şəkildə ermənilərin mövqeyini müdafiə edirdi. O, Rusiya çarına yazdığı bir raportda ermənilərin Rusiyadan ayrılmaq istəmədiyini, lakin əksinə, Osmanlı ərazisində yaşayan ermənilərin Rusiyaya bağlı olduğunu bildirirdi.


Vorontsov-Daşkov dönə-dönə Rusiya hökumətinin və Cənubi Qafqazda erməni icmasının mənafe ümumiliyini qeyd edir, etiqad qardaşlarının – xristianların “vəhşi türklərdən” müdafiəsinin zəruriliyinə diqqət yetirir, yeni Rusiya – Osmanlı müharibəsində ermənilərin Rusiya ordusuna hansı köməyi göstərəcəyini vurğulayırdı. Eyni zamanda Vorontsov-Daşkov belə hesab edirdi ki, Cənubi Qafqazın erməni əhalisi ilə hökumət arasında baş vermiş münaqişələrin günahkarı rus məmurlarıdır, ilk növbədə, Qafqazın sabiq canişini knyaz Lobanov-Rostovskidir. O, XIX əsrin 90-cı illərində Osmanlı Ermənistanında erməni çıxışları zamanı Rusiyanın Türkiyə ilə müharibəyə girməsinə imkan verməmişdi.
 

Vorontsov-Daşkov raportda yazırdı: “İnqilab alovuna bürünmüş bu ucqar diyarı sakitləşdirmək məqsədi ilə məni Qafqaz sərdarı təyin etməklə Siz Əlahəzrət üçün, mənim təsəvvürlərimə görə, Rusiya erməniləri arasında narazılıq yaradan bütün tədbirləri ləğv etmək münasib və doğru olardı. Yalnız Siz Əlahəzrətin mənə bu yüksək monarx etimadı mənim ermənilərə münasibətdə siyasətimi pisləyən bir çox dövlət xadimlərinin düşüncələrinin əksinə olaraq mənə onu dönmədən həyata keçirməyə qüvvə bəxş edirdi. Lakin indi, Əlahəzrət, mən bütün təbəələr adından sizə məruzə etməkdə xoşbəxtəm ki, Siz Əlahəzrət indi təkcə Rusiya ermənilərinin şəxsində sadiq təbəələrə malik olmaqla qalmayıb, həm də yalnız Rusiyadan və onun ali rəhbərindən onların həyatlarının, şərəflərinin və əmlaklarının kürdlərin ardı-arası kəsilməyən vəhşiliklərindən həqiqi müdafiəsini görə biləcəklərini dərindən dərk edən Osmanlı ermənilərinin də nəzərlərini özünüzə cəlb edirsiniz”.

Vorontsov-Daşkovun səyləri nəticəsində ermənilər çar hökumətinə qarşı loyal münasibət sərgiləyirdilər. Əsas məqsəd Osmanlı dövləti ilə müharibə başlayacağı təqdirdə çar hökumətinə hərtərəfli dəstək göstəriləcəyinı açıq şəkildə bəyan etmək idi. Nəticədə Tiflisdə “Daşnaksütyun”un fəalı doktor Zavriyevlə Vorontsov-Daşkov arasında intensiv danışıqlar başlandı. Bu danışıqlarda yepiskop Mesrop, Samson Arutyunov və A.Xatisov iştirak edirdilər.

 

Daşnaklar müharibə başlayarsa, bütün qüvvələrini Qafqaz ordusunun sərəncamına verməyi öz öhdələrinə götürdülər. Öz növbəsində, Vorontsov-Daşkov ermənilərlə Şərqi Anadolunun, Kilikiyanın vilayətlərindən ibarət muxtar Ermənistan yaradılacağını vəd etdi. Tiflis danışıqları daha sonra Peterburqda davam etdirildi. Burada ilkin sazişlər işlənib hazırlandı. Bu sazişlər özündə prinsip etibarı ilə iki əsas məsələni əks etdirirdi: Osmanlı əraziləri hesabına yaradılacaq muxtar Ermənistan; Osmanlı dövlətinə qarşı müharibə zamanı erməni terrorçu dəstələrinin rus ordusu ilə müttəfiq vuruşması.


Bu dövr barədə Qafqaz canişini Vorontsov-Daşkovun mühafizə komandiri olmuş zabit N.A.Biqayevin qələmə aldığı “Qafqazın sonuncu canişini” kitabında maraqlı faktlar var. O qeyd edirdi ki, Qafqazda erməniləri sevmirdilər. Onlara qarşı belə münasibətə baxmayaraq Vorontsov-Daşkovun ailəsində onlara qarşı mehriban, isti münasibət göstərilirdi. Ermənilər onların simasında özlərinə arxa tapmışdılar. Təsadüfi deyil ki, vaxtilə Qolitsın tərəfindən ermənilərin namərd məqsədlərinin həyata keçirilməsi üçün kilsələrdən, məktəblərdən gələn böyük məbləğdə pullar müsadirə edilsə də, Vorontsov-Daşkov əksinə, həmin vəsaiti ermənilərə qaytardı.


Belə nəticəyə gəlmək olar ki, ermənilərin maraqları ilə Daşkov kimilərin maraqları üst-üstə düşürdü”.


Belə mövqe Rusiya üçün gərəkli idi. Çar Rusiyasının əsas məqsədlərindən biri Osmanlı dövlətinin şərq vilayətlərini ələ keçirmək idi. Lakin bunun hələlik mümkün olmadığını başa düşən Rusiya ilk olaraq erməniləri dəstəkləməyi düşünürdü. Ermənilər isə getdikcə daha çox inanırdılar ki, yalnız Rusiya dövləti onların siyasi fəaliyyətlərinə dəstək verə, dövlətlərini qura bilər. Bu fikri yalnız sadə ermənilər deyil, eləcə də erməni liderləri, katolikos və digərləri əsaslı şəkildə dəstəkləyirdilər. Bir simbioz yaranmışdı. Yəni çar Rusiyası ermənilərin köməyi ilə Osmanlı imperiyasının şərq vilayətlərini tutmaq, geosiyasi maraqlarını təmin etmək üçün onlardan bəhrələnmək, ermənilər isə onların köməyi ilə dövlətlərini yaratmaq niyyətində idilər. Əslində, Rusiya istər öz ərazisində, istərsə də işğal edəcəyi Osmanlı torpağında erməni dövlətinin yaradılmasında maraqlı deyildi. Sadəcə bu barədə acıq danışmır, niyyətini gizli saxlayırdı. Bunların fonunda çar Rusiyası ermənilərin silahlanmasını da dəstəkləyirdi. Ermənilər Qafqaz canişini Voronsov-Daşkovun xüsusi icazəsi və erməni yepiskopları Xoren və Suren tərəfindən müvəkkil edilmiş şəxslər vasitəsilə silahla təmin olunurdular. Deməli, onların silahla bağlı heç bir problemləri yox idi. Daşnakların ozamankı hazırlığını təsəvvür etmək üçün bildirək ki, hələ 1892-ci ildən etibarən milli ordu qurmaq yolunda təcili tədbirlər görən erməni liderləri artıq 1905-ci ildə, Qafqazdakı ilk açıq silahlı toqquşmalar zamanı 100 min nəfərlik etnik ordu yaratmağa nail olmuşdular.


Ermənilərdən fərqli olaraq azərbaycanlılar həmin dövrdə hazırlıqsız idilər. Belə bir vəziyyətdə çar məmurları inqilabdan diqqəti yayındırmaq məqsədilə iki millət arasında düşmənçlik toxumu səpirdi. Bu məqsədlə xüsusi xəfiyyə şəbəkəsinin qurulması nəzərdə tutulurdu.


C.Zeynaloğlunun 1924-cü ildə İstanbulda nəşr edilən kitabında belə məlumat verilir. “Yalnız azərbaycanlılar qəflətdə idilər və iğtişaşlarda çarın tərəfini saxlayırdılar. Rusiya hökuməti müsəlmanların bu qəflətindən istifadə edib Peterburqdan xüsusi surətdə yüz otuz xəfiyyə məmuru göndərərək türklər (azərbaycanlılar) ilə ermənilər arasında icra etdiyi təbliğat ilə birini digəri əleyhinə silah işlətməyə təşviq edir və əsrlərcə yaxşı keçinən iki milləti birini digərinə qırdırırdı”.


(ardı var)


Pünhan Əfəndiyev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub