Arxiv
6 Fevral 2021, 18:36 | DİASPOR
Almaniyadakı soydaşlarımız xeyriyyə cəmiyyəti yaratdılar

Almaniyada yaşayan soydaşlarımız yoxsul ailələrin uşaqlarının təhsilinə yardım edəcək xeyriyyə cəmiyyəti yaradıblar. Bu barədə Modern.az saytına Almaniyada yaşayan həmyerlimiz Elvin Cəbrayıl məlumat verib. E.Cəbrayıl bildirib ki, cəmiyyətin adı "2B-Kind" (ingiliscədən tərcümədə "nəzakətli", almancadan tərcümədə "uşaq olmaq") adlanacaq:

““2B-Kind” cəmiyyəti ölkəmizdə və dünyada yaşanan bir çox problemlərin təməlində yetərsiz təhsilin, yoxsulluqdan doğan savadsızlığın olduğunu görərək, bu problemlərin həllində bir qatqı məqsədilə yola çıxan və könüllü dostlarımızın yardımı ilə qurulmuş xeyriyyə cəmiyyətidir. Məqsədimiz ehtiyaclı və xüsusən də təhsildən kənar qalan uşaqlara mümkün olan dəstək və yardımı göstərməkdir: həm maddi, həm mənəvi cəhətdən və ən asası davamlı olaraq. Bunu qeyri-rəsmi himayəçilik də adlandıra bilərik. Bu, uşaqların hər birinin problemleri ilə maraqlanmaq, onları necə aradan qaldıra biləcəyimizi araşdırmaq vəzifələrini öhdəmizə götürmək deməkdir. Təhsil hər bir çətinliyin həlli və firavan gələcəyin əsasıdır. Bu gün ehtiyaclı və yardım ediləcək uşaqlar, sabah əldə etdikləri təcrübələri digərləri ilə bölüşərək, özləri yardımsevər və ianəçi olacaqlar. Buna əminik!".

E.Cəbrayıl xeyriyyə cəmiyyətinin təsis yığıncağının keçirildiyini, Almaniyada xeyriyyə cəmiyyətlərinin rəsmi reyestrində qeydiyyatdan keçmək üçün müraciət edildiyini bildirib:

"Cəmiyyətin nizamnaməsi və üzvlük haqqında əsasnamə alman, Azərbaycan və ingilis dillərində hazırlanıb və marağında olan hər bir şəxsə göndərilə bilər. Hər kəs bizim fonda üzv yazılaraq və ya üzv olmadan ianəçi ola bilər. Toplanan ianələr və üzvlük haqları, fondun təşkilati xərcləri çıxıldıqdan sonra, yalnız və yalnız fondun yuxarıda göstərilən məqsədləri üçün sərf ediləcək. Qeyd etdiyimiz kimi, bu yalnız maddi (məktəbli paltarı, çanta, ləvazimat, qida) deyil, həmçinin uşaqlara gələcək təhsil istiqamətlərini müəyyənləşdirməkdə mənəvi köməyi və onların həyatlarında mühüm rol oynayacaq, əzmkar iradə və ruh formalaşdıracaq psixoloji dəstəyi də nəzərdə tutur. Birliyimiz istisnasız olaraq istənilən siyasi və etnik ideyalardan uzaqdır".

Qeyd edək ki, cəmiyyətin iki sədri var: Elvin Cəbrayıl və Aytən Musayeva.

Elvin Cəbrayıl Almaniyada hüquqşünas, Aytən Musayeva ABŞ-da həkim kimi fəaliyyət göstərir. İdarə heyətinə ABŞ-da və Almaniyada həkim, politoloq, iqtisadçı və s. vəzifələrdə çalışan, təhsil alan həmyerlilərimiz daxildir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv