Arxiv
7 Fevral 2021, 16:23 | DİASPOR
Dövlət Komitəsi dünya alimlərini Lütfi Zadə işığına TOPLADI

Bu günlərdə dünya şöhrətli alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 tamam oldu. Mərhum Lütfi Zadənin irsini diqqətdə saxlayan Diasporla iş üzrə Dövlət Komitəsinin fevralın 5-də təşkil etdiyi videokonfrans dünya alimlərini bir araya gətirdi.

Tədbir Azərbaycan Respublikası Prezidentinin dahi alimin 100 illik yubileyinin keçirilməsinə dair Sərəncamına əsasən təşkil olunmuşdu.

          
Videokonfransa Azərbaycan da daxil olmaqla, Türkiyə, Yaponiya, Çin, Böyük Britaniya, Rusiya, Almaniya, Fransa, Avstraliya, Niderland və digər ölkələrdə yaşayan nüfuzlu azərbaycanlı elm xadimləri, Azərbaycan diaspor təşkilatlarının, kütləvi informasiya vasitələrinin nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları da daxil olmaqla, 100-ə yaxın iştirakçı qatılmışdı. Tədbir, "Lütfi Zadə irsi və süni intellekt" Assosiasiyasının prezidenti, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Rafiq Əliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllimi, texnika elmlər doktoru Oleq Hüseynovun moderatorluğu ilə keçdi.

         
Öncə elmə böyük diqqət və qayğı ilə yanaşan Azərbaycan Prezidentinin ölkəmizdə görkəmli alim Lütfi Zadənin 100 illiyinin keçirilməsinə dair Sərəncamı haqqında məlumat verildi. Sonra Lütfi Zadəyə həsr olunmuş videoçarx nümayiş etdirildi.
İtirakçılar çıxışlarında Dövlət Komitəsinə Azərbaycan xalqının təkcə ABŞ-da deyil, bütün dünyada tanınan misilsiz təmsilçisinin 100 illiyinə həsr olunmuş tədbirin təşkilinə görə təşəkkür etdilər.

          
Elmlər doktoru, professor Rafiq Əliyev Lütfi Zadə irsi, alimin elm sahəsinə gətirdiyi yeniliklər, elmi fəaliyyəti barədə geniş məlumat verdi. O, Lütfi Zadəni dünya elmini dəyişən şəxsiyyət adlandıraraq, alimin bəşəri elmə böyük töhfələr bəxş edən nəzəriyyələri, xüsusilə də “Z ədədlər nəzəriyyəsi” və 60-cı illərdə elmə gətirdiyi qeyri-səlis məntiqi nəzəriyyə barədə ətraflı danışdı.
“Lütfi Zadə riskli bir addım atdı. Klassik riyaziyyatı dəyişdi. Real həyatı yaza bilən yeni, qeyri-səlis bir riyaziyyat yaratdı. Bu elə bir nəzəriyyə idi ki, yayılma sürəti və coğrafiyasına görə elmdən çox dini xatırladır”- deyə R. Əliyev bildirdi.

          
Elmlər doktoru Oleq Hüseynov da çıxışında Lütfi Zadənin elmi fəaliyyətinin müasir dövrdəki nəticələrindən danışdı və qeyd etdi ki, hazırda o da bir çox dünya alimləri ilə birgə “Z ədədlər” nəzəriyyəsi üzərində fəaliyyəti davam etdirir.

AMEA-nın müxbir üzvü, iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov L.Zadə nəzəriyyəsinin müxtəlif texnoloji və istehsal sahələrindəki inkişafa təkan verdiyini vurğuladı.

“Lütfi Zadənin fikirləri, eləcə də tətbiqi riyaziyyatın digər yenilikçi hissələri (süni intellekt, genetik alqoritmlər, robototexnika) maşınqayırma və digər sahələrdə geniş tətbiq edilir”-deyə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor Zahid Qocayev bildirdi.

Başqırdıstan Elmlər Akademiyasının akademiki Ramil Baxtizin neft və qaz sənayesi sahəsində qeyri-səlis çoxluqlar nəzəriyyəsinin effektiv tətbiqi ilə əlaqədar fikirlərini paylaşdı.

Moskva bölgəsindəki azərbaycanlıların regional milli-mədəni muxtariyyətinin sədr müavini, ictimai xadim Həşim Əliyev Lütfi Zadə irsinin müasir elmdə töhfələrini yüksək qiymətləndirdi, onunla bağlı xatirələrini paylaşdı. Türkiyə İqtisadiyyat və Texnologiya Universiteti Ticarət və Mübadilə Palatasının beynəlxalq əlaqələr üzrə professoru Toğrul İsmayılov tədbirdə TOBETU, ANKARA, “BASHENT”, KARABUK universitetlərini təmsil edən alimlərin də iştirakını xüsusi qeyd edərək, türk dünyasının dahi mütəfəkkirinin bütün dünyada yayılmış şöhrətindən danışdı.

           
Daha sonra Türkiyə–Azərbaycan, Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar, Bilkənd Universiteti Nanotexnologiya Elmi Mərkəzinin professoru, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycanın Əməkdar elm xadimi Əmrullah Məmmədov, SOCAR-ın layihə analitiki Babək Kərimov, professor Saleh Sultansoy, professor Ömər Akın, Azərbaycan Texniki Universitetinin professoru, texnika elmləri doktoru Şahnaz Şahbazova, Vaterloo Universitetinin professoru İlham Axundov, Azərbaycanın Əməkdar elm xadimi, akademik Akif Əlizadə, Tokio Universitetinin doktoru, Azərbaycan–Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər və başqaları çıxış etdilər.

         
Tədbirdə Lütfi Zadəni bütün zamanların dahisi adlandıran natiqlər bildirdilər ki, görkəmli həmvətənimiz elmdə prinsipiallığı ilə seçilib, Aristotel məntiqini genişləndirərək, ortaya fərqli nəzəriyyə çıxarıb. Lütfi Zadənin nəzəriyyələrinin Yaponiyaya və digər ölkələrə töhfələr bəxş etdiyi, intellektual robotların yaranmasına təkan verdiyi, alimlərin və davamçılarının onun elmi yaradıcılığından bəhrələndikləri vurğulandı.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv