Modern.az

Ailəsi və dostları 1993-cü ildə Kəlbəcərdə itkin düşən komandiri axtarır - İTKİNLƏR

Ailəsi və dostları 1993-cü ildə Kəlbəcərdə itkin düşən komandiri axtarır - İTKİNLƏR

11 Fevral 2021, 11:39

Torpaqlarımızın işğaldan azad edilməsi Birinci Qarabağ müharibəsi dövründə də itkin düşənlərin tapılmasına böyük ümid yaradıb.

Modern.az saytı bunu nəzərə alaraq “İtkinlər” rubrikasına satart verir.

 

Rubrikada haqqında yazacağımız ilk itkin Birinci Qarabağ müharibəsində iştirak etmiş zabit Namiq Atayevdir. 

Namiq Atayev 1964-cü il yanvarın 5-i Kəlbəcərdə anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Rusiyanın Tümen şəhərində davam etdirib.

Lakin torpağa, hərbi sahəyə olan sevgisi onu hərbçi olmağa sövq edib və təhsilini yarımçıq qoyaraq, Azərbaycana dönüb.

 

Birinci Qarabağ müharibəsində Kəlbəcərdə itkin düşən Namiq Atayevin qardaşı Nəsir Atayev o günləri belə xatırlayır:


- Ermənistanın Qarabağ və digər sərhəd bölgələrdə Azərbaycana qarşı işğalçılıq siyasəti Namiqi rahat buraxmırdı. Hamımız hiss edirdik ki, heç bir qüvvə onu düşmənə qarşı vuruşmaqdan döndərə bilməz.

Dəqiq yadımdadır, Namiq 1992-ci ildə Kəlbəcərdəki hərbi briqadanın komandiri Zaur Rzayevlə görüşdü, icazə aldı, Kəlbəcərdə hərbi xidmətə başladı. Xidmətindən təxminən 5 ay keçmişdi, bir dəfə evə gəlib bildirdi ki, komandiri onu yanına çağırıb, hərbi kursa göndəriləcək.

Namiqlə bərabər 3 nəfər də var idi, ikisi bizim kənddən, biri qonşu kənddən. 

 
Zaur Rzayev onları hansısa hərbi məktəbə oxumağa göndərirdi. Bildiyimiz o idi ki, Namiqin cəsarətinə, fərasətinə baxıb onu bəyənmişdilər. Ora hər adamı seçmirdilər. Aradan 1 həftədən az vaxt keçmişdi, gördüm ki, bizim kənddən olan həmin iki nəfər qayıdıb. Onlardan niyə gəldiklərini soruşanda: “Qardaş, ora biz dözəsi yer deyil, ora dəhşətdir. Biz orada tab gətirə bilmədik, lakin Namiq qaldı” dedilər.

 

Üstündən xeyli müddət keçdikdən sonra Namiq qayıtdı. Dedi ki, hərbi məktəbi oxuyub qutardıqdan sonra onu buraxmayıblar, Müdafiə Nazirliyində saxlayıblar. Sonra onları Ağcabədiyə aparıblar. İki-üç aydan bir evə gəlib-gedirdi.


Mən özüm də o zaman Zaur Rzayevin briqadasında idim. Bir-iki işimə görə məni yanından buraxmırdı. Hara gedirdi, yanında olurdum. Sürücü kimi onu istədiyi yerə aparırdım. Bir dəfə məni yanına çağırdı. Dedi “Nəsir, sənə bir məsləhət vermək istəyirəm. Bilirəm ki, sənin qardaşların Namiq və Məhərrəm ordudadır”.

Gördüm ki, nəsə yazır. Nə yazdığını soruşanda dedi: “Sənə burada könüllü olmağınla bağlı arayış yazıb verəcəm. Sabah sənə lazım olacaq”. Ona dedim ki, mənə heç nə lazım deyil. Mən nə etmişəmsə, torpağıma görə etmişəm.



- Nəsir bəy, bir az da hadisələrin necə baş verdiyindən danışın...


-
1993-cü ilin mart ayında axır çərşənbə idi. Namiqə həmin ilin yanvarında toy etmişdik. İki ay idi ki, evlənmişdi. Gecə idi... Gördük ki, qapı döyüldü, Namiq gülə-gülə içəri girdi. Gecə qaldı, onunla xeyli söhbət etdik.
 

Məlum oldu ki, Ağdam tərəflərdə döyüşlərdə iştirak edib. Ayağını don vurmuşdu. Ona həkimə getməyi məsləhət etdik. Martın 26-da onu Kəlbəcərdən Müdafiə Nazirliyinə yola saldıq. Amma elə vaxt idi ki, Vətən əldən gedirdi.

Namiq oradan bir neçə gün sonra, aprelin 1-də döyüş dostları ilə helikopterlə Kəlbəcərə qayıtdı.

 

Onlara ilk əmr belə olub ki, siz yuxarı qalxmalı, telestudiyanı partlatmalısınız ki, erməni əlinə keçməsin.

 

- Namiqin döyüş yoldaşları ilə əlaqə saxlamısınızmı?

 

- Namiqin döyüş yoldaşlarının bir neçəsi ilə söhbət etmişəm. Onlar qardaşım haqqında çox xatirələr danışıblar.

 

İndi danışacağım hadisələr aprelin 2-də baş verib.

 


Onlar danışırlar ki, telestudiyanı partlatmağa gedəndə oranın düşmən tərəfindən tutulduğunu görüblər. Namiq deyib ki, arxaya qayıtmalıyıq. Çünki qüvvələr nisbəti çox fərqli imiş.


Onlar geri qayıdanda Nəcməddin Sadıkov öz “Niva”sı ilə gəlib, maşını bunların yanında saxlayıb, başlayıb artıq-əskik danışmağa. Namiq ona deyib ki, Kəlbəcərin üstünə ordu yeriyib, sən burada oturub nə gözləyirsən... Nəcməddin Sadıkov qardaşımı güllələməklə hədələyib.

Namiq də deyib ki, “Nəcməddin Sadıkov, sən uşaq qabağında danışmırsan”. Mübahisədən ehtiyatlanan Nəcməddin Sadıkov maşına minib oradan qaçıb. Bunu Namiqin döyüş yoldaşları danışıb.  

 

Nadirxanlıya çatanda tank səsi eşidiblər. Namiq deyib ki, yəqin bizimkilər köməyə gəliblər. Amma tankın bizimkilərin üstünə sürüldüyünü görəndə Namiq deyib ki, bu, düşmən tankıdı.

 

Orada dəhşətli döyüş başlayıb ki... Namiqin orada ermənilərin qarşısına yeriməyi, atəş açmağı onları qorxudub, elə biliblər ki, Kəlbəcərdə hələ Azərbaycan ordusu var. 

 
Hələ də qardaşımı itirdiyimə inanmıram...”

 
- Mən Namiqi çox axtardım. Döyüş yoldaşlarını Ağcabədidə tapdım. Onların hamısı sağdır, tək Namiq yoxdur. Bu, necə olan işdir? Soruşdum ki, bəlkə onu görən, bilən var, deməyə ürəyiniz gəlmir? Kimi deyir əsir düşüb, kimi deyir ölüb... 

Hələ 1993-cü ildə qardaşımla bağlı yüz söz dedilər. Mən bunu səmimi qəlbdən deyirəm ki, kaş tankın altında qala, amma erməniyə əsir düşməyə. Onun namərd düşmənə əsir düşməsi mümkün deyil, mən inanmıram. Çox axtardım, nə ölüsündən, nə də dirisindən soraq ala bildim. Atam, anam da onun adını deyə-deyə öldülər. Gör neçə ildir, bu adam itkin düşüb. Biz illərdir ki, itkin ailəsi hesab edilirik. Böyük qardaşım ona görə çox yerə müraciət edib. Kağızların hamısını yığıb saxlayıb, yazmadığı yer qalmayıb. Bizə bir kəlmə söz lazım idi...

Bu gün torpaqlarımızın işğaldan azad olunması, ordumuzun zəfəri bizə fəxrdir. Mən də, ailəm də - hamımız sevinirik. Qardaşımın, onun dostlarının qanı alındı”. 

      


Söhbətimizə Namiqin döyüş yoldaşı Musa bəylə davam edirik...
 

 

- Mən sovet ordusunda xidmət etmişəm. Bir il xidmət edəndən sonra bizi Azərbaycana göndərdilər. 1992-ci il may 1-də gəlib Azərbaycana çatdım, mayın 8-də Şuşa işğal olundu. Mən hələ nə baş verdiyini bilmirdim. Həmin vaxt hərbi komissarlığa getdim. Orduya qoşulmaq istədiyimi bildirdim. Hərbi biletimi də onlara təqdim etdim, amma məni aparmadılar. Vaxt uzandı... Oktyabr ayı Bakıya getdim. Bakıda Çağırış məntəqəsində idim, gördüm ki, Biləcəridəki Çağırış Məntəqəsindən bir avtobus çıxır. Lakin qapısı açıqdı, yavaş-yavaş hərəkət edirdi. Mən həmin an avtobusa mindim. Gördüm ki, hamısı cavan oğlanlardı, hətta məndən böyük idilər. Həmin avtobusda bir yer tapıb oturdum. Müəyyən vaxtdan sonra avtobusun hara getdiyini soruşdum. Gəncəyə getdiyini bildirdilər. Hələ sovet  qoşunları Gəncədən çıxmamışdı. Biz Gəncəyə çatdır. Orada bir neçə kazarma boş idi. Orada bizim hərbçilərimiz var idi. Bir-iki gün keçəndən sonra biz də yerləşdirildik. Daha sonra bizi seçməyə gəldilər.

 

Namiq Atayev bizim komandirimiz olub. İndiki dil ilə desək Xüsusi Təyinatlılarda olduq. Bizə orada təlimlər keçirildi. Bakıdan müəllimlər və hərbçilər gətirilmişdi. Onlar xüsusi təlimi keçmək üçün gəlmişdilər. 60 nəfər şəxsi heyət olardı. Onlar fikirləşirdilər ki, ardı gələcək, tanklar yığılacaq və batalyon şəklində olacaq. Beləliklə, 1992-ci ilin oktyabr, noyabr təlimlərində olduq.

Dekabrın axır günləri ayın 25-də bizi vəziyyətlə əlaqədar Ağdama göndərdilər. Ağdamda Əhmədağalı kəndinə gəldik. Biz o istiqamətdə bir neçə döyüşdə olduq. Daha sonra oradan çıxıb Ağcabədiyə getdik. 

 

“Namiq vətəni üçün nə isə etmək istəyirdi...”

 

- Namiq həmin vaxtlar özündə deyildi. O nə isə etmək istəyirdi, lakin alındıra bilmirdi. Bir neçə dəfə Bakıya getdi. Yəqin ki, icazə alıb Kəlbəcərə getmək istəyirdi. Amma, icazə ala bilməmişdi. Bizə harasa getməyə icazə vermirdilər. Komandir çətinliklə icazə aldı ki, biz Kəlbəcərə gedək. Nazirlikdən telestudiyanı partlatmaq tapşırığını aldıq.

 

Namiq nişanlıları, ailəliləri, ailəsində problem olanları kənara çıxartdı. Dedi ki, bizimlə ora gedən geri qayıtmıyacaq. Mən subay oğlan idim. İlk mən çıxdım. Daha sonra ardımca uşaqlardan yığıldı, 10 nəfər düzəldik. Namiqlə birlikdə 11 nəfər olduq. Ağcabədidən hazırlaşdıq, silahlarımızı götürüb, Yevlaxa getdik. Yevlaxa iki helikopter endi. Gələn helikopterlərin biri hərbi, biri mülki idi. Biz hərbçi olduğumuza görə hərbi helikopterə minmək istədik, ancaq Namiq bizi qoymadı. Biz mülki helikopterə mindik və Kəlbəcərə yola düşdük.



O, vəziyyəti yaxşı bilirdi. Həmin vaxt hərbi helikopteri Murovda vurub, salmışdılar. Biz Qılınclı kəndində düşdük. Silah-sursatlarımızı götürdük.

 

Tapşırığımızı bilirdik. Kəlbəcərə gedib, telestudiyanı partlatmalı idik. Ora yaxınlaşanda gördük ki, düşmən tərəfindən tutulub. Komandir dedi ki, ermənilər ora girib, biz arxaya qayıtmalıyıq.

Bizə tapşırıq belə oldu ki, ərazidən çıxaq. Rayonda olanlar varsa, onları da çıxaraq.

Sonra Çaykəndə getdik. Orada atışma oldu. Əsgərlərimizdən bir neçəsi yaralandı. Yaralıları Qamışlıya yola saldıq.

Daha sonra Qılınclıya gəldik. Mən Namiqdən ayrılmadım. Onunla birlikdə hərəkət etdik, istiqamət verdi ki, Murova çıxırıq. Mülki indsanlar çox idi. Həmin vaxt bizim təkidimizlə bir çoxları yola çıxıb hərəkət edirdilər. Gəlib Nadirxanlı kəndinə çatdıq. Ən öndə biz idik. Nadirxanlıda çayın yuxarı tərəfində atışma səsləri gəlirdi.

Üzü yuxarı getdim ki, görüm nələr olur… Bu anda baxdım ki, tank gəlir. Tankın lüləsi biz tərəfə tuşlanıb, üstündə də bir nəfər var. İnsanlar isə tanka tərəf gedirdilər. Tankın üstündəki adam danışmayaraq əli ilə insanları özünə tərəf çağırırdı. Camaat tanka sarı qaçanda onu insanların üzərinə sürdülər. Namiq həmin vaxt yerindən qalxdı. Qışqırdı ki, ermənilərdi. Tanka doğru qaçdı. Bu zaman mən qumbaraatanla tankı nişan alıb vurdum.

Tank sıradan çıxsa da, düşmən bizə tərəf atəş açmaqda davam edirdi. Komandir sinəsini sanki sipər etmişdi. Orada ara qarışdı, tozanaq qalxdı. İnsanların qışqırığı, ağlaşma, atışma səsi biri-birinə qarışdı. Çətinliklə otadan çıxa bildik…
Biz o zaman Kəlbəcərə 11 nəfər getmişdik. Komandirimizdən başqa hamı sağ qaldı.  


P.S. Beləcə, indi həm Namiq Atayevin ailəsi, həm də döyüş dostları onu axtarır.

 

Nəzrin Vahid

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir