Modern.az

Azərbaycanda Ümumdaxili Məhsul 4,3 faiz azalıb - Mikayıl Cabbarov

Azərbaycanda Ümumdaxili Məhsul 4,3 faiz azalıb - Mikayıl Cabbarov

12 Fevral 2021, 11:34

2020-ci il dünya, eləcə də Azərbaycan üçün mürəkkəb çağırışlarla dolu il oldu. Pandemiya səbəbilə bütün ölkələrdə iqtisadi artımın zəifləməsi və mənfi zonaya keçməsi baş verdi.

 

Modern.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” konfransında bildirib.

 

M.Cabbarovun sözlərinə görə, proses Azərbaycandan da yan keçməyib:

 

“Bu baxımdan Azərbaycanda Ümumdaxili Məhsul 4,3 faiz azalıb. Digər tərəfdən, dünya enerji bazarlarında yaranmış vəziyyət, xüsusən də enerji resurslarının ixrac payı yüksək olan ölkələrdə təzyiqlərə səbəb olub. Azərbaycan tərəfinin neft hasilatının azaldılması ilə bağlı öhdəliyi yerinə yetirməsi iqtisadi itkilər hesabına başa gəlib. Hökumət bu iqtisadi itkiləri nəzərə almış, biznes və iqtisadi subyektləri maksimum qorunması alətlərini tətbiq etməklə, iqtisadi tənəzzülə yol verməmişdir”.

 

Nazir qeyd edib ki, bu məqsədlə 2020-ci ildə dövlət başçısının müvafiq sərəncamına əsasən, milli iqtisadiyyata və zərərləri azaltmaq, iş yerlərini müəyyən mənada qorumaq, müvafiq vergi güzəştləri və digər mexanizmlər işə salınıb:

 

“Ötən il ərzində sahibkarlara 158 milyon manat birbaşa, 115 milyon manat həcmində vergi güzəştləri, 170 milyon manata yaxın dövlət zəmanətli kredit ayrılıb, toplam kredit portfeli 250 milyon manatdan çox olub, mövcud kreditlər üzrə 33 milyon manat subsidiya verilib. Bu tədbirlərin nəticəsində pandemiyanın ilkin nəticələri neytrallaşdırılsa da, iqtisadi fəallığın uzunmüddətli daraldılması ciddi itkilər yaradıb. Pandemiyanın nəticələrinin aradan qaldırılması, kiçik və orta biznesin aktiv fəaliyyətinin bərpa olunması əsas hədəflərimizdəndir. Bu isə ölkədə müşahidə edilən epidemioloji vəziyyətlə sıx bağlıdır. Vaksinasiya prosesinin vaxtında və daha geniş əhalini əhatə etməsi bizim üçün çox vacibdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?