Modern.az

Silah bir gün atəş açmalı, qan tökülməli idi

Silah bir gün atəş açmalı, qan tökülməli idi

14 Fevral 2021, 10:23

(əvvəli burada) 

XX əsrin əvvəllərində Türkiyənin şərq ərazilərindən köçürülməkdə olan ermənilər Azərbaycan və Gürcüstan ərazilərində yerli əhali ilə bu və ya digər formada qarşıdurma yaratmaqda maraqlı idilər. Onların köçürülməsi ilə regionda hökm sürən qeyri-sabitliyin, etnik qarşıdurmaların və bir sıra qanlı olayların əsası qoyuldu. “Böyük Ermənistan” ideyası ilə zəhərlənmiş bədnam ermənilər Azərbaycan və Gürcüstanda yerli – azərbaycanlı və gürcü əhalini məhv etmək və onların yaşadıqları torpaqları ələ keçirmək niyyətində idilər. Bu iddia və təşəbbüslər isə o zaman Qafqaz canişinliyinin inzibati mərkəzi olan Tiflis şəhərində məsul vəzifələrdə işləyən ermənilər tərəfindən idarə olunur, hər cür dəstək tapırdılar.

***

Ermənilər “Böyük Ermənistan” dövləti yaratmaq məqsədilə Azərbaycanda qırğın törətdilər. 1905-ci ilin payızında arxasında erməni milli komitələri və bir sıra siyasi cəmiyyətlər dayanan azğın ermənilər Azərbaycanda törətdikləri qırğınlar miqyasında olmasa da, Gürcüstanda da azərbaycanlılara qarşı silahlı toqquşmalar törətdilər. İki millətin silahlı toqquşmasının miqyasının Azərbaycana nisbətən Gürcüstanda məhdud olması bir sıra səbəblərlə bağlı idi. Erməni kəndlərinin əhalisi əvvəlcədən silahlandırılıb təlimatlandırılsa da, onlar azərbaycanlılarla qarşı-qarşıya gəlməyə cürət etmirdilər. Borçalı qəzasındakı tək-tük erməni kəndləri azərbaycanlıların yaşayış məntəqələri ilə əhatə olunduğundan ermənilər məkrli niyyətlərini açıq silahlı hücumlarla həyata keçirməkdən çəkinirdilər. Şulaver, Xaçın, Qoruncuq, Bosleb (Moslef) və başqa kəndlərin əhalisi azərbaycanlılara qarşı qaldırılsa da, qüvvələr nisbəti qətiyyən ermənilərin tərəfində deyildi.

Şahbaz Şamıoğlu “Borçalıda etnik proseslər və millətlərarası münasibətlər” kitabında yazır:

“Borçalının bütün azərbaycanlı obaları erməni qırğınına qarşı hazır vəziyyətdə idi və istənilən anda erməni silahlı qüvvələrini məhv edə bilərdi. Adıçəkilən erməni kəndlərində bunu yaxşı başa düşürdülər. Erməni qadınları və qocaları Borçalının azərbaycanlılar yaşayan kəndlərinə minnətə gəlir, obalarda sözükeçən ağsaqqallara və ağalara borçalıları sakitləşdirməyi xahiş edir və söz verirdilər ki, bundan sonra heç zaman təhrikçilərin sözlərinə baxmayacaqlar. Həmin vaxtlarda, əslində, erməniləri kütləvi qırğından borçalıların alicənablığı və son dərəcədə mürəkkəb bir vəziyyətdə özlərini təmkinli apararaq emosiyalara qapılmamaları xilas etdi”.

Daşnakların millətlərarası qırğın törətmək siyasəti Borçalıda vüsət almadığından erməni millətçiləri bu qarşıdurmanı Tiflis şəhərində yaratmağa nail oldular. Cənubi Qafqazın inzibati mərkəzi olan Tiflisdə saylarını xeyli artırıb mühüm vəzifələrə yiyələnən ermənilər artıq XX əsrin əvvəllərindən etibarən açıq şəkildə torpaq iddiaları irəli sürməyə və öz məkrli niyyətlərinə çatmaq üçün min illər boyu öz dədə-baba yurdlarında yaşayan yeni qonşularına–azərbaycanlılara və gürcülərə qarşı qətliamlar törətməyə başladılar. Tiflis əhalisi də bu faciədən yaxa qurtara bilmədi. Tiflisin azərbaycanlı əhalisi say tərkibinə görə azlıq təşkil edirdi. Odur ki, azərbaycanlılar və ermənilər arasında olan toqquşmalar adamları ciddi narahat edirdi.

1905-ci il oktyabrın 20-də ermənilər və müsəlmanlar arasında silahlı toqquşma baş verdi. Günorta vaxtı Tiflis şəhərində Qalovinskdəki “Nors” və Nikolayevski körpüsündəki “Ter-Sarkisov” erməni bazarındakı ləzgilərin silah mağazaları talan edildi, axşam saat 9-da 3 nəfərin faytonla erməni məhəlləsi tərəfdən gələrək “Şeytan bazarı”ndakı türklərin (azərbaycanlıların) “Roza” gül mağazası önündən keçərkən havaya açdıqları 5-10 atəş səsi toqquşmaya gətirib çıxardı. Həmin gün türklər erməniləri, ermənilər də türkləri güllə yağışına tutdular. Günlər ötdükcə proses daha da dərinləşirdi. Hökumətin yarıtmaz siyasəti nəticəsində çoxlu sayda türk qətlə yetirildi. Azərbaycanlılardan ibarət özünümüdafiə dəstələrinin olmaması da qırğınların artmasına gətirib çıxardı.

Azərbaycan yazıçısı Məmməd Səid Ordubadi “Qanlı illər” adlı sənədli əsərində bu barədə yazırdı:

“Tiflisdə camaat arasında da erməni-müsəlmanvuruşması xəbəri yayılmaqda idi. Biçarə müsəlman tayfası Tiflisdə çox az və gücsüz olduqlarından son dərəcə pərişan və heyrətdə qalmışdılar. O zamanlar Tiflisdə müsəlmanların ticarət işləri olduqca tənəzzülə uğrayıb pis bir vəziyyət kəsb etmişdir.
Göründüyü kimi, erməni millətçiləri münaqişəni süni yolla Tiflisə gətirməklə burada sayca az və iqtisadi cəhətdən zəif, pis təmin olunan və heç bir siyasi dəstəyə malik olmayan azərbaycanlılara divan tutmaq niyyəftində idilər. Nəhayət ki, ermənilərin cidd-cəhdlə yaratmağa çalışdıqları qırğın baş tutdu”.

Ömər Faiq Nemanzadə isə özü gördüyü erməni vəhşiliyini qələmə alaraq yazırdı:

“Tiflisin Voronsov körpüsündən keçən türk hamballarını (iranlı həmşəriləri) erməni silahlıları sürüyüb körpünün kənarına gətirir və buradan çaya tullayırdılar. Reskavoronsov məhəllələrindəki mazutlarda işləyən azərbaycanlı fəhlələri gizləndikləri yerdən çıxarıb xəncərlə yaralaya-yaralaya Kür çayının kənarındakı dəyirmanların hündür yerinə gətirir və oradan aşağıya tullayırdılar. Suya atılan biçarələr boğulmamaq üçün var gücü ilə çalışır, kənara doğru yaxınlaşır, lakin kənardakı erməni daşnaklarının onlara yağdırdıqları güllələrlə yaralanır, təkrar suya batırdılar. Bir az sonra isə çıxıb əl-ayaq çarpır, üzməyə çalışırdılar. Lakin yenə güllə yağışına tutularaq batır və axırda görünməz olurdular. Kür çayı sularının qanlı dalğaları arasında qarışıb axaraq gedən cansız, hərəkətsiz türk-müsəlman meyitləri görünürdü”.

Mir Möhsün Nəvvab da həmin dövrdə baş vermiş hadisələri “1905 – 1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərində işıqlandırıb:

“Oktyabr ayında Tiflis şəhərində bayram münasibətilə camaat küçələrə gəzintiyə çıxmışdı. Camaat kilsənin yanına çatanda birdən evlərin pəncərələrindən güllələr yağmağa başladı. Neçə adam bunun nəticəsində öldü və yaralandı. Camaat erməni “Listok” qəzetxanasının yanına çatanda qəzetxananın otağından camaatın içərisinə bir bomba atdılar. Bundan başqa, gimnaziya tərəfdən də bir bomba atıldı. Camaat “Sobraniye” binasının yanından keçəndə bir bomba da oradan atdılar. Bu zaman üç rota rus qoşun dəstələri gəldi və başladı camaatla atışmağa. Bomba atılan evləri gülləbaran etdilər. Nəticədə otuz beş nəfər həlak oldu, on beş nəfər yaralandı. Bu hadisədən sonra Tiflis şəhərində yenidən dalbadal baş vermiş atışmalar zamanı otuz dörd nəfər həlak oldu, səksən bir nəfər yaralandı.

Dekabr ayında (indiki təqvimlə noyabr) erməni tayfası yenə dinc dura bilməyib hazırlıq gördükdən sonra qəflətən müsəlmanların üstünə hücum çəkdilər. Müsəlmanların bu hücumdan xəbərləri olmadığından ermənilərə layiqlicavab vermək üçün yanlarında silah və sursat yox idi. Əhvalatdan xəbərdar olan gürcülər tüfəng və patronla müsəlmanlara kömək etdilər. Müsəlmanlar tanınmış bir şəxsin imarətinə girərək evi özləri üçün səngərə çevirdilər və ermənilərlə atışmağa başladılar. Müsəlmanlar iki gecə-gündüz ermənilərlə atışdılar. Tiflisdə baş verən bu əhvalatdan ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər”.

Mir Möhsün Nəvvabın kitabında maraqlı bir məqam var. Bu, gürcülərin müsəlmanlara tüfəng və patronla kömək etməsidir. Ermənilər müsəlmanlara hücum etdiyi bir vaxtda gürcülərə qarşı da bəd əməllərini həyata keçirirdilər. Noyabrın 21-də erməni-gürcü toqquşması baş verdi. Həmin gün erməni daşnakları hücum edərək Tiflisdə gürcüləri öldürüb şəhərin 4 məhəlləsini boşaltdılar ki, burada ermənilər yaşayacaqlar. Bu hadisədən bir gün sonra rusca-fransızca “Tiflisdə erməni qırğını” məqalələri çap olundu.

Bu vəhşiliyi, vandalizmi və saxtakarlığı görən, eşidən gürcü ziyalıları, xüsusilə İlya Çavçavadze yazırdı:

“Erməni cəlladları bizim fiziki və mənəvi varlığımızı məhv edərək yerimizdə öz xoşbəxt həyatlarını qurmaq istəyirlər. Bizə isə qazılmış qəbir yeri göstərirlər. Dəqiq bilməliyik başımıza haradan daş tökülür, qara qarğa harada qarıldayır. Bu zalım, daşqəlbli cəlladları, təlxəkləri, hoqqabazları yerində oturtmalıyıq, artıq ayağa qalxıb ciddi şəkildə əks-tədbir görməliyik”.

Mir Möhsün Nəvvabın kitabında maraqlı digər məqam isə borçalıların Tiflisə, həmvətənlərinə köməyə gəlməsidir. Tiflisdə erməni-müsəlman qırğınları başlananda Borçalı əhalisi Tiflisdə azlıq təşkil edən və hər cür silahlarla təmin olunmuş sayca çox ermənilərin önündə əslində köməksiz və pis vəziyyətdə qalan həmvətənlilərinin yardımına qalxdılar. Tiflisdə Vorontsov küçəsindəki 47 nömrəli binada yaşayan əslən Borçalıdan olan zabit Hüseyn bəy Yadigarovun evi həmin günlərdə, bir növ, hərbi ştaba çevrildi. Mənzilə toplaşan zabitlər, bəylər, ağalar, Şeytanbazar qoçuları və b. bu məsul anlarda hərəkət planları cızır, ermənilərin atəş nöqtələrini susdurmaq üçün tədbirlər tökür, azərbaycanlı silahlılarını yerbəyer edirdilər.

Həmin günlərin canlı şahidi olmuş Ömər Faiq Nemanzadə yazır ki, güclü silahlanmış ermənilərdən qorunmaq üçün Tiflis türkləri açıq surətdə Borçalıdan atlı dəstələr, köməkçilər çağırmışdılar.

Mir Möhsün Nəvvab “1905 – 1906-cı illərdə erməni-müsəlman davası” adlı əsərində bu barədə yazırdı:

“Tiflisdə baş verən hadisələrdən ətraf müsəlman kəndlərinin camaatı xəbərdar olan kimi min atlı cəm olub müsəlmanların köməyinə gəldilər. Namestnik (general-qubernator) 43 kənddən gələn köməkdən xəbərdar olub əmr verdi ki, atla şəhərə girmək qadağan olunsun. Odur ki, müsəlmanlar şəhərin ətrafındanatlarını geri – kəndlərə qaytararaq özləri piyada Tiflis şəhərinə daxil oldular”.

Borçalıdan gələn dəstələr “Botaniçeski sad”ın şəhər tərəfindəki bürcləri –divarlarında səngər qurublar. O yüksək yerlərdən erməni məhəllələrini, «sulalak»ı, hətta namestnik (general-qubernator) Voronsov- Daşkov sarayı yaxınlığındakı “Yerevanski” meydanını da gülləyə basırdılar… Deyəsən, o günlərdə Tiflisdə nə hökumət, nə əsgər və polis vardı”.

Borçalıların salavat və nərə çəkərək ermənilərin üzərinə hücumü düşməni qorxuya saldı və vuruşmalarda çoxlu erməni qırıldı. Qalanları isə qaçıb aradan çıxdı. Tiflis qırğınlarında erməni tərəfi daha çox itkiyə məruz qaldı.

Ö.F.Nemanzadə qırğının iki həftəyə yaxın,  M.S.Ordubadi isə noyabrın 20-dən 29-dək davam etdiyini yazır.

M.S.Ordubadi “Qanlı illər” adlı əsərində millətlərarası toqquşmaya və qan tökülməsinə gətirib çıxaran dörd səbəbi göstərir:

Bu, ilk növbədə, “Daşnaksütyun”un Qafqazda oynadığı “qanlı teatr”dır; ikincisi, yerli hakimiyyətin nümayəndələrinin soyuqqanlığı və fəaliyyətsizliyidir; üçüncüsü, azərbaycanlıların sadəlövhlüyü və səriştəsizliyidir, onlar erməni hiylə və fitnəkarlığını vaxtında başa düşməmişdilər, habelə silahlanmamışdılar; dördüncüsü, Moskvanın, Londonun və Parisin fəal köməyi ilə ermənilərin “Böyük Ermənistan” yaratmaq məqsədilə muxtariyyətə can atmasıdır.

Azərbaycanın görkəmli yazıçısı tamamilə haqlı idi. Millətlərarası silahlı toqquşmalar zamanı dövlət orqanlarının seyrçi, etinasız münasibətləri münaqişənin daha çox dərinləşməsinə, qarşılıqlı düşmənçilik hisslərinin alovlanmasına, çoxlu qurbanlar verilməsinə gətirib çıxartdı. Əslində, Rusiyanın hakim dairələri 1905 – 1906-cı illər erməni-müsəlman iğtişaşlarından öz məqsədləri üçün istifadə etməklə ikili oyun oynayırdılar. Çar məmurları Qafqazda güclənən narazılıq dalğasının hökumət əleyhinə yönələcəyindən qorxduqlarından ermənilərin müsəlmanların yaşadığı ərazilərdə törətdikləri qırğınlara biganə qalır, bəzi hallarda isə onların tərəfini saxlamaqla hər iki tərəfin gücünü etnik toqquşmalara sərf etməsinə nail olurdu.

 Hökumət milli zəmində toqquşmalara olduqca gec müdaxilə etdi. Bu da onu göstərir ki, erməni-azərbaycanlı münaqişəsi hökumətin daxili siyasətinə rəğmən törədilib.


V.Staroselski “Qafqaz dramı” məqaləsində yazır: “Hökumət tərəfindən fitnəkarlığa yol verilmişdirmi? Belə hallarda çox vacib olan ictimai rəy sübut edir ki, fitnəkarlıq olmuşdur”.  

V.Staroselski milli münaqişələr zamanı hökumətin ləng və səbatsız davranışına görə belə qənaətə gəlir ki, qırğınlar bilavasitə çarizmin yeritdiyi siyasətin nəticəsidir.

Qeyd edək ki, erməni-azərbaycanlı silahlı qarşıdurmasını yatırmaq üçün hökumət komissiyası yaradıldı. 1906-cı il fevralın 20-də Tiflisdə erməni-azərbaycanlı sülh danışıqları baş tutdu. Tiflis sülh danışıqlarının prinsipial əhəmiyyəti olmasa da, hər halda, Qafqazın digər bölgələrində olduğu kimi, Borçalıda da həyat yavaş-yavaş öz axarına düşür, milli zəmindəki toqquşmalar getdikcə seyrəlir, əmin-amanlıq bərpa olunurdu. 1909-cu ilin oktyabrından Borçalıda yerli türklərin də idarəçilikdə iştirakını nəzərdə tutan islahat keçirildi. Qəza üzrə 6 zemstvo idarəsi təşkil edildi. Burada 46 nümayəndə təmsil olunmuşdu. 5 iyun 1912-ci ildə Qafqaz canişininin əmri ilə Borçalıda hərbi vəziyyət ləğv olundu.

Ümumiyyətlə, 1905-ci ilin payızındakı qarşıdurmalar sonrakı illərdə Borçalıda milli münasibətlərin hər an kəskinləşərək yenidən düşmənçilik həddinə gəlib çatması, döyüşlərin, qırğınların başlanması üçün əlverişli zəmin yaratmışdı. 1905 – 1906-cı illər hadisələrindən sonra da ermənilər sürətlə silahlandı və yalnız 1909-cu ildə silah alınmasına 60.000 frank (o dövr üçün böyük məbləğ idi) xərclədilər.

“Daşnaksütyun” partiyası terrordan nəinki əl çəkdi, hətta daşnaklar imperator II Nikolayın və baş nazir P.A.Stolıpinin qətlinə hökm də verdilər. Düzdür, onlar bu niyyətlərini həyata keçirə bilmədilər, lakin bu faktlar Rusiya imperiyası və ermənilik arasında olan uçurumu göstərirdi. Milli fonda da gərginlik artırdı. 1915 – 20-ci illərdə Borçalıda milli münasibətlər xeyli dərəcədə pisləşdi, xüsusən də 1918- ci ildə Zaqafqaziyada müstəqil milli dövlətlər qurulan zaman milli zəmindəki gərginliklər açıq döyüşlərə, qanlı müharibəyə gətirib çıxardı. Bundan əvvəl isə ermənilər daha bir məkrli plan həyata keçirməyə cəhd etdilər.


Pünhan Əfəndiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir