Modern.az

Allahın sınağa çəkdiyi uşaqlar…

Allahın sınağa çəkdiyi uşaqlar…

Reportaj

1 Fevral 2010, 11:18

3 saylı İnternat Evindən reportaj

Bura İnternat Evidir. Bu evin sakinləri adi uşaqlar deyil. Allahın sınağa çəkdikləri, kəm-kəsirini bol edib verdiyi ömrü yaşamaq məcburiyyətində olanlardır. Qüsurla dünyaya gələn uşaqlarını pul verib öldürtdürən valideynlər də var. Ancaq burdakılar qəlbində «Allah xofu olan valideynlər»in, Allah mərhəmətindən son ümidini kəsməyənlərin, ya da öldürməyə cəsarət etməyib sadəcə imtina etmək zorunda qalanların övlad payıdır. Söhbət 3 saylı İnternat Evində yaşayan əqli və fiziki cəhətdən qüsurlu uşaqlardan gedir. Tale bu uşaqlara bir bədbəxtlik bəxş edib. Elə bir bədbəxtlik ki, onları əbədəlik internatda böyüməyə məhkum edib.

140 qüsurlu uşaq...

Azərbaycan Resrublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən 3 saylı İnternat Evində nitqi problemli, zəif eşidən, gözdən əlil və fiziki cəhətdən qüsurlu 8 yaşından 18 yaşadək 140 uşaq və yeniyetmə yaşayır. Onlar 18 yaşına çatandan sonra nazirliyin göstərişilə yaşamlarını davam etdirmək üçün böyüklər üçün olan digər internata göndərilirlər. 3 saylı İnternat Evinin direktoru Qətibə Əsədova deyir ki, Heydər Əliyev Fondu tərfindən təmir edilən bu müəssisədə uşaqlar üçün hər cür şərait yaradılıb: “2008-ci ildə 155 uşaq var idi, hazırda 140 nəfərdi. Onlar da 9 qrupda cəmləşib. Bura 200 uşaq yerləşdirmək mümkündür”. Müəssisədə 47 yataq otağı, 47 zal, musiqi və  yemək otağı, reabilitasiya mərkəzi, idman kompleksi var. İnternatın növbəli iş rejimində çalışan 95 işçisi var: “Hər gün uşaqlar yuyundurulur, xəstəlik kağızlarına müvafiq olaraq onlara tibbi xidmət göstərilir. Şənbə və bazar günü uşaqlar valideynləri ilə görüşür. Bəzən valideyinlər uşaqlarını aparır, sonra qaytarırlar. Bu uşaqlar xəstə olduqlarına görə onlara baxmaq çox çətindir. Amma çox şərəflidir. Onlara öyrəşəndən sonra ayrılmaq olmur”. Q.Əsədova deyir ki, 2004-cü ildə qüsurlu uşaqların təhsilə cəlb olunması ilə qanun qəbul edilib. Bu qanuna uyğun olaraq normativ sənədlər, xüsusi təhsil müəssisələri haqqında əsasnamə hazırlanıb. Direktorun bildirdiyinə görə, 3 saylı İnternat Evində yaşayan uşaqların da bir qismi təhsilə cəlb olunub: “Yaxınlıqda 124 nömrəli məktəb var. Həmin məktəbdən müəllimlər bura gəlir, uşaqlara təhsil verir. Uşaqları yaşlarına müvafiq olaraq 4 qrupa ayırmışıq. Bu il 37 uşaq təhsil alır”.

Onlar da ailə qura bilirlər...

Direktorun sözlərinə görə, internatda yaşayan uşaqlara əlillik dərəcəsi verilib: “Əlil olmalarına baxmayaraq onların  içərisində bacarıq və istedadı olanlar da var. Şeir yazır, mahnı oxuyur, rəsm çəkirlər”.  Qətibə xanım deyir ki, xəstə olmasına baxmayaraq internatda böyüyən yeniyetmələrin ailə həyatı qurmaq imkanları da var: “Keçən ilin may ayında burda Müzəyya adlı qızımızı Saraq qəsəbəsindəki 7 saylı İnternat Evində yaşayan oğlanla evləndirdik. Çoxlu da cehiz verdik. Onlara ev də verildi, indi xoşbəxt yaşayırlar”. Taleyinə bədbəxtlik yazılan uşaqların dedikləri

Qüsurlu uşaqların yaşadığı otaqlara biz də baş çəkdik. Otaqlardan birində 12 azyaşlı uşaq vardı. Onların bəzisi danışa bilmirdi. Balaca Həsrət kimi... O, danışa bilmir, amma gözlərindəki baxışla sanki taleyinə üsyan edirdi. Həsrət bizə nağara çalmaqla öz bacarığını göstərdi. Tərbiyəçi Nərminə Kamilqızı bu uşaqlara baxmaqdan qürur duyduğunu deyir: “Onların hər birində istedad var. Biz çalışırıq xəstə uşaqların bacarıqlarını inkişaf elətdirək”. 8 yaşlı Fatimə anasından ötrü çox darıxdığını dedi. Ana nəvazişindən  məhrum olan bu qızcığaz otağın küncündə qısılıb oturmuşdu.  Gözlərini bir nöqtəyə dikib, həyata küskün baxışları ilə kim bilir qəlbindən nələr küçirirdi. Şəhla da bədbəxt taleyi olanlardandır. Kiçik yaşlarından valideynlərini itirən bu qız əmisinin himayəsində qalıb. Ancaq  xəstə olması onu bu qayğıdan da məhrum edib: “6-cı sinfə kimi məktəbə getdim. Tez-tez  “sudurğa” keçirirdim. Ona görə əmim məni bura gətirdi”. İndi Şəhla böyük ümidlərlə yaşayır. O, şeir yaza, oxuya bilir. Bütün şeirlərində ana sevgisinin nə qədər ülvi bir hiss olduğunu demək istəyir. Kiçicik təbəssümlə bu iki misranı da bizə söylədi:  “Balam durduğu yerdə, boynunu burduğu yerdə. Namərd əlin qurusun, balamı vurduğun yerdə”.  Aynurə Ələsgərovanın 17 yaşı var. O, danışa bilmir. Ancaq əl işləri göz oxşayırdı.  Digər otaqda 19 oğlan uşağı vardı. Bu uşaqların əksəriyyəti danışa bilmir, bəziləri isə əlil arabasına məhkumdur. Ancaq onlar da böyük ümidlərlə yaşayır. 18 yaşlı Pərviz Orucov hələ də valideyinlərinin yolunu gözləyir: “Atam söz verib ki, 30 yaşım olanda gəlib məni burdan aparacaq”. Muxtar da həmçinin: “Bircə istəyim valideyinlərimi tapıb, onların yanına getməkdir”.  Tərbiyəçi Dürdanə Eldarova deyir ki, bu uşaqların bəzilərinin valideyni həftədə bir dəfə onları evə aparır: “Elə valideyn var özü də xəstədir. Əlil uşağa baxmaq ona daha da çətin olur. Ona görə məcbur olub bura gətiriblər”.

Çörək evi və ferma

Bu uşaqların sevimli yeri İnternat Evinin həyətindəki çörək evi və fermadır. Onların demək olar ki, vaxtlarının çoxu burada keçirir. Çörək evində qızlar xəmir yoğurur, özləri üçün çörək bişirirlər. Oğlanlar isə fermada inək, qoyun-quzu, toyuq-cücə, ördək, dovşan və digər heyvanlara baxırlar. Tərbiyəçi Lətafət Əliyeva deyir ki, hər səhər qızlar çörək evində olur: “Burada onlara çörək və müxtəlif cür şirniyyatları bişirməyi öyrədirik. Özləri bişirdiklərini, özləri də yeyirlər. Bu onların öz əl əməkləridir”. 16 yaşlı Nərmin bu bacarığından qürurla danışdı: “Xəmir qatmağı indi öyrənirəm. Amma yuxa yaymağı bilirəm. Çörəklərə naxış vururuq, kökələr bişiririk”.

Müəssisənin aşbazı Nahidə xanım uşaqlara gündə 3 dəfə yemək verildiyini deyir: “Bununla yanaşı onlar qəlyanaltı da edirlər. Uşaqlar çörəyi bişirib, mətbəxə təhvil verirlər. Yemək sarıdan problem olmur.  Dövlət tərəfindən onlar çox gözəl qidalandırılırlar. Mehriban xanım Əliyeva bu uşaq evinə çox böyük diqqət göstərir”.

Uşaqlarla söhbət zamanı məlum olur ki, onların hər biri sevdiyi heyvana qulluq edir. Pərvin dovşanları çox sevdiyini deyir: “Onlara kələm verirəm yeyirlər. Gündə 3-4 saat dovşanların yanında oluram”. Şahin isə inəklərə qulluq göstərməkdən zövq aldığını deyir: “İnəkləri çox sevirəm. Onlara necə qulluq etməyi öyrənmişik. Həm də toyuq-cücə saxlayıram. Onlara baxmaq daha asandır”.

Ferma işçisi Mayıs uşaqları sevindirmək üçün əlinən gələni əsirgəmədiyini deyir: “Onlar boş vaxtlarında əlavə işlə məşğul olmaları üçün həyətyani sahəni əkib-becərir, heyvan saxlayırlar. Bu uşaqlar hər gün yeni bir şey öyrənəndə gözləri gülür”. Direktor Qətibə Əsədova gələcəkdə uşaqlar üçün daha da əlverişli şərait yaradacaqlarını deyir: “Hazırda 2 hektardan artıq həyatyanı sahəmiz var. Burada parnik düzəltmək fikrimiz var. Biz çalışırıq uşaqlara sevgi verək”.

İnternetda yaşayan uşaqların siması qəmli-kədərlidir. Onların da qayğıya, sevgiyə ehtiyacları var, həm də çox...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Günay MUSAYEVA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi