Modern.az

Həsən bəy Zərdabinin Mirzə Fətəli Axundzadəyə NƏSİHƏTİ

Həsən bəy Zərdabinin Mirzə Fətəli Axundzadəyə NƏSİHƏTİ

16 Fevral 2021, 14:25

Sirr deyil ki, ömrünün son illərində Mirzə Fətəli Axundzadə tez-tez depressiyaya düşürdü və bu da tamamilə anlaşılan idi. Çünki bütün çabalarına rəğmən, o, həyatının iki əsas amalını heç cür gerçəkləşdirə bimirdi. Söhbət müsəlman əlifbasının yenilənməsindən və yaradıcılığının şah əsəri olan “Kəmalüddövlə məktubları”nın nəşrindən gedir. “Kəmalüddövlə məktubları” heç şübhəsiz ki, o dönəmdə müsəlman dünyasında islama qarşı yazılmış ən cəsarətli və möhtəşəm əsər idi.

Bu baxımdan tamamilə təbiidir ki, ömrünün sonunda Axundzadə tez-tez qocalıqdan şikayətlənir, hətta bəzən özünə ölüm də arzulayırdı. Dostu və əlifba islahatı uğrunda mübarizədə ən yaxın silahdaşı olan Mirzə Melkum xana ünvanladığı 1870-ci il 27 dekabr tarixli məktubunda Axundzadə yazırdı:

“Səbr etmək lazım gəlir ki, əcəl gəlib çatsın, bu dünyanı tərk edək və bədbəxt xalqımızın tamamilə ölüb ortadan getməsini heç olmazsa, öz gözümüzlə görmüyək!”.

Digər bir dostu, İranın Tiflisdəki sabiq baş konsulu Əli xana ünvanladığı 1872-ci il 22 sentyabr tarixli məktubunda Axundzadə kədərlə bildirirdi ki, “ömrümdən bir şey qalmamışdır, müasirlərimin qanacaqsızlığndan təngə gəlmişəm və taqətdən düşmüşəm”.

Lakin düşünürük ki, Həsən bəy Zərdabinin məktubu Axundzadənin o zamankı mənəvi-psixoloji durumunu daha dəqiq səciyyələndirir. Məktubun məzmundan belə anlaşılır ki, yeni komediya və məqalələr yazmaq xahişi ilə Axundzadəyə müraciət edən H.Zərdabi ondan rədd cavabı alıb. Bu səbəbdən də, 1873-cü il iyunun 7-də Axundzadəyə ünvanladığı məktubunda Həsən bəy açıq-aşkar sezilən tənə ilə yazırdı:

“Məktubunuzu və göndərdiyiniz bağlamanı aldım. Yazırsınız ki, yaşınız keçmiş, daha yeni bir şey yazmaq iqtidarında deyilsiniz; çox təəssüf. Boynuma alım ki, təəccüb eləyirəm, nədən başqaları yaşa dolduqca daha da təcrübələri artır, əsərləri daha ciddi olur; siz isə etiraf edirsiniz ki, əksinə, heç əlinizə qələm ala bilmirsiniz. Nə isə ixtiyar sahibisiniz, görünür dincəlmək istəyirsiniz. Allah rahatlıq versin, ancaq elə fikirləşməyin ki, xalqın maariflənməsi bir məqalə ya pyeslə düzələsi şeydir. Xeyr, burada görüləsi iş çox-çoxdur! Bu yolda külüng vura biləcək onlarla adamın həyatı və əməyi də bu iş üçün azdır. Bəlkə sizi belə bir şey düşündürür ki, nə üçün başqa birisi deyil, məhz siz, özü də müftə, bir quru “sağ ol” eşitməyə belə ümidiniz olmadan, bu yolda zəhmət çəkəsiniz. Onda mən məcburam deyəm ki, xalqa, sənə doğma olan xalqa məhəbbətdən, avamların maariflənməsindən söhbət gedən yerdə bu sual ortaya gəlməməlidir. Xalqın, həm də geridə qalmış avam xalqın, sənin və mənim qardaşımın maariflənməsi işinə özünü həsr edən bir adamı belə bir fikir yoldan qoymamalıdır. O, mükafatını öz-özünə, işini görə-görə vicdanı qarşısında duyacaqdır. Mənim bu sözlərimə məzəmmət kimi baxmayın, xahiş edirəm, belə şeydə məzəmmət ola bilməz, yeri gəldi, ona görə dedim”.

Çox güman ki, bütün yetkin həyatını doğma xalqının maariflənməsi uğrunda mücadiləyə həsr etmiş Axundzadəyə, nəsihətverici tonda yazılmış belə bir məktubu oxumaq xoş deyildi. Xüsusən də ona görə ki, həmin vaxt Axundzadə yaşda H.Zərdabidən iki dəfə böyük idi. Lakin eyni zamanda, bu məktub Axundzadənin səylərinin hədər getmədiyinin, onun maarifçilik sahəsinə səpdiyi toxumların artıq cücərməyə başladığının təsdiqi idi. Belə ki, H.Zərdabi Azərbaycan aydınlarının yeni nəslinin ən parlaq təmsilçilərindən biri idi və onların tarix səhnəsinə çıxmasında Axundzadənin də əməyi az olmamışdı. Bu, Axundzadənin qaldırdığı xalqın maariflənməsi uğrunda mücadilə bayrağının etibarlı əllərdə olmasının göstəricisi idi. Hər halda, H.Zərdabi son nəfəsinədək yuxarıdakı məktubunda bəyan etdiyi prinsiplərə sadiq qaldı və müəyyən mənada, Axundzadənin taleyini təkrarlamış oldu.


Təsadüfi deyil ki, 1907-ci il noyabrın 30-da H.Zərdabinin dəfni ilə əlaqədar keçirilən matəm mitinqində çıxış edən Ə.Ağaoğl, onun millət qarşısındakı xidmətlərindən bəhs edərək demişdi:

“Tam 50 il bundan əvvəl, yəni o vaxtlar ki, Qafqaz dairəsində elm və fənn nə olduğuna etina belə olunmuyordu, Həsən bəy mərhum Moskva şəhərinə gedib orada Darülfünunda təhsil etməyə bəzli-himmət etmiş, sonra öz vilayəti olan Badikubəyə mühacirət etmişdi. Badikubəyə qayıdıb da bu mərhum nəyə məşğul olmuş? Yerlər qəsb etməyə? Dövlət qazanmağa? İsmi-rəsm, şöhrət və pul qazanmağa? Xeyr! Xeyr! Müəllimlik edib öz həmcinsi və qövmü olan taifəni düçar olduğu cəhalətdən, zülmətdən xilas etməyə!.
Bu təmannasız xidmətin müqabilində isə Ə.Ağaoğlunun vurğuladığı kimi, biz rişxənd və məzəmmətlə Həsən bəyin “kaslb və yoxsul olduğunu bildirirdik. Ağzını açıb danışanda biz ona deyirdik: Kəs səsini! Danışma! Sən kasıbsan! Sən fəqirsən! Yəni biz ona tənə edirdik ki, vaxtını pul qazanmağa sərf etmək əvəzinə bizə, biz millətə müftə qulluq etməyə sərf edirdi. Lakin bu mücahid, bu millətpərəst bizim heç bir cövrü cəfamızdan geri durmayıb öz tutduğu yolunda qəribə bir səbat ilə davam edib milləti ayıltmaq işi ilə, taifəsinə xidmət etmək üçün cümlə səyi-bəzl edirdi!”.

Hərçənd, H.Zərdabinin “nəsihətlər”i olmadan da Axundzadə bütün bu həqiqətləri gözəl anlayırdı. Təəccüblü deyil ki, o, öz gənc məsləkdaşının bu məktubundan nəinki incimədi, əksinə, sonradan Həsən bəylə daha yaxından təmas quraraq, onun bütün təşəbbüslərini, o cümlədən “Əkinçi” qəzetini təsis etmək ideyasını dəstəklədi.


Aydın Balayev,
tarixçi

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir