Modern.az

Ukrayna, Litva, Moldova deputatları azad edilmiş ərazilərimizə gələ bilərlər? - Dostluq qruplarından CAVAB

Ukrayna, Litva, Moldova deputatları azad edilmiş ərazilərimizə gələ bilərlər? - Dostluq qruplarından CAVAB

Parlament

19 Fevral 2021, 15:58

Azərbaycan 30 illik fasilədən sonra 44 günlük müharibə nəticəsində işğal olunmuş torpaqlarını azad etdi. Bu müharibənin yekununda həm də erməni vəhşiliyi bütün dünyaya əyan oldu.
Azad olunmuş rayon və kəndlərdə hökm sürən dəhşətli mənzərə Ermənistanın nə qədər barbar dövlət olduğunu sübut etdi.
Torpaqlarımız azad edildikdən sonra bir sıra ölkələrdən olan  diplomatlar, səfirlər, beynəlxalq təşkilatların nümayəndələri həmin bölgələrə gedib erməni vəhşiliyini öz gözləri ilə gördülər.

Bu cür səfərlərin ardı olacaqmı?

Modern.az mövzu ilə bağlı Milli Məclisin Ukrayna, Litva, Moldova parlamentlərarası dostluq qruplarının üzvlərinə müraciət edib.


Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun üzvü Elman Nəsirov
deyib ki, Ukrayna dostluq qrupu ilə bir neçə dəfə onlayn görüş olub.


"Hər görüş təxmini olaraq iki saat çəkir və müxtəlif məsələlər müzakirə olunur. Ukrayna Azərbaycanla əməkdaşlığı daha da genişləndirmək istədiyini hər zaman vurğulayır. Biz onlayn qayda təmaslar qurmağa məcburuq, çox arzulayırıq ki, yaxın zamanlarda canlı təmaslarımız olsun və istisna deyil ki, vaksinasiya prosesində uğur qazandıqdan sonra Ukrayna heyəti Azərbaycana gələcək. Videoformat görüşləri zamanı özləri bu ehtimalı bildiriblər və istəyirlər ki, bütün məsələləri üz-üzə danışsınlar. Ukraynada pandemiya çox geniş vüsət alıb, bu səbəbdən hələ ki səfər edə bilmirlər. Səfərə mane olan yeganə faktor pandemiyadır. Pandemiya bitdikdən sonra Ukrayna nümayəndə heyətinin səfəri mütləq olacaq".


Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun rəhbəri Nəsib Məhəməliyev
deyib ki, Litvadan səfərlə bağlı bir təklif gəlməyib, çünki Litva parlamenti yeni formalaşıb və mart ayının 10-da fəaliyyətə başlayacaq:

"Litvanın əvvəlki parlamentinin tərkibi ilə bizim sistematik əlaqəmiz var. Hazırda orada yeni tərkib formalaşıb və biz razılıq əldə etmişik, onlayn formatda görüş keçiriləcək. Bu görüş tanışlıq məqsədi daşıyır. Bizim üçün çox önəmli olan Xocalı soyqırımı ərəfəsində belə bir görüşü təşkil etməkdir ki, onları bir daha məlumatlandıraq və gələcək əməkdaşlıq prioritetlərimizi müəyyənləşsin. Yaxın günlərdə Azərbaycan-Litva parlamentlərarası dostluq qrupunun onlayn formatda görüşü keçiriləcək. Pandemiya bitdikdən sonra isə qarşlıqlı səfərlərin olması gözlənilir".


Azərbaycan-Moldova parlamentlərarası dostluq qrupunun üzvü Eldar İbrahimov:

"Moldovada növbədənkənar parlament seçkiləri keçirilməsi müzakirə olunur, başları qarışıq olduğuna görə bizimlə hər hansı  görüş hələ ki mümkün deyil, bu barədə təşəbbüs də olmayıb".


Mehri QURBAN

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!