Modern.az

İTBAŞI (16-cı bölüm)

İTBAŞI (16-cı bölüm)

21 Fevral 2021, 10:38

Mahir Qabiloğlunun romanı 

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 6-cı bölümünün LİNKİ)

("İTBAŞI"nın 7-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 8-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 9-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 10-cu bölümünün LİNKİ)

("İTBAŞI"nın 11-ci bölümünün LİNKİ) 
("İTBAŞI"nın 12-ci bölümünün LİNKİ)

 ("İTBAŞI"nın 13-cü bölümünün LİNKİ)

("İTBAŞI"nın 14-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 15-ci bölümünün LİNKİ) 

 

Qüdrət Şahın sarayı. Hökmdar taxtında oturub. Keçmiş əyanlar, valilər qarşısında düzülüblər. Otaqda sükut hökm sürür. Birdən Qüdrət Şah qeyzlə taxtından ayağa durur:

– Bu nədir, Hətəm? Bunlar niyə hüzurumda ayaq üstə dayanıblar? Şahın qarşısında olduqlarını unudublarmı? Ya məni qılıncsız görüb qorxmurlar? Amma unutmasınlar ki, fərraşlarımın qılıncı, üstəlik gülünc şalbanları da var. Yadlarından çıxıb deyəsən alınları söyüşlə dağlanmaqdan, göyvərən olmaqdan qorxaraq üstümə qaçıb kömək diləməkləri. Mən qorudum e sizi, mən. Mən olmasaydım, ailələriniz qarışıq ibnəyə çevrilmişdiniz.

“İbnə” sözünü eşidən əyanlar diz çöküb başlarını aşağı salırlar.

– Günah məndədir axı. Vaxtında evinizi yağmalatdırıb, hamınızı gülünc şalbandan keçirtsəydim, indi dizin-dizin sürünərək gələrdiniz hüzuruma.

– Həmişə böyüyümüzsüz, baş vəzir həzrətləri. Ölənəcən borcluyuq sizə, – deyə yerbəyerdən səslər eşidildi.

– Nə? Baş vəzir həzrətləri? Ağzınız öyrəşib deyəsən. Mən şaham artıq – Qüdrət Şah. Qulağınızda sırğa edin. Yoxsa qulağınızdan başqa sırğa asdıraram. Hamınıza vermişəm o sırğadan, amma deşdirməmişəm qulağınızı. Hamınızı qorumaq üçünsə mən və Hətəm deşdirdik qulağımızı. Ona görə də borclusunuz bizə.

“Boynumuzda haqqınız var”, “Öl desəniz, ölərik”, “Böyüyümüzsünüz” sözləri yerbəyerdən eşidildi.

– Eşidin əmrimi. Kim hansı valilikdə vali idisə, qaytarıram yerinə. Hakim, qazi, fərraşları, digərlərini də siz qaytarırsınız mənsəblərinə. Başlayırsınız idarə etməyə. Əvvəlki kimi əzazillik etmirsiniz. Yığdığınız pulları sandıqlardan çıxarıb kasıb-kusubu, lələgiryanları dolandırırsınız. Daha doğrusu, iş verirsiniz onlara. Hamısına da deyirsiniz ki, Madərşah Karinenin əmridir. Həyatı Həqqi Şahın dövründəki səviyyəyə çatdırırsınız. Yəqin ki, yadınızdadır o günlər. Hamı gözəl yaşayırdı, hamı da narazıydı.

– Bəli, Qüdrət Şah. Yadımızdadır, – deyə əyanlar dillənirlər.

– Müəyyən müddətdən, işlər yoluna düşəndən sonra isə həm qoyduğunuzu götürməyə başlayın, həm qazanın, həm də xəzinəyə vergi ödəməyə başlayın. Qonşu şahlıqlarda nə iş görürdünüzsə davam etdirin. Bizsiz bacarmayacaqlar. Hələ uzun müddət orda kişi qıtlığı olacaq. Elə edin ki, sizdən asılı vəziyyətdə olsunlar. Əvvəlki vaxtlardakı kimi. Tacirləri, dərvişləri mütləq geri qaytarın. Qoy gedib hər yerdə tərifləsinlər bizi. Axund və mollaları yaddan çıxartmayın. İndi isə rədd olun gözümün qabağından! Dediklərimdən bircə qarış kənara çıxsanız, nəslinizi kəsərəm! Bir şeyi də yaddan çıxartmayın – nə edirsinizsə edin, hər sözünüzün əvvəli Madərşah Karine olmalıdır! – valilər gedirlər. Otaqda yalnız saray əyanları qalır, – Əyanlar, bu gündən Yolaverənlər dövlətinin Baş vəziri Hətəm olacaq. O həm də baş xəzinədardır. Əyan Dürəngi ikinci vəzir təyin edirəm. Dürəng həm də Karzat, Əllam, Məstur və Ərdan şahlıqlarına nəzarət edəcək. Əvvəllər Əllam şahlığına, Göyverən valiliyinə, yəni ki, Karzat şahlığına başçılıq etdiyinə görə yaxşı tanıyır o yerləri. Hər şeyi əlinə keçirmişdi vaxtikən. Fərman yenidən baş hakim olur. Baş sərdar Abbas, yəqin ki, bilirsən. Təbəə şahlığın ordusu ola bilməz. Keçmiş ordu bu gündən mühafizəyə və fərraşlığa cəlb edilir. Sən baş mühafiz olmaqla yanaşı fərraşlara da nəzarət edəcəksən. Yalnız və yalnız mənə tabesən. Gedin başlayın işə. Hətəm, sən isə qal, – hamı otaqdan çıxır,  – Hə, Hətəm, necədir ilk qərarım?

– Yaxşıdır, Qüdrət. Amma bir əmma var. Valilikləri başa düşdüm. Bəs bu mühafizə, fərraşa, əyana hardan aylıq verəcəyik? Xəzinədə pul yoxdur.

– Gərək biz də cibimizin ağzını açaq, Hətəm. Əvvəl karvansaraylarımız, kefxanalarımız, bazarlarımız, hoqqaxanalarımız xəzinəyə vergi vermirdi. Müvəqqəti olaraq qazancımızı gərək yatıraq xəzinəyə. Acından ölmərik yəqin.

– Nə acından ölmək, ay Qüdrət? Bu xalq işləməsə belə, onları on il dolandıra bilərik. Amma Madərşah Karine bilsə haqq qoyacaq.

– Madərşah Karine bilsə ki, Yolaverənlər xalqı, o cümlədən əlavə dörd şahlıq səfalətdən çıxa bilər, heç nə deməyəcək. Axı bütün işlər onun adından ediləcək. Hətəm, başa düşdün də yəqin. Mən “səfalətdən çıxa bilər” dedim. Demədim ki, “səfalətdən çıxır”. Hər şeyi yavaş-yavaş eləməliyik ki, bizdən asılı qalsın madərşah. Üstəlik aparılan xəzinənin beşdə birini geri almalıyıq.

– Sağ ol, Qüdrət. Sağ ol ki, xalqın qeydinə qalırsan.

– Başın xarabdır sənin? Nə xalq? Görəcəksən sonda nə olacaq. Mənə də Qüdrət deyərlər. Dərdi mən yaratmışam, dərmanını isə xəstəlikdən əvvəl hazırlamışdım. Bütün günahlar isə Göyverənin ayağına yazıldı. Yaddan çıxartma ki, lələgiryanların başçısı mən olmuşam. İndi də mənə görə sakit dayanıblar. İstəsəm...

Bu dəm qapı döyülür. Çapar otağa daxil olub, tumarı şaha təqdim edir. Qüdrət məktubu açıb oxuyur. Sonra tumarı baş vəzir Hətəmə uzadır.

– Oxu, Hətəm, oxu. Bu mənim etmək istədiklərim, o da Karinenin dedikləri. Deməli madərşahın verdiyi ilk qərar budur. Heç madərşaha oxşamır. Lap şahənşah kimi danışır. Yəni ki, biz hamımız bunun təbəəsiyik, quluyuq. Nəinki bunun, o cümlədən əyanlarının da... Bunun xalqı da bizim xalqdan yüksəkdir. Bir azdan deyəcəklər ki, dininizi də dəyişməlisiniz, dilinizi də... Məscidləri söküb yerində xristian məbədləri tikəcəklər. Çox gözəl. Elə də gözləyirdim. Əziləndən əzənə çevrilmək istəyirlər. Mən isə onun şahlıqlarını çətin vəziyyətdən çıxartmağa qərar vermişdim. Özü də Karinenin adından. Neynək, qoy əzsinlər. Görüm əziyin nəyini əzəcəklər. Hətəm, valilərə denən saxlasınlar tapşırdığım işləri.

– Başüstə, şahım.

 

* * *

 

Karine madərşahlığı. Səhərdir. Məkrubə hövllü özünü Karinenin yataq otağına salıb yuxudan oyadır.

– Madərşahım, baş vəzir Arisin vacib sözü var.

Karine paltarını geyinib taxtına əyləşir. Aris otağa girir. Təzim edir.

– Nə olub, Aris?

– Madərşahım, dünən gecədən etibarən şahlıqlardan paytaxta axın başlayıb. Əmr verdim ki, qalanın qapılarını bağlasınlar. İndi qala ətrafında yığışırlar. Sayları artmaqda davam edir.

– Kimdirlər? Nə istəyirlər?

– Deyirlər ki, lələgiryanlarıq. Madərşaha sözümüz var.

– Başçıları kimdir? Qüdrət?

– Yox, madərşahım. Başçıları yoxdur.

– Bura niyə gəliblər ki? Öz şahları ölüb?

– Öz şahlarının üstünə gediblər ki, bəs Madərşah Karine xəzinənin beşdə birini onlara paylamaq əmri verib. Niyə əməl etmirsiz? Onlar da deyiblər ki, bütün xəzinə Kaminat şahlığına daşınıb. Gedin madərşahdan istəyin pulunuzu.

Karine fikrə getdi: bu, Qüdrətin işidir. O biri şahları da başına yığıb lələgiryanları əleyhimə qaldırıb. Xoşuna gəlməyib onu təbəə kimi aşağılamağım.

– Aris, qoşunu götür get onları qov. İtaət etməyənləri öldür ki, digərlərinə də dərs olsun.

– Madərşahım, qoşunumuz yoxdur hələ. Lələgiryanlaın sayı çox olduğundan mühafizlərin gücü çatmayacaq. Qalaya soxulsalar öz camaatımız da onlara qoşula bilər. Artıq kaminatlılar da elan etdiyiniz puldan danışırlar. Bir başqa əncam çəkin.

Karine dinmir: hə, yaxşı yerdə axşamladın, Karine. Qüdrət ilk qərarına cavab verdi. Əslində düz deyirlər. Demişdim ki, xəzinənin beşdə birini xalqa paylayıram. Hər yerə də car çəkdirdim. Bu yandan isə hamısını dəvələrə yüklədib gətirdim Kaminat şahlığına. Onlara qara quruş belə qoymadım. Amma yox. Burda başqa əmma var. Qüdrət haqlı olsa da, xalqın başını bir təhər aldadardı. Bunu yaxşı bacarır. Məzlum xalqdır. Kimsə qıdıqlamasa ayağa qalxıb bir söz deməz. Düzü, mən də pis başladım. Ordu yaratmadan, şahlıqlara öz adamlarımı yerləşdirmədən göylə getdim. Bu da nəticəsi. Göyverəni devirən lələgiryanlar indi də qalamı mühasirəyə alıblar. O lələgiryanlar ki, başçıları Qüdrət sayılır. Əsl başçıları İtbaşı isə artıq yoxdur. Yaxşısı budur ki, dediyimi edim. Hörmətim də qalxsın. Xoşluqla pullarını verməsəm, hücum edib bütün xəzinəni götürəcəklər.

– Aris, beş nəfər yaxın adamını ayır. Hər şahlığa çatacaq qızılı yığıb həmən yola düşsünlər. Səfillər bilməsin bu barədə. Qoy gözləsinlər qala ətrafında.

– Başüstə, madərşahım.

 

* * *

 

Ertəsi gün. Qüdrət Şahın sarayı. Baş mühafiz Abbas hökmdarın hüzurundadır.

– Abbas, mühafizlərin sayını artır. Hamısı hazırlıqlı olsun. Eynən Göyverənin şahzadələri kimi. Onlar kimi də geyinsinlər.

– Şahım, yəni deyirsiniz ki, eynən?

– Nə? Bu nə cürət? Mən səninçün Göyverən Şaham? Nə olsun ki, qulağısırğalı olmuşam. Bu sırğa o sırğadan deyildi. Qızıl idi. Zahirən deyirəm oxşasınlar. Hazırlıqları onlardan üstün olsun. Aylıqları mənlikdir. Amma bu ikimizin arasında qalmalıdır. Çünki qanunla ordu saxlamağa ixtiyarımız yoxdur.

– Başüstə, şahım.

Abbas gedir, Hətəm gəlir.

– Şahım, Madərşah Karinenin adamı gəlib.

– Nə istəyir?

– Deyir ki, xalqa çatacaq qızılları gətirmişəm. Sandıq dolu arabalardır. Vallah sizin ağlınıza həsəd aparıram. Demişdiniz ki, qaytaracaq. Elə də oldu.

– Qızılları gətirib? Maraqlıdır. Görəsən nə vadar edib Karineni bu addımı atmağa? Yaxşı. Get qəbul elə qızılları, yatır xəzinəyə. Sonrasına baxarıq.

– Başüstə, şahım.

 

* * *

 

Madərşahlığın paytaxtı. İki gün ərzində qala ətrafında lələgiryanların sayı daha da artıb. Qalanın qapıları isə bağlıdır.

– Aris, mühafizlərə denən hazır olsunlar. Gedirəm xalqla görüşməyə.

– Təhlükəlidir, madərşahım. Bəlkə qala divarlarının üstündən səslənəsiz?

– Yox, Aris. Qala qapılarını açacaqsınız və mən onlarla görüşəcəyəm. Sən isə adam sal aralarına, öyrən gör onları kim qaldırıb üstümə?

– Öyrənmişəm, madərşahım. Hamısı Qüdrət Şahın adını çəkir.

– Yaxşı, onun da vaxtı çatır deyəsən. Gedək.

Qala qapıları açılır. İzdiham dalğalanmağa başlayır. Qalanın baş mühafizi səslənir:

– Yol verin! Madərşah Karine gəlir!

Bunu eşidən izdiham cığır açaraq Karineyə yol verir. Madərşah kütlənin ortasına qədər irəliləyərək hündür bir yerə çıxır. Baş vəzir Aris gəlib arxasında dayanır.

– Mən Madərşah Karineyəm. Mən hamının anası sayılıram. Siz mənim təbəəm, rəiyyətim yox, balalarım, övladlarımsınız. Taxta çıxan kimi xəzinənin beşdə birini sizə paylamaq əmrini verdim. Razı qaldınızmı?

Kütlə mat-mat bir-birinin sifətinə baxır. “Madərşah, nə danışırsan?”, “Bizə pul çatsaydı burda nə edirdik?”, “Yox, heç nə verməyiblər” sədaları aydın-aşkar eşidilir.

– Nə? Sizin hər birinizə bir qızıl verməliydilər. Verməyiblər? – deyib Karine başını Arisə tərəf çevirdi və amiranə tərzdə, – Baş vəzir Aris, hər şahlığa öz adamlarını göndər. Gedib qızılları xəzinədən çıxarıb xalqa paylasınlar. Bu şahlara ümid yoxdur. Hamısı Göyverən Şahın yetirmələridir. Xalqın malını yeməyi hələ də tərgitməyiblər. Bunların dərisinə saman təpmək mənə borc olsun, – bunu deyib Karine üzünü kütləyə çevirdi, – Qayıdın elinizə, obanıza. Aldığınız qızıl halaldır sizə. Sizin pulunuza göz dikənləri isə özüm cəzalandıracağam, – deyib Karine lələgiryanların alqış sədaları altında qala qapısına doğru yönəldi.

– Aris.

– Bəli, madərşahım.

– Adamlarını şahlıqlara göndərmə. Lazım olsa dübarə deyərəm.

– Başüstə, madərşahım.

 

* * *

 

Ertəsi gün beş şahlığın hamısında çaxnaşma hökm sürür. Lələgiryanlar az qalır saray darvazalarını dağıdıb içəri soxulsunlar. “Şah yalançı olmaz”, “Oğrular, pulumuzu verin”, “Gözünüzü qara torpaq doydursun. Bəlkə ondan sonra bizə çatacaq bir qızılı görək” sədaları Yolaverənlər dövlətinin də paytaxtını bürüyüb. Qüdrət Şah sarayın eyvanından bu mənzərəni seyr edir. Baş vəzir Hətəmlə baş mühafiz Abbas yanındadır.

– Hətəm, heç nə başa düşmürəm. Bunlar niyə belə edir?

– Karinenin onlar üçün göndərdiyi qızılları istəyirlər.

– Bəs əvvəllər niyə istəmirdilər? Qızıllar dünən gəlib, bunlar artıq kəsdiriblər qapını. Hardan xəbər tutublar?

– Bilmirəm, şahım.

– Bəs kim bilir? – deyə Qüdrət Şah üzünü Abbasa çevirdi.

– Şahım, izn verin bir-ikisini qulaqlayıb salım saraya. Onlardan öyrənək.

– Sən bunu çoxdan etməliydin, Abbas. Yadından çıxartma ki, sən həm də baş fərraşsan.

Abbas gedir. Bir azdan iki nəfərlə qayıdır. Səfilləri Qüdrət Şahın qabağında diz çökdürür.

– Danışın! Bu nə hoqqadır çıxarırsınız? Bilmirsiz ki, şaha qarşı üsyan qaldırmağın sonu edamdır? – deyə Abbas səfillərə qapaz ilişdirir.

– Allah eləməsin. Üsyan niyə qaldırmalıyıq ki? – deyə səfillərdən biri cavab verir.

– Bəs elədiyinizin adı nədir? Az qalır ki, darvazaları sındırıb saraya soxulasınız. Bu üsyan deyil?

– Madərşah Karine özü icazə verib.

– Nə? Əbləhin biri əbləh, sən nə haqla madərşahın adını dilinə gətirirsən? – deyib Abbas səfillərə bir-iki təpik ilişdirir.

– Vallah düz deyirik. Biz yığışıb getdik madərşahın yanına deyək ki, “bəs söz vermişdin pul verəcəksən, qaydımıza qalacaqsan. Bəs nə oldu?” Bizi qalaya buraxmadılar. Ertəsi gün qarşımıza çıxıb dedi ki, bizim üçün ayrılan qızılları çoxdan göndərib şahlıqlara. Bizə də söylədi ki, qayıdın geri. Adamı gəlib həmin qızılları bizə mərkəzi meydanda paylayacaq. Hərəmizə bir qızıl. Gəldik. Həmin adamlar isə yox. Qərara aldıq ki, özümüz gəlib tələb edək.

Abbas Qüdrət Şaha baxdı.

– Mənə deyin görüm, bəs sizi kim göndərmişdi ora? – deyə Qüdrət Şah soruşdu.

– Bizə dedilər ki, Qüdrət Şahın yanına gediblər. Ki, madərşahın söz verdiyi pulları ver. O da “madərşah hamısını yığıb aparıb özüylə. Gedin ondan istəyin” cavabı verib. Biz də yığışıb getdik ora.

– Sizə o sözü kim dedi? – deyə Qüdrət Şah qeyzlə taxtından durdu.

– Tanımırıq. Orta yaşlı bir kişi idi.

– Yaxşı. Gedin. Hətəm, Abbas, madərşahın adamını gözləməyə ehtiyac yoxdur. Paylayın hamının bir qızılını. Qoy dağılışıb getsinlər evlərinə.

– Başüstə, şahım.

Baş vəzir Hətəm, baş mühafiz Abbas gedirlər. Qüdrət Şah otağında təkdir. Fikrə gedir: bu nə oyundur görəsən? Mən heç kimə elə söz deməmişəm. Bəs onda lələgiryanları kim yığıb başına? Kim onları göndərib madərşahın qapısına? Bu, dolayısı yolla xalqı üsyana qaldırmaq deyilmi? Nə “qaldırmaq”? Açıq-aydın üsyandır. Bunun başqa adı yoxdur. Amma bunu mən etməmişəm. Nə olsun ki? O vaxt da lələgiryanlardan xəbərim yox idi. Hamısı mənim başçı olduğumu deyirdilər. Sonradan bildim ki, işlərin başında İtbaşı durubmuş. Bəs indi kimdir səbəbkar? İtbaşımı? Nə pis hərəkət etmişəm axı, hələ bir qəzəbinə də tuş gəlim? Oturmuşam sakitcə yerimdə, Karinenin verəcəyi yeni fərmanları gözləyirəm. Üstəlik məmləkətdəki ölü həyatı canlandırmaq istədim – özü də öz cibimin, öz cibimizin puluna. Həm də öz adımdan yox, Madərşah Karinenin adından. Sonu da belə. Karine istəsə məni xəyanətkarlıqda suşlaya bilər. Camaatı üsyana qaldırdığıma görə lap edam da etdirər. Düz də edər. Amma mənim günahım yoxdur. Günah nə sözdür e... xəbərim yoxdur. Düzdü, Karine Kaminat şahlığına gedib çıxanacan bunun qaniçənliyini mən yaymışdım. O da əvəzini artıqlamasıyla çıxdı. Aslanın adamlarını zəhərləyib, günahı isə mənim adamlarımın boynuna qoyaraq hamısını edam etdirdi. İndi qalmışam yalqız. Xəbərsizəm Karinenin atdığı addımlardan, Kaminat şahlığında baş verənlərdən. Sarayındakı adamlarım isə qorxudan kənara çıxa bilmirlər. Bəlkə atasını yandırmasında məni günahkar bilir? Yaman dolaşığa düşmüşəm. Daha doğrusu qətlgahdayam. Qalıb ilgəyin boğazıma keçirilməsi. Bəlkə İtbaşının yanına gedim? Tutaq ki, getdim. Nə deyəcəyəm ona? İtbaşı xalq adamıdır. Şahlar həddini keçəndə, xalq narazı qalanda, bıçaq sümüyə dirənəndə hərəkətə keçir. Karine isə hər adama bir qızıl bağışladı. Pis iş görmədi ki... İşləməsələr belə beş-altı ay dolanışıqları var artıq. Göyverənin şahlığı dövründə qızılın rəngini belə, yaddan çıxartmışdılar. İtbaşının yanına getməyin mənası yoxdur. Karine bu addımıyla həm də xalqın yanında böyük hörmət qazandı. Ən qiymətli olanı isə – altı ay vaxt uddu. Bu altı ayda heç kimin bir cınqırı da çıxmayacaq. O da bu müddətə ordunu yığacaq, idarəetməni quracaq. Sonra da məni aradan götürəcək. Bir lələgiryan da müdafiəmə qalxmayacaq. Amma maraqlıdır, görəsən bu üsyan məsələsini kim ortaya atıb? Yenə İtbaşı?

 

* * *

 

Madərşahlıq. Baş vəzir Aris Karinenin hüzurundadır.

– Öz rəiyyətimizin də qızıllarını payladın?

– Bəli, madərşahım. Hamısı razılıq edir. Adınız düşmür dillərindən. Duaçıdırlar sizə.

– Düzü, qızılları paylamağı sonraya saxlamışdım. Çünki indiki halda ehtiyacımız böyükdür. Amma Qüdrətin xalqı üsyana qaldırması bir yandan xeyrimə oldu. Camaat dirilməsə, vergini kimdən yığarıq gələcəkdə? Həm də ordu yaratmaq lazımdır. Mühafizlər və fərraşlar dəstəsini artırmaq lazımdır. Bunun üçün çoxlu pul lazımdır. Hələlik varımızdır. Amma gələcəyi indidən fikirləşmək lazımdır. Baş işlət, Aris. Təkliflərini gözləyirəm. Şahlıqları nəzarətdə saxlamaq lazımdır. Nə baş verirsə birinci biz bilməliyik. Anlayıram ki, adam qıtlığıdır. Kimi tərpədirsənsə ya Qüdrətin adamı çıxır, ya Qaflanın, ya da ki, ibnələrin. Seçmək çətindir. Amma bunları məndən yaxşı tanıyırsan.

– Düzünü siz bilirsiniz, madərşahım.

– Aris, sənə demişdim Kaminat şahlığından götürülən qəniməti xəzinədə ayrıca otağa yığarsan.

– Yadımdadır, madərşahım. Amma gətirdiklərinizin içində o möhürlə nəinki sandıq, balaca bir pul kisəsi də yoxdur.

– Yoxdur?

– Özüm şəxsən baxmışam. Hər şeyi sayaraq qeydiyyata alıb xəzinədara təhvil vermişəm. Amma dediyiniz möhürlə sandıqlara rast gəlmədim.

– Yenə Qüdrət? Yaxşı, Qüdrət! – deyib, Karine işarət barmağını yellədi.

– Madərşahım, verdiyiniz sözə sahib çıxıb, qızılları payladınız. Amma bir xüsusu yaddan çıxartmışıq. Bu mənim günahımdır. Gərək yadınıza salaydım.

– Hansı xüsusu?

– Madərşahlığın elan olunması münasibətilə şadyanalıq keçirtmək. Bunu hamıya bəyan etmək.

– Nə gözəl, nə gözəl. Lap yerinə düşər. Düzənlə. Təbəə şahlarımızı da dəvət elə.

– Başüstə, madərşahım.

 

* * *

 

Madərşahlığın baş meydanı bayrama hazırdır. Hamı Madərşah Karinenin gəlişini gözləyir. Təbəə şahlar isə saraydadırlar. Karinenin qəbulunu gözləyirlər.

– Aris, denən gəlsinlər.

Qüdrət Şah qabaqda, arxasıyca Məstur Şah, Nilufər Şahbanu, Əsnad Şahbanu və Mingül Şahbanu otağa daxil olurlar. Karine qeyzlənib taxtından durur.

– Bu nədir, Qüdrət Şah? Madərşahlığın qanunlarına görə qadınlar kişilərdən üstündürlər. Sən isə birinci özünü soxursan otağa. Barı qoca Məstur Şaha hörmət edib qabağa buraxaydın. Artıq şahənşahlığın baş vəziri deyilsən. Beş təbəə şahdan birisən.

Qüdrət Şah tutuldu, qızardı, amma heç nə demədi. Keçib şahların sırasında sonda dayandı.

– Aris, nə vaxtsa Karzat, Əllam, Ərdan, Məstur şahlardan, o cümlədən Qüdrət Şahdan alınmış qılıncları özlərinə qaytar.

Baş vəzir Aris madərşahın əmrini həmən yerinə yetirir. Şahlar qılınclarını kəmərlərindən asırlar.

– İndi isə getdik meydana. Xalqım məni gözləyir.

Mərkəzi meydan. Hamı əlində gül tutub. Ətrafa musiqi sədaları yayılır. Ortada böyük kürsü qurulub. Mühafizlər kürsü boyu dövrə vurub dayanıblar. Başda Madərşah Karine, arxasıyca baş vəzir Aris və təbəə şahlar atın belində meydana daxil olurlar. Alqış səsləri aləmi bürüyür. Camaat əllərindəki gülləri Karinenin başına səpələməyə başlayırlar. Karine də qılıncını qınından sıyırıb başı üstündə yellədərək camaatı salamlayır. Kürsüyə çatıb atdan enirlər. Beş şah arxada düzlənir. Karine isə qabağa çıxıb üzünü kütləyə tutur.

– Ey xalqım, bu meydan çox hadisələrə şahid olub, babalarımın, ulu babalarımın taxta çıxmasına şahidlik edib. Amma son illər dalbadal xəcalətli anlar yaşadıq. Əvvəlcə baş vəzir Qaflan bax bu gördüyünüz Qüdrət Şahla əlbir olub atam Kaminat Şahı devirdi. Ailəsini əsir aldı. Sonra Qaflanı öldürüb qılıncımı geri qaytardım. Bu dəfə atam Kaminat Şah elə bu meydanda şahənşahlığın baş vəziri Qüdrətin qabağında diz çöküb qılıncını təhvil verdi. Sonrasını isə bilirsiniz. Çox məhrumiyyətlərə düçar olub nəhayət xalqımı əsarətdən qurtardım. Üstəlik şahənşahlığa, madərşahlığa çevirdim. Gördüyünüz bu beş nəfər təbəəmizdir. Karine madərşahlığının hissəcikləridir. Onları bayrama dəvət etdim ki, siz də tanıyasınız. Qüdrət Şahla tanışsınız. O, Yolaverənlər dövlətinin şahıdır. Amma artıq dövlət adlana bilməz. Dövlətə kölə rəhbərlik edə bilməz. Ona görə də bu gündən Yolaverənlər şahlığı adlandırıram o ərazimizi. Bu isə Məstur Şahdır. Qoca vaxtında könüllü olaraq Şahənşah Göyverənin təbəəliyini qəbul etdi. Üstəlik qulağını deşdirib, sırğa da taxdı. Bu isə Nilufər Şahbanudur. Atası Karzat Şah baş vəzir Qurbanın hiyləsinə uydu. Sonda əsir alınaraq Göyverən Şah tərəfindən edam edildi. Əsnad Şahbanu şahzadə Göyverənlərin təcavüzünə məruz qalan, indi də camaatın üzünə çıxa bilməyib özünə qapanan Ərdan Şahın, Mingül Şahbanu isə şahzadələrin törətdiklərinə dözməyib meydanda oğlunu da, özünü də öldürən Əllam Şahın qızıdır. Bu şahlıqlar əvvəlki adlarıyla çağrılsalar da, bu təbəəliklərdə əsas qüvvə qadınlar sayılacaq. Qanun-qaydalara görə bu şahlar sizin hüzurunuzda diz çökərək, təbəəliyi qəbul etdiklərini söyləməli, qılınclarını bellərindən açıb mənə təqdim etməlidirlər. Başlasınlar.

Əvvəlcə şahbanular növbə ilə Karinenin qabağında diz çöküb qılınclarını təhvil verirlər. Sonra isə Məstur Şah. Növbə Qüdrət Şaha çatır. O da heç bir tərəddüd etmədən, diz çökür. Qılıncını Madərşah Karineyə uzadır...

 

* * *

 

Ertəsi gün. Qüdrət Şahın sarayı. Hətəm hüzurunda dayanıb. Qüdrət Şahın pərtliyi hələ keçməyib. Çırtma vursan qanı tökülər.

– Hətəm, bilirsən nə yadıma düşdü o anda? Göyverənin qabağında diz çöküb anda içməyim. Özümə Göyverən soyadı götürməyim. O vaxt alçaldılmış sayırdım özümü. Qurban imkan versəydi yalın əllərimlə parçalayardım Göyverəni. Sonra saraydan qovuldum, müflisləşdim. Amma zaman keçdikcə özümə gəldim. Şahənşahlığın baş vəziri, indi isə şah oldum. Nə olsun ki, təbəəyəm? Bizim dövlətçilik ənənələrimiz var. Biz həmişə əzmişik. Biz bunu bacarmışıq. Düz elədi Karine. Məni təhqir etsə də, digər tərəfdən bu hərəkətiylə ayıltdı. Düzü gözləmirdim ki, qaladan çıxa bilim. Yəqin vaxtında etdiyim yaxşılıqlara görə hələ ki, dinmir. Onu mən şahənşah etdim. Sonu da bu. Karinenin ağlı olsaydı, elə ordaca boynumu vurdurardı. Amma etmədi. Bu isə onun sonunun başlanğıcı deməkdir.

– Qüdrət, sən Allah ehtiyatlı ol. Yoxsa biz də yanarıq.

Qapı döyülür. İkinci vəzir Dürəng izn alıb içəri girir.

– Nə olub, Dürəng? Pəjmürdə görünürsən.

– Ərdan və Əllam şahlığı bizə şıllaq atır.

– Qızılları çoxalıb yəqin. Ona görə. Müvəqqətidir. Tükənəndə görək neyləyəcəklər?

– O öz yerində. Şahbanular deyirlər ki, qadınlar kişilərdən üstündürlər. Madərşah Karine meydanda belə söyləyib. Ona görə siz kişilər bu gündən bizə tabe olmalısınız.

– Bəs demədin ki, Qüdrət Şah bilsə dərinizə saman təpər?

– Dedim. Güldülər mənə. Sonra isə otaqlarından qovdular.

– Yaxşı, yaxşı, – deyə Qüdrət Şah işarət barmağını havada yellədi. Onları elə bir günə qoyum ki, özləri gəlib ayağıma düşsünlər. Bu şahbanular da, ata-babaları da həmişə bizim köləmiz olublar. Sonacan da belə olacaq. Bəs Karzat Şahın qızı Nilufər nə dedi?

– Heç nə demədi. Vəba və çiçək mərəzindən ölən şahzadə Göyverənlərin qorxusundan nə qalasına qayıda bilir, nə də yeni bir qala tikdirməyə imkanı var. Qalıb ortalıqda.

– Yaxşı, sən belə elə. O vaxt vəbalı xəstələr var idiye... Göyverən qalasına salmışdın. Onlar hansı şahlıqdan idi?

– Səhv etmirəmsə Ərdan və Əllam şahlıqlarından.

– Sən belə elə. Get Nilufər Şahbanunun yanına. Qoy sənə yazılı müraciət etsin ki, bəs qalanı təslim et. Çünki rəsmi olaraq Göyverən valisi hələ də sən sayılırsan. Sonra yiyəsiz ölülər məzarlığından tanınmaz hala düşən beş-altı cəsədi kəfənləyib apar Ərdan və Əllam şahlıqlarının paytaxtına. De ki, bəs rəhmətliklər canlarını tapşıranda vəsiyyət ediblər onları vətənlərində basdırım. Şahbanuları qarışıq ayağına düşsələr yazığın gəlməsin, heç basdırma da... at mərkəzi meydanlarına, qayıt gəl. Hər iki şahlığa da xəbər yay ki, “vəba-çiçək qorxusu var. Bəs özünüzü qoruyun. Bizdən deməkdir”. Sonra isə baş mühafiz Abbasdan qüvvə götürüb yalandan sərhədləri bağla. Guya ki, özümüzü qoruyuruq. Gözə kül üfür.

– Birdən xəbər tutsalar ki, yalan məsələdir?

– İnanmasalar, həqiqi xəstəlik yayarıq. Öz əlimizdə deyil? Sən burda, mən burda. Sonra iyirmi min şahzadənin, o cümlədən Aslanın mühafizlərinin, üləmaların cəsədlərinə od vurub yandır. Elə yandır ki, tüstüsü çox uzaqlara gedib çıxsın. Sonda qalanı başdan-ayağa ilaçlatdır. Özün də başla ora başçılıq etməyə.

– Bəs Nilufər Şahbanu?

– Onu da – Karinenin gözünə – büt kimi otuzdur taxtında. Həmişə də yadına sal ki, bu xəstəliklər təkrar baş verə bilər. Qonşu iki şahlığı misal çək. Bir şeyi də qandır ki, müsəlman qadınından heç vaxt şah olmayıb, olmayacaq da... Madərşah Karine isə xristiandır. Əsas bu dünyada kişilərdir. Avam şeydir bu Nilufər. İstədiyin kimi idarə et.

– Bəs Kaminat şahlığı?

– Orayla bağlı başqa fikirlərim var. Göyverən qalasında böyük xəzinə olmalıdır. Onları da ilaçlayıb arabalara doldur, gecəylə çıxart gətir qalada etibarlı bir yerdə gizlədək.

– Birdən Karine xəbər tutub qabağımı kəssə?

– Ay axmaq, nəylə kəsəcək qabağını? Nə ordusu var, nə də ki, etibarlı mühafizləri, fərraşları. “Madərşaham, madərşaham” deyib qürrələnməklə deyil ha... Guya ki, meydanda mənim qılıncımı əlimdən aldı. Bu, rəmzi bir addım idi. Özünü xalqına göstərirdi, həm də əvəz çıxırdı. Zirzəmilərimdə yüz minlərlə qılıncım var, üstəlik mühafiz geyimli keçmiş ordum. Gəlsin üstümə, görüm nəylə gəlir. Təkcə xəstəliklərin qorxusundan bir şahlığa da ayağını basmayacaq. Lap ayağını basmaq istəsə də, heç kim qorxusundan onu müşayiət etməyəcək.

– Lap qabağımızı kəsməsə də, kimsə təsadüfən görüb xəbər çatdıra bilər. Ehtiyat igidin yaraşığıdır.

– Yaxşı, belə qorxursansa elə oralarda etibarlı bir yerdə gizlət. Get dediklərimi elə! Hətəm, sən də get madərşahlığa tacir, dərviş adıyla casuslar göndər. Mənim hər şeydən xəbərim olmalıdır.

– Başüstə, şahım.

Baş vəzir Hətəm və ikinci vəzir Dürəng otaqdan çıxırlar. Qüdrət Şah yalqız qalır: mən şaham. Yolaverənlər boyda qədim, böyük dövlət mənimdir. Məndən sonra da oğluma qalacaq. Amma insana xas həyatım yoxdur. Elə hey çəkişmələrin, didişmələrin içindəyəm. İndi kənar qüvvələri ram edəcəyəm. Başlayacaqlar içdən yeməyə məni. Sonra içərini ram edəcəyəm, kənardan nəsə bir qəmbərqulu çıxacaq. Axı nə vaxtacan? Budurmu hamının həsəd apardığı şah həyatı? Bunun adı həyat yox, qorxudur. Məhv olunmaq qorxusu isə məhv etmək arzusunu yaradır. Bu ikisinin arasında yaşayır şahlar. Bu ikisinin dərmanı isə qılıncdır. Məhv edəndə də qılıncla məhv edirsən, öldürüləndə də qılıncla öldürülürsən. Bəs pul? Bəs qızıl? Düzdür, o da əsasdır. Amma qılıncın olmasa qılınclı əlindən alar hər şeyini. Heç öldürməyə də layiq bilməz səni, sadəcə qorxağa çevirər, əzər. Deməli, hər şeydən əvvəl əzazil olmalıyam. Karine mənim əzazilliyimdən qorxmalıdır. Mənim əsil-nəcabətim var. Alqan Şah, Həqqi Şah, Şahənşah Göyverən kimi üç hökmdar, Qurban kimi baş vəzir görmüşəm həyatımda. Hərəsindən bir şey öyrənmişəm. Böyük sülaləm qeyri-rəsmi olsa da dörd şahlığa hökmranlıq edir. Bəs Karinenin nəyi var? Ərinə xəyanət etdi, oğlunu öldürdü, atasını diri-diri yandırdı. Kimi qaldı ki? Anası və bivec, qorxaq qardaşları? Sülaləsi də yoxdur. Kaminat Şahın ətrafını özüm bu əllərimlə təmizləmişəm. Baş vəzir Arisdən başqa indiki saray əyanları da mənim adamlarımdır. Sadəcə, qınlarına çəkiliblər. Bir işarəmə bənddirlər. Lazım olan an hərəkətə keçəcəklər. Amma yox. Etdiyi təhqirin müqabilində bu onun üçün rahat ölüm olar. Karineyə elə bir dəhşət yaşatmalıyam ki, oğlu Barəngahın qətli bunun yanında toy-bayram olsun. Gecələr yatağında da rahat yatmamalıdır. Necə edəcəyəm bunu? Hara tələsirəm ki? Yavaş-yavaş hər şey yoluna düşəcək. Nə olsun ki, madərşahdır, hakimi-mütləqdir. Amma əslində hər şey mənim əlimdədir. Onun isə sadəcə adı var. Yox, düz danışmadım. Karineni indi məhv etməyə qorxuram. Kimdən qorxuram? İtbaşıdan.

Eşikağasının qapını döyməsi Qüdrət Şahı xəyalından ayırdı.

– Gəl!

– Şahım, bağışlayın rahatsız etdim.

– De!

– Bir yaşlı qadın gəlib. Yanında da iki oğlan. Yerli adama oxşamırlar. Deyir Qüdrət Şahı görmək istəyirəm. Bircə ümidimiz odur. Qovuruq da getmir. Çömbəlib oturublar sarayın hasarının dibində.

– Qadını gətirin yanıma, oğlanlar gözləsin.

– Başüstə, şahım.

Eşikağası gedir. Bir azdan yaşlı qadınla gəlir. Qadın otağa girən kimi diz çöküb şahın ayaqlarını qucaqlayır.

– Qüdrət Şah, ümidimiz sənədir. Sən bizim xilaskarımızsan. Bu dəfə də böyüklüyünü əskik eləmə.

Qüdrət Şah bilmirdi nə etsin. Kimdir bu qadın? Onu ayağa qaldırmaq istəsə də bacarmırdı. Qadın onun ayaqlarını bərk-bərk qucaqlayıb ağlayırdı.

– Ay qadın, kimsən? Kim incidib səni ki, mənə pənah gətirmisən?

– O əfi ilan Karine. Allah onu sağalmaz xəstəliklərə düçar etsin, amma öldürməsin. Həyatının sonunacan ağrılar içində çabalasın.

– Qadın, o madərşahdır. Sən nə cürətlə belə hədyanlar danışırsan? – deyib Qüdrət Şah onun boğazından yapışdı. Qadının örpəyi sürüşüb başından düşdü. Qüdrət onu tanıdı. Bu, Karinenin anası, Kaminat Şahın övrəti Saden idi.

Eşikağası tez su gətirdi. Saden Şahbanu sakitləşib başına gələnləri Qüdrət Şaha hekayət elədi.

– Belə, Qüdrət Şah, indi qalmışıq çöllərdə. Nə mənim, nə də oğlanlarımın əlindən bir iş gəlir. Ümidimiz bircə sənədir. Ona görə pənah gətirdik. O vaxt da bizi ölümdən sən qurtardın. Eşitdiyimə görə Karineni də sən himayə etmisən. Bu dəfə də ümidimiz sənsən. Ya himayənə götür, ya da zindana at. Lap öldür. Amma Karineyə təslim etmə.

Qüdrət Şah otaqda var-gəl etməyə başladı.

– Yaxşı. Sarayımda sığınacaq verəcəyəm sizə. Heç narahat olmayın. Mənim himayəmdəsiniz. Burda da saray həyatını yaşayacaqsınız. Oğlanların isə şahzadələrə layiq həyat sürəcəklər. Amma heç kimə kimliyinizi deməməlisiniz. Karineyə çatdırsalar, sizi hifz etmək mənim üçün çətin olacaq.

– Ömrün uzun olsun, Qüdrət Şah! – deyib qadın otaqdan çıxdı.

Qüdrət Şah tək qalır: hə, Karine, yaman tələyə düşdün. Səndən sonra taxta çıxacaq adamlar artıq mənim əlimdədir. Özü də qanına susayıblar. Ey axmaq qadın, “madərşaham, hamının anasıyam” deməklə deyil. Taxta səndən sonra ya övladın, ya da qardaşların oturmalıdır. Gərək bunu vaxtında başa düşəydin.

 

* * *

 

Madərşahlıqda hamı təşviş içindədir. Ərdan və Əllam şahlıqlarından çiçək və vəba xəbərləri yayılmağa başlayıb. Karine taxtında oturub. Əsəbidir.

– Aris, bir tədbir tök. Nə edək?

– Madərşahım, bu anda bircə tədbir var. Qapıları bağlamaq. Qalaya heç kimi buraxmamaq.

– Nə vaxtacan?

– Ta yemək qurtarana qədər.

– Bəs sonra?

– Sonra ümid qalır Allaha.

– Mən Allaha inananlardan deyiləm.

– Madərşahım, mən də “Allah haqqı Allah yoxdur” deyənlərdənəm. Amma bu məqamda başqa pənah aparılası qüvvə yoxdur.

– Bu bəlanı Allah yaratmayıb, Allah da yaymayıb. Qüdrətin işidir. Bunu dəqiq bilirəm. Əlacını da o bilir. İstəyir ki, üstünə qaçaq. Amma belə anda ona ağız açmaq istəməzdim.

– Əgər onluqdursa, məcburuq. Xəstəlikdən ölməsək, acından öləcəyik. Tacirlərin gediş-gəlişi dayanacaq.

– Qonşu dövlətə xəbər göndər. Yardım istə.

– Elbrus imperatorluğuna?

– Hə. Ölməkdənsə...

– Madərşahım, əlbəttə ki, düzünü siz bilirsiniz. Amma bunun sizə ziyanı ola bilər. Onlar köməyi elə-belə etmirlər. Çıxılmaz vəziyyətdə qaldığımızı görüb vassala çevirə bilərlər bizi.

– Onda tədbir tök. Bizə altı ay vaxt lazımdır ki, hər şeyi yoluna qoyaq. Fikirləş. Ya Qüdrət, ya da Elbrus eli. Mən üçüncü çıxış yolu görmürəm. Bu ikisindən mən Elbrus eli deyirəm. Sənin başqa təklifin yoxdursa, səfərə hazırlaş.

– Bunu mənim öhdəmə buraxın, madərşahım. Alınmasa, siz deyən yolla gedərik.

* * *

 

Axşam düşüb. Azan səsləri qalanı bürüyüb. Qüdrət Şah eyvanından şəhəri seyr edir: hər şey əvvəlki kimidir. Heç nə dəyişməyib. Bircə bu eyvanda dayanan dəyişib. Yenə həmin şəhər, həmin insanlar, həmin azan səsləri, ağlaşma, gülüş, musiqi sədaları, yerin üstündəkilər, yerin dibindəkilər. Həyat təzə-təzə dirilməyə başlayır. Mən isə bircə nəfərə görə yenə insanları fəlakətə sürükləyirəm. Karine pisdir? Qətlə yetir, keç yerinə. Əsnad və Mingül Şahbanular sənə şıllaq atır? Bir çırtman bəsdir ki, taxtları başlarına çevrilsin. Axı xalqın nə günahı? Atalarını, ərlərini, oğlanlarını şahzadə Göyverənlər bədbəxt etmişdilər. İndi onların dul, yetim qalmış arvadlarını, uşaqlarını mən amansız xəstəliklə guya sınağa çəkirəm. Axı xəstəlik xofu xəstəlikdən daha dəhşətli mərəzdir. Niyə belə edirəm? Yerlərini özlərinə göstərmək istəyirəm? Öz möhtəşəmliyimi, əvəzolunmazlığımı sübut etmək istəyirəm? Onsuz da hamı bilir ki, Qüdrət kimdir. Karine isə hamısından yaxşı bilir. Əgər bunları bilirlərsə, mənə dörd qadınla oyun oynamaq yaraşarmı? Bəlkə də yaraşar. Bəlkə də bundan bir siyasi kimi zövq alıram. Bəs onda xalqın nə günahı? Tamaşaçısız hansı siyasi oyun? Əl çalan olmayacaq? Yox, üzdə əl çalsalar da, arxada hamı məni lənətləyəcək. Özü də yaşım çoxdan altmışı keçib. Mənim lənət qazanan vaxtımdırmı? Mənim oyun oynayan vaxtımdırmı? Birdən sabah, lap indi əcəlim çatdı öldüm. Karine imkan verərmi ki, oğlum taxta çıxsın? Əsla. Bəs onda niyə bitirmirəm Karinenin işini? İtbaşıdan qorxuram? Onun qüdrətini görmüşəm? Oyun oynayıram ki, Karine özü-özünü zibilə salsın? Xalqı fəlakətə sürükləsin ki, İtbaşı da buna dözməsin? Tutaq ki, dözmədi. Karineni devirdi. Aparıb məni onun yerinə qoyacaq? Amma yox. Mən heç ağlıma gətirərdimmi ki, Göyverəndən sonra şahənşah Karine olar? Əsla. Heç yuxuma da girməzdi. Yoxsa onu heç vaxt himayə etməzdim. Düzdü, onda əlim-qolum bağlıydı. Göyverən Şah, baş mühafiz Aslan, baş sərdar Abbas bağlamışdı əl-qolumu. Buna baxmayaraq çox oyunlar çıxardım, özü də qalib çıxdım. Bəs indi kimdir qabağımı kəsən? İtbaşı? İtbaşını aradan götürsəm necə? Yox. Aradan götürərəm yenisi meydana gələr. Bu heç olmasa məni tanıyır. Məni tanımağıdır bəlkə də Karinenin qəzəbindən qoruyan. Yoxsa o cür alçaldandan sonra qaladan sağ buraxmamalıydı. Nə edim? Sakit oturum yerimdə? Yenə də qızılımı yığım? Vəssalam-şüdtamam? Əlbəttə ki, vəssalam. Heç yuxuma da girməzdi ki, şah olacağam. Həqqi Şahın Göyverənə miras qoyduğu ərazilərdən də böyükdür mənim şahlığım. At oynadıram, istədiyimi edirəm. Amma ki, adım təbəə şahdır. Bir zamanlar qulumuz olmuş Karinenin təbəəsiyəm.

Bu zaman qapı döyülür. Eşikağası içəri girir.

– Şahım, bir nəfər gəlib. Deyir ki, qonşu şahlığın baş vəziriyəm. Qüdrət Şaha deyiləcək sözüm var.

– Bu nə cürət? Nə vaxtdan vəzirlər şahların otağına girmək istəyirlər? Qoy əvvəlcə baş vəzir Hətəmlə görüşsün. Ehtiyac duyulsa o deyər mənə.

– Şahım, bu tumarı oxumağınızı xahiş etdi.

– Ver görüm, – deyə Qüdrət Şah tumarı alıb açdı və həmən, – Çağır onu, tez elə, – deyib taxtına oturdu. İçəri bir nəfər girdi. Şah eşikağasına süfrə açmaq əmri verdi, – Gəl, gəl, ey madərşahlığın baş vəziri Aris. Bu nə məxfilik? Xəbər versəydin səni qala qapılarında qarşılayardım. Vaxtında şahənşahlığın baş vəziri olan mənə etdiyin hörmətin heç olmasa azacıq əvəzini çıxardım, – deyə Qüdrət Şah taxtından durub Arislə görüşdü. Sonra xalçanın üstündə oturub mütəkkələrə dirsəkləndilər.

– Qüdrət Şah, istəmədim kimsə bilsin. Heç kimin xəbəri yoxdur. Heç eşikağasının da bilməsini istəmədim.

– Düz eləmisən. Yəqin vacib sözün var. Amma desən ki, gəlişindən Karinenin xəbəri yoxdur, inanmaram.

– Xəbəri yoxdur.

Bu zaman eşikağası qapını döyür. Xalçanın ortasında süfrə salınır. Üstünə müxtəlif təamlar düzülür.

– Aris, yol gəlmisən. Nuş elə.

– Allah süfrəni açıq eləsin, Qüdrət Şah.

– Aris, heç gəlişinin səbəbini demədin.

– Qüdrət Şah, gəlmişəm deyim ki, bu əlacsız xəstəliyə bir çarə qıl.

– Aris, bu, Allahın işidir. Ağzında “əlacsız” deyirsən.

– Madərşah Karine dedi ki, bu Allahın işi yox, Qüdrətin oyunlarıdır. Əlacı da ondadır.

– Bəs deyirdin ki, bura gəlməyindən qızın xəbəri yoxdur.

– Madərşah Karine məni bura yox, kömək üçün Elbrus elinə göndərdi. Mən isə sənin yanına gəldim.

– Məndə heç bir ilaç yoxdur.

– Qüdrət Şah, hamı gözəl bilir ki, siz iki nəfər bir-birinizə müharibə elan etmisiniz. Madərşah Karinedə taxt-tacdır, səndə isə güc, var-dövlət. O, madərşah olsa da sənin sözün keçir məmləkətdə. Baş vəzir olduğum sarayda da çoxu sənin adamlarındır. Amma bunu ona deməmişəm. Sənin Kaminat şahlığındakı hökmünü bir mən, bir də Kaminat Şah bilirdi. O öldü, qaldım mən. Səni böyük güc bilib yanına gəldim. Etiraz edəcəksənsə, burdan yolum Elbrus imperatorluğunadır. Amma onlar sərhədi keçsə, Karine barmağıyla səni göstərsə və onların köməyiylə sənə qalib gəlsə – əminəm ki, qalib gələcək də – mən, mənim xalqım, sənin xalqın, bu torpaqlar hamısı təbəəlik – onların diliylə desək vassallıq olacaq. Karine vassal olub arxa qazanacaq, sənin xalqın, nəslin isə vassalın vassalı adını.

– İndi sən deyirsən ki, mübarizəmdə haqsızam? Görmədin məni necə alçaltdı? Gözünün qabağında oldu ki, hər şey. Bütün bunlar ona etdiyim yaxşılıqların əvəziydi? İndi deyirsən ki, bu pisliklərə yenə yaxşılıqla cavab verim? Cavab verirdim. Bütün adamlarıma əmr etmişdim ki, şahlıqları diriltsinlər. Hər yerdə bu işləri Madərşah Karinenin adından etsinlər. Sonu nə oldu? Atı apardı bağladı eşşəyin quyruğuna.

– Qüdrət Şah, dünyagörmüş müdrik adamsan. Atı niyə eşşəyin quyruğuna bağlayırlar? Çünki at eşşəkdən güclüdür, böyükdür, sürətlidir. Ona görə eşşəyin quyruğuna bağlayırlar ki, ondan qabağa keçə bilməsin.

– Aris, birdən at eşşəyi ötmək istəməsə, əks tərəfə qaçsa necə olacaq? Eşşəyin quyruğu qopacaq və anqıra-anqıra, qanı axa-axa gedəcək işinin dalıyca.

– Düz deyirsən, Qüdrət Şah. Bəs atın noxtasından nə asılacaq? Eşşəyin quyruğu. Hamı da adını qoyacaq eşşəksaqqal at.

– Yox, Aris, bu yolu başlamışam, sonacan da gedəcəyəm.

– Ay Qüdrət, birinci sən başladın da... Adamların Karine sarayına gedib çatmamış paytaxtda aranı qatdılar. Bəs lələgiryanları Karinenin üstünə göndərməyin nə demək idi? Bunun bircə adı var: madərşaha qarşı üsyan. Elə deyilmi?

– Yox. Nəyə deyirsənsə and içim. Lələgiryanları onun üstünə mən göndərməmişəm. Əksinə, lələgiryanları o mənim üstümə qaldırmışdı ki, bəs qızıl saraydadır, Qüdrət paylamaq istəmir sizə. Az qalmışdılar ki, sarayın divarlarını uçurtsunlar.

– Sənlik deyildi üsyan? Madərşah Karineyə isə başqa cürə çatdırmışdılar. O da “qızılları Qüdrət paylamır” oyununu buna görə ortaya atdı. Ürəyi soyumadı. Üstəlik meydanda aşağıladı da səni.

– Bilmirəm, Aris. Onda belə çıxır ki, hardasa gizli əl var. Belə çıxır ki, Karine nəsə səhv buraxıb. Bədəlini belə ödəyir. Özü də mənimlə üz-üzə qoyurlar. Bilirlər ki, onu məhv etsəm, mən edəcəyəm.

– Məhv etmək sənin şəxsi işindir. Bəs xalqın nə günahı? Təzəcə Şahənşah Göyverənin zülmündən qurtarmışdılar. İndi isə xəstəliklə sınağa çəkirsən onları. Əlac qıl, bitsin məsələ.

– Birdən qılmasam?

– Məcburam ki, Elbrus imperatorluğuna üz tutum və qayıdan kimi saraydakı adamlarını Karineyə deyim.

– Birdən sənin sözünə qulaq assam?

– Ölənəcən dostam səninlə. Özü də şahənşahlığın keçmiş baş vəziri kimi məsləhətlərinə böyük ehtiyacım var. Çaş-baş qalmışam. Heç nə edə bilmirəm. Hər şey sənin əlindədir. Səni güc kimi qəbul edirəm. Madərşah Karine də sənin gücünü bilir – bununla razılaşmasa da...

– Yaxşı. Qoy sən deyən kimi olsun. O qancıq şahbanulara da başa sal ki, mənə şıllaq atmasınlar. Əlimi üstlərindən götürsəm məhv olarlar. Qurban olsunlar hamısı sənə. Elə Karine də... Bura gəlmisənsə müdrik vəzirsən. O vaxt Elbrus eliylə əlaqə yaratdığına görə mən də baş nəqqaş Təbərxanın başına olmazın oyunu gətirdim, nəslini kəsdim. Sənin kimi insanlara mənim ehtiyacım var. Amma onu əla dedin atla bağlı. Necə oldu..?

– Eşşəksaqqal at. Amma Karinenin xəbəri olmasın bura gəlməyimdən. Deyəcəyəm ki, xəstəlik deyilən şey yox imiş. Sadəcə Qüdrət Şah belə bir şayiə buraxıb ki, onunla ehtiyatlı davranaq. İstənilən an bu cür işlər görə bilər. Bu hamımıza bir işarədir. Amma inanmıram sakitləşsin Madərşah Karine. Bu qadınların başladığı müharibəni heç kim durdura bilməz, bircə Əzrayıldan başqa.

– Zaman lazımdır, Aris. Elə şeylər var ki, sən bilmirsən.

– Mən gedim. Yolçu yolda gərək. Amma ətraf şahlıqlara köməyini əsirgəmə. Böyüklüyünü göstər.

– Ona baxaram hələ. Yaxşı yol.

Aris sağollaşıb otağı tərk edir. Qüdrət Şah eyvana çıxır: Arisin ayağıma gəlməyi yaxşı oldu. Hər halda xəbərim olacaq sarayın içində gedən danışıqlardan. Amma “elə etmə qayıdan kimi saraydakı adamlarını Karineyə göstərim” deməsi xoşuma gəlmədi. Deməli məni nişangahda saxlamaq istəyir. Nə olar, qoy saxlasın. Amma anlamır ki, o təzəcə iməkləməyə başladığı yolları, artıq mən qayıdıram. Öz aləmində elə bildi ki, bunun hiyləsinə uyub razılıq verdim. Amma anlamır ki, mənə də vaxt lazımdır. Və bu vaxt ərzində Karine heç bir işimə qarışmamalıdır.

– Eşikağası.

– Bəli, şahım.

– İkinci vəzir Dürəngi çağır saraya.

– Başüstə, şahım.

 

* * *

 

Madərşahlıqda həyat öz yoluna düşür. “Vəba və çiçək xəstəliyi”nin qarşısı alınıb. Nilufər Şahbanu artıq qalasına köçüb. Şahzadə Göyverənlərin qızılları məxfi xəzinəyə daşınıb. Qüdrət Şah üç şahbanunu saraya çağırıb. Nilufər Şahbanu, Əsnad Şahbanu, Mingül Şahbanu hüzurunda dayanıblar. Başlarını aşağı salıblar. Qüdrət Şah otaqda var-gəl edir.

– Deməli, məni tanımaq istəmirdiniz. Eləmi? Bilə-bilə ki, Dürəng mənim adamımdır, sizlərin keçmiş şahıdır, indi isə bu boyda dövlətin ikinci vəziridir – onu sarayınızdan qovmuşdunuz. Deməli, siz mənə şıllaq atırdınız? Hardan idi sizdə bu güc? Madərşah Karinedənmi? Əhalinizə payladığı dilənçi payındanmı? Xub. Mən də razı. Bəs onda üstünə qaçanda, deyəndə ki, xəstəlik yayılır, niyə qabağını ala bilmədi? Mənim sizə yox, xalqa yazığım gəlməsəydi neyləyəcəkdiniz? Hə? Cavab verin, qancıqlar!

Şahbanulardan səs çıxmır.

– Təqsir məndədir. O vaxt atalarınızı, qardaşlarınızı öldürəndən sonra gərək sizi öz hərəmxanama qataydım. İndi xəcalətdən cınqırınız da çıxmazdı. Amma yox. İndi də gec deyil. Boylu-buxunlu, gözəl-göyçək qızlarsınız. Özü də bakirə. Dürəng!

– Bəli, şahım.

– Nilufər Şahbanunu sənə ərə verirəm.

– Ömrünüz uzun olsun, şahım. Ürəyimdən xəbər verdiniz.

– Əsnadla Mingülün işinə isə özüm baxacağam. Bəlkə etirazınız var? Əgər etirazınız varsa, onda gərək sizin dilinizi qəməylə kəsim. Ki, bir daha donquldana bilməyəsiniz. Amma yazığım gəlir. Hansına razısınız, şahbanular? – şahbanular dinmirlər, – Susursunuz? Əlbəttə ki, mən nəyi desəm ona da razı olmalısınız. Bu gündən mən nə dedim, o da olacaq.

– Birdən Madərşah Karine çağırdı və nəsə əmr verdi. Onda nə deyək? Deyək ki, böyüyümüz Qüdrət Şahdır? Biz yalnız onun əmrlərini yerinə yetiririk?– deyə Mingül Şahbanu dilləndi.

– O da sizi öldürsün və leşinizi səhraya atıb qarğa-quzğuna yem etsin. Bunun dilinə bax. Küçüyün biri küçük, sən nə karəsən ki, madərşahın hüzurunda hələ bir danışasan da... O mənəm e dinmirəm sizə – dil-dil ötürsünüz. Madərşah nə desə, “başüstə” söyləməlisiniz. Sonra gəlib mənə xəbər etməlisiniz. Mən desəm ki, əməl edin, siz də edin. Desəm ki, yox... siz də bu əmri qulağınızdan necə almışdınızsa o biri qulağınızdan da buraxın havaya. Bildiniz, göyvərən qızları qancıqlar? İndi isə keçin hərəmxanaya. Zifaf gecənizdir. Əmin olun ki, bu işdən başqa heç nəyə yaramırsınız. O gün olsun ki, doqquz ay, doqquz gündən sonra dünyaya iki oğlan uşağı gəlsin. “Axır ki, Əllam və Ərdan şahlıqlarında da kişi dünyaya gəldi” deyib rahat nəfəs ala bilək. Dürəng, Nilufər Şahbanuya hörmətlə yanaş. Onun atası müharibədə əsir düşüb və edam edilib. Nə atası, nə özü bunlar kimi şahzadə Göyverənlərin üzünü görməyiblər.

– Başüstə, şahım.

 

* * *

 

Altı ay keçib. Madərşahlıq. Baş vəzir Aris Madərşah Karinenin hüzurundadır.

– Madərşahım, dediyiniz kimi – ordu yarandı. Əhali əvvəlki həyatına qayıtdı. Hamı sizdən razılıq edir. Amma bir xüsus var.

– Hansı xüsus?

– Ordunun yaradılması, mühafizlərin və fərraşların artırılması, onlara və saray əyanlarına ödənilən aylıqlar gətirdiyiniz qızılların hesabına görülüb. Xəzinə azalır. Üstünə isə vergi gəlmir. Artıq vaxtıdır. Çox piylənməyə də imkan vermək olmaz. Qudurub üstümüzə qalxarlar.

– Quduranın bir əlacı var. Gərək gəbərdəsən. Bunun üçünsə ordumuz var.

– Madərşahım, adamlarımızı da yerləşdirməliyik şahlıqlara. Həm vaxtında hər şeydən xəbər tutmaq üçün, həm də vergilərin təyin edilib yığılmasına görə. Yoxsa kimin qapısına getsək on dəsmal götürüb ağlayacaq ki, bəs acından ölürəm.

– Nə təklif edirsən?

– Əvvəl bac-xərac təyin edək şahlıqlara. Alınmasa başqa tədbir görərik.

– Necə yəni “alınmasa”? Dövlətlə dövlətçilik edəcəklər? Kaminat şahlığı az bac-xərac ödəyib? İlk dəfəsində özün get şahlıqlara. Hər şeyi yerində öyrən, bac-xərac təyin elə. Kaminat şahlığından o vaxt götürülən gizli xəzinənin də yerini soruş Qüdrətdən.

– Başüstə, madərşahım.

 

* * *

 

Yolaverənlər şahlığı. Saray. Aris Qüdrət Şahın otağındadır.

– Deməli, Madərşah Karine bac-xərac istəyir?

– Xeyr, Qüdrət Şah. Madərşah Karine bac-xərac tələb edir.

– Kimdən, kimdən, Qüdrət Şahdan?

– Bəli. Məhz sizdən – o biri dörd şahlığın da yerinə.

– Elə niyə?

– Çünki hansı şahlığa getdimsə, dedilər ki, hər birimiz ona tabeyik. O bizi ağır vəziyyətdən qurtardı. Xəzinəmizin idarəçiliyini ona həvalə etmişik.

– Onları yox, bütövlükdə madərşahlığı ağır vəziyyətdən qurtardım. Pis etdim? Özün ayrılanda demədinmi ki, “ətraf şahlıqlara köməyini əsirgəmə, böyüklüyünü göstər?” Mən də böyüklüyümü göstərdim. Sandığın ağzını açdım, hər şeyi əvvəlki vəziyyətə qaytardım. Xeyir gəlirmi ki, hələ bir bac-xərac da verim?

– Hansı sandığın ağzını açdın, Qüdrət Şah? Axı bildiyimə görə Madərşah Karine şahənşahlığın xəzinəsində bir qara quruş da qoymamışdı. Bəlkə Kaminat şahlığından o vaxt götürdüyün gizli xəzinənin sandıqlarını deyirsən? Nəsə Kaminat şahlığına gətirilən qənimətin içində o sandıqlar aşkar edilmədi.

– Mənim üçün əsas sandıq yox, onun içindəkiydi. Madərşah Karine də bizdən içindəkini daşıyıb apardı. Gərək içindəkini gizlədib, boş sandıqları saxlayardım Karine üçün. Nə biləydim ki, nə vaxtsa qiymətsiz sandıqlar belə mataha minəcək?

– Kinayəni özünə saxla, Qüdrət Şah. Yaxşı bilirsən söhbət nədən gedir.

– Məndə xəzinə yoxdur. Evimizdəki sandıqlarda nəyimiz vardısa xalqa xərclədik. Hələ dirilməyiblər ki, vergi yığmağa başlayaq. Əgər özün bacarırsansa, buyur yığ. O dörd şahlıq, o da sən.

– Dörd yox, beş şahlıq. Madərşaha belə də çatdırım? Son sözündür, Qüdrət Şah?

– Yox. Son sözüm deyil. Son sözü xalq deyəcək sizə.

– Nə edəcəksən? Yenidən üsyana qaldıracaqsan, yoxsa xəstəlik yayacaqsan? Vallahi baxmaram şah olmağına, – deyib Aris əlini qılıncın qəbzəsinə atıb sıyırdı. Elə bu an pərdənin arxasından, taxtın ətrafından altı qaraniqablı çıxdı. Ondan cəld tərpənib xəncəri Arisin boğazına dirədilər. Qılınc biixtiyar baş vəzirin əlindən düşdü.

– Aris, yadından çıxartma kimin hüzurundasan. Get madərşahına da çatdır ki, Yolaverənlər dövlət olub. Adı dəyişsə də ənənələrini qoruyub saxlayır. Sənin isə tülkü olduğunu əvvəldən anlamışdım. Mənim başımı qatırdın ki, vaxt qazanasan, ordu yaradasan? Yaratdın. İndi isə göndər üstümə. Karine şahənşah idi. Amma imtina etdi. Adını madərşah qoydu. Hamının anasıyam dedi. İndi də otursun analığını etsin. Ana övladlarından pul istəməz. Oğul yaxşı oğul olsa, yaxşı qazansa özü gətirib anasına verər. Ana övladlarından ordu düzəldib digər övladlarının üstünə göndərməz. Otursun yerində madərşahlığını etsin. O, ana şahdırsa, onda mən də ata şaham. Ananın dolanışığı, uşaqların gündəliyi üçün nə lazımdırsa edəcəyəm. Nəinki acından öləcək, əksinə şah qızı kimi yaşayacaq. Sarayının bütün xərci mənim boynuma. Amma yenə deyirəm. Bacarırsansa yığ vergini. İndi isə yerə düşən qılıncını götür sox qınına. Növbəti dəfə əlindən düşsə bir daha geri qayıtmayacaq. Əgər əvəz çıxmaq istəyib mənim saraydakı adamlarımı Karineyə nişan versən, onda vay halına. Təsəvvür edə bilməzsən ki, nələr baş verər.

Qaraniqablılar şahın işarəsiylə xəncərlərini Arisin boğazından çəkib, Qüdrətin qabağında canlı sədd qurdular. Baş vəzir qılıncını götürüb qınına saldı və otaqdan çıxdı.

 

* * *

 

Madərşah Karinenin sarayı. Baş vəzir Aris hüzurundadır.

– Danış, Aris, danış.

– Xoş xəbərim yoxdur, madərşahım. Nə Məstur Şah, nə də şahbanular bac-xəraca razı olmadılar.

– Yəni belə qudurublar? Bəs Qüdrət?

– Onlar da Qüdrəti nişan verdilər. Dedilər ki, altı ayda hər şey yoluna düşməyə başlayıb. Bütün bu işlərə isə Qüdrət Şah başçılıq edir. Bizdən bir quruş da vergi yığmır. Onun adamları hər şeyi öz ciblərinin puluna edirlər. Həyat canlanıb. Camaat da dolanışıq tapıb. Canına dua oxuyurlar Qüdrət Şahın.

– Bəs mənə necə, alqış demirlərmi? Axı Şahənşah Göyverənin əlindən onları mən qurtarmışam.

– Madərşahım, iş burasındadır ki, Qüdrət Şahın lələgiryanların başçısı kimi hörməti, Şahənşah Göyverəni necə devirməyi hələ də dillərdə dastandır.

– Sözündən belə çıxır ki, onda mən heç nəyəm? Sadəcə, bütəm? – Aris dinmir. Başını aşağı salır, – Xəzinə tükənir. Bir azdan nə edəcəyik? Belə çıxır ki, madərşahlığı Qüdrət idarə edəcək, alqışları o qazanacaq, mən də büt kimi oturacağam taxtımda? Götür qoşunu, get o Qüdrəti saqqalından yapış sürü bura. Saray əyanlarınısa qətlə yetir.

– Madərşahım, Qüdrət qanunların əleyhinə gedərək ordunu ləğv etməyib. Heç geyimlərini belə dəyişməyib. Qaraniqablılar yenə də var. Sadəcə, adları mühafiz, fərraşdır. Camaat hər dəfə onları görəndə şahzadə Göyverənlər yadına düşür. Amma o vaxtkı rəftarı görməyəndə Allahlarına şükür edirlər. Dul arvadlar, yetim qızlar da razıdırlar onlardan. Karzat, Əllam, Ərdan şahlıqlarında hamilələrin sayı çoxalıb. Gözünüz aydın, Əsnad və Mingül Şahbanular da hamilədir.

– Onlar kimdən icazə alıb ərə gediblər ki, hələ hamilə də qalsınlar?

– Qüdrət Şah onları öz sarayının əyanlarına verib. Nilufər Şahbanu isə Qüdrətin ikinci vəziri Dürənglə izdivaca girib.

– Kimdir bu Dürəng? Mən onu tanımıram. Sarayda beləsini görməmişdim.

– Bildiyim qədər Qüdrət Şahın ikinci vəziridir. Dürəng Həqqi Şahın sarayında əyan olmuş Hüseynin oğludur. Atasının ölümündən sonra onun yerini tutub. Yeni doğulan oğluna Göyverən adı verdiyinə görə Göyverən Şahın sevimlisinə çevrilib. Əvvəlcə Göyverən valiliyinə çevrilən Karzat şahlığında vali, sonra Karzat Şahın viran qoyduğu üç valiliyin başçısı, daha sonra isə başsız qalan Əllam şahlığında taxta otuzdurulub. Lələgiryanlar həm də onun şahlığından hərəkətə keçmişdilər. İndi isə ikinci vəzirdir. Amma Qüdrətin sağ əli kimi şahlıqlara yenə o nəzarət edir. Daha doğrusu başçılıq edir. Dürəngin sözü yekdir əyalətlərimizdə.

– Bəs Məstur Şah?

– O da şahbanular kimi. Qüdrət Şah əlini üstündən götürsə batıb gedəcək. Ən kasıbı onun şahlığıdır. Obirilərinə Qüdrət Şah “gəlinlərimizdir” deyib xüsusi hörmətlə yanaşır.

– Mənə də “gəlinimiz” deyər.

– Xeyr, madərşahım. Sizə hamının anası dedi.

– Nə əcəb ondan? Belə çıxır ki, madərşah kimi qəbul edir məni.

– Qəbul edir. Amma...

– Nə “amma?”

– Deyir ki, “Karine şahənşah idi. Amma imtina etdi. Adını madərşah qoydu. Hamının anasıyam dedi. İndi də otursun analığını eləsin. Ana övladlarından pul istəyər? Vergi, bac-xərac tələb edər? Oğul yaxşı oğul olsa, yaxşı qazansa özü gətirib anasına verər. Ana övladlarından ordu düzəldib öz övladlarının üstünə göndərməz. Otursun taxtında, madərşahlığını etsin. O, ana şahdırsa, onda mən də ata şaham. Ananın dolanışığı, uşaqların gündəliyi üçün nə lazımdır edəcəyəm. Nəinki acından öləcək, əksinə şah qızı kimi yaşayacaq. Övladlarımız – rəiyyətimiz də öz yerində”. Sarayınızın da nə xərci varsa boynuna götürdü.

– İndi nə deyirsən, Aris? Vergi yığmayaq? Hamını buraxaq evə, sarayda da qalaq ikimiz? Madərşahlıq budurmu?

– Qüdrət Şah sonda dedi ki, bac-xərac verməyəcəyəm. Çünki camaatda pul yoxdur. Vergiyə qaldıqda isə bacarırsan yığ.

– “Bacarırsan” nə deməkdir? Vergi yığmasaq dövlət necə dolana bilər? Qüdrətdən dilənməliyik, ya ummalıyıq? Get, yığ! Hər şahlığa vergi vəzirləri qoy. Öz adamlarımızı yerləşdir.

– Kimləri, madərşahım? Bu mənim səlahiyyətimə aid deyil. Onları siz təyin etməlisiniz.

– Elə saray əyanlarını. Boş-boşuna oturub sarayda milçək qovurlar. Qoy gedib işləsinlər.

– Saray əyanlarını?

– Hə.

Baş vəzir Aris udqundu.

– Nə olub, Aris? Niyə udqundun? Bəlkə səni qorxudub, yenidən xəstəliklərlə təhdid edib Qüdrət?

– Xeyr, madərşahım. Mənimçün maraqlı qaldı ki, niyə hədə-qorxu gəlmədi. Əksinə dedi ki, “bacarırsan yığ vergini”. Kaminat şahlığının özündən necə, vergi yığılsınmı? Özümüzdən yığsaq, o dörd şahlıqdan yığılan bütün vergidən üç-dörd dəfə çox olar.

– Yox. Əksinə, onlar vergi yığmalıdırlar. Nə əcəb qonşu şahlıqlara getmirlər? Orada iş qurmurlar, alver etmirlər?

– Kaminat şahlığı özü varlı şahlıq olub həmişə. Bal pətəyi olub qonşular üçün. Siz də müraciət etmisiniz meydanda. İstəsələr gedərlər. Heç bir maneə yoxdur qarşılarında.

– Neynək, özləri bilərlər. Yaxşı, get dediklərimi elə. Şahlıqlara göndərdiklərinə çoxlu qoluzorlu da ver. Heç olmasa onların xarici görünüşündən qorxsunlar. Xoşluqla ala bilməsələr, güc tətbiq etsinlər.

– Başüstə, madərşahım, – deyib baş vəzir otaqdan çıxır.

Madərşah Karine tək qalır: deməli Qüdrət məndən ağıllı çıxdı. Şahənşah Göyverəndən zahiri nə var idisə saxladı, daxilən dəyişdi. Özünü şah kimi yox, lələgiryanların başçısı kimi qoruyub saxladı. Bəs onda niyə hücuma keçmir? Lələgiryanları niyə əleyhimə qaldırmır? Mənə hörmət edir? Yox. İnanmaram. Bəs onda nəyi gözləyir – mənim xoşluqla taxt-tacdan əl çəkəcəyimi, yoxsa xalqımın gözündən düşüb bir qara quruşa dönməyimi? İtbaşı sağ olsaydı deyərdim ki, ondan qorxur. Bəlkə onun ölməyindən xəbəri yoxdur? İnanmıram olmasın. Hər yerdə adamları var. Yox, mənə də Karine deyərlər. Mən qartalam. Mən yüksəkdəyəm. Hələ ki, səmada süzürəm. Müşahidə edirəm. Lazım bildiyim anda şığıyıb məhv edəcəyəm Qüdrəti. Şikayət etməyə adamı da olmayacaq. Kim mənim əleyhimə çıxsa caynaqlarımda göyə qaldırıb ordan buraxacağam yerə. Sonra malını-mülkünü paylayacağam xalqıma. Mən xristianam. Mən səbrliyəm. Nə edim ki, bütün ətrafım xəyanətdir. Bu xəyanət toxumunu da bu müsəlmanlar səpdilər doğma torpağıma. Göyverən kimi şahənşah şahzadə Göyverənlərin timsalında öz yaxın ətrafını yaratdı. Sanki heç kim ondan güclü ola bilməzdi. Amma xəyanət onu da, iyirmi min şahzadəsini də məhv etdi. Xəyanəti isə öz sarayı etdi. Mənən göyverən olmağa razıydılar. Göyverənliyi təriqət kimi qəbul etmişdilər. Hətta qızıl və gümüş sırğalar da taxmışdılar. Amma cismən göyverənə çevrilmək istəmədilər. Deməli əsas mənəviyyatdır. Zehinlər məcmu yaradır. Ad lap pis olsa da birləşdirə bilər. Yetər ki, zəhmin, bir də çoxlu qızılın olsun. Amma mənimçün yenə sirri-xudadır ki, Qüdrət niyə hücum etmir? Bəlkə mənim hücuma keçməyimi gözləyir? O, yaxşı bilir ki, hücum edən tərəf çox itki verər. Bəlkə kiməsə arxayındır? İtbaşı sağ olsaydı deyərdim ki, hələ onun xeyir-duasını almayıb. Amma yaxşı elədim gəbərtdim İtbaşını. Yoxsa bu intiqam məni sakit buraxmayacaqdı. Soyuq başla düşünməyə, düzgün qərar çıxarmağa imkan verməyəcəkdi. Bir də ki, İtbaşı itlərin başçısıdır. Xalqın tərəfində olub həmişə. Şahlar həddini aşanda hərəkətə keçib. İndi xalq İtbaşısız qalıb. Mən madərşah itlərin başçısıyam. Sakitləş bir az, Karine. Səbr, səbr, yenə də səbr. Vergi yığılmağa başlansın, gerisini sonra düşünərik.

 

* * *

 

Qüdrət Şahın sarayı. Şahlıqların əyanları və valiləri hüzurundadırlar.

– Deməli, başladılar vergi yığmağa?

– Bəli, şah sağ olsun. Yaxşı ki, vaxtında xəbərdar etdiniz. Pulumuzun çox hissəsini gizlədə bildik. Yoxsa yağmalayacaqdılar hamımızı. Bunlar lap qansızdırlar. Ucdantutma hamıdan vergi tələb edirlər, – deyə ikinci vəzir Dürəng hamının əvəzindən dilləndi. Əyanlar və valilər də başlarını tərpədərək onun dediklərini təsdiqlədilər.

– Bəs camaat nə deyir?

– Əvvəl bizə üz tutdular. “Bizlik bir şey yoxdur. Madərşah Karinenin adamlarıdır. Qoluzorluları da o göndərib” dedik.

– Bütün adamlarımıza mənim sözümü çatdırın. Nə bu işlərə qarışsınlar, nə də mane olsunlar. Qapılarına gələn kasıb-kusubu naümid buraxmasınlar. Desinlər ki, “Qüdrət Şah tapşırdığına görə edirik köməyi – madərşahın adamları xəbər tutmasın. Xəbər tutsalar bunu da alacaqlar əlinizdən”. O qoluzorlular isə qoy nə istəyirlər etsinlər. Əksinə, madərşahlıqdan gələn əyanlara hardasa yardımçı da olun. Elə bilsinlər ki, çönüb onların adamı olmusunuz. Bir şey itirmirsiniz. Su gələn arxa bir də gələr. Əsas odur ki, camaatın qanını yaxşı sorsunlar.

– Başüstə, şah həzrətləri! Əmrinizə müntəzirik, – deyə hamı yerbəyerdən səsləndi.

– İndi isə gedin!

Əyanlar və şahlıqların valiləri gedirlər. Qüdrət Şah taxtından durub, otaqda var-gəl etməyə başlayır: deməli Aris heç kimi satmayıb. Deməli qorxur məndən. Xub, xub. Göyverən Şah necə deyirdi? Əla! Əla! Əla-ül-əla! Camaat bunların soyğunçuluğundan qalxsa, heç kim məni xəyanətdə suçlaya bilməyəcək. Hələ ki, hər şey mən istəyən kimi gedir. Pulum da artır. Hər şey yaxşı olar inşallah. Tutaq ki, axırı yaxşı oldu. “Yaxşı” nə deməkdir ki? Nəyə nail olmaqdır məqsədim? Şahənşahmı olmaq istəyirəm? Yox. Heç onda da şahənşah olmaq istəmirdim. Heç şahlıq da keçmirdi xəyalımdan. Amma ki, oldum. Bəs onda nə üçün çalışıram? Xəzinəni artırmaqdırmı istəyim? Xəzinə onsuz da boşdur. Öz pullarım torpağın altındakı sandıqlardadır. Xalqa xərclədiklərimizi də artıqlamasıyla çıxardıq. Xalq da nə qazanmışdısa indi qusmağa başlayıb. Karinenin əyanları vergini lazım olandan artıq yığırlar ki, özlərinə də bir şey qalsın. Qoluzorlular da öz haqlarını üstünə qoyurlar. Yazıq camaat təzə-təzə başlamışdı dirçəlməyə. Bir Allah şahiddir ki, mən onların yaxşı yaşamasını istəyirdim. Bezmişdim Göyverənin vaxtındakı kimi adamlara pislik eləməkdən. Mən rəiyyətimin yaddaşında yaxşı şah kimi qalmaq istəyirəm. Eybi yox. Qoy Karine nə edir etsin. Sonunu tez gətirəcək.

 

* * *

 

Madərşah Karinenin sarayı. Baş vəzir Aris hüzurundadır. Karinenin kefi kökdür. Gülür.

– Gördünmü, baş vəzir? Deyirdin ki, vergiləri yığmaq alınmayacaq.

– Düzünü həmişə siz bilirsiniz, madərşahım. Gözləmirdim ki, belə qısa zamanda yığa biləcəklər. Mən saray əyanlarını belə fərasətli bilməzdim.

– Qayıtmasınlar. Elə qalsınlar şahlıqlarda, əyalətlərdə. Burda özlərini günə verirdilər. Orda heç olmasa işə yarıyırlar. Həm də etibarlı saray adamı olmaqlarını işləriylə sübut edirlər.

– Düz buyurursunuz, madərşahım.

– Şahlıqlardakı rəiyyət nə danışır?

– Cürətim çatmır deməyə. Qorxuram qəzəbinizə gələm.

– De!

– Deyirlər ki, madərşah hamıya bir qızıl payladı. Biz də üstünə birini qoyub qaytardıq. Bu necə anadır?

– Necə yəni “bu necə anadır?” Madərşah təkcə ana deyil, həm də dövlətin başçısıdır. Onu idarə etmək üçünsə xəzinə həmişə dolu olmalıdır. Bəs ana ordu, mühafiz, fərraş, hakim, saray əyanları üçün pulu hardan tapmalıdır? Bir qızılı ona görə vermədim ki, yesinlər. Dedim ki, nəyəsə yatırıb pul qazansınlar. Altı ay da toxunmadım. Bundan artıq nə yaxşılıq edə bilərəm? Mayanı mən qoydum, işləyib vergi vermək isə onların borcudur. Yaxşı, öz xalqım nə deyir? Razıdırlarmı məndən?

– Bəli, madərşahım. Hamısı duaçıdır.

– Əla! Əla! Mən belə də istəyirdim. İndi Qüdrət bilsin ki, madərşahlıqda böyük kimdir. Mən, yoxsa o? Yaxşı, get.

Aris otaqdan çıxır. Karine fikrə gedir: yox, dilim belə deyir. Amma ürəyimdə nəsə narahatlıq var. Qüdrət belə asanlıqla kürəyini yerə vurmamalıydı. Heç olmasa öz şahlığında qətiyyətini göstərməliydi. Amma dinmədi. Bəlkə qılıncımın kəsərindən hürkdü? Bu dəfə üsyan qaldırdığı təqdirdə edam ediləcəyindən qorxdu? Bilmirəm. Xəzinəsində də heç nə yoxdur. Nə onun, nə də digər şahlıqların. Bəs onda orduya bərabər qaraniqablı mühafizləri necə saxlayır? Bu Qüdrət və ətrafı siçovuldur hamısı. Qızılı elə dərində gizlədirlər ki... Onları da dingildədən qızıldır. Lələmin danışdığı rəvayəti heç vaxt unutmaram. Günlərin bir günü bir dəllək şahın saç-saqqalını düzəltmək üçün saraya gəlir. İşini qurtarana yaxın birdən ülgücü şahın boğazına dirəyib deyir ki, “bəs qızını mənə verməlisən. Yoxsa boğazını üzərəm”. Vəzir, mühafizlər ha and-aman eləsələr də dəlləyi fikrindən döndərə bilmirlər. Şah da naəlac qalıb razılıq verir. Dəllək ülgücü boğazdan çəkən kimi saray mühafizləri onu qamarlayıb xəncəri boğazına dirəyəndə şah imkan vermir. Onun ayağının altını qazmağı əmr edir. Şahın əmri yerinə yetirilir. Həmin yerdən yeddi küp qızıl çıxır. Şah üzünü əyanlara çevirərək “dəlləyin boğazıma ülgüc dirəməyə, məndən qız istəməyə heç vaxt cürəti çatmazdı. Onu dingildədən bu qızıl imiş” deyir. Qüdrətin də qızılı çox olduğuna görə suda balıq kimidir. Bu qızıldan vergi tutmaq azdır. Onu bütünlükdə götürmək lazımdır ki, məhv olub getsin. Yox. Məhv etmək azdır. Onu əsl təbəəyə çevirməliyəm. Yerini göstərməliyəm. Gərək vaxtında öldürəydim onu. Öldürəcəkdim də... Çünki onu adam edən Şahənşah Göyverənə xəyanət etmişdisə, bir gün məni də o aqibət gözləyirdi. Bəs bunu bilə-bilə niyə öldürmədim? Əksinə şah etdim. Vaxtikən elədiyi yaxşılıqlara görəmi? Yəqin ki... Artıq altı-yeddi ay keçib. Vaxtı çatmayıbmı? Gözəçarpan bircə o qalıb. Onu da məhv edib sakit oturum yerimdə. İtbaşıdan böyük adamdırmı? Yox. Amma necə axmaq olmuşuq e... Səfil, bit basmış bir adamın ayağına gedib, ondan kömək diləmişik. Dərdimizi, sirrimizi demişik. Dediyini eləmişik. O da istədiyi kimi idarə edib biz şahları. İndiki ağlım olsaydı... Nə isə. Keçdi getdi. Amma yox. İtbaşının gücü saraylarda olan yüksək mənsəbli, qılıncının kəsəri olan adamlarındaydı. Görəsən mənim də sarayımda onun adamlarından kimsə varmı? Yaxud da yeni İtbaşı peyda olubmu? Olubsa kimdir? Yeri-yurdu hardadır? Nə vaxt özünü biruzə verəcək ki, onu tanıyım? Hə indi də başlayım casus axtarışına. Nə vaxtsa olan qətiyyətin yavaş-yavaş itir, Madərşah Karine! Belə getsə Göyverənin gününə düşəcəksən. Madərşahlıq qurmusan, başla qanunlar qəbul et. Öz istədiyin dövləti yarat. Axı sən qartalsan. Amma rəiyyətlə İtbaşı itləriylə davranan kimi davranırsan. Bu, qartala yaraşmaz. Sən qartalsan. Qartalın isə qarğa-quzğunları olmalıdır. Siçan-siçovula divan tutmaq, ilanı yuvasından çıxartmaq onların işidir. Qartal da səmada süzərək baxıb, nəsə bir əmma görəndə şığıyıb həmən müdaxilə etməlidir. Daha doğrusu, tənzimləməlidir. Nə qarğa-quzğunu azğınlaşmağa qoymalıdır, nə də siçovulları azalıb yoxa çıxmağa. Şahənşah Göyverənin vaxtında bu işi şahzadələri və fərraşları görürdü. Mənimsə qarğa-quzğunlarım ayıq-sayıq olmalıdırlar. Şahzadələr kişilərə “cismani əzab” verməkləriylə ad çıxartmışdılar. Bəs qarğa-quzğunlar nə etməlidirlər? Şahlıqlara göndərdiyim əyan və qoluzorlular qarğa-quzğun sayıla bilərmi? Başla bildiklərini həyata keçirməyə, Karine. Sən madərşahsan. Bəsdir Qüdrətlə boş-boş zəvzəmək oyunu oynadığın. Ömrün gedir, arzularınsa çox. Nə qədər cavansan, başla.

 

* * *

 

Qüdrət Şahın sarayı. Baş vəzir Hətəm, ikinci vəzir Dürəng şahın hüzurundadırlar.

– Dürəng, deyirsən ki, ayağa qalxmaq istəmirlər?

– İstəmirlər, şah sağ olsun.

– Niyə? Bundan böyük səbəb? Hər şeylərini əllərindən alırlar. Karinenin adamları başqa nə etməlidirlər ki, bunlar hərəkətə gəlsinlər?

– Şahım, nəinki hərəkətə gəlmirlər, üstəlik şükür də edirlər, – deyə Dürəng əlavə etdi.

–  Şükür eləyirlər? Anlamadım.

– Deyirlər ki, “yenə Karine insan adamdır. Şahənşah Göyverən kimi pulumuzu almaq üçün başımızı, qollarımızı gülünc şalbana keçirmir, alnımıza söyüşlər dağlatmır, bu sözlərə bizi layiq edib qulağımıza dəmir sırğa taxıb, uclarını pərçimləmir. Uzağı bir-iki şillə-yumruqla canımızı qurtarırıq”. Amma, şahım, bircə işarəniz yetər ki, qaldırım onları madərşahın əleyhinə. Təcrübəm var artıq.

– Yox. İstəyirəm ki, bu dəfə təbii olsun.

– Bəlkə xəstəlik yayaq?

– Yox, Dürəng. Bezmişəm pislik etməkdən. Bir Karineyə görə o boyda şahlıqları, rəiyyəti niyə məhv edək? Axı onlar da mənimdir. Buraxaq hadisələri axarına, görək sonu nə olur?

– Düzünü siz bilirsiniz, şahım.

 

* * *

 

Bir il keçib. Madərşahlığın şahlıqlarında rəiyyətin vəziyyəti getdikcə ağırlaşır. Karinenin sarayı.

– Madərşahım, xəzinə aşıb-daşır. Yeni otaqlar ayırmaq lazımdır.

– Nə gözəl. Bu əla xəbər oldu, Aris. Yerlərdəki əyanlarımız qoy belə də davam etsinlər. Öz şahlığımızda isə cüzi vergi tətbiq elə. Denən kim vergi vermək istəmirsə təbəə şahlıqlara getsin. Orda onlar üçün heç bir vergi yoxdur. Əhalimizi yaymaq lazımdır bütün şahlıqlara. Qüdrət və adamları necə – narazı deyillər ki?

– Xeyr, madərşahım. Əksinə, canla-başla köməklik də göstərirlər. Qardaşım Taxis Yolaverənlər şahlığındadır. Hər ciki-biki mənə xəbər edir. Deyir ki, Qüdrət heç cınqırını da çıxarmır.

– Ondan belə gözləmirdim. Düşünürdüm mane olar.

– Düzü, mən də gözləmirdim. Madərşahım, baş vəzir kimi bir xüsusu xatırlatmaq istəyirəm.

– De!

– Madərşahlığın bir yaşını keçirməyimiz lazım.

– Mən razı. Hazırlıq gör. Bu münasibətlə hamıya bir qızıl bayram hədiyyəsi paylansın.

– Bir qızıl?

– Hə.

– Əmrinizi çatdıraram xəzinədara.

– Yox. Xəzinəyə toxunma. Bu bir qızılı şahlar gizlətdikləri sandıqlardan verməlidirlər.

– Çatdıraram onlara əmrinizi.

– Yox. Onlara çatdırma. Yaxın adamlarını göndər, Dürəngi qulağından tutub gətirsinlər bura. Elə etsinlər ki, Qüdrət xəbər tutmasın. Gətirib onu salsınlar zindana. Əl-ayağını qandallasınlar. Qarşısına da üstünə təbərzin çaxılmış, insan qanı qurumuş edam kötüyü qoysunlar. Üç gün orda saxlayandan sonra çimizdirib, geyindirib-keçindirib gətirərsiniz hüzuruma. Amma sən bayram və bir qızıl xəbərini bu gün yay hər yerə. Gerisini deyəcəyəm.

– Başüstə, madərşahım.

 

* * *

 

Təbəə şahlıqlarda həyəcan hökm sürür. Bazar meydanlarında pıçhapıç aləmi götürüb:

– Xəbəriniz var da...

– Nə olub?

– İkinci vəzir Dürəngi gecə yatağından oğurlayıblar. Qüdrət Şah hamını ayağa qaldırıb. Nə ölüsündən xəbər var, nə də dirisindən.

– Kim edib görəsən bunu?

– Deyilənə görə Madərşah Karinenin qəzəbinə tuş gəlib.

– Dürəngi belə ediblərsə, gör indi bizi neyləyərlər də...

– Neyləyəcəklər? Uzağı-uzağı paz çalacaqlar. O günləri artıq keçmişik.

– Bu Karineni də başa düşmək olmur. Bir yandan qanımızı sorur, o yandan qızıl paylayır. Vallah məəttəl qalmışam.

– Karinenin xəbəri yoxdur bu qaniçənlərdən. Bilsə dərilərinə saman təpər. O, əliaçıq insandır, kasıbın adamıdır, hamımızın anasıdır. O, “vergi yığın” deyir, bunlar isə öz haqlarını da vergilərin üstünə qoyurlar. Olur ikiqat, üçqat vergi.

– Yaxşı, bunu madərşaha necə çatdıraq?

– Nəyi çatdıracaqsan? Çatdıracaqsan, yığıb piylənəni geri qaytarıb lütün birini qoyacaq yerinə. O, indikilərdən də pis olacaq. Gələn kimi birinci sənin dilini kəsəcək ki, daha şikayət edə bilməyəsən. Ona görə otur yerində sakit.

– Bunlar xırda məsələdir. Əsas Dürəngin yoxa çıxmasıdır. İndi hər yerdə bundan danışırlar. Görəsən nə oyundur?

– Sən öz dərdini çək. Dürəng lap ölsə belə, dünyaya gəlməyən qohum-əqrabasını, nəvə-nəticəsini də hər şeylə təmin edib. Sənə bir şey olsa ailən acından qırılacaq. Dağılışın. Böyük adamların işi bizlik deyil. Qoy boğuşsunlar nə qədər istəyirlər.

 

ARDI VAR

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir