Modern.az

Dilimizə uzanan dillər - YOX, yoxsa XEYR?

Dilimizə uzanan dillər - YOX, yoxsa XEYR?

Ədəbi̇yyat

21 Fevral 2021, 21:08

İlk baxışdan hər birimiz təhsilli, hətta mədəni görünmək üçün "Xeyr" kəlməsindən istifadə edirik. Qeyd edim ki, "Yox" sözü başıbəlalı milli sözlərimizdəndir. O sözlərimizdən ki, müstəqilliyimiz olmadığı zamanlarda rəsmi məclislərə yol tapa bilmirdi. Bu kimi sözlərimiz məişət üslubuna yönəldilmişdi. İnsanlarımızın beyninə "Bu sözü evdə işlədərsən!" kimi toxumlar səpildi və bu toxumlar elə cücərdi ki, müstəqil olduğumuz dövrlərdə də dilimiz azad ola bilmədi.

Orta məktəblərdə -Yox nədir? ay bala, məktəbdəsən, xeyr deyəcəksən. Yoxu küçədə işlədərsən! -deyib özümüz də bilmədən dilimizin sözlərini alçaltdıq. Ancaq düşünmədik ki, ikisi də inkar ədatıdır, fərq isə ondadır ki, "yox" bizim, "xeyr" ərəbindir.


Bəzən qabiliyyət imtahanlarında qabiliyyətli görünmək üçün öz kəlmələrimizdən qaçılır.


Məsələn:


- Siz bu işi yalnız pula görəmi seçmisiniz?


-Yox


-Gedə bilərsiniz, kəsildiniz.


-Nə üçün?


-"Xeyr" deməli idiniz.


Təsəvvür edin, ərəbcə cavab vermədiyin üçün kəsilirsən. Ən dəhşətlisi də odur ki, öz dilində danışdığın üçün mədəni deyilsən.


Yüzlərlə nümunə göstərmək olar. Yazıb mətni uzatmaq fikrim yoxdur. Sadəcə demək istəyirəm, Ana Dili günü verilişlər təşkil edilməli, geniş müzakirələr təşkil olunmalı idi. Bu özləşmə prosesinə təkan verə bilər.


Özləşmə də ən əsas cizgi filimlərdən başlamalıdır. Bu filmlərin də mətnini ana dilin sevən və dərindən bilən insanlar yazmalıdırlar. Uşaqlarımızın beyni ağ kağızdır, kim irəli düşüb ora birinci nə yazdısa, uşaq özünü o ölkənin vətəndaşı kimi hiss edəcək. Özləşmə meyillərində adlara da diqqət yetirməliyik. Bizə doğma olan balarımıza doğma dilimizdə adlar seçməliyik.


Sinfimdə 20 şagirddən 15-nin adı yad sözlərdir. Öz adım Zaur da daxil. Anlayırıq, özləşmə birdən- birə baş verməyəcək, amma heç olmasa, başlamalıyıq.


Məncə, Ana dilini sevmək, ən ali məclislərdə o dildə danışmaqdır.


Ana dilimizə çox "analıq" edən oldu, amma günümzə qədər gəlib çata bildi, bizim borcumuz isə onu saflaşdırıb gələcək nəsillərə çatdırmaqdır.


Çünki xalqlar hər zaman kimliyini öz dili ilə isbat edib.


Günümüz mübarək!

 

Zaur Vəliyev,
Cəbrayıl rayonu 8 saylı məktəbin müəllimi
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir