Modern.az

Astronavt Nil Armstronq və Ayda eşidilən azan səsi - MARAQLI

Astronavt Nil Armstronq və Ayda eşidilən azan səsi - MARAQLI

27 Avqust 2012, 15:00

Kosmosda açılmış kitab və namaza çağırış

Aya ilk ayaq basan adam kimi tanınan astronavt Nil Armstronq 82 yaşında dünyasını dəyişdi.

Nil Armstronq kimdir?

Nil Olden Armstronq 1930-cu il avqustun 5-də Ohayo ştatının Vapakoneta şəhərində anadan olub. O, ABŞ-ın Purdue Universitetinin məzunu olub. Daha sonra orduya yollanan Armstronq hərbi xidməti ABŞ hərbi dəniz qüvvələrinin tərkibində keçib. Xidmət zamanı 1951-1952-ci illərdə Koreya müharibəsində iştirak edib və 78 döyüş uçuşu keçirib. Qısa müddət içərisində göstərdiyi müvəffəqiyyət ilə təyyarə pilotu olmağı bacarıb. Təyyarə gəmilərində pilot olaraq karyerasında olduqca böyük uğur qazanıb. NASA-nın marağını cəlb edən gənc pilot sonrakı həyatını elə orada çalışaraq keçirib. 1955-ci ildə ilk Ay modulları təcrübələrində sınaq pilotu olaraq vəzifə alanda onun cəmi 25 yaşı olub. O zamanlar heç kim xəyalına gətirə bilməzdi ki, bu oğlan nə vaxtsa Aya uçacaq.

Armstronq NASA-nın ən bacarıqlı kosmos gəmisi pilotlarından biri kimi 1962-ci ildə rəsmi olaraq astronavt ünvanını qazanıb. Daha sonra “Apollo 5”, “Apollo 8” və “Apollo 11” kosmos layihələrində idarəçi pilot olaraq çalışıb.

Aldrin Edvin və Collius Mike ilə birlikdə o, “Apollo 11” layihəsi çərçivəsində 20 iyul 1969-cu ildə kabinəsindən kənarda 2 saat 21 dəqiqə 16 saniyə, Ay səthində isə 21 saat 36 dəqiqə olub. Bu uçuşundan sonra o, Aya ayaq basan ilk insan adını aldı.

1971-ci ilə qədər Armstronq NASA-nın nəzdində işlərinə davam edib. Bu ildən sonra isə oradan ayrılaraq ABŞ-ın Sinsinatti Universitetində mühəndislik fakültəsində müəllimlik etməyə başlayıb.

Bir çox insan Neil Armstronqun müsəlman olduğunu düşünür…

Deyilənə görə, Aya ilk ayaq basan insan – Armstronq və iki yoldaşı – Oldrinq ve Kollins ayın üfüqündə açılmış kitaba oxşar bir şey görürlər, sonra isə anlaşılmaz bir musiqi eşidilir. Onlar bu barədə Yerə xəbər verirlər. Yerdə onları dinləyən NASA (Amerika Aerokosmik Hava Tədqiqat Mərkəzi) əməkdaşları astronavtlara inanmırlar. Onlar havasız bir mühitdə musiqinin ola biləcəyini qəbul etmirlər. Amma radio vasitələrinin köməyi ilə bu musiqi yerdə də eşidilir. Bundan başqa, kitab da lentə alınır. Amma bu materiallar məxfi saxlanılır. 1983-cü ilin fevralında Nil Amstronq elmi konfransda iştirak etmək üçün Misirə gəlir. İclas vaxtı azan səslənir. Rəyasət heyətində oturan Amstronq bu səsi eşidərkən şok keçirir. Bu nə musiqidir? – deyə astronavt soruşur.

Armstronqun bu hərəkətlərindən təəccüblənən konfrans iştirakçıları ona başa salırlar ki, bu musiqi deyil, müsəlmanları namaza səsləyən çağırışdır – azan səsidir. Armstronq bu səsi ilk dəfə Ayın səthinə ayaq basanda eşitdiyini bildirir. Astronavt “Mən Ayın səthinə duasız qədəm basdım, indi isə dua edəcəyəm, məni müsəlman hesab edə bilərsiniz” – deyə o, konfrans iştirakçılarına bildirib.

Astronavt haqqında bu söhbətlərin yalan olduğu iddia olunur. Belə ki, bu məsələni astronavtın müəllimi, professor Fərrux əl-Bəzz açıqlayıb. Fərrux əl-Bəzz 1967-ci ildən NASA-da strateji vəzifələrdə çalışıb. “Apollo astronavtları uçuş şöbəs”nin rəhbəri olub. Bütün “Apollo” astronavtlarını, o cümlədən müsəlmanlaşdırılan Armstronqu da astronavtları Fərrux əl-Bəzz yetişdirib. Misirli müəllim 7 il bundan əvvəl müsahibələrinin birində “Ayda azan” məsələsi və Nil Armstronqun müsəlman olmaması ilə bağlı olan fikirlərə qarşı bunları bildirib: “Armstronqu da bütün “Apollo” astronavtları kimi çox yaxşı tanıyıram. Çünki onların hər birinin Ayın səthinə necə düşəcəklərini mən öyrətmişəm. Bu günə kimi də həmin astronavtlarla dostluğumuz davam edir. Çünki biz bir heyət kimi XX əsrin ən mühüm elmi layihələrindən birini həyata keçirməyin sevincini yaşamışıq. Ancaq bununla yanaşı, qeyd etmək istəyirəm ki, Amstronq Ayda heç vaxt azan səsi sayılacaq bir səs eşitməyib və bu günə kimi də müsəlman olduğunu heç bir yerdə söyləməyib. Bu cür dedi-qodular, bütün həssas müsəlmanlar kimi, məni də dərindən yaralayır. Dayaz düşünən insanlar elə zənn edirlər ki, bütün dünyada tanınan məşhur bir şəxs İslam dinini qəbul etdiyini bildirsə, o vaxt İslam “ən yaxşı din” olacaq və qlobal mənada hörmətə layiq din sayılacaqdır. Mən bir müsəlman kimi İslama bundan daha böyük təhqir fikirləşə bilmirəm. Nil hazırda 75 yaşındadır və Ohayoda ailəsi ilə birlikdə sakit həyat yaşayır. Əgər İslamı qəbul etsəydi, təbii ki, buna sevinərdik. Amma müsəlman olmayıbsa, onda 1400 illik İslam dini öz mənasını və əhəmiyyətini itirəcək? Müsəlmanların dinlərinə inanmaq və güvənmək üçün mütləq “Qərbli” sübutuna ehtiyac varmı? Bu cür düşünənlər bu dinə uzaqdan tamaşa edənlərdir. Təkidlə bu cür bir sübut istəyənlərə, bu cür xəbərlərin kölgəsinə sığınmaq istəyənlərə mən ən gözəl nümunəni göstərim. Bəli, bir də təkrar edirəm Nil Armstronq və başqa “Apollo” astronavtlarından heç biri hələlik müsəlman olmayıb. Amma onların hər birini bir-bir yetişdirib Aya göndərən və sağ-salamat geri qayıtmalarını təmin edən, onları öyrədən mən, Fərrux əl-Bəzz anadan olduğum gündən bəri müsəlmanam. Bu kifayət edərmi?!”

Ayın səthində azan səsinin ortaya çıxmasına səbəb professor Fərrux əl-Bəzzin “Apollo-15” astronovtlarından biri olan Alfred Meril Vordenin 380 min km.-dən Hyuston ştatına raport verməsi ilə bağlı olub. Əl-Bəzz bu hadisəni belə qeyd edir: “Alfred dostcasına məndən: “Kral”, Aydan istədiyin bir şey varmı?” – deyə zarafatla soruşdu. Mən də: “Dünyamıza ərəb dilində bir salam göndərməyin kifayətdir”, – dedim. Həmin an müsəlman kimi Quranın dilinin Ayda səslənməsini istəmişdim. Alfred də dərslərimdən 3-5 cümlə ərəb dilində söz öyrənmişdi. O xahişimi yerə salmayaraq eyni ilə belə dedi: “Mərhaba əhləl ard, min Endivur, ələykum salam”, yəni “Hər vaxtınız xeyir, Endivurdan hamınıza salam olsun, ey dünya insanları”. Bu sözlər bizim mərkəzdə olduğu kimi, dünyanın hər yerində Aya səyahəti seyr edənlər tərəfindən canlı olaraq eşidilirdi. Sonradan bu sözlər müxtəlif dəyişikliklərə məruz qalaraq “azan səsi” kimi yayıldı. Hadisə isə “Apollo – 15”də baş verdiyi halda, bunu həmin hadisədən iki il əvvəl Aya çıxmış “Apollo – 11” üçün uydurulub. O, bir məqamı da qeyd edib ki, “Apollo” uçuşları vaxtı astronavtların yerlə bütün dialoqlarına qulaq asan az saydakı adamdan biri də mən idim. Əgər həmin ərəfədə Aydan və ya başqa bir yerdən azan səsi gəlsəydi, bir müsəlman olaraq bunu ilk mən başa düşər və qeyd edərdim, amma qətiyyən belə bir hadisə olmayıb. Bununla bağlı olaraq, bütün müsəlman gənclərinə bunu tövsiyə etmək istəyirəm: “İslam dini Quranda bildirilib və ən gözəl ifadəsini orada tapıb. Buna görə də, başqa heç bir sübuta ehtiyac yoxdur. Quranın özü ən böyük sübutdur”.

Anar Kəlbiyev

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır