Modern.az

Deputat Əkrəm Abdullayev: “İndiki gənclikdə təşəbbüs yoxdur...”

Deputat Əkrəm Abdullayev: “İndiki gənclikdə təşəbbüs yoxdur...”

1 Fevral 2010, 14:21

Hər il Azərbaycanda 2 fevral Gənclər Günü kimi qeyd edilir. Son illər Azərbaycan gəncliyi müxtəlif sahələrdə aktivdir. Bəs görəsən bu gün gənclərin intellektual səviyyəsi, sosial durumu arzuolunan səviyyədədirmi? Modern.az saytının suallarına uzun illər Gənclər Təşkilatları Milli Şurasına rəhbərlik etmiş millət vəkili Əkrəm Abdullayev cavab verir.

 

- Əkrəm müəllim, gənclərin səviyyəsi ilə bağlı müəyyən fikirlər var. Bu barədə siz nə düşünürsünüz?

- Sabah Gənclər günüdür. Ölkəmizdə Gənclər günü 1997-ci ildən qeyd olunmağa başlayıb. Ötən müddət ərzində bu sahədə dövlət və qeyri- dövlət sektoru tərəfindən xeyli işlər görülüb.  Amma bugünki cəmiyyətə nəzər salsaq, görərik ki, gənclər ictimai-siyasi həyatda əvvəlki illərlə müqayisədə heç də aktiv deyil. Bu müqayisəni ötən əsrin 90-ci illəri ilə aparmıram. Çünki o zaman gənclərin aktivliyi hiss olunurdu. Məncə indi gəncləri ictimai işlərdən kənarda olan məsələlər, əyləncələr maraqlandırır. Bu da çox narahatedici faktdır. Bu gün ölkəmizdə 150-dən artıq gənclər təşkilatları qeydiyyatdan keçib. Amma onların böyük əksəriyyətinin cəmiyyətdə varlığı nəzərə çarpmır. Dövlət tərəfindən, Gənclər və İdman Nazirliyi tərəfindən böyük işlər görülüb. Demək olar ki, gənclər təşkilatlarının proqramları maliyyələşdirilir. Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu layihələri maliyyələşdirir. Bütün bunlara baxmayaraq ali məktəblərdə gənclərin fəallığı hiss olunmur. Gənclərin asudə vaxtının səmərəli təşkil edilməməsi, ali məktəblərdə özfəaliyyət qruplarının olmaması mənfi haldır. Regionlarda mərkəzlərin olmaması, Olimpiya İdman Komplekslərinin qapılarının bağlı olması kimi məsələlər də bu məqamda mənfi tendensiyalardandır.

- İdman komplekslərinin qapısını kimlər bağlayıb?

- Bu qapılar müxtəlif səbəblərdən baglıdır. Bilirsiniz, Olimpiya İdman komplekslərinin bəziləri dövlət, bəziləri isə özəl qurumlar tərəfindən tikilib. Burada bəzi maddi məsələlər önə çəkilir. Ona görə də regionlarda yaşayan insanların maddi imkanları bu kompleksdən mütəmadi istifadə etməyə çatmır. Qış zamanı istilik sisteminin olmaması, eyni zamanda bu komplekslərin rayon mərkəzindən müəyyən qədər kənarda olması gənclərin ondan istifadəsində problemlər yaradır. Amma məsələnin başqa tərəfi də var, gəncin həqiqi istəyi olsa, hər şeyi həll edə bilərlər. İndi gənclərimizin özündə bir süstlük, tənbəllik var. Gənclər hər şeyin birdən hazır olmasını istəyirlər. Bu da mümkün olan məsələ deyil. Gənclərin tədbirlərində çox iştirak edirik. Açığı, fəal olan yeni gənclər azdır, tədbirlərdə onlara nadir hallarda rast gəlinir. Amma hər hansı şou proqramda istənilən qədər gənc görmək mümkündür. Hesab edirəm ki, bu gün gənclərin maraq dairəsi dəyişib. Buna görə də onlar ya ictimai fəallığa az diqqət verirlər, ya da ümumiyətlə ondan uzaq qaçırlar.

- Sizcə, bu məsələ haradan qaynaqlanır? Bu vəziyyəti gənclərlə bağlı dövlət  siyasətinin nəticəsizliyi kimi də qiymətləndirənlər var...

- Bununla razı deyiləm. Gənci zorla hansısa məsələyə cəlb etmək mükün deyil. Dövlət başçısı tərəfindən gənclərlə bağlı müvafiq proqramlar təsdiqlənib, qanunvericilik bazası təkmiləşdirilib. Sadəcə, gənclərin maraq dairəsi dəyişib. Gənclər təşkilatlarının üzərinə düşən iş hərbi vətənpərvərlik səviyyəsinin qaldırılması, gənclərin zərərli vərdişlərdən uzaq qaçması, intellektual potensialın artırılması, regionlarda olan gənclərin ictimai işlərə cəlb olunması və sair məsələlərdir. Hesab edirəm ki, təşəbbüs daha çox aşağıdan gəlməlidir. Yuxarılarda təşəbbüs və iş kifayət qədərdir. Amma buna aşağıda reaksiya yoxdur, burada hərəkətsizlikdir. Ali məktəblərdə yeni tələbə təşkilatları yaranır. Mənim onlara ümidim böyükdür. Bu təşkilatların vasitəsilə gəncləri müəyyən işlərə cəlb etmək mümkün olacaq. Sovetlər dönəmində ali məktəblərdə komsomol, tələbə elmi təşkilatları, həmkarlar fəaliyyət göstərirdi. Bu gün yalnız həmkarlar qalıb. O da elə zəifləyib ki, fəaliyyəti görünmür. Bu baxımdan tələbələri müəyyən ictimai işlərə cəlb etməkdən ötrü təşkilatlanma vacibdir. Bu gün bizdə ictimai təşkilatların ali məktəblərə girişi arzuolunan deyil. Onlar sərbəst olaraq universitetlərdə özlərinə üzv axtarsa, onun ardınca partiyalar da, digər təşkilatlar da belə şəkildə axtarışa çıxacaqlar. Nəticədə bu qarşısıalınmaz prosesə çevriləcək. Bu mənadaTələbə Gənclər Təşkilatının fəaliyyət göstərməsi, universitetlərdə onun özəklərinin olması müsbət haldır. İnanıram ki, bu təşkilatın köməyi ilə tələbə gənclərin aktivliyinə nail olmaq mümkündür.

- Necə baxırsınız, gənclərin, xüsusilə də tələbə gənclərin bu durumu təhsilimizin səviyyəsinə adekvat deyilmi?

- İctimai həyatda fəal deyillərsə, deməli, təhsildə də fəal deyillər. Bunun da əsası orta məktəblərdən gəlir. Qeyd etməliyəm ki, gənclərin təhsilə istiqamətlənməsi üçün dövlət tərəfindən kifayət qədər stimulverici addımlar atılır.  Amma gəlin görək, tələbələr bu stimildan lazımi istifadə edə bilirlərmi? Sözsüz ki, yox. Keyfiyyətə deyil, kəmiyyətə üstünlük verilir.

- Əkrəm müəllim, bu gün bəzi orta və ali təhsil müəssisələrində şağirdlər, tələbələr “aylıq haqq” ödəyərək dərsə gəlmirlər. Bu da təhsilsiz ordu yaradır...

- Bəli, bu gün belə faktlar var. Yuxarı sinif şagirdləri məktəbə getmirlər, repititor vasitəsilə hazırlaşırlar. Nəticədə attestat alırlar. Amma bilirsiniz ki, son bir neçə ildə Təhsil Nazirliyi bunun qarşısını almaqdan ötrü test vasitəsilə buraxılış imtahanları tətbiq edir. Xeyli şagird bu gün orta nəktəbi bitirsə də, attestat ala bilmir. Bu,bir vasitədir ki, şagirdlər dərsə cəlb olunsunlar.

- Amma belə fikirlər də var ki, həmin imtahan attestatın qiymətini qaldırıb.

- Əldə fakt olmadığına görə kimisə ittiham edə bilmərik. Dəfələrlə təhsil naziri də qeyd edib ki, burada korrupsiya elementləri var. Fakt olanda bunun qarşısı alınır. Amma müəyyən yollarla attestat alma halları da mövcuddur və bunu inkar edə bilmərik. Ali məktəblərdə də imtahanlar başlayan zaman müəyyən neqativ hallar olur. Bunu kütləvi hal kimi qəbul etmək olmaz. Bu ümumi vəziyyətə təsir edəcək gücdə deyil. Ciddi nəzarət var. Müəyyən müddətdən sonra belə halların aradan qalxacağına tam əminəm. Mən ötən əsrin 90-cı illərinin əvəllərində təhsil almışam. O zaman BDU-da rüşvət məsələsi ümumiyyətlə yox idi. Lakin o zaman tapşırıq var idi. Bütün hallarda o tələbə yaxşı təhsil almırsa, onun ictimai işlərdə fəal olacagını da gözləmək olmaz. Bu gün bizdə bir çox yüksək vəzifə sahibləri komsomol məktəbini keçənlərdir. Onlar ictimai fəallıqları ilə seçiliblər. Bu gün də onların təcrübəsindən yararlanırıq. Gənclərimizdə sanki təşəbbüslər tükənib. Onların maraq dairələri dəyişıb. Azərbaycanın problemlərini dünyaya çatdırmaq üçün internet ən gözəl vasitədir. Amma bizim gənclərin internetdə hansı işlərələ məşğul olduqları ilə maraqlansaq, ortaya xoşagəlməz  məqamlar  çıxar. Azərbaycanda internet klublarında olan gənclərin 95 faizi oyun oynamaqla məşğuldurlar. Vaxtın bütünlüklə belə şeylərə sərf olunması acınacaqlıdır. Elə təbliğat aparılmlıdır ki, gənclər belə şeylərdən uzaqlaşsınlar. Gənclər təşkilatları elə istiqamət götürməlidirlər ki, gəncləri özlərinə cəlb edə bilsinlər. Təəssüf edirəm ki, gənclər təşkilatlarında yeni üzvlər, yeni nəfəs yoxdur. Düzdür bunu hamısına şamil etmək olmaz.

- Hansı təşkilatların fəaliyyətini təqdir edirsiniz. Eyni zamanda, bildirdiniz ki, dövlət tərəfindən gənclər üçün vəsait sərf olunur. Həmin vəsaitlərin xərclənməsinə nəzarət olmadığından belə nəticələr var, yoxsa burada başqa səbəblər var?

- Deməzdim nəzarət olunmur, ciddi nəzarət var. Sadəcə, nəticə olmayacaq. Bir daha deyim ki, bunun üçün yeni ideyalar lazımdır. Gənclər Təşkilatları Milli Şurası, Tələbə Gənclər Təşkilatı konfederativ orqanlardır. Bu təşkilatların vasitəsilə nəyisə həll etmək mümkündür. Gənclərdə 90- cı illərin sonlarındakı fəallığı, beynəlxalq əlaqə qurmaqda maraqları bu gün görmürük. Onlar başqa istiqamətdə görünmək istəyirlər. İstiqamət dəyişib. Təbii ki, “Evrovision”da iştirakımız vacibdir. Son 3 ildə biz bu yarışa qatılmışıq. Çox istərdim ki,  gənclərimiz bütün sahələrdə belə fəal olsunlar. Ali məktəblərdə rəhbərlik də maraqlı olmalıdır ki, tələbənin gəlib dərsdə oturmaqla iş bitməsin. Bir az da konkretləşdirsək, gənclərdən gözlədiklərimizi ala bilmirik. Hətta düşünürəm ki, bizdə bu qədər ali məktəbin olması vacib deyil. Tələblə təklif biri-birini tamamlamalıdır. Bu gün bizdə savadı oldu, olmadı, hər kəs ali məktəbə üz tutur. Çalışırlar ki, müxtəlif yollarla ali məktəblərə daxil olsunlar. Ona görə də arzuladığımız nəticəni əldə edə bilmirik.

- Gənclərin səviyyəsi sizi qane etmir. Bu istiqamətdə dövlət siyasəti də var. Belə çıxmır ki, bu siyasət nəticə vermir?

- Elə deyil, dövlət siyasəti bəhrəsini verir.

- Necə verir ki, siz gənclərin səviyyəsindən narazılıq edirsiniz?

- Deyim, Gənclər və İdman Nazirliyi bu siyasəti həyata keçirən dövlət  qurumudur. Bu sahədə nazirliyin siyasətinə diqqət yetirsək görərik ki, 16 il müddətində bu nazirlik xeyli ciddi işlər görüb. Bu müddətdə qanunvericiılik bazasi təkmilləşdirilib, gənclərlə bağlı normativ hüquqi sənədlər hazırlanıb, ciddi işlər gerçəkləşdirilib, Prezident tərəfindən müxtəlif fərman, sərəncam verilib, Dövlət Proqramı qəbul edilib. 2007-ci il “Gənclər ili” elan edilib. Bu sıranı xeyli genişləndirmək olar. Gənclər və İdman Nazirliyinin 500-ə yaxın işçisi var. Onlarla ölkədə gənclər siyasətini tam əhatə etmək mümkün deyil. Bunu düşünərək nazirlik gənclər təşkilatlarına maddi kömək göstərir  ki, boşluqda qalan sahələr həmin təşkilatlar tərəfindən doldurulsun. Amma təşkilatların potensialı buna çatmır, yaxud da onların imkanları xaricindədir. Nazirlik təşkilatmı formalaşdırmalıdır? Məsələ ondadır ki, gənclər təşkilatları belə məsələləri düşünmürlər. Onlar birdəfəlik tədbirlər həyata keçirməklə, kiçik işlər görməklə işlərini bitmiş hesab edirlər. Amma vaxtilə gənclər təşkilatları Azərbaycanda məktəblər inşa edirdilər.

- Bugünkü gənclərə belə məsələlərdən ötrü imkan verilirmi?

- Ağıllı təkliflər hər zaman dövlət tərəfindən müsbət qarşılanır. Ancaq təklif yoxdur. Tutarlı ideya yoxdur. Gənclər üzərlərinə düşən işlə məşğul olmurlar. Bir sorğu keçirin, görün gənclər nələrə üstünlük verirlər? Bizdə çox şey tərsinədir. Dünya tarixində oxuduğuna görə ölən olmayıb. Bir bu barədə də düşünməliyik.

- Məsələdən çıxış yolunu nədə görürsünüz?

- Orta məktəblərdə tədris prosesi ilə yanaşı, digər metodlardan da istifadə ediliməlidir ki, gənclər hərtərəfli inkişaf etsinlər. Bu, ali məktəblərdə də lazımdı. Belə olsa, ciddi dönüş də əldə etmək mümkün olar. İnkişafın başında yaxşı təhsil almaq dayanır. Əgər gənclərimiz yaxşı təhsil alacaqlarsa, onların üzünə bütün qapılar açıq olacaq.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu