Modern.az

Qarın yaratdığı PROBLEMLƏR - Deputatlar bölgələrdən xəbərdardımı?..

Qarın yaratdığı PROBLEMLƏR - Deputatlar bölgələrdən xəbərdardımı?..

24 Fevral 2021, 12:05

Fevralın 23-ü axşam saatlarından başlayaraq ölkə ərazisinə güclü qar yağıb. Milli Hidrometeorologiya Xidmətinin öncədən proqnozlaşdırdığı kimi, Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasına hazırda qar yağır.

Bakı və Abşeron ərazisinə yağan qar ilk növbədə yolları iflic vəziyyətə salıb.

Bəs hazırda bölgələrdə vəziyyət necədir?


Modern.az
bir neçə deputatla əlaqə saxlayaraq, bölgələrdəki vəziyyəti öyrənməyə çalışıb.

78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədov bildirib ki, elektrik enerjisinin verilməsində fasilə yaransa da, aradan qaldırılıb:


"Rayon rəhbərliyi ilə əlaqə saxlayıram. Dünən Lerikdə günəşli hava hökm sürürdü. Günortadan sonra hava kəskin dəyişdi. Lənkəran-Lerik yolu, eləcə də kəndlərə gedən yol açıqdır. Hər hansı problem yarandıqca, aidiyyatı qurumlar həll etməyə çalışır".


70 saylı Masallı şəhər seçki dairəsinin deputatı Məşhur Məmmədov deyib ki, paytaxta nisbətən bölgədə qar o qədər də problem yaratmayıb:

"Mütəmadi olaraq rayon rəhbərliyi, seçicilərlə əlaqə saxlayıram. Seçicilər problem varsa, dərhal bildirir. Mən də rayon rəhbərliyi və aidiyyatı qurumlarla yaranmış problemi aradan qaldırmağa çalışırıq. Bəzən elektrik enerjisinin verilməsində problemlər olur. O da qısa müddətdə həll edilir. Eyni zamanda, qarın yağmasının təsərrüfata da faydası var. Çaylarda, göllərdə suyun səviyyəsi qalxır".

103 saylı Gədəbəy seçki dairəsinin deputatı  Sevinc Hüseynovanın sözlərinə görə, Gədəbəyə bir neçə gündür qar yağır:


"Hazırda da qarlı-şaxtalı hava şəraiti davam edir. Amma yollar bağlı deyil. Gediş-gəlişdə problem yoxdur. Elektrik enerjisində problem yaranan kimi həll edilməsinə çalışırıq".


53 saylı Quba-Qusar seçki dairəsinin deputatı Anatoli Rafaelov bir neçə gün öncə Quba-Qusardan qayıtdığını deyib:

 

"Bilirsiniz ki, Quba və Qusar dağlıq rayonlardır. Orada qışda qar çox yağır. İnsanlar şəhər camaatından fərqli olaraq qarlı-şaxtalı havaya alışıb. Təbii ki, qarlı havanın öz problemləri olur. Mən də deputat olaraq yaranmış problemləri rayon rəhbərliyi ilə aradan qaldırmağa çalışırıq".

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir