Modern.az

Xan qızı Gövhər ağanın şəxsi həyatı ilə bağlı maraqlı DETAL

Xan qızı Gövhər ağanın şəxsi həyatı ilə bağlı maraqlı DETAL

Ədəbi̇yyat

26 Fevral 2021, 15:23

Qarabağ hökmdarı İbrahim Xəlil xanın (1732-1806) qızı Gövhər ağa (1790-1888) Şuşanın tarixində özünəməxsus yer tutur. Şəhərin iki mühüm dini mərkəzi – Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidləri onun adı ilə bağlıdır. Şuşanın həyatına əliaçıq, maarifpərvər və xeyriyyəçi xanım kimi daxil olmuşdu. Xeyriyyəçilik fəaliyyəti haqda “Kavkaz” qəzeti 1849-cu ildə ayrıca yazı dərc etmişdi.

Gövhər ağa (İbrahim Xəlil xanın qızları – Ağabəyim ağa, Gövhər ağa nədənsə ənənəvi “xanım” deyil, “ağa” titulu daşıyırdılar) xanın gürcü knyazı Abaşidzenin qızı Sofiya ilə nikahından doğulmuşdu.

Atasının sağlığında Şəki hakimi, rus ordusunun general-leytenantı Cəfərqulu xan Xoyskiyə (?-1814, Azərbaycan Cümhuriyyətinin ilk baş naziri Fətəli xan Xoyskinin ulu babası) ərə verilmişdi. Ərinin ölümündən sonra Qarabağa qayıtmış, ömrünün sonuna qədər Şuşada yaşamışdı. Şuşa bazarı və Qarabağda on kənd ona məxsus idi. Qafqazın baş hakimi general Yermolovun təşəbbüsü ilə 1822-ci ildə Qarabağ xanlığı ləğv ediləndən sonra da Gövhər ağanın ailə mülkü olan kəndlərlə bağlı imtiyazları saxlanmışdı.

Şuşa bazarından götürdüyü gəlirin əvəzinə hökumət ona ildə 972 gümüş manat ömürlük pensiya kəsmişdi.

Gövhər ağanın vəsaiti ilə 1865-1866-cı illərdə Şuşanın Qapan meydanında Aşağı Gövhər ağa məscidi kimi tanınan dini kompleks inşa edilmişdi. 1884-1885-ci illərdə isə yenə onun istəyi və vəsaiti ilə əsası Pənahəli xan tərəfindən qoyulmuş (1769) Cümə məscidinin (Yuxarı Gövhər ağa məscidi) inşası tamamlanmışdı. Məscidlərin ikisi də qarabağlı memar Kərbəlayı Səfixanın layihəsi əsasında tikilmişdi və kompleks (məscid, mədrəsə, kitabxana, yaşayış evi, bağça, hovuz və s.) xarakterli idi.

Şuşanın erməni işğalı zamanı hər iki məscid dağıdılmışdı. Bir neçə il bundan əvvəl işğalçı rejimin ideoloqları Yuxarı Gövhər ağa məscidinin tarixini saxtalaşdıraraq onu İran dini abidəsi kimi "təmir etmişdilər". Şuşa azad olunandan sonra - 28 illik fasilədən sonra 2020-ci il noyabrın 10-da bu məscidin minarəsindən azan verilmişdi, noyabrın 13-də isə ilk cümə namazı qılınmışdı.

Gövhər ağanın şəxsi həyatı ilə bağlı bir detal. Uzun müddət dul qalandan sonra əmisi oğlu, Şuşada vəkillik fəaliyyəti ilə məşğul olan Xankişi bəy Cavanşirə ərə getmişdi. Amma Xankişi bəy şəhər əhalisi arasında o qədər də yaxşı imicə malik deyildi və Gövhər ağanın seçimi şuşalılar arasında əməlli-başlı etiraz doğurmuşdu. Heydəroğlu adlı Şuşa şairi Xankişi bəyə və onun layiq olmadığı izdivacına narazı münasibətini aşağıdakı beytlə dilə gətirmişdi:

Xərmöhrəyə (eşşək ayağının palçığı – V.Q.) layiq olmayan xər
Tapdı bu aləm içrə gövhər...


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi