Modern.az

Taleyin qəribə gərdişi, yaxud Qarabağ tarixinin GİZLİNLƏRİ...

Taleyin qəribə gərdişi, yaxud Qarabağ tarixinin GİZLİNLƏRİ...

Ədəbi̇yyat

2 Mart 2021, 08:33

1806-cı il iyulun sonlarında Qafqazdakı 17- ci yeger alayının komandiri podpolkovnik D.T. Lisaneviçin (1778-1825) və mayor Curayevin (erməni) komandası altındakı kazaklar 35 nəfər kişi və qadın xidmətçisi, bir xanımı və 3 azyaşlı uşağı ilə Şuşa yaxınlığındakı bağlardan birində dincələn Qarabağ hökmdarı İbrahim Xəlil xanın düşərgəsini basıb qabaqlarına çıxan silahsız xanı və adamlarından bir neçə nəfəri öldürdülər.
Çadırlarda olan hər şeyi yağmaladılar. Ermənilərdən xanın guya Qacarları Şuşaya dəvət etmək niyyəti haqda donos alan Lisaneviç heç bir təhqiqat aparmadan onu cəzalandırmaq qərarına gəlmişdi. Hadisəni araşdırmaq üçün göndərilmiş general Nebolsin Qafqazın baş hakimi qraf Qudoviçə raportunda xanın tamamilə günahsız olduğunu, Lisaneviçin səlahiyyət həddini aşdığını biıdirmişdi. Amma buna baxmayaraq, qatil rus zabitinə heç bir cəza verilməmişdi.

Aradan düz 19 il keçəndən sonra, 1825-ci ilin iyulunda artıq general-leytenant Lisaneviç üsyançı qumuqları cəzalandırmaq üçün Şimali Qafqazın Aksay kəndində idi. Qarabağda ikən Azərbaycan dilini bir az öyrəndiyindən şübhəli bildiyi yerli sakinləri bir-bir qabağa çıxarır, küçə söyüşləri ilə təhqir edirdi. Təhqirə məruz qalanlardan Oçar Hacı adlı bir nəfər Lisaneviçə və yanında dayanmış general Qrekova xəncərlə ölümcül zərbələr endirmiş, üstünə gələn qumuq baş pristavı Filatovu ağır yaralamışdı. Bu zaman yaxınlıqdakı başqa bir pristav – qumuq əsilli mayor Musa Usmiyev qılıncını çəkib onu qətlə yetirmişdi. Rus generallarının ikisi də aldıqları yaradan ölmüşdü. Lisaneviç illər sonra haqlı cəzasına çatmışdı. Amma son nəfəsində kazaklara meydana yığdıqları 300 nəfərdən çox qumuğu gülləbaran etmək əmrini vermişdi.. Onlardan yalnız bir neçə nəfəri salamat qurtara bilmişdi.

Qarabağ xanının qatili Lisaneviçi öldürdüyünə görə soydaşı Oçar Hacını qılıncdan keçirən və rus komandanlığı qarşısındakı xidmətlərinə görə gələcəkdə general-mayor rütbəsinə yüksələn Musa Usmiyev (?-1843) sonralar İbrahim Xəlil xanın nəvəsi şairə Natəvanla evlənən knyaz Xasay xan Usmiyevin (1808-1867) atası idi.

Yəqin ki, Natəvanın taleyin bu qəribə gərdişindən heç vaxt xəbəri olmamışdı...


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü