Modern.az

Arzularımın pul KİSƏSİ

Arzularımın pul KİSƏSİ

2 Mart 2021, 15:20
Mən 90-larda Moskvada dollarla dolu pul kisəsi tapmışdım. Deyəsən, oktyabr ayı idi, gecə Bakıdan təyyarə ilə gəlmişdim. Səhər tezdən Moskvada aeroport avtobusundan düşdüm. "Oktyabrski" metrosunun yaxınlığında yeraltı keçiddən çıxanda arzularımın pul kisəsini tapdım. Açdım, ağzına kimi dollarla dolu idi. Küçədə məndən və küçə süpürən qadından başqa kimsə yox idi. Pul kisəsini gödəkcəmin cibinə qoydum, metroya doğru addımladım. Mən bunu ömür boyu arzulamışdım, amma sevinməyə imkan tapmadım… Qara "layka" kurtkalı iki nəfər mənə yaxınlaşdı. Biri qoca balaca, o biri cavan hündür…

Dedilər biz səhər tezdən maşın bazarına gedirdik, pul itirmişik, sən tapmısan. Dedim nə bilirsiz mən tapmışam? Dedilər küçə süpürən qadın dedi, pul kisəsi də qara dəridən, ağzına kimi dollarla dolu idi. Sakitcə çıxarıb verdim. Məni saxladılar, yaxınlıqdakı skamyada oturdular, pulu saymağa başladılar. 4 minə çatanda dayandılar, dedilər burda beş olmalı idi…

Nəhayət başa düşdüm - mən avam olsam da, axmaq deyiləm…

Sakitcə cibimdən qırmızı rəngli vəsiqəmi çıxardım, özümü təqdim etdim. Dedim mən jurnalistəm və sizin "eksperimentdə" iştirak etmirəm. O vaxtlar “qırmızı vəsiqə” hələ təsir qüvvəsini itirməmişdi, işləyirdi. "Eksperiment" sözü qocaya xüsusi ləzzət elədi, hətta gülümsədi. Sakitcə çıxıb getdilər...

 
Qalib ARİF
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir