Modern.az

Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ

Bir zabitin müharibə gündəliyi: olub-bitənlər - III HİSSƏ

2 Mart 2021, 16:04

Modern.az saytı 44 günlük Vətən Müharibəsində zabit kimi iştirak etmiş ehtiyatda olan baş leytenant Qulu Məmmədlinin savaş gündəliyinin III hissəsini təqdim edir:

Əvvəli burada

Düşmənin artilleriya atışları bir müddət səngiyir. Tabor komandiri bölük komandirlərini çağırıb əmr edir: "Tağım-tağım dağa qalxacağıq, hazırlaşın".

Hər kəs silah-sursatını, əşyalarını götürüb düzülür. Cəbrayıl şəhərinin mərkəzinə yaxın, Hadrut istiqamətində "833" yüksəkliyi deyilən dağın zirvəsinə qalxıb mövqe tutmalıyıq. Tağımlar bir kolonda, ara məsafəsi yüz addım olmaqla hərəkətə başlayır. Yoxuş çox sərt, qayalı-daşlıdır. Ayağın sürüşdüsə, zədələnmək ehtimalı qaçılmazdır. Aranda yaşamış insan üçün bu dağları dırmanmaq ayrı bir problemdir.

Birinci tağımla hərəkətə başlayıram. Ləng addımlarla, yorğun halda hərəkətdəyik. Arabir dayanıb nəfəsimizi dərib, yenidən yola davam edirik. Bütün cəbhəboyu artilleriya atışları isə səngimir. Müxtəlif istiqamətlərdə guruldayan topların səsinə vərdiş etmişik artıq.

İrəliləyirik. Bu söz gündəlikdə işlətdiyim ən çox sözdür. Normaldır yəqin ki, bu 28 ildə ancaq geri getmişdik, indi ancaq irəliləməli idik ki, Şuşaya, Xankəndiyə, Laçına daha tez çataq. Şuşa bizi gözləyir  axı.

- Məmmədov, suyun var?

- Hə, komutan, var.

- Ver görüm.

- Buyur, komutan. Komutan, zirvəyə çatsaydıq, bir az istirahət edərdik. Artıq iki gündür yatmırıq, çox yorulmuşam.

- Nə oldu, "mühərrikin" nə tez vurdu, - deyib suyun yarsını birnəfəsə içirəm.

Hərbi xidmətdə adətən hərbi qulluqçular bir-birinə soyadla, əsgərlər komandirilərinin rütbəsinin əvvəlinə cənab ya ümumilikdə komandir, komutan deyə müraciət edirlər. Zabitlər bir-birini soyadı ilə, əsgərlər də öz aralarında bir-birini soyadla çağırırlar. Bəzən isə jarqon ifadələr də yaranır. Məsələn: "ajniyak", "qoca", "yetim", "zyoma", "yetka" kimi sözlər bu qəbildən olan müraciət formalarıdır. "Blət", "blin" ifadələri isə dildən düşmür hərbidə.

Bir az fasilədən sonra yola düzəlirik. Dağın ətəyinə qədər 1 km-dən artıq, dağın zirvəsinə isə elə bir o qədər məsafə var.

- Komandir, mənim yüküm ağırdır, qalxa bilmirəm. Arxada qalan əsgər Ağayev mənə tərəf səslənir.

- Gəl, görək, - deyə yaxınlaşıb, sursat çantasının bir qulpundan yapışıram.

Şəkidə tələbə vaxtlarımda tələbə yoldaşlarımla arabir dağlara qalxardıq. Bir dəfə təxminən iki saat müddətində "Xan yaylağı" deyilən yaylağa çıxmışdıq. Oradan Şəki şəhəri balaca bir kənd kimi görünürdü. Az da olsa, bu təcrübəm Qarabağda köməyimə çatdı. Yoxsa Sabirabadda, Kür çayının kənarında düzənlik relyefdə böyüyən leytenant Məmmədov üçün bu yoxuşları qalxmaq daha çətin olacaqdı.

Bəzi tağımlar artıq dağın zirvəsinə yaxınlaşıblar. Qalxdıqca qarşımıza mərmi parçaları, heyvan skletləri çıxır. Sərt qayalı hissədə ayağım bir-iki dəfə qaçsa da, özümü toparlaya bildim. Əsgərlərdən zədələnənlər də olmuşdu.

Artıq axşam düşür. Hava buludlu olduğundan gecə düşən kimi göz-görü görmür. Hər kəsin üstündə demək olar, alışqan var və ilk günlər olduğuna görə alışqanların işıqlarından istifadə edə bilirik. Günlər ötdükcə alışqanlarımızın qazı və işığı bədən enerjimiz kimi azalmağa başladı.

Günortadan yediyim "moloko" və peçeniyenin üstündəyəm. Getdikcə taqətsizliyimi hiss edirəm. Gözlərimin qarşısı hər dəfə oturub ayağa qalxanda 2-3 saniyəlik qaralıb, yenidən işıqlanır.

Əşya çatamı itirdiyimdən siqaretim, bəzi yeyəcəklərim, evdən gətirdiyim alt geyimləri, bəzi dərmanlar və başqa əşyalarım hamsı onun içərisində gedib. Gələrkən yük daşıyan "Kamaz”ın arxasına qoydum ki, ağırdır, çatanda götürərəm. Sağ olsun əsgər Zeynalov da unudub, maşında it-bat olub getdi dar günümün lazımlı çantası. Müharibədə bir şey səndən 2 metr aralı düşdüsə, onun arxasınca getməyə dəymir.

Nəhayət, hava tam qaralana yaxın zirvəyə çatırıq. Dəhşətli dərəcədə külək var. Gecə düşdükcə hava daha da soyumağa başlayır, ərazi ağappaq qatı dumana bürünür. Dağın qarşı tərəfinə isə keçmək olmur soyuq küləkdən. Soyuq iliyə qədər nüfuz edib, sızladır tərli bədəni. Zirvədə olduğumuzdan ətraf ərazilərdən gələn atışma səslərini burada daha aydın eşidirik. Arabir səmaya atılan ərazi işıqlandıran işıqları birinci raket zənn etsəm də, sonradan səssiz, yavaş-yavaş, yana-yana yerə düşdüyünü görüncə deyirəm ki, Qulu, hələ çox şeyi görüb anlayacaqsan buralarda. Bu müharibə 35 illik həyatından ağır gələcək. Hazır ol, cənab leytenant.

"Leytenant Məmmədov, leytenant Məmmədov". Kimsə yüksək səslə, dayanmadan çağırır.

Mən bölüyün şəxsi heyətlə iş üzrə müavini (zampalit) kimi çağırılmışam müharibəyə. Əsas işim bölüyün şəxsi uçotunu aparmaq, mənəvi-psixoloji durumunu yüksəltmək, hərbi nizam-intizam qaydalarına nəzarət etmək, tərbiyəvi söhbətlər aparıb, şəxsi heyətin ruh yüksəkliyini ayaqda tutmalı idim. Təbii ki, həm də əlimdə silah döyüşməliydim. Müharibədə bəzən vəzifələr tam olaraq icra edilə bilmir. Bunun da özünün obyektiv səbəbləri olur. Çünki bəzən elə olur, üç əsgərlə bir mövqedən kənara çıxa bilmirsən, bir tağım o biri tağımdan 5-6 km aralı düşür. Zampalitin ən başlıca vəzifəsi isə tabeçiliyində olan şəxsi heyətdə inam, ümid yaratmaqdır. Əgər sən o əsgərlərdə evlərinə sağ qayıdacaqlarına inam yarada bilirsənsə, başına and içəcəklər. Bu inamı, bu işığı müharibə dövründə o nigaran gözlərdə yaratmalısan. Tabeçiliyindəkilər səni özünün xilaskarı, son istinad yeri kimi qəbul edib, güvənməlidir. Hiss etməlidir ki, yanında böyük qardaşı var. Qısaca, müharibədə komandir olmaq, əlavə məsuliyyət yükləyir çiyinlərinə.

- Bəli, eşidirəm, - deyə cavab verirəm.

Leytenant Əliyev Namiqdir. Bölüyümüzün 52 yaşlı üçüncü tağım komandiri. Astara rayon Təhsil şöbəsində çalışır. Milliyətcə talışdır. Dedikcə mütəvazi, mehriban, səmimi, qorxmaz insandır. 52 yaşı olmasına baxmayaraq, həmişə dağların zirvələrinə hər kəsdən tez çatır. Yəqin buna görə Astaramızın təbiətinə borcludur.

Həmişə mənə adımla müracət edir. Onunla danışanda çox rahat hiss edirəm özümü.

- Qulu, bölük komandiri dedi ki, üçüncü tağım burada, iki orta istiqamətə, birinci tağım da lap axır tərəfə yerləşib, səngərlər qazıb mövqelənsinlər.

Şirin talış ləhcəsi ilə sözünü bitirib öz mövqeyinə gedir.

Əraziyə göz-gözü görməyəcək dərəcədə qaranlıq çöküb. Əsgərlərin yorğun səsləri getdikcə azalır. Hər kəs mövqe seçib yerləşib artıq.


Bədənimiz tərin içindədir. Tonqal qalamağa da icazə yoxdur. Düşmən görər deyə, müharibə sonuna qədər tonqal qalamaq çox təhlükəlidir.


Kənardan qərargah rəisinin səsi gəlir: "Hamı sakit olsun". Sən demə, qarşımız, solumuz-sağımız - hər tərəf düşmən mövqeləridir. "Heç kim "zajiqalka"dan, işıqdan iatifadə etməsin".


Dağın zirvəsi ilə görmə qüsurlu insanlar kimi birinci tağım yerləşən istiqamətə doğru yeriyirəm aşa-aşa. Hava getdikcə dönür. Xırda yağış damcıları sürətini artırmağa başlayır. Çoxumuzun sukeçirməz plaşımız olmadığından nə edəcəyik, deyə düşünürəm.


Birinci tağım komandiri həmkəndlim Yusifi axtarıram. Gördüm deyən yoxdur. Kiçik bir ağac var. Əsgərlər topa şəkilində bu ağacın altında uzanıblar. Bəziləri yatıb, bəziləri yatmaq üçün mövqe axtarır. Döyüş növbətçiliyi təşkil edilir, qalan şəxsi heyət yağışın altında yatmağa üz qoyur.


Əsgər Zeynalov Kamil mahnı oxuyur.


"Yağış yağır, səngərimiz sudur,
Tanrının verdiyi gün budur".


Şən, olduqca optimist, bir az da bu çoxdanışan əsgər iki qardaşı ilə birlikdə müharibə başlayan gün könüllü olaraq ordu sıralarına daxil olub.


- Komandir, burda bir nəfərlik yataq yeri var, gəlin yatın.

- Baş leytenant Dəmirovu görməmisən? - soruşuram. Heç kimdən səs çıxmır.


Əsgər Səfərov Elşad (qazi) deyir: "Komandir, mən də səhərdən onu axtarıram, yoxdur”.


Xüsusi təyinatlıların kursunu keçən Səfərov Ukraynada uzun müddət yaşayıb, azərbaycanca ləhcəsi bir az fərqlidir.


Öz aramızda "rıjı" (kürən) deyə müraciət edirik. İlk vaxtlarda elə xoş təsir bağışlamasa da, indi səngərə girdiyimiz andan hər kəs çox doğmalaşır adama. Səngər 10 dəqiqədə iki düşməni belə qardaşlaşdıra bilir. Elə bir möhtəşəm güc var o qazma torpaqda. Məzara oxşayan quruluşu, verdiyi xüsusi hisslər insanı daha dərin düşünməyə vadar edir.


- Necə yəni yoxdur, - deyə həyəcanla soruşuram.


- Hə, komandir, biz bura çıxandan axtarırıq, tapa bilmirik.


Ağlımdan yüz fikir keçir. Əcaba harda olar bu? Yüksək səslə "Yusif” deyə çağırmağa başlayıram.


Dağın 2-3 metr aşağı tərfinə doğru istiqamət alıb, otururam. Yağış şıdırğı yağmağa başlayıb. Patrullardan başqa hamı hərəkətsiz halda, əldə silah - yatan yatır, yatmayan mürgüləyir.


Bir-iki saat keçir. Yatmaq istəyirəm, yata bilmirəm. Bir tərəfdən Yusifin yoxluğu, digər tərəfdən də yağışın altında yatıb xəstələnməkdən ehtiyat edirəm. Amma ötən gecə də yatmadığımdan gözümü yuman kimi yuxu aparır.


Elə bu dəm, qalxdığımız istiqamətdə dağın ətəyindən səs eşidirəm. "Qulu, Qulu", - kimsə yüksək səslə çağırır.


Diqqətimi aşağıya doğru cəmləşdirib baxıram, amma zil qaranlıq hava, üstəgəl, qatı dumanda nə isə görmək mümkünsüzdür. Səfərov yaxınlaşıb:


- Komandir, baş leytenant Dəmirovdur, - deyir.


Cəld 50-60 metr aşağıya doğru enirik. "Yusif” deyə çağırmağa başlayıram. Anlaşılmaz şəkildə səsimə cavab verir. Dağa qalxarkən dağın ətəyində yuxuya gedib, elə oradaca yıxılıb yatıb. Dedikləri anlaşılmır. Qalxdığı istiqaməti gündüz zorla çıxdığımızdan gecə qalxmaq daha da çətinləşib onun üçün. İşığı yandırıb saxlayıram. İşıq istiqamətində qalx deyə çığırıram. Səfərov məni qorxutmağa başlayır.


- Komandir, ola bilsin onu əsir alıblar, orda çox işıq yanır.


- Xəstəsən? - deyə, cavab verib, aşağıya doğru enməyə başlayıram...


Bir az da sözündə həqiqət var, sağ-sol düşməndir, ehtiyatlı olmaq lazımdır. Beləcə, bir-birimizi səsləyə-səsləyə, işıqla görüntü verər-verə missiyanı çətinliklə də olsa başa vururuq.


Nəhayət, iki saata yaxın gözlənişdən sonra işıq daha da yaxınlaşır. "Dur”, - deyə səslənirik. Ətrafını, üzünü işıqlandırdıqdan sonra yaxınlaşıb, qucaqlaşırıq. Otururuq. Qan-tərin içindədir. "Qalx-qalx, qardaş”, - deyib, qalxırıq əsgərlərin yanına.


Atışma səsləri səngimir. Yağış dayanmadan yağır. Külək soyuq, yaş paltarlarımızı bədənimizə daha kip yapışdırıb, üşüdür bizi. Qaşlarımızdan, burnumuzdan su damcılaya-damcılaya ordan-burdan söhbət edirik. Hər şey yaxşı olacaq, deyib, təsəlli verməyə çalışırıq bir-birimizə. Səhər açılsın, düzələcək hər şey. Başqa bu kimi sözlər.


Az keçmir, "Tabor, həyəcan!”, - deyə kimsə qışqırmağa başlayır. Gecə saat 3-4 radələridir. Hər kəs cəld qalxıb, silahlarını doldurub döyüş mövqeyi tutur.


Qarşı tərəfdən tank ya avtomobil işığı yaxınlaşır. 3 əsgərlə həmin istiqamətə yanaşırıq. İşıq dərənin dibinə doğru gəlib yoxa çıxır. Bir az gözlədikdən sonra həmin istiqamətə aramsız atəş açırıq. Nə səs, nə işıq, nə bir qaraltı var. Avtomatları özümüzə daha sıx tutub, dərədən üzüaşağı baxa-baxa dayanmışıq.


- Bir şey görünür, uşaqlar? - deyə sual edirəm. "Heç nə görünmür, komutan”, - bədəni suyun içində olan, qaranlıqda tam hansı əsgər olduğunu kəsdirə bilmədiyim qəhrəman qardaşım irəliyə boylanmaqda davam edir.


Kimsə uzun vaxtdan sonra gecəgörmə cihazı gətirir. Əraziyə baxıram, bir şey görünmür dumandan.


Həyəcanla uzun müddət gözləyirik. Daha sonra Cəbrayılın mərkəzinə doğru artilleriya atışları şiddətlənir. Dairəvi mühafizə təşkil edib, döyüş mövqeyi seçirik. Bütün şəxsi heyət tam sakit dayanıb. Oyaq olan əsgərlər yatanları pıçııtı ilə oyadır. İkinci gecədir yatmıram. Hiss edirəm ki, nələrsə baş verir. Çox yorulmuşam...


Hava yavaş-yavaş işıqlanmağa başlayır. Yağış kəsib. Bədənimiz alt paltarına qədər suyun içindədir. Sabahın soyuq mehi adama sərt qışı xatırladır. Dəmək olar, donuram. Soyuqdan çənəmin, bədənimin əsməsini saxlaya bilmirəm.


Yerimdə tez-tez sağa-sola hərəkət edirəm, bir neçə dəfə qollarım üstündə enib-qalxıram. Mülkidə olan zaman arabir etdiyim idman hərəkətlərini təkrarlayıram. Az da olsa təsiri olur. Üç gün qabaq Ağcəbədidə hərbi hissədə istidən dayana bilmədiyimiz halda, indi burada donuruq. Müharibə təkcə soyuğu ilə yox, başqa bütün tərəfləri ilə çox dondurur adamı...


Az sonra əsgərlər dağın zirvəsində olan quru odunlardan toplayıb, bir-iki yerdə ocaq qalayırlar. Ah! Ocağın şölələnən al-qırmızı, qara hisli istisi ana qucağı kimi nə qədər doğma gəlir adama. Təxminən bir saata yaxın üst-başımızı qurutmaqla məşğul oluruq. Yenidən sol istiqamətimizdən düşmən minamoyotu bizim olduğumuz yerə doğru aramsız atışa başlayır. Cəbrayılın mərkəzindən, Zəngilan istiqamətindən artilleriya mərmilərini yağış kimi yağdırır düşmən.


Qarşı tərəfimizdəki dağın ətəyində böyük xaç var, ermənilər quraşdırıb. Gecələr işıqları yanır, gündüzlər sönürdü. Başqa yerlərdə də bu şəkildə xaç tikililərinə rast gəlirik.


Xaçın ətrafına bir erməni yük avtomobili yaxınlaşır. Bir neçə nəfər oyan - bu yana hərəkət edib yoxa çıxırlar. Axşam yanan işıq da çox güman oradan gələn işıq imiş. Dağın həmin xaç olan istiqamətinə keçib səngərlər qazmağa başlayırıq. Axşam olduğumuz yerə minamyot döşəməyə başlayır. Dağın zirvəsindən 3-4 metr aşağıdayıq. Mərmilər fit çala-çala dağın əks istiqamətinə, bizdən 5-6 metr kənarda düşüb partlayır. Bəzisindən düşərkən ayrılan qəlpələr yaxın məsafədən başımızın üstündən keçib gedir. İndi dua edirik ki, qarşı tərəfdən - xaç olan istiqamətdən bizi görməsinlər. Yoxsa olduğumuz yeri görüb buranı sağ-sol vursalar, bir nəfər də sağ çıxmayacaq burdan. Qarşımızda bizim artilleriya bölmələri ilə düşmənin artilleriya bölmələri arasında qızğın qarşılıqlı atışma gedir.


Arxa tərəfimizdən də bizi vururlar. Hamı səngərə girib, hərəkətsiz şəkildə növbəti əmri gözləyir. Yüksəklikdə olduğumuzdan ətrafda nə baş verdiyini rahat şəkildə görürük. Füzuli istiqamətindən asfalt yolla bizim hərbi kolonlar gəlir. Dünən gələrkən düşmənin atıb qaçdığı sursat maşınlarının bəzisini elə düşmənin özü vurur. Yüksək səslə sursat maşınının arxasında mərmilər maşının özü ilə birlikdə yanır. Səma büsbütün qara tüstüyə qərq olub. Tam bir cəhənnəmin ortasında hiss edirsən özünü.


Hava bu gün buludludur, amma yağış yoxdur.


Elə bu vaxt başımızın üstündə bizim istiqamətə atılan, diametri iki qolun arasına sığışan ölçüdə, uzunluğu 3-4 metr, arxasında fırlanan pərin olduğu bir raketin üstümüzə gəldiyini görürük. Raket düz qarşımıza dağın ətəyinə düz yerə sancılaraq yoxa çıxır. Təxminən 10-15 dəqiqə sonra olan partlayışın dalğasından dağ titrəməyə başlayır. Düşdüyü yerin ətarfında 100-150 metr radiusda ərazini bir anda şum halına salır. Az keçmir növbəti raket bizim mövqe tutduğumuz dağın bizə daha yaxın tərəfinə düşüb yoxa çıxır. Növbəti partlayışı nə qədər gözləsək də, bu atılan raket partlamır nədənsə.


Nəzərlər bir-birimizin üzərinə cəmlənir. Yəni bu da axırı!?.


"Hər şey yaxşı olacaq, darıxmayın. Bizi görmürlər", - deyə tabor komandiri ürək-dirək verməyə çalışır.


Hər kəs həyəcanla göyə boylanıb, növbəti raketin gəlişini gözləyir. Xoşbəxtlikdən daha raket gəlmir. Olduğumuz dağın arxa tərəfini isə düşmən minamiyotu dayanmadan vurur.


Bir qrup dünən dağa qalxmaq üçün toplandığımız yerə yemək gətirmək üçün aşağı gedib. Həmin yerdə müvəqqəti təminat məsələlərini həll etmək üçün düşərgə salınıb. Birləşmə komandirlərinin bəziləri də buradadırlar.


Müharibədə təminatın çatdırılması da bir ayrı dərddir. Hansısa mövqeyə yerləşirsən, arxa ilə əlaqə bir az çətinləşir. Gedib-gələn zaman da düşmən gördüsə, hərəkət etmək çətin olur. Bəzən yaxınlaşan təminat maşınları da minamiyot atışları altında qalır.


Başqa müharibələri bilmirəm, bu müharibədə daha çox artilleriya atışları adamı bezdirir. Tam bir bəxt məsələsidir, gəlib üstünə düşməyəcək ki o lənətlik mərmi. Durduğun yerin sağı, solu, arxası, önü vurulur. Üstünə düşmədisə, bəxtin var deməkdir. Bir də görürsən, düz səngərin içinə düşdü və qardaşların şəhid oldu...


Günortaya yaxın uşaqlar güc-bəla gəlib çatırlar. Dağı düşmək, oradan ərzaq, su dolu çantalarla, silahla geri dönmək özü bir qəhrəmanlıqdır.


Azərbaycan əsgəri həqiqətən də qəhrəmandır. Bu qədər çətinliklərə baxmayaraq, daim qürurlu, pozitiv qalmaq, irəli getmək eşqi ilə yaşayır.


Bəzi obeyktiv səbəblərdən olub-bitən bəzi şeyləri hərbi sirr olduğundan burada yaza bilmirəm. Amma hər şey müsbət istiqamətdədir. Əsas olan torpaqlarımız işğaldan azad olunur.


İştahım təmiz qaçıb, ürəyim heç nə istəmir. İndi ən çox ehtiyacım olan şey varsa, o da yatmaqdır. Artıq iki sutkadır yatmıram. "Mühərrikimin” qırmızı işığı yanır. Öz-özümə "möhkəm ol, cənab leytenant”, - deyib ətrafa boylanıram. Hər kəs yorğundur. Ətragdan gələn səsləri artıq dərk edə bilmirəm. Elə bilirəm, yuxudayam.


Bununla belə gülməyə, əsgərlərə ürək-dirək verməyə çalışıram. Axşam düşür. Yeməyə getmək vaxtıdır.


Ərzaq üçün gedən heyətin üstündə bir zabit getməlidir. Tabor komandiri məni çağırır.


- Qulu, davay, götür bu beş əsgəri, ərzaq gətirməyə.


İstəyirəm, özümdə deyiləm deyəm, ancaq canımı dişimə sıxıb yola düzəlirəm.


Hiss edirəm ki, artıq üşüdürəm. Bədənim titrəməyə başlayır. Hərarətim qalxıb. Özümü çox pis hiss edirəm.


Dağla üzüaşağı düşürük. Axşam gəldiyimiz istiqamətdə yenidən geri qayıdırıq. Dağın ətəyinə çatmağa az qalmışıdı ki, yaxın məsafədə yerləşən düşmən bizi görüb atmağa başlayır. İki-üç minamiyot mərmisi bizdən 50-100 metr qarşıya düşür. Sürünə-sürünə həmin ərazini keçib, yemək paylanan əraziyə çatırıq. Qaranlıq düşüb, göz-gözü görmür.


Uçuq-sökük bir tikili var. Qarşısında müxtəlif bölmələrdən əsgərlər, xüsusi təyinatlılar oyan-bu yana gedib-gəlirlər.


Başımızı içəri salıb, ərzağa kimin baxdığını soruşuram. Gözüm qaralıb-açılır. Soyuq tər hiss edirəm bədənimdə. Getdikcə təzyiqimin düşdüyünü, bir az da ayaqüstə qalsam, huşumu itirib yıxılacağımı düşünürəm.


Ərzaq təminatına baxan gizir içəridən səslənir: - Nə lazımdır?


- Biz, 5-ci tabor, 13-cü bölüyük, yemək götürməyə gəlmişik, - deyirəm.


"Gözlə” deyib, içəridə kiminləsə nə haqdasa söhbətə başlayır.


Gəldiyim əsgərlərdən biri Nəcəfli İsanı yanıma çağırıb deyirəm: "Yaxşı deyiləm, mənə nəsə olsa, yeməyi götürüb qalxın, uşaqlar ac qalmasın, səhər gələrəm”, - deməyimlə özümdən getməyim bir olur.


Dayandığımız yerdə təcili tibbi yardım avtomobili var. Nəcəfli (sonradan qazi oldu) çox ayıq, qorxmaz əsgərdir, cəld qoluma girib, məni maşına tərəf aparır. Onu xatırlayıram ki, maşına əyləşib oturacağa yayxandım. Özümdən getdim. Bir azdan özümə gəldim. Nəcəflinin "Yükləri, ərzağı götürdük, biz gedək, komandir",- deyə müraciət etdiyini zorla xatırlayıram. Daha sonra ətrafa sakitlik çökür.


Deyəsən, maşın harasa hərəkət etdi bir müddət. Bir qədər sonra "mən həkiməm” deyən kiminsə mənə dərman, bir dənə də "çörəkarası" (dörddə bir çörəyin arasında adətən lülə, yaxud kotlet olardı) uzatdı. Beynim fəaliyyətdən təmiz düşdüyündən o an niyə burda olduğumu kəsdirə bilmədim. Hər tərəf qaranlıq. Bəlkə də maşının salon hissəsi idi. Bir-iki tikə çörəkarası yeyib, üstündən bir-iki qurtum su içdim. Özümdən asılı olmadan yuxu məni apardı. Saatdan xəbərim yoxdur. Nə qədərsə keçdi, nə qədər keçdiyini də xatırlamıram, oyanıb ayaqyoluna getmək istədim. Yuxulu-yuxulu olduğum yerdən aralandım. Onu bilirəm, bir müddət getdim. Beyin o qədər yorulub ki, dərketməm sanki yoxdur. Geri qayıdırdım ki, yenidən özümdən getdim. Onda ayıldım ki, minamyot mərmiləri sağıma, soluma düşür. Ayılıb, çaşqın halda harada olduğumu, nə baş verdiyini dərk edə bilmirəm. Üçüncü gecədir yuxusuzluq, aclıq, soyuq... özümdə deyiləm.


Hara gedim, mən hardayam, burda nə gəzirəm? Beynim error verir. Sapsarı dizə qədər çayır, yabanı otlar, kolluqdur hər tərəf. Guya burada öz aləmimdə öz bölüyümüzü axtarıram. Bölük isə burdan 2-3 km aralı dağın zirvəsindədir. İndi düşünürəm, yaxşı ki, orada minaya düşməmişəm. Demək, mən qoçaq, bölmələrimiz olan yerdən düşmən olan istiqamətə getmişəm yuxulu-yuxulu. Düşmənin buradan nə qədər uzaqlıqda olduğunu bilmək çətin idi. Çünki atdıqları minamyot mərmiləri yaxınlığıma düşürdü.


Silahımı axtarıram, tapa bilmirəm. Sən demə, Nəcəfli gedəndə görüb ki, mən özümdən getdim, silahımı da aparıb özü ilə. Müharibədə əlində silah olanda özünü daha çox güvəndə hiss edirsən. Ən yaxın köməkçin əlindəki silah olur.


Sağa-sola həyəcanlı, yuxulu, hiddətlənmiş, bir az da qorxmuş şəkildə qaçıram. 13-cü bölük haradadır, deyə düşünürəm. Mən haradayam? Bu sualları özümə verə-verə çaşqın halda bölüyümüzü axtarıram. Hələ qarşıda çox çətin bir gecə məni gözləyir. Ömrüm sonuna qədər unutmayacağım çox ağır, gərgin bir gecə. "Əsir götürülürəm"...


(Ardı var)

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir