Modern.az

Cavabı olmayan suallar

Cavabı olmayan suallar

3 Mart 2021, 10:58

Akif Cabbarlı


N rayonunun məşhur kafelərinin birində oturub nahar edən üç kişinin danışığı digər müştərilərinm səsini-küyünü batırsa da, heç kim dillənmir, onlara iradlarını bildirmirdi. Bu adamlar rayonun üç ən “yağlı”, hörmətli vəzifələrini azından on il idi ki, zəbt etmişdilər və hələlik kreslolarını heç kimə güzəştə getmək fikrində deyildilər.


Bu üç nəfər təkcə dadlı yeməklərdən yemir, həm də keyfiyyətli tut arağından bəsdir deyincə nuş edirdilər. Əli gopa basır, Vəli təsdiqləyirdi, Vəli uydurur, Mirəli möhürünü vururdu. Söhbətlərinin mövzusu da son hadisələr barədə idi. Torpaqlarımızın erməni işğalçılarından təmizlənməsi, cəbhədən qayıdan yaralı əsgərlərimizə edilən və ediləsi xətir-hörmət haqqında eninə-uzununa danışır, əsl vətənpərvər kimi eşidib-bildiklərindən bəhs edir, özlərini də məhz qayğıkeş, cəfakeş, həssas və səxavətli məmurlar kimi xarakterizə edirdilər.


Elə oldu ki, ertəsi gün hər üç müdirin yanına yaralı əsgərlərimizdən müraciət edənlər oldu. Əlinin bacısı oğlu Vəlinin idarəsinə, Vəlinin dayısı nəvəsi Mirəlinin yanına, Mirəlinin qardaşı oğlu isə Əlinin qəbuluna baş çəkdilər. Heç birinin yardıma-zada ehtiyacı yox idi. Sadəcə hər kəs sənətinə, peşəsinə uyğun iş istəyir, halalca çörək qazanmağı arzulayırdı.


Və... Üç gün sonra telekanallardan birinin axşam buraxılışında Yaşıltəpədən olduqca qanqaraldıcı və təsirli bir süjet göstərildi. Bacıoğlu, dayı nəvəsi və qardaşoğlu hər üç idarədə onların üzlərinə baxılmadığı və üzlərinə çırpılan “gedin, kimə istəyirsiniz deyin, yazın, sizi vuruşmağa biz göndərməmişik ki” cavabını hörmətli tamaşaçılara və yuxarı təşkilatlara da bəyan etdilər. Nadan müdirlərin anlaşılmaz hikkəsi ilə üzbəüz qaldıqları barədə açıqlama verdilər.


Ertəsi gün Yaşıltəpənin həmin o məlum kafesində nahar edən Əlinin, Vəlinin və Mirəlinin üz-gözündən zəhirmar yağır, boğazlarından nəinki kabab, heç quruca pendir-çörək də keçmirdi. Yaxşı bilirdilər ki, yaxın saatlarda Ərazi İdarəsinin rəisi onları çağıracaq, məşhər ayağına çəkəcək. Əli Vəlinin, Vəli də Mirəlinin üzünə həyəcanla baxır, ürəklərində düşdükləri vəziyyətdən çıxış yolunu axtarırdılar. Yaşca hamısından böyük olan Əli qeyzlə əlini stola çırpıb nərildədi:


-Əə, vaxtında ailələrimizi, uşaqlarımızı tanış eləsəydik, üzlərini görsəydik, bax belə alınmazdı axı. Qulyabani həyatı keçiririk – dağ, bağ, kabinet, restoran. Nə vaxt bir yerə yığışdıq, qohum-əqrəbanı görüşdürdük ki... İndi də belə. Axşam Ərazi İdarəsinə çağıracaqlar, nə cavab verəsiyik, hə?.. Yaxşıca getdikmi fələyin badına, özü də kimin əliylə, özümüzünkülərin.

 

Yetim oğlanın sonrakı bəxti

 

Sovet dönəmində Bakıda nəşr olunan populyar və nüfuzlu qəzetlərdən birinin həmişə üzdə olan, öz cığal yazıları ilə sözün əsl mənasında “at oynadan”, hansısa yolla mətbuata dürtülən müxbiri pambıq yığımının şıdırığı vaxtında yolunu Muğanın ən varlı-hallı rayonlarından birinə salır. O, çox yaxşı bilirdi ki, belə məqamlarda kənddə hörmətlə qarşılanıb xətir-hörmətlə də yola salınacaq. Belə də olur.

Müxbir qardaşımızı Rayon Partiya Komitəsinin şöbə müdiri Qaz-31-ə əyləşdirib gün ərzində bir neçə kolxoza aparır. O vaxt diktofon zad da hələ üzə çıxmamışdı. Bakıdan gələn müxbir sualı suala calayır, eşitdiklərini kamali-ədəblə bloknotuna qeyd edir, arada bir də gördüklərini köhnə “Zenit” fotoaparatının yaddaşına köçürürdü. Kolxozlarda işini başa vurandan sonra müşayiətçi şəxs onu pambıq qəbulu məntəqəsinə də aparır. Burada müxbiri eyni ilə “Kirpi” jurnalındakı karikaturalara oxşayan yekəpər, lopabığ, boynunun yoğunluğundan şəlpə qulaqları əyilmiş şişman görkəmli müdir qarşılayır. Sual-cavab, ardınca limonlu çay, üstündən də araq və yağlı kabab. Qonağa qədərincə qulluq və sonra da müdirin qoltuq cibindən çıxardığı şax bir sovet yüzlüyü.

Müxbir köynəyinin döş cibinə şəstlə basılan yüzlüyü çıxarıb müdirdən soruşur:

- Qağa, bunu mənə niyə verdin?

- Necə yəni niyə verdim? Qonaqsan, müxbirsən, sonra da ki, elimizin gül kimi adəti var, apar balalarına, müdirinə, bir az da özünə xərclə, can sağlığıyla. Bir aylıq maaşındır, naz eləməyin yeri yoxdur.

Müxbir müdiri axıradək dinləyib bir sual da verdi:

- Deməli, müxbirliyimə görə, qonaq olduğumçun verdin, hə?

- Elədir ki, var.

- Onda gəl belə danışaq, bu yüzlüyün birini də ata kimi ver qoyum cibimə, yetim oğlanam.

- Verim ey, ay oğul, amma qoy dəqiqləşdirim, anan dururmu?

- Durur ey, amma...

- Daha niyə yetim olursan ki?... Anan orda, dədən də qara nər kimi burda. Qoy, pambığı topalayım təhvil verim, sonrasına baxarıq, başına dönüm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır