Modern.az

ATU-nun dosenti: “Nə qədər ki, kollektiv immunitet yaranmayıb, karantin sərtləşdirilə də bilər” - MÜSAHİBƏ

ATU-nun dosenti: “Nə qədər ki, kollektiv immunitet yaranmayıb, karantin sərtləşdirilə də bilər” - MÜSAHİBƏ

3 Mart 2021, 15:45

Rafiq Bayramov: “Açıq havada maskasız gəzməyə icazə verilsə, nəzarət də çətinləşər”

Azərbaycan Tibb Universitetinin (ATU) Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov COVID-19-la bağlı ölkədəki epidemioloji vəziyyət, karantinin sərtləşdiriləcəyinə dair yayılmış məlumatlarla bağlı Modern.az-ın suallarını cavablandırıb.

- Rafiq doktor, əhali arasında bayramqabağı karantin rejiminin sərtləşdiriləcəyilə bağlı məlumatlar dolaşır. Ümumiyyətlə, ölkədə vaksinasiyaya start veriləndə bunun immunitet yaranması, normal həyata daha tez qayıtmağımız üçün vasitə olduğu bildirildi. Azərbaycanda vaksinasiya prosesinin getdiyi bir vaxtda karantin rejiminin sərtləşdirilməsi gözləniləndirmi?

 

- Bütün bunların hamısı epidemioloji vəziyyətdən, yoluxma göstəricilərinin necə dəyişməsindən asılıdır. Təbii ki, vaksinasiya virusla mübarizədə əsas amildir. Azərbaycanda iki aya yaxın müddətdə artıq 300 mindən çox insan peyvənd olunub. Yoluxma sayı nə qədər az, peyvənd olunanlar nə qədər çox olarsa, epidemioloji vəziyyət də bir o qədər çox təhlükəsiz və stabil olar. Doğrudur, vaksinasiya olunan və yoluxanların ümumi sayı əhali sayına nisbətdə o qədər də çox deyil ki, kollektiv immunitet yaranmasından danışaq. Çünki o zaman arxayın ola bilərik ki, kollektiv immunitet yaranıb. Yəni əhalinin 2/3-dən çoxu virusa qarşı immunizasiya olunub. Ya yoluxub ya da vaksinasiya ilə immunitet qazanıb. Nə qədər ki, kollektiv immunitet yaranmayıb, karantinin sərtləşdirilməsi təhlükəsi, riski var. Yeri gəlmişkən onu da bildirim ki, hər il yaz-payız aylarında respirator virus infeksiyalarına yoluxanların sayı artır. Bu həmişə olub. COVID-19 infeksiyası dönəmində də düşünürəm ki, buna bənzər situasiyanın olması qeyri-adi deyil. Doğrudur, ötən dövrlə müqayisədə koronavirusla mübarizədə yaxşılaşma müşahidə olunur. İnşallah, getdikcə yoluxma azalar və koronavirus infeksiyası da digər kəskin respirator virus infeksiyalarının növlərindən birinə qarışıb adiləşər və bütün dünya öz axarına qayıdar.

- Doktor, maraqlısı budur ki, koronavirus yayılandan sonra adi qrip demək olar yoxa çıxıb. Bunun səbəbləri nə ola bilər?

- Doğrudur, sizinlə razıyam. Əslində adi qrip yoxa çıxmayıb. Yenə də kəskin respirator virus infeksiyalarına yoluxanlar var. Sadəcə, onların müalicə sxemi, profilaktika üsulları COVID-19-la oxşar olduğu üçün bir o qədər də diqqət yetirilmir. Çünki bəzən insanlar koronavirus şübhəsi olsa da, diaqnozu dəqiqləşdirmək üçün müayinə olunmurlar. Yəni onun virusa yoluxub-yoluxmaması təsdiq olunmur. Burun-udlaqdan yaxma verib müayinə olunmurlar, bununla da koronavirusa yoluxması təsdiqlənmir. Amma buna baxmayaraq, özləri müxtəlif dərmanlar, venadaxili infuziyalar, müxtəlif türkəçarə vasitələrdən istifadə edərək, müalicə olunurlar. Çünki koronavirusa yoluxduqlarını düşünürlər. Bu hal da mümkündür. İkinci tərəfdən, koronavirus infeksiyası klinik əlamətlərinə, gedişinə, xüsusiyyətlərinə görə, digər respirator virus infeksiaylarına çox bənzəyir. Bəzi fərqləndirilən xüsusiyyətlər də fərqli ola bilir. İybilmə və dadbilmənin itməsi, kürəkdə ağrıların olması və s. əlamətləri olmadan da koronavirus təsdiqlənir.

- Klinik əlamətlərdən söz düşmüşkən, yoluxmanın 3-4 minin üzərində olduğu vaxtlarla müqayisədə hazırda virusa yoluxma əlamətlərində ağırlaşma halları hansı səviyyədədir? Nəzərə alaq ki, xəstə sayının çox olduğu dövrlərdə reanimasiyada olanlar, həmçinin ölənlər daha çox idi. Hazırda vəziyyət, xəstəliyin gedişi necədir. Xəstələr daha yüngülmü, yoxsa ağırmı keçirirlər?

- Son bir neçə gündə yoluxanların sayında rəsmi rəqəmlərdən də göründüyü kimi nisbətən artım qeydə alınır. Qeyd etdiyiniz dövrdə xəstə sayı da çox idi, xəstəxanalar da xeyli yüklənmişdi. Xəstələrin bir çoxu fobiyadan xəstəxanalara müraciət etmirdi ki, birdən özünü xəstəxanaya, ailə üzvlərini karantinə alarlar. Bu baxımdan həkimə vaxtında müraciət etməyib, hətta heç bir tibb işçisilə məsləhətləşmədən, həkim təyinatı olmadan müxtəlif venadaxili infuziyalar, dərman pereparatları alıb özləri özlərini müalicə edirdilər. Nəticədə də gecikmə səbəbindən ağırlaşan xəstələrin sayı çox olurdu. Amma çox şükür ki, hazırda yoluxma sayları və ağır xəstələr də o həddə deyil. Arzulayıram ki, nə

yoluxanların, nə də ağırlaşanların sayı əvvəlki həddə çatsın. Bunun olmaması üçün hər birimiz koronavirusla mübarizədə aktiv iştirak etməliyik. Əgər xəstəliyin əlamətləri varsa, mütləq izolyasiya olunmaq, diaqnozu dəqiqləşdirmək, mütəxəssis təyinatına uyğun müalicə olmaq lazımdır.

- Bizim qonaqlı-qaralı xalq olduğumuzu, qarşıdan 9 günlük tətilin gəldiyini nəzərə alsaq, bayramqabağı hansı tövsiyələriniz var? Bayaq dediyim kimi, insanlar həmin dövrdə müəyyən qadağaların olacağını düşünürlər...

- Vətəndaşlarımıza hər zaman bayram əhval-ruhiyyəsi, bayram qeyd etməyi arzulayıram. Amma hazırkı epidemioloji vəziyyəti nəzərə alıb, Nazirlər Kabineti yanında Operativ Qəraragahın tövsiyələrinə, verdiyi təlimatlara riayət etməyə çağırıram. Çox təəssüflə qeyd etmək istəyirəm ki, bəzi insanlar yoluxma göstəriciləri bir balaca azalanda infeksiyanı unutmağa meyllənir və arxayınlaşmağa başlayırlar. Hətta bəzi insanlarımız maska taxılmasını özünü və ətrafdakıları mühafizə üçün yox, bir çox hallarda inzibati tədbirlərdən qorumaq üçün edirlər. Təbii ki, bu hamıya şamil olunmur. Amma bu qrupdan olan insanlarımız da az deyil. Demək istədiyim odur ki, xüsusilə qarşıdakı müddətdə əhaliyə qapalı yerlərdə bayramlaşmağı, görüşməyi, bir-birinin evinə çox gedib-gəlməyi tövsiyə etmirəm. Çünki COVID-19 infeksiyasına yoluxanların çoxu bu xəstəliyi simptomsuz keçirir. Hətta özünün bu infeksiyaya yoluxduğunu bilmir, amma daşıyıcı olur. Nəticədə daşıyıcı insanlar digərlərini yoluxdura, hətta risk qrupundan olan insanları xəstələndirə bilirlər. Hansı ki, daşıyıcı özü heç bir əlamət hiss etmir, amma onun yoluxdurduğu xəstəliyi ağır keçirir. Ona görə də karantin qaydalarına ciddi əməl etmək, sosial məsafəni mümkün qədər saxlamaq, qoruyucu maskalardan istifadə etmək, ciddi zərurət, ehtiyac olmadıqda kütləvi toplaşmaq, qonaq getmək tövsiyə olunmur.

- Bəs qapalı məkan olan restoranlarda maskasız oturub yeyib-içəndə yoluxma riski olmur?

- Əslində hazırlanmış təlimatlar, tövsiyələrə əsasən masalararası məsafə nəzərdə tutulub. Tam səmimi bir şey deyim ki, yüzdə yüz ideal olan heç nə yoxdur. Bu həyatda da, tibbdə də belədir. Verilən qərarlarla bağlı müsbət nəticə əldə olunması insanların həmin qərarlara riayət etməsindən asılıdır. Bu infeksiya ilə hər birimiz mübarizə aparmalıyıq. Çünki qarşı tərəfi nə qədər günahlandırsaq da ki, xəstələr qorunmurlar, yaxud görülən tədbirlər adekvat deyil, yəni bir-birini ittiham etməklə məsələ həll olunmur. Hər kəs öz məsuliyyətini, öhdəliyini dərk edib də məsələyə ciddi yanaşsa, daha effektli nəticə əldə edə bilərik. Bu infeksiya elədir ki, təkcə bir nəfərin, bir qurumun mübarizəsilə alınmaz. Hər kəs fərdi olaraq öz üzərinə düşən vəzifəni qəbul edib mübarizə aparmalıdır ki, istədiyimiz nəticəni əldə edib normal həyata dönək.

- Maska ilə davam edək, çünki maska bu virusla mübarizənin olmazsa olmazıdır. Amma getdikcə açıq havada maska taxmaq çətinləşir. Necə deyərlər, təmiz hava udmağa həsrət qalmışıq. Tez-tez sosial şəbəkələrdə də məsələ qaldırılır. Bu prizmadan zamanla açıq havada maska məsələsinə baxıla bilərmi, necə düşünürsünüz?

- Düşünürəm ki, bu da epidemioloji vəziyyətdən asılı olacaq. Yoluxma sayı azaldıqca, gələcəkdə baxıla bilər. Amma hazırkı dönəm üçün o qərarı düzgün hesab edirəm. Çünki bayaq da dediyim kimi, çox sayda insan COVID-19 infeksiyasına yoluxsa da, heç bir klinik əlaməti, şikayəti olmur. Cəmiyyətdə, ictimai yerlərdə olmaqla, digərlərini yoluxdurur. Doğrudur, xəstələrin maska taxması daha vacibdir. Amma daşıyıcı olma ehtimalından hamının maska taxması tövsiyə edilir. Həm də açıq havada maskasız gəzməyə icazə verilsə, nəzarət də çətinləşər. Kimin yoluxub, kimin yoluxmadığını, kimin xəstə, kimin sağlam olduğunu ayırmaq çox çətindir. Ona görə də hamının maska taxmağı tövsiyə edilir ki, epidemioloji vəziyyətin gərginləşməsinin qarşısını ala, mübarizə apara bilək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir