Modern.az

Koçaryan Azərbaycanı niyə hədələdi… - ŞƏRH

Koçaryan Azərbaycanı niyə hədələdi… - ŞƏRH

Analitika

4 Mart 2021, 17:13

Ermənistanın keçmiş prezidenti, “Qarabağ klanı”nın lideri, qatil Robert Koçaryan Rusiya jurnalistləri üçün keçirdiyi mətbuat konfransında deyib ki, Qarabağda ədalətsiz sülh yeni müharibəyə gətirib çıxaracaq və “maraqlı” misal çəkib: “İkinci Dünya Müharibəsi də ədalətsiz Versal sülhünün nəticəsi idi”. Koçaryan fikrinə belə davam edib ki, “əgər tərəflərdən hansısa biri müharibənin nərticəsi ilə razılaşmırsa, deməli yeni müharibəni gözləməlisən. Bu, əlverişli geopolitik şərtlər yarananda baş verəcək. Azərbaycanda düşünürlərsə ki, Qarabağ problemini həll ediblər, bu, əslində əks məna kəsb edir. Baxmayaraq ki, üstün mövqedədirlər”.


Koçaryanın bu açıqlaması nə deməkdir?

Modern.az-ın məlumatına görə, politoloq Elxan Şahinoğlu Ermənistanın eks-prezidentinin fikirlərini belə şərh edib:


“Birincisi, Ermənistanın müharibədə məğlubiyyəti Robert Koçaryanın «keçmiş şanlı tarixi» üzərindən yekə bir xətt çəkib və o, bunu həzm edə bilmir. Koçaryan gəncliyindən 2020-ci ilin sentyabrın 27-ə qədər nəyin uğrunda mübarizə aparmışdısa, Azərbaycan ordusu erməni qatilinin bütün bu «mübarizəsini» sıfırladı.

Koçaryan digər qatillərlə birgə Şuşanı, Laçını, Kəlbəcəri və Dağlıq Qarabağ ətrafındakı digər rayonlarımızı ona görə işğal etmişdi ki, «təhlükəsizlik zolağı» yaratsın və Dağlıq Qarabağın «müstəqilliyinə» nail olsun. «Təhlüksəzilik zolağının» ömrü 26 il sürdü və ortadan qaldırıldı, «müstəqllik» xülyası da puç oldu. Yəni Koçaryan nəyin uğrunda mübarizə aparmışdısa, savaşmışdısa, qətliamlar törətmişdisə - hamısı nəniki ermənilər üçün nəticəsiz qaldı, ermənilərin faciəsinə çevrildi. Ona görə də Koçaryan erməniləri yenidən «mübarizəyə» səsləməyə çalışır. Aydındır ki, Koçaryandan «mən gərək belə etməzdim, səhv etmişəm» açıqlamasını eşitməyəcəkdik. 


İkincisi, Robert Koçaryanın 10 noyabr bəyanatını Versal sülh müqaviləsi ilə müqayisəsi uğursuzdur. Bəli, Almaniya Birinci Dünya müharibəsinin nəticəsinə görə Versal sülh  müqaviləsini imzalamağa məcbur idi və bu, Almaniyada revanşist əhval-ruhiyyənin artması, faşistlərin hakimiyyətə gəlməsi – İkinci Dünya Müharibəsinin başlaması ilə nəticələndi. Koçaryanın müqayisəsi ona görə başdan ayağa qüsurludur ki, Ermənistan Almaniya deyil, qonşu ölkənin əhalisi azalır, Azərbaycanın və Türkiyənin əhalisi isə artır. Ermənistan hansı insani və texniki potensialı ilə bizdən “intiqam” almağa çalışacaq?

Koçaryanın Versalla bağlı paralellər aparması həm də o deməkdir ki, Ermənistanda da keçmişdə Almaniyada olduğu kimi faşistlər hakimiyyətə gəlib Azərbaycana qarşı müharibəyə başlayacaq, qətliamlar törədəcək. Yenə də eyni sual gündəmə gəlir: Koçaryan Ermənistanda hakimiyyəti zəbt etsə belə, hansı güclə Azərbaycana qarşı savaşacaq? İndi 1990-cı illər deyil, Azərbaycan da tək deyil, Türkiyə ilə hərbi ittifaq qurulub. Biz azad etdiyimiz əraziləri göz bəbəyimiz kimi qoruyacağıq, Türkiyə də torpaqların yenidən işğalına imkan verməyəcək.  

Buna baxmayaraq, Ermənistanda indi və gələcəkdə Robert Koçaryan kimilərin var olduğunu və var olacağını nəzərə alaraq, Azərbaycan öz Ordusunu daim gücləndirməli, modern hərbi texnika almalı və Türkiyə ilə hərbi ittifaqı daha da gücləndirməlidir. Yəni əlimiz hər zaman tətikdə olmalıdır!”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?