Modern.az

YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR

YAP-ın ardınca digər partiyalar da gəncləşmə siyasəti aparacaq? - Sədrlər CAVAB VERİR

5 Mart 2021, 17:30

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı keçirildi. Növbədənkənar qurultayda İdarə Heyətinin yenilənməsi, bəzi yaşlı üzvlərin qurumdan kənarlaşdırılması və gənclərin idarəçiliyə cəlb edilməsi ilə bağlı önəmli qərarlar qəbul edildi. Gəncləşmə siyasətini əsas götürən hakim partiyanın bu addımları təqdirlə qarşılandı.

Maraqlıdır, digər partiyalar da gəncləşmə siyasətini əsas götürəcəklərmi?  

Vətəndaş Həmrəyliyi Partiyasının sədri (VHP) Sabir Rüstəmxanlı  Modern.az-a bildirib ki, partiyada gəncləşmə məsələsi qurultaydan qurultaya deyil, illər uzunu gedir:


“Rayon təşkilatlarında və Bakıda bununla bağlı addımlar atılır. Amma xüsusi proqram şəklində yaşlıları çıxarıb cavanları gətirmək kimi niyyətimiz yoxdur. Bu, təbii proses kimi partiyada gedir.

Azərbaycanda yaşlı-cavan məsələsi anormal vəziyyətə düşüb. Elə yanaşırlar ki, sanki yaşlılar xalq düşmənidir, hamısı atılmalıdır. Lakin gənclər arasında da savadsız, millətini tanımayan, yerini bilməyən şəxslər var. İstedadlılar da var. Ona görə, burada yaş ayrılığı ola bilməz. Mənəvi keyfiyyət, millətinə bağlılıq əsas olmalıdır. Yaş söhbətini ortaya atmaq gülüncdür. Yaşlılara hörmətsizlik istər dövlət idarələrində, istərsə də məişətdə yolverilməzdir. İnsanları dəyərsizləşdirmək, urvatsız etmək ağılsızlıqdır”.

Vəhdət Partiyasının sədri  Tahir Kərimli xatırladıb ki, onların da gəncləşmə məsələsi ilə bağlı toplantısı olub:

“Partiya rəhbərliyi və Siyasi Şuranın üzvləri yaşlaşmışıq. Mən daxil olmaqla partiya idarəçiliyində təmsil olunanlar 65 yaşı keçmişik. Ona görə bu məsələləri müzakirə etdik, Gənclər Təşkilatı qarşısında məsələ qoyduq. Əvvəllər Milli Məclisdəki çıxışlarımızı paylaşa bilmirdik. İndi çıxışlarımızı paylaşırıq deyə, bu, partiyamıza rəğbəti də artırıb. Bu bizə imkan verir ki, marağı olan savadlı gəncləri partiya rəhbərliyində yuxarı strukturlara çəkək. Yaxın vaxtda önəmli addımlarımız olacaq”.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə partiyanın növbədənkənar qurultayı keçiriləcəyini vurğulayıb:

“Ana Vətən Partiyası olaraq noyabr ayında onlayn formatda VII qurultayımızı keçirdik. Bizim partiyaya gənclərin axını son vaxtlar intensiv xarakter daşıyır. Partiyanın rəhbər orqanlarına gənclər cəlb edilir və eyni zamanda rayon, şəhər təşkilatlarının rəhbərləri də artıq demək olar ki, xeyli dərəcədə gəncləşir.

Qeyd etmək istəyirəm ki, biz növbədənkənar qurultay keçirmək niyyətindəyik. Bunu ötən dəfəki onlayn formatda keçirdiyimiz qurultayda qeyd etmişdik. Düşünürəm ki, bu ilin sonuna qədər növbədənkənar qurultayımız baş tutacaq və həmin qurultayda ciddi qərarlar qəbul ediləcək”.


Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyevin
fikrincə, Yeni Azərbaycan Partiyasında gəncləşmə siyasəti ənənədir:

“Bu təbii prosesdir. Hələ ulu öndərin vaxtında, partiyanı yaradanda da gənclərin dəvət edilməsinə xüsusi diqqət ayrıldı. Hesab edirəm ki, hər bir siyasi partiyanın tərkibində bu cür dəyişikliklər olmalıdır. Gənclər də, orta nəslin nümayəndələri də partiya idarəçiliyinə gəlməldiir. Kimlər partiyanın nizamnaməsini qəbul edib, bu prosesdə fəal olurlarsa, önə çəkilirlər.

Bizim partiyada da bu proseslər ümumi qaydada idarə olunur. Yəni təbii prosesdir, qeyri-adi məqam yoxdur. Partiya da canlı orqanizmdir və yenilənmə prosesi daim gedir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı