Arxiv
6 mart 2021, 13:48 | REPORTAJ
Bir şəklin tarixçəsi: Azərbaycanlı qızlar İRƏVANDA

Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto təsadüfən seçilməyib. 8 mart Qadınlar günü ərəfəsində olduğumzdan rubrikanı bu dəfə xanımlara həsr etməli olduq...

Bu fotoşəkil bizi düz 50 il əvvələ - 1971-ci ilə aparır...

Zaman 1971-ci il... Məkan İrəvan şəhəri Dövlət Filarmoniyasının səhnəsi... Azərbaycanın məşhur “Lalə” Qızlar Ansamblı Ermənistana qastrol səfərinə gedib.

O ansabl ki, bir vaxtlar səsi-sorağı ölkəmizin hüdudlarından çox-çox uzaqlardan gəlirdi... Vaxt vardı, "Lalə" Qızlar Ansamblı demək olar ki, ilin əksər aylarını qastrollarda, əsasən də xarici səfərlərdə keçirirdi. Bu da səbəbsiz deyildi, ansamblın ifasını xaricdə çox bəyənirdilər.

“Lalə” Qızlar Ansamblı 8 mart 1964-cü il tarixində Xalq artisti, tarzən Ceyran Haşımovanın böyük əziyyəti sayəsində yaradılmışdı. O zaman belə bir ansamlın yaradılması keçmiş SSRİ-də bir yenilik idi və "Lalə"nin elə ilk televiziya çıxışından sonra onun şan-şöhrəti bütün ittifaq məkanına yayılmışdı. Ansabla hər yerdən qastrol dəvəti gəlirdi...

Ansambl televiziyada ilk dəfə 8 mart 1966-ci ildə qadınlara hədiyyə olaraq çıxış etmişdi. O zaman ansamblın heyətində 8 qız və 1 oğlan (nağara ifa edən tapılmadığına görə) olmaqla solist Suğra İbrahimovanın iştirakı ilə “Xızı dağları” mahnısı oxunmuşdu. Sonradan 6 ay axtarışdan sonra nağara ifaçısı Esmira Cəfərzadəni tapıb ansamblın üzvülüyünə qəbul etmişdilər.

70-ci illərdə İrəvanda da “Lalə” Qızlar Ansamblının pərəstişkarları çox idi... Və növbəti qastrollardan birinin o zaman azərbaycanlıların da sıx yaşadığı bu şəhərə edilməsi təsadüf deyildi...


“Lalə” Qızlar Ansamblı Azərbaycan milli ifaçılıq sənətinə Təranə Vəlizadə, Nisə Qasımova, Mahrux Muradova, Nəzakət Məmmədova, Kəmalə Rəhimli, Firuzə İbadova, Ruhəngiz Allahverdiyeva, Zöhrə Abdullayeva, Raziyə Şirinova, Rəhilə Bəndəliyeva, Yaqut Abdullayeva, Sahibə Əhmədova kimi istedadlı müğənnilər bəxş edib. Bu müğənnilərin yetişdirilməsində, məşhurlaşmasında böyük rolu olan Ceyran Haşımovanın xidməti xalq arasında dastanlara çevrilmişdi.

Ansambl fəaliyyət göstərdiyi dövrlərdə Azərbaycanın bir çox rayonlarında konsertlər verərək,  Rubabə Muradova, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Mirzə Babayev, Flora Kərimova, İlhamə Quliyeva kimi məşhur sənətkarları da müşayət edib.

“Lalə” Qızlar Ansamblı Ceyran haşımovanın rəhbərliyi ilə Çexoslovakiya, Rumuniya, Özbəkistan, Türkiyə və bir çox ölkələrdə qastrollarda olub. Ansambl sərhəd zonalarında, cəbhə xəttində, 1993-cü ildə Tərtər bölgəsində, 1994-cü ildə Ağdam və Fizuli bölgələrində hərbçilər qarşısında konsertlər verib.




A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv