Modern.az

Yurddaş Partiyasının nümayəndəsi YAP-a birləşmələrinin səbəbini AÇIQLADI

Yurddaş Partiyasının nümayəndəsi YAP-a birləşmələrinin səbəbini AÇIQLADI

Ölkə

6 Mart 2021, 23:00

“Mərhum sədrimiz Mais Səfərli dünyasını dəyişdikdən sonra mart ayında qurultayımız olamalı idi. Yerli rayon təşkilatlarımızdan fəaliyyətimizin davamı üçün Yeni Azərbaycan Partiyasına birləşmək təklifi gəldi”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Yurddaş Partiyasının nümayəndəsi Gülayə Səfərova təmsil etdiyi partiyanın Yeni Azərbaycan Partiyasına (YAP) birləşdirilməsi qərarı ilə bağlı danışarkən bildirib.

 

G.Səfərova qeyd edib ki, bu partiya Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır:

 

“Vətən müharibəsində qazandığımız qələbəni şərtləndirən amillərdən biri də milli birliyimiz və həmrəyliyimiz olub. Biz bu milli birlik və həmrəyliyi davam etdirmək üçün Azərbaycanın ən mühüm problemi olan Qarabağ münaqişəsini xeyrimizə həll edən, işğaldakı torpaqlarımızı bizə qovuşduran, dəmir yumruğu ilə düşməni əzən, qəlbi hər zaman xalqı ilə döyünən dahi liderimizin rəhbərlik etdiyi partiyanın ətrafında birləşməyə qərar verdik.

 

Buna görə də biz partiyamızın YAP-a birləşdirilməsilə bağlı müraciət etdik. Müraciətimizə müsbət reaksiya verildi. VII qurultayın gündəliyinə biz və daha beş partiyanın birləşməklə bağlı müraciəti daxil edildi. Qurultayda partiyaların YAP-a birləşdirilməsi məsələsi səsə qoyularaq, yekdilliklə qəbul edildi. Biz bundan sonra YAP-ın daxilində birgə məramımıza uyğun fəaliyyətimizi davam etdirəcəyik”.

 

Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilən VII qurultayında 6 partiya - Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Demokratik Sahibkarlar Partiyası hakim partiyaya birləşib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir