Modern.az

10 mart “Qızıl Aypara Günü”dür

10 mart “Qızıl Aypara Günü”dür

Aktual

9 Mart 2021, 10:30

 

Dünyada humanitar və xeyriyyəçilik sahəsində fəaliyyət göstərən müxtəlif təşkilatların mövcudluğu hamıya məlumdur. Belə təşkilatların arasında dünyanın hər bir yerini əhatə edən, geniş şəbəkəyə və zəngin tarixə malik Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatını xüsusi vurğulamaq daha doğru olar. Bu ideyanın banisi və hərəkatın qurucusu isveçrəli tacir, sülh üzrə Nobel mükafatçısı Anri Dünandır. 

 

Sonralar bu ideya ayrı-ayrı dünya dövlətlərinin bu hərəkatın zəruriliyini və ciddiliyini nəzərə alaraq, öz ölkələrində belə bir humanitar missiya ilə məşğul olan təşkilatların yaradılmasına razılıq verdilər.

 

Təbii ki, belə bir xeyirxah hərəkata qoşulmaq demokratik yola qədəm qoymuş Azərbaycan üçün məqsədəuyğun idi. Azərbaycan dövlətinin bu beynəlxalq hərəkata qoşulması isə 1920-ci ildən başlayıb. Belə ki, həmin ilin mart ayının 10-da Azərbaycan Xalq Cumhuriyyətinin Müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin təşəbbüsü və Fətəli Xan Xoyskinin rəhbərlik etdiyi hökumətin qərarı ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti üçün hökumət tərəfindən 483.490 rubl məbləğində maliyyə vəsaiti ayrılıb.

 

Milli Cəmiyyət dövlətin və xalqın dəstəyinə arxalanaraq humanitar problemlərin həllində fəal iştirak etmişdir. Lakin 1920-ci ilin aprel çevrilişindən sonra Cəmiyyətin fəaliyyəti məhdudlaşdırıldı. 1923-cü ilədək bu humanitar cəmiyyət Azərbaycanda formal olaraq Rusiya Qızıl Xaç Cəmiyyətinin nümayəndəliyi kimi fəaliyyət göstərib.

 

İkinci dünya müharibəsi illərində və ondan sonrakı dövrlərində yaralı əsgərlərimizə göstərdikləri fədakar və qayğıkeş xidmətləri, qan donorluğu sahəsindəki, ümumiyyətlə şəfqət sahəsindəki xeyirxah işlərini nəzərə alaraq, bir çox şəfqət bacısı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının ən yüksək mükafatı «Florens Naytinqeyl» (Florence Nightingale) medalı ilə təltif edildilər. Onların arasında AzQAC-ın şəfqət bacıları da olmuşdur. Bu gün Milli Cəmiyyətin 12 şəfqət işçisi də «Florence Nightingale» medalı ilə təltif olunmuşdur. Dünyada bu medala cəmi 1500 nəfərdən artıq şəxs layiq görülüb.

 

1991-ci ildə “Azərbaycanın Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edildikdən bir neçə gün sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti də özünün müstəqil fəaliyyətini elan edərək, müvafiq qərar qəbul edib.

 

Ümumilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan Qızıl Aypara Cəmiyyəti özünün yeni inkişaf dövrünə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin qərarına əsasən, Milli Cəmiyyət dövlət tərəfindən rəsmən tanındı. Bundan sonra, 1995-ci ilin noyabr ayının 1-də AzQAC Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən rəsmən tanındı. Həmin ilin noyabr ayının 26-da isə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasına tam, bərabər hüquqlu, daimi üzv kimi qəbul edilib.

 

Azərbaycanı böyük inkişaf yoluna, parlaq gələcəyə aparan Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Fəxri üzvü, möhtərəm Prezidentimiz İlham Əliyev 31 yanvar 2004-cü ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında» Sərəncam imzalamışdır. Bu qayğının davamı olaraq, 2007-ci ildə «Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında» Qanunun qəbulu Cəmiyyətin statusunun, hüquqularının, fəaliyyət istiqamətlərinin, hüquqi əsaslarının müəyyən edilməsi baxımından mühüm addım oldu. Ümumilikdə, Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyev Milli Cəmiyyətin fəaliyyəti ilə bağlı 9 fərman və sərəncam imzalayıb.

 

101 il şərəfli inkişaf yolu keçmiş, ən qocaman humanitar, qeyri-hökumət təşkilatı olan AzQAC hal-hazırda sıralarında 370000-dən çox üzvü, 20000-ə yaxın könüllünü birləşdirir. Hazırda AzQAC-ın 92 rayon, şəhər, sahə bölməsi, 8 regional mərkəzi fəaliyyət göstərir. Beynəlxalq Hərəkatı respublikamızda təmsil edən Cəmiyyətin əsas məramı Hərəkatın 7 Fundamental prinsipini rəhbər tutaraq, müvafiq qanunvericilik çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə, münaqişə, təbii və texnogen fəlakətlər zamanı zərərçəkmişlərə təmənnasız ilkin tibbi-sosial, humanitar yardım və digər zəruri xidmətlərin göstərilməsindən ibarətdir. Bu mənada Cəmiyyətin fəaliyyəti çoxşaxəlidir. Həmçinin, AzQAC-ın Fövqəladə hallara hazırlıq və cavabvermə, Miqrasiya, Sağlamlıq və qayğı, İlk yardım, Gənclər və könülüllər, Beynəlxalq Əlaqələr, İnformasiya və İctimaiyyətlə əlaqələr, Beynəlxalq Humanitar Hüququn və Fundamental Prinsiplərin yayımı, Humanitar yardım, Fondların artırılması və gəlir-gətirmə,  Axtarış xidməti kimi fəaliyyət istiqamətləri də vardır. Fəaliyyətimizi müxtəlif sahələrdə təkmilləşdirmək və koordinasiya etmək üçün Fövqəladə Hallar, Səhiyyə və Təhsil nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Beynəlxalq Miqrasiya Təşkilatı, ANAMA, QHT Forumu və digər tərəfdaşlarımızla memorandumlar  imzalanıb.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyəti yarandığı 1920-ci ildən bu günədək əhalinin aztəminatlı ailələrinə, müalicəyə və yardıma ehtiyacı olanlara , tənha qocalara, miqrantlara və s. kimi kövrək qruplardan olan insalara humanitar missiyası çərçivəsində daim dəstək verir. Milli Cəmiyyət özünün Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatından bəhrələnən xüsusi humanitar missiyalı mandatı ilə dövlətin bu sahədə ən fəal yardımçısıdır. Bu, AzQAC tərəfindən həyata keçirilən bütün tədbirlərdə özünü göstərir.

 

Silahlı münaqişə qurbanlarına, fövqəladə hallar nəticəsində zərər çəkmiş insanlara humanitar yardım və sosial xidmətlərin göstərilməsi sahəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin səmərəli fəaliyyətini nəzərə alaraq, AzQAC-ın Fəxri üzvü, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 7 aprel 2008-ci ildə hər il mart ayının 10-unun respublikada «Qızıl Aypara Günü» kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

 

Bu əlamətdar gün münasibətilə hər il mart ayının 10-u respublikada Cəmiyyətin yaranma ildönümü kimi təntənə ilə qeyd olunur və bir sıra silsilə tədbirlər həyata keçirilir. 2020-ci ildə AzQAC-ın 100 illik yubileyi münasibətilə möhtərəm Prezidentimiz, Zati-Aliləri cənab İlham Əliyevin Sərəncamına əsasən aztəminatlı vətəndaşlara sosial xidmət və humanitar yardım göstərilməsi sahəsindəki xidmətlərinə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 19 nəfər əməkdaşı orden və medalla təltif olunub.

 

Bu illər ərzində AzQAC beynəlxalq təşkilatların dəstəyi ilə bir sıra mühüm layihələr də həyata keçirmişdir.  Onlara  İqtisadi təhlükəsizlik, Möhkəm İcmaların qurulması, Təhlükəsiz Oyun Meydançaları (TOM), İlk Yardım, Psixoloji dəstək, Qan donorluğu və Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlılığının gücləndirilməsi, COVİD-19 ilə mübarizə layihələri daxildir.

 

Cəmiyyət eyni zamanda respublikada ümumbəşəri bəlaya çevrilmiş COVİD-19 pandemiyası ilə  mübarizə çərçivəsində öz qüvvələrini səfərbər edərək humanitar missiyasını davam etdirir. Pandemiya dövründə AzQAC-ın könüllüləri və əməkdaşları tərəfindən ehtiyaclı, ahıl insanların evlərinə humanitar yardımlar aparılmışdır. Bu layihə çərçivəsində əhali arasında maarifləndirmə işləri aparılmış, məlumatverici buklet və broşurlar əhali arasında paylanılmışdır. Mülki əhaliyə ərzaq, qeyri-ərzaq və sanitayzerlərin paylanılması işi də həyata keçirilmişdir. Mövcud vəziyyətlə əlaqədar olaraq AzQAC-ın prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov dərhal operativ qərargahın yaradılması üçün göstəriş verdi. Operativ qərargah Novruz Aslanovun rəhbərliyi ilə mütəmadi olaraq fasiləsiz fəaliyyət göstərmiş, istər yerli, istərsə də beynəlxalq təşkilatlarla onlayn görüşlər keçirmişdir.  Keçirilən koordinasiya iclaslarında qəbul edilən qərarlar əasasında istər pandemiyadan, istərsə də müharibədən zərər çəkən insanlara təxirəsalınmaz humanitar yardımların - ərzaq və qeyri-ərzaq bağlamalarının, sanitar-gigiyenik dəstlərin və s. paylanılması məsələsi öz müsbət həllini tapıb. 

 

Ermənistan Silahlı Qüvvələri tərəfindən 30 il müddətində işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən və zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi zamanı AzQAC-ın əməkdaşları və fövqəladə mobil könüllü dəstələrin könüllüləri öz humanitar missiyalarına sadiq qalaraq cəbhəyanı ərazilərdəki yerlərdə istər mülki əhalinin təxliyyə olunmasında, istər humanitar yardımların göstərilməsində, istərsə də yaralıların xəstəxanalara çatdırılmasında köməklik etmişdir. Bərdə rayonunda öz humanitar fəaliyyətini həyata keçirən zaman AzQAC-ın fəal könüllüsü  Məhərrəm Mustafayev Ermənistan Silahlı Qüvvələrinin mülki əhalini hədəfə alan raket zərbələri nəticəsində həyatını itirmiş, Fatma Bəbişova və Ülviyyə Hacıyeva isə yaralanmışdır. Müharibə zamanı həyatını itirmiş AzQAC-ın könüllüsü Məhərrəm Mustafayevə görə beynəlxalq təşkilatların rəhbər şəxsləri, xüsusilə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının prezidenti Francesco Rocca, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının vitse-prezidenti və Türkiyə Qızıl Ayının prezidenti Kerem Kınık, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Peter Maurer AzQAC-ın prezidenti tərəfindən Milli Məclisin deputatı Novruz Aslanova başsağlığı verilib.

 

Pandemiya dövründə AzQAC-a dəstək olan Türkiyə Qızıl Ayının, Birləşmiş Millətlər Təşkilatının, BMT-nin Uşaq Fondunun, TİKA təşkilatının, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının, Avropa Birliyinin  Cəmiyyətə və vətəndaşlara etdikləri yardım və dəstəyi xüsusi ilə qeyd edirik. Həmçinin, dünyasını dəyişmiş AzQAC-ın əməkdaşlarını, üzvlərini və könüllülərini dərin ehtiramla anırıq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!