Modern.az

138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

138 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

İqtisadiyyat

9 Mart 2021, 12:26

"Bələdiyyələr koronavirusla mübarizə sahəsində yerli əhalinin sosial-iqtisadi problemlərinin həllində səmərəli fəaliyyət göstərmiş, Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr etmiş, öz ərazilərində yaşayan aztəminatlı ailələrə, o cümlədən ahıl və tənha insanlara ərzaq və digər yardımlar çatdırmışdır".

Modern.az xəbər verir ki, bunu parlametin iclasında çıxış edən Ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib.

Vilayət Zahirov 2020-ci il ərzində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirildiyini deyib:
 

“"Bələdiyyələrin statusu haqqında" Qanuna edilmiş 2020-ci il 19 iyun tarixli dəyişikliyə əsasən, bələdiyyə qərarlarının inzibati nəzarəti həyata keçirən orqana göndərilməsi müddəti qısaldılaraq 5 iş günündən gec olmayaraq müəyyən edilib. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna 2020-ci il 29 iyun tarixdə edilmiş dəyişikliklər nəticəsində inzibati nəzarətin təkmilləşdirilməsi üzrə yeni normalar daxil edilib. Ədliyyə Nazirliyi Kollegiyasının 2020-ci il 21 noyabr tarixli Qərarı ilə “Bələdiyyələrin fəaliyyətinin təşkilinə kömək və onlara metodoloji yardım haqqında Təlimat” təsdiq edilib. Həmçinin yerli özünüidarəetmə sahəsində bir sıra aidiyyəti qanunvericilik aktları təhlil edilərək, onlara dəyişikliklər edilməsi ilə bağlı qanun və fərman layihələri hazırlanıb Nazirlər Kabinetinə göndərilib, hazırda aidiyyəti dövlət orqanlarının rəy və təklifləri nəzərə alınmaqla layihələr üzərində iş davam etdirilir.

Ötən il ərzində Ədliyyə Nazirliyində 79.858, o cümlədən Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində 2.670 bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb.

Nəticədə 76.433 akt qanunvericiliyə uyğun hesab edilib. Bələdiyyələrin fəaliyyəti ilə bağlı 3.206 müraciətə baxılıb və bu müraciətlərin 164-ü təmin və ya qismən təmin edilib. Bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib, 1384 akt dəyişdirilib. Bələdiyyələr tərəfindən təmin olunmayan 15 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan 2-si təmin edilib.

Nazirlik tərəfindən verilmiş təklif və ya iddiaların təmini nəticəsində bütövlükdə 8.217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokolları üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb.

Ölkə başçısının 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tapşırıqların icrası istiqamətində görülmüş tədbirlər nəticəsində hazırda kompüter avadanlığı ilə təmin olunub və internetə çıxışı olan bələdiyyələrin sayı artıb.


2020-ci ilin avqust ayından “Bələdiyyələrlə iş portalı”nın ilkin versiyası istifadəyə verilib, nazirliyin aidiyyəti qurumları və bələdiyyələr arasında elektron sənəd mübadiləsi təşkil olunub. Eyni zamanda, ölkə bələdiyyələri barədə məlumatın əldə edilməsinə dair elektron xidmətin təşkili üzrə işlər yekunlaşdırılıb. Bu elektron xidmətin tətbiqi ilə vətəndaşların bütün bələdiyyələr və 15 mindən artıq bələdiyyə üzvü barədə məlumat əldə etmək imkanı təmin olunacaq. 

Bələdiyyə torpaqlarının idarəçiliyi, icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması, bələdiyyələrin debitor və kreditor borclarının həlli, yerli vergi və ödəniş obyektlərinin uçotunun dəqiqləşdirilməsi, kənarda qalan vergi obyektlərinin vergiyə cəlb edilməsi, yerli büdcə prosesinin qanunauyğun təşkili, o cümlədən yerli özünüidarəetmə orqanlarında antikorrupsiya mədəniyyətinin gücləndirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib.

Sahibkarlığın inkişafı sahəsində bələdiyyələr tərəfindən 7 yeni müəssisə təsis edilib. 77 bələdiyyədə kargüzarlıq və sənədlərin arxivləşdirilməsi işi öyrənilib, bu sahədə bələdiyyələrə zəruri kömək göstərilib.

Ötən il ərzində ümumilikdə, 86 maarifçilik tədbiri həyata keçirilib, bu tədbirlərdə 2315 bələdiyyə üzvü və qulluqçusu iştirak edib. İl ərzində 29 metodik vəsait hazırlanaraq bələdiyyələrə çatdırılıb. Həmçinin bələdiyyə aktları, eləcə də müraciətlər əsasında aparılan araşdırmalar zamanı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 8.532 tövsiyə göndərilib.

Bələdiyyələrin işinin çevik əlaqələndirilməsi sahəsində bələdiyyələrin milli assosiasiyaları ilə qarşılıqlı əməkdaşlıq davam etdirilmiş, beynəlxalq əlaqələrin genişləndirilməsi diqqətdə saxlanılıb".

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi